• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


Dünya azərbaycanlıları konqresinin VIII qurultayına


Hörmətli qurultay nümayəndələri!
Sizi-İsveçin paytaxtı Stokholmda özünün VIII qurultayına toplaşmış Dünya Azərbaycanlıları Konqresinin üzvlərini və qonaqları səmimiyyətlə salamlayır, qurultayın işinə uğurlar diləyirəm.
Çoxsaylı azərbaycanlı icmaları onilliklər boyu dünyanın müxtəlif ölkələrində yaşayır və fəaliyyət göstərir. Onların hamısını dilimizə, mədəniyyətimizə adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, Azərbaycan dövlətinə  bağlılıq birləşdirir. Lakin, xaricdə yaşayan azərbaycanlılar üçün zaman pərakəndə şəkildə fəaliyyət göstərmiş, bir-biri ilə və tarixi Vətənlə zəif əlaqədə olmuş, təşkilatlanmış,  yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında mütəşəkkil qüvvə kimi çıxış etmişlər. Yalnız Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xaricdə yaşayan azərbaycanlılarla iş dövlət səviyyəsinə qaldırılmış, bu istiqamətdə düşünülmüş məqsədyönlü siyasət həyata keçirilmişdir.
Dünya azərbaycanlıların təşkilatlanması, onların ictimai-siyasi və mədəni  həyatda fəallığının  artması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə ilk dəfə 1992-ci ildə 31 dekabr dünya azərbaycanlıların birlik və həmrəylik bayramı elan edilmiş, 2001-ci ildə Bakıda yüksək səviyyədə Dünya Azərbaycanlıların I Qurultayı keçirilmiş, xüsusi  dövlət qurumu – Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Müxtəlif ölkələrdə səfərlər zamanı Heydər Əliyev mütəmadi olaraq azərbaycanlı icmaların nümayəndələri ilə görüşmüş, onların təşkilatlanması və fəaliyyət üçün dəyərli tövsiyələr vermişdir. Bu tədbirlər nəticəsində dünya azərbaycanlıların tarixi-mənəvi  və siyasi birliyi möhkəmlənmiş, Azərbaycan dövləti və soydaşlarımız qarşısında duran ümummilli vəzifələr dəqiq müəyyənləşdirilmişdir.
Müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının ümumi Vətənidir, onların siyasi-mənəvi dayağıdır. Azərbaycan Respublikası dünya azərbaycanlıların mənəvi-siyasi  mərkəzi kimi onların milli və vətəndaş hüquqlarının qorunması üçün beynəlxalq konvensiyalarda  nəzərdə tutulmuş bütün imkanlardan istifadə edir.
 Bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, birlik və həmrəyliyin güclənməsi sahəsində yeni bir mərhələnin yaşandığını söyləyə bilərik. Hazırda azərbaycanlıların yaşadığı bütün ölkələrdə soydaşlarımızı birləşdirən milli-mədəni cəmiyyətlər yaradılmış,  onların arasında müəyyən əlaqələr  qurulmuşdur. Soydaşlarımız azərbaycançılıq ideyalarının təbliğində, dilimizin, mədəniyyətimizin qorunmasında, Azərbaycan həqiqətlərinin təbliğində, dövlətçilik maraqlarının müdafiəsində getdikcə daha  fəal rol oynayırlar. Məmnunluqla bildirirəm ki, xaricdəki soydaşlarımız getdikcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı  soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətində və beynəlxalq təşkilatlara çatdırılmasında, erməni təbliğatının saxta tezislərinin ifşasında mühüm rol oynayır, onların aksiyaları daha davamlı və miqyaslı olur.
Bununla yanaşı, o da  qeyd olunmalıdır ki, həmvətənlərimizin təşkilatlanması, fəaliyyətinin koordinasiyası işi hələ də lazımi səviyyədə deyil. Diasporumuzun formalaşması işi bütün dünyada tam başa çatmayıb,  müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələr lazımi səviyyədə deyil, onların ictimai-siyasi, informasiya-mədəni mübadiləsi zəifdir. Bu sahədə istifadə olunmamış zəngin potensialımız vardır.
Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmaların təşkilatlanmasını, Vətənlə əlaqələrinin keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qalxmasını istəyirik və bu istiqamətdə zəruri tədbirləri görürük. Bunun   üçün xaricdəki soydaşlarımız daha sıx birləşməli,  qəbul olunan qərarların icra mexanizimləri  təkmilləşdirilməli, mütəşəkkil, dinamik daxili strukturu olan  qurum kimi çıxış etməlidirlər. Onlar yaşadıqları ölkələrdə fəal siyasi faktora  çevrilməli, ictimai-siyasi, iqtisadi və mədəni həyatda sıx inteqrasiya olunmalıdırlar. Dünya azərbaycanlıları milli və dövlət əhəmiyyətli məsələlərdə vahid mövqe nümayiş etdirməli, yaşadıqları ölkələrin və bütövlükdə dünya siyasi təsir imkanlarını genişləndirilməlidirlər.
Əminəm ki, Dünya Azərbaycanlıları Konqresinin VIII Qurultayı soydaşlarımızın birliyi və səmərəli fəaliyyəti ilə bağlı düzgün və təsirli qərarlar qəbul edərək, ümumi işimizə təkan verəcək. Təşkilat öz fəaliyyətində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, işğal olunmuş torpaqlarımızın azad edilməsi, xaricdə yaşayan azərbaycanlılar arasında lobbiçilik əlaqələrinin güclənməsi məsələlərinə diqqət yetirəcək və Azərbaycan dövləti ilə əməkdaşlıq şəraitində sanballı nailiyyətlər əldə edəcək.
Bir daha qurultay iştirakçılarını təbrik edir, hər birinizə möhkəm  cansağlığı, səadət, firavanlıq, haqq işimizdə uğurlar arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2005-ci il

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved