• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Dünya azərbaycanlılarına


Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Sizə Azərbaycan xalqının ən mühüm bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. 31 dekabr Azərbaycan xalqının müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımıza bəxş etdiyi və ümummilli əhəmiyyət kəsb edən bir gündür. Bu bayramın əsas qayəsini dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, tarixi Vətənə bağlılıq hissi və ideyaları təşkil edir.
Xalqımız bütün tarixi boyu milli birlik və həmrəylik arzuları, ideyaları ilə yaşamışdır. Lakin 31 dekabrın bütün dünya azərbaycanlılarının ümümmilli bayramı kimi qeyd olunması və dövlət bayramları sırasında şərəfli yer tutması müstəqil Azərbaycan Respublikası ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 16 dekabr 1991-ci il tarixli sərəncamla 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik və milli birlik bayramı elan etmiş, sonra isə bu tarix bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir.
Dünya azərbaycanlılarının təşkilatlanması, onların milli birlik və həmrəyliyinin güclənməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, dünyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin yüksəlməsi, onların Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün özünün bütün imkanlarından, bilik və bacarığından istifadə etmişdir. Onun təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının yüksək səviyyədə keçirilməsi və Azərbaycan rəhbərliyinin sonrakı məqsədyönlü siyasəti dünya azərbaycanlılarının milli-mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, azərbaycanlıların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə ciddi təsir göstərmişdir.
Bir toplum kimi dünya azərbaycanlıları qarşısında duran vəzifələr Heydər Əliyev tərəfindən aydın və dəqiq müəyyənləşdirilmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini hifz etməli, xalqımızın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidir. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərtidir.
Digər mühüm vəzifə dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, bu əlaqələrin hüquqi, mədəni və mənəvi əsaslarının gücləndirilməsidir. Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir. Eyni zamanda, Azərbaycan hökuməti də Vətənimizin getdikcə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir.
Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.
Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivlər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və milli-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. 2005-ci ildə bizim qarşımızda yeni-yeni işlər, həlli vacib olan çoxlu mühüm vəzifələr durur. Əmin ola bilərsiniz ki, Azərbaycan iqtidarı bütün bu işlərin öhdəsindən layiqincə gələcəkdir.
Əziz azərbaycanlılar, hörmətli soydaşlar!
Bu əziz bayram günündə sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı, firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi yolunda uğurlar arzulayıram.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Bakı şəhəri, 27 dekabr 2004-cü il.  
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved