• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Avropa Azərbaycanlıları konqresi təsis konfransının iştirakçılarına


Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Sizi - Almaniyanın paytaxtı Berlin şəhərində öz təsis konfransına toplanmış Avropa Azərbaycanlıları Konqresinin iştirakçılarını və qonaqları səmimiyyətlə salamlayır, toplantının işinə uğurlar diləyirəm.
Xalqımızı və Vətənimizi təmsil edən çoxsaylı azərbaycanlı icmaları neçə illərdir ki, Avropada və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir. Onların hamısını azərbaycançılığın əsası hesab olunan milli dövlət təsisatlarına, ana dilinə, mədəniyyətə, dinə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə məhəbbət birləşdirir.
Lakin bir fakt da qeyd olunmalıdır ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar uzun zaman bir-biri ilə zəif əlaqəyə malik olmuş, təşkilatlanmamış, ölkələrinin ictimai-siyasi və mədəni həyatında mütəşəkkil qüvvə kimi çıxış etməmişlər. Əslində, bu sahədə məqsədyönlü iş aparan da olmamışdır. Yalnız müstəqil Azərbaycan Respublikası dövründə, xüsusən 1993-cü ildən başlayaraq, xaricdə yaşayan soydaşlarımızla iş dövlət səviyyəsinə qaldırılmış, bu sahədə məqsədyönlü siyasət həyata keçirilmişdir.
Dünya azərbaycanlılarının, o cümlədən Avropada yaşayan azərbaycanlıların təşkilatlanması, mütəşəkkil birliyin yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 31 dekabr dünya azərbaycanlılarının birlik və həmrəylik günü elan edilmiş və hər il təntənəli şəkildə qeyd olunur. Xarici ölkələrə dövlət başçısı kimi səfərləri zamanı Heydər Əliyev müntəzəm olaraq azərbaycanlı icmaları ilə görüşlər keçirmiş, onların təşkilatlanmasına kömək göstərmiş, fəaliyyəti üçün tövsiyələr vermişdir. 2001-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı və bilavasitə rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının tarixi-mənəvi birliyinin və milli varlığımızın daha bir təsdiqi kimi, Azərbaycan dövlətinin və soydaşlarımızın qarşısında duran ümummilli vəzifələri müəyyənləşdirdi, dünya azərbaycanlılarının Əlaqələndirmə Şurasını formalaşdırdı. 2002-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə xüsusi dövlət qurumu - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının ümumi Vətənidir, onların siyasi və mənəvi dayağıdır. Soydaşlarımız harada yaşamasından asılı olmayaraq, özlərini Azərbaycanın, xalqımızın bir parçası kimi hiss etməli, Vətənin təəssübünü çəkməli, onun qayğıları, problemləri ilə yaşamalıdırlar. Eyni zamanda, Azərbaycan Respublikası da dünya azərbaycanlılarının mənəvi-siyasi mərkəzi kimi, onların milli və vətəndaş hüquqlarının qorunması üçün beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş bütün imkanlardan istifadə edəcəkdir.
Bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, birlik və həmrəyliyinin güclənməsində yeni bir mərhələnin başlandığını söyləmək olar. Hazırda bütün Avropa ölkələrində azərbaycanlıların icmaları, milli-mədəni cəmiyyətləri yaradılmış, onların arasında müəyyən əlaqələr qurulmuşdur. Avropa azərbaycanlıları Azərbaycan dilinin, mədəniyyətinin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və dövlətçilik maraqlarımızın qorunmasında getdikcə daha fəal rol oynayırlar.
Bununla yanaşı, düşünürəm ki, Avropada yaşayan azərbaycanlı icmalarının bütün istiqamətlər üzrə daha böyük imkanları, istifadə olunmamış potensialı mövcuddur. Bu ölkələrdə həmvətənlərimizin birləşməsi, təşkilatlanması hələ də lazımi səviyyədə deyildir. Diasporumuz sözün həqiqi mənasında, hələ tam formalaşmayıb, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələr kifayət qədər möhkəm və davamlı deyildir. Yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatına onların təsiri zəif hiss olunur.
Biz Azərbaycan diasporunun, icmalarının təşkilatlanması və fəaliyyətini, Vətənlə əlaqələrini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik. Bunun üçün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar daha sıx birləşməli, mütəşəkkil, dinamik daxili strukturu olan birlik kimi çıxış etməlidirlər. Onlar həm Azərbaycanın milli mənəvi dəyərlərini və mütərəqqi adət-ənənələrini qoruyub saxlamalı, həm də etnik qapalılıqdan çıxmalı, təmsil etdikləri ölkələrin siyasi, iqtisadi, ictimai və mədəni həyatına inteqrasiya olunmalı, fəal siyasi amilə çevrilməlidirlər. Avropadakı Azərbaycan diasporu milli və dövlət maraqlarımıza aid məsələlərdə razılaşdırılmış ümumi mövqe nümayiş etdirməli, siyasi dairələrdə lobbiçilik imkanlarını genişləndirməlidir. Azərbaycanla ənənəvi dostluq münasibətləri olan xalqların və dövlətlərin icmaları ilə sıx əməkdaşlıq edilməli, onların müsbət təcrübəsindən və köməyindən bəhrələnilməlidir.
Avropanın mərkəzində, Berlin şəhərində öz təsis konfransına toplaşan Avropa Azərbaycanlıları Konqresi mühüm tarixi hadisədir. Əminəm ki, Konqres öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək, Avropada yaşayan azərbaycanlıların həyatında, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunmasında, diasporumuzun güclənməsində əhəmiyyətli rol oynayacaqdır.
Bir daha Avropa Azərbaycanlıları Konqresinin işinə uğurlar diləyir, hər birinizə möhkəm cansağlığı, səadət və firavanlıq arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 12 aprel 2004-cü il.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved