• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


UKRAYNADAKI AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


- Əziz dostlar!
Mən sizi görməyimdən çox şadam. Məmnunam ki, azərbaycanlılar yaşadıqları ölkələrdə öz layiqli yerlərini tutublar, bu ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında çox mühüm rol oynayırlar.
Mən dünəndən Ukraynadayam və dövlət səfərini həyata keçirirəm. Böyük məmnuniyyətlə deyə bilərəm ki, bu səfər çox uğurlu keçir. Dünən apardığımız ikitərəfli danışıqlar bir daha göstərdi ki, Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır. Müzakirə etdiyimiz bütün məsələlər üzrə bizim mövqeyimiz üst-üstə düşür, həm ikitərəfli münasibətlərdə, həm regionda gedən proseslərə baxışlarımız, eyni zamanda, beynəlxalq siyasət məsələlərində mövqelərimiz üst-üstə düşür. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq güclənir, mal dövriyyəsi artır. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycanın və Ukraynanın iqtisadiyyatı hərtərəfli inkişaf edir. Digər tərəfdən, ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələr daha da güclənir. Əlbəttə, Ukraynada yaşayan və bizneslə məşğul olan azərbaycanlıların bu işdə böyük rolu ola bilər və onlar bu sahədə öz töhfəsini verə bilərlər.
Eyni zamanda, siyasi məsələlər də müzakirə olundu. Çox sevindirici haldır ki, Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər təkcə ikitərəfli formatda deyil, habelə regional təşkilatlar çərçivəsində də uğurla həyata keçirilir və bu əməkdaşlıq getdikcə güclənir.
Humanitar sahədə böyük nailiyyətlərimiz vardır. Mən qeyd etdim ki, Azərbaycanda fəaliyyət göstərən Slavyan Universitetində Ukrayna dili fakültəsi vardır, burada ukraynaşünaslıq öyrənilir və Ukrayna dili tədris olunur. Ölkəmizdə ukraynalılara münasibət çox müsbətdir. Çox şadam ki, ölkəmiz müstəqilliyə qovuşduqdan sonra bu münasibətlər daha da güclənmişdir. Eyni zamanda, burada yaşayan azərbaycanlılara olan diqqətə görə Ukrayna rəhbərliyinə, şəxsən Prezidentə öz minnətdarlığımı bildirdim.
Mən bilirəm ki, burada azərbaycanlılar çox rahat yaşayırlar. Dövlət orqanları tərəfindən onlara münasibət çox yüksəkdir və bu da məni çox sevindirir.
Çox mühüm məsələ kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi də müzakirə olunmuşdur. İkitərəfli formatda, geniş tərkibdə görüşdə, eyni zamanda, keçirilmiş mətbuat konfransında Ukrayna Prezidenti cənab Leonid Kuçma birmənalı şəkildə qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu, çox mühüm bir bəyanatdır. Mən qeyd etdim ki, bəzi hallarda müəyyən dairələr bu məsələnin üstündən keçmək, bunu danmaq, bu məsələ ilə əlaqədar müxtəlif manipulyasiyalar etmək istəyirlər. Əfsuslar olsun ki, dünyanın bəzi yerlərində hələ də ikili standartlar siyasəti hökm sürür. Ancaq Ukrayna kimi böyük dövlətin başçısının belə birmənalı bəyanatı çox böyük siyasi addımdır və iki ölkə arasında olan münasibətləri əhəmiyyətli dərəcədə gücləndirən bir amildir. Mən buna görə Ukrayna Prezidenti cənab Kuçmaya öz minnətdarlığımı bildirdim və sizi də məlumatlandırıram ki, gündəlik həyatınızda ünsiyyətdə olduğunuz insanlarla bu məsələ ətrafında söhbət aparasınız, Azərbaycan dövlətinin və xalqının Ukrayna xalqına olan dərin məhəbbətini, o cümlədən bu mövqeyə görə təşəkkürünü bildirəsiniz. Hesab edirəm ki, bu, çox vacib məsələdir.
Ölkələrimiz arasında doqquz sənəd imzalanmışdır. Bu sənədlər ikitərəfli münasibətlərimizin, demək olar ki, bütün sahələrini əhatə edir. Prezidentlər tərəfindən siyasi sənəd, eyni zamanda, iqtisadi inkişafa və ikitərəfli münasibətlərin möhkəmlənməsinə dair sazişlər imzalanmışdır. Ümid edirəm ki, bu sənədlər qüvvəyə mindikdən sonra ikitərəfli əlaqələrimiz daha da güclənəcəkdir.
Çox şadam ki, Ukrayna ilə yanaşı, Belarus və Moldovada da diasporlarımız formalaşıb və fəaliyyət göstərir. Bu, çox müsbət haldır. Yəqin ki, sizə məlumdur, biz bu istiqamətdə öz fəaliyyətimizi gücləndiririk. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə qəbul olunmuş qərar bu istiqamətdə atılmış ən mühüm addımlardan biridir. Çox sevindirici haldır ki, demək olar, bütün keçmiş sovet respublikalarında Azərbaycan diasporları yaradılmışdır. Biz bu siyasəti davam etdiririk və eyni zamanda, müxtəlif ölkələrdə Azərbaycanın yeni səfirliklərinin açılması haqqında qərar qəbul etmişik. Bu yaxınlarda mən Belarusda səfirliyin açılması barədə qərar qəbul etmişəm. Artıq müəyyən müddətdən sonra bu ölkəyə səfir də təyin olunacaqdır. Bu, bizim üçün daha geniş imkan yaradacaqdır.
Azərbaycanın işi haqq işidir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bütün dünya ölkəmizin təcavüzə məruz qaldığını, torpaqlarımızın işğal altında olduğunu və bu işğalın nəticəsində 1 milyona yaxın soydaşımızın öz doğma torpaqlarından didərgin düşdüyünü bilməlidir. Diasporların, səfirliklərin bu istiqamətdə apardıqları işlərin çox böyük əhəmiyyəti vardır.
Bizim diplomatiyamız bütün ölkələrlə ikitərəfli, faydalı, mehriban münasibətlərin qurulmasına yönəlmişdir. Biz bütün ölkələrlə çox gözəl münasibətlər yaratmışıq və deyə bilərəm ki, Azərbaycanın digər ölkələrlə heç bir problemi yoxdur. Ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapacaqdır. Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra ölkəmizdə daha böyük iqtisadi inkişaf baş verəcəkdir.
Bu gün ölkəmiz çox dinamik inkişaf edir, bütün iqtisadi göstəricilər Azərbaycanın ildən-ilə gücləndiyini göstərir. Hazırda qəbul etdiyimiz sosial-iqtisadi və regional proqramlar çərçivəsində qeyri-neft sektoruna böyük sərmayələr qoyulacaqdır. Yeni iş yerləri, xüsusilə regionlarda iş yerlərinin açılması ən mühüm məsələdir. Prezident seçkilərindən ötən yeddi ay ərzində 30 minə yaxın iş yeri açılmışdır ki, bu da çox yüksək göstəricidir. Bu, bir tərəfdən işsizliyi aradan qaldıracaq, digər tərəfdən Azərbaycanda yerli istehsal inkişaf edəcək, idxal azalacaqdır. Beləliklə, daha çox vergilər ödəniləcəkdir. İqtisadiyyatla məşğul olanlar çox gözəl bilirlər ki, iş yerinin açılmasının əhəmiyyəti təkcə hansısa bir insanı işlə təmin etməklə bitmir. Bunun arxasında böyük və dərin məsələlər durur və onun bütövlükdə iqtisadi inkişafa təsiri olur.
Ölkəmiz dünya birliyində özünəlayiq yerini tutmuşdur. Seçkilərdən sonra mənim etdiyim bütün səfərlər çox uğurlu olmuşdur. Xarici ölkələrə, beynəlxalq təşkilatlara - Avropa Şurasına, Avropa Birliyinə, NATO-ya etdiyim səfərlər çox yüksək səviyyədə keçmişdir və bir daha Azərbaycanın dünya birliyinin dəyərli üzvü olmasını təsdiq etmişdir. Ölkəmizdə dünyanın ən böyük layihəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi, habelə Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi uğurla həyata keçirilir, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsi çox sürətlə gedir. Şübhə etmirəm ki, yaxın zamanlarda bu kəmərlər istifadəyə veriləcək və ölkəmizə böyük həcmdə maliyyə resursları daxil olacaqdır. Bu, bizə imkan verəcəkdir ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, iqtisadiyyatımızı şaxələndirək. Elə etməliyik ki, Azərbaycanın hər bir yerində, bölgəsində yeni infrastruktur yaradılsın, binalar, xəstəxanalar, məktəblər, sənaye müəssisələri istifadəyə verilsin. Əminəm ki, biz buna nail olacağıq. Bunu etmək üçün hər cür imkan vardır. Heydər Əliyevin siyasəti yaşayır, mən bu siyasəti davam etdirirəm, xalq bu siyasəti dəstəkləyir və bəyənir. Ötən ilin oktyabrında keçirilmiş prezident seçkiləri bunu bir daha təsdiq etdi. Həm Azərbaycanın daxilində, həm də xaricdə yaşayan soydaşlarımız birmənalı şəkildə Heydər Əliyev siyasətinə səs vermişlər.
Bu amillə yanaşı, iqtisadi inkişaf da sürətlə gedir. Son yeddi il ərzində iqtisadiyyatımız hər il təxminən 10 faiz artmışdır ki, bu da dünyada çox nadir hallardan biridir. Xarici sərmayələrin həcmi artır, sosial məsələlər öz həllini tapır. Ən çətin vəziyyətdə yaşayan qaçqın və köçkünlərimizin problemləri də həll olunur, onlar üçün yeni şəhərciklər və qəsəbələr salınır. Bir neçə gündən sonra daha bir yeni və müasir şəhərcik öz qapılarını onların üzünə açacaqdır.
Mən gələcəkdə Azərbaycanın qarşısında heç bir problem görmürəm. Qonşularla münasibətlər çox yüksək səviyyədədir. Bu da Heydər Əliyev diplomatiyasının təntənəsidir. Yadınıza salın, on il əvvəl qonşularımızla problemlərimiz çox idi və onlar Azərbaycana çox mənfi təsir edirdi. Amma indi heç bir problem yoxdur, bütün qonşularla çox mehriban, səmərəli, ikitərəfli münasibətlər qurulmuşdur. Ən ağır problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də, əminəm ki, öz həllini tapacaqdır. Azərbaycan bu məsələdə öz mövqeyindən geri çəkilmir. Ölkəmizin ərazi bütövlüyü bərpa olunmalı və işğalçı qüvvələr torpaqlarımızdan çıxmalıdır. Beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların bu məsələyə baxışlarında da müəyyən dəyişikliklər baş vermişdir. Mən əvvəlcədən bir şey demək istəmirəm, amma inanıram ki, biz bu məsələni həll edəcəyik. Bu hansı yolla olacaq - onu gələcək göstərəcəkdir. Amma Azərbaycan xalqı heç vaxt öz torpaqlarının itirilməsi ilə barışmayacaqdır. Biz çalışacağıq ki, bunu sülh yolu ilə həll edək.
Mən çox sevinirəm və məmnunam ki, Ukraynada, Belarusda və Moldovada fəaliyyət göstərən diasporlarımız çox güclənmiş və fəallaşmışlar. Onlar demək olar ki, tam formalaşmışlar. Azərbaycanlıların ali qanunvericilik və hökumət strukturlarında təmsil olunması da çox mühüm bir haldır. Biz buna çox çalışmalıyıq. Ümid edirəm ki, Ukraynada 2006-cı ildə keçiriləcək parlament seçkilərində bizim diasporumuz, səfirliyimiz və əlbəttə, Azərbaycan hökuməti bu parlamentdə azərbaycanlıların təmsil olunması üçün və onların sayının çox olması üçün əlindən gələni edəcəkdir. Bu, bizə böyük imkanlar verəcəkdir. Sirr deyil ki, ölkəmizin mövqeləri də, burada yaşayan azərbaycanlıların gündəlik həyatı da bundan fayda görəcəkdir. Əmin ola bilərsiniz ki, Sizin arxanızda Azərbaycan dövləti, bu dövlətin başçısı dayanıbdır. Xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmağından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma vətən sizi qarşılamağa hazırdır. Amma biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir. Əlbəttə, ikitərəfli münasibətlər güclü olanda, - Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatmışdır, - burada yaşayan azərbaycanlılara da öz müsbət təsirini göstərəcəkdir.
Mən bir daha sizin hamınızı salamlayıram, bu görüşə gəldiyinizə görə sizə öz təşəkkürümü bildirirəm. Sizə uğurlar arzu edir və əmin olduğumu bildirirəm ki, Azərbaycanın adını daim yüksək tutacaq, ölkəmizi ləyaqətlə təmsil edəcək və onun gələcəyi naminə bütün azərbaycanlılarla birlikdə fəal iş aparacaqsınız.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev ötən ilin mayında ümummilli liderimiz Heydər Əliyevin 80 illiyi münasibətilə Kiyevin "Dinamo" və Bakının "Neftçi" futbol klublarının veteranları arasında Kiyevdə keçirilmiş görüşün təşkil olunmasına köməyinə və ümumiyyətlə, futbolun inkişafına göstərdiyi qayğıya görə Ukrayna İdman Jurnalistləri Assosiasiyasının ilin ən yaxşı nominasiyası üzrə fəxri fərmanını və üzərində Heydər Əliyevin şəkli olan kuboku Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Prezident İlham Əliyev Azərbaycan diasporunun nümayəndələri ilə xatirə şəkli çəkdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev İrpen şəhərinə səfərdən sonra, iyunun 4-də Kiyevdə ölkəmizin Ukraynadakı səfirliyində oldu. Səfir Tələt Əliyev dövlətimizin başçısına diplomatik nümayəndəliyimizin binasının tikintisi və yenidən qurulması üçün görülmüş işlər barədə məlumat verdi. O, həmçinin bildirdi ki, binanın foyesində ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş guşə yaradılacaqdır.
Prezident İlham Əliyev səfirliyin fəaliyyətini gücləndirmək üçün müvafiq tapşırıqlar verdi.
Prezident İlham Əliyev səfirliyin binası ilə tanışlıqdan sonra respublikamızın gənc istedadları - Ukraynada keçirilən festivalda iştirak etmiş "Bülbüllər" uşaq musiqi ansamblının üzvləri ilə səmimiyyətlə görüşdü, onlara yeni yaradıcılıq uğurları arzuladı. Ukrayna Prezidenti Leonid Kuçma da azərbaycanlı uşaqlara müvəffəqiyyətlər dilədi.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved