• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Dünya azərbaycanlılarına


Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Sizə Azərbaycan xalqının ən mühüm bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. 31 dekabr Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il milli birlik və həmrəylik günü kimi qeyd edilir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir.
Ötən dövr ərzində dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi üçün xeyli iş görülmüşdür. Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilmiş, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılmışdır. Azərbaycanlıların yığcam yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün məqsədyönlü fəaliyyət göstərilmişdir. 2001-ci ilin noyabr ayında Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı qarşıda duran vəzifələri müəyyənləşdirdi, azərbaycanlıların öz milli dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verdi, milli birlik ideyasının inkişafında mühüm rol oynadı. Qurultaydan sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı, soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edildi. Soydaşlarımızın təşkilatlanması daha da gücləndi, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və millətinə mənsubluq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan azərbaycanlılar arasında geniş yayıldı.
Bu gün xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin yaşandığını deyə bilərik. Bu, bir tərəfdən, Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, onun regionda lider dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər tərəfdən isə xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətcə yeni məzmun kəsb etməsi, qarşıya yeni vəzifələr qoyulması ilə əlaqədardır. Hazırda Azərbaycan dövləti öz qarşısına soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquqlarının müdafiəsi, yaşadıqları ölkələrdə mütəşəkkil təsirli qüvvəyə çevrilməsi, dünya azərbaycanlılarının taleyi üçün məsuliyyətin artırılması kimi vəzifələr qoyur. Bütün dövlət orqanları bu işdə yaxından iştirak etməli, öz konkret vəzifələrini bilməli, əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər. Azərbaycanlı icmalarının yaşadıqları ölkələrin siyasi və iqtisadi həyatına təsirinin gücləndirilməsi, soydaşlarımızın bu ölkələrdə vahid təşkilatlarının yaradılması, aparıcı ölkələrdə nüfuzlu Azərbaycan lobbisinin formalaşdırılması, dost icmalar və lobbilərlə səmərəli əməkdaşlıq qurulması Azərbaycan Respublikasının və xaricdə yaşayan soydaşlarımızın qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi, mədəniyyət mərkəzlərinin yaradılması və səmərəli fəaliyyəti üçün məqsədyönlü və müntəzəm tədbirlər həyata keçirilməlidir. Soydaşlarımızın Azərbaycanın iqtisadi və ictimai-mədəni həyatında real iştirakı təmin edilməli, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrlə tarixi Vətən arasında əlaqə və münasibətlərin möhkəmləndirilməsində rolu artırılmalıdır. Xaricdə yaşayan azərbaycanlılar həmçinin məkrli erməni təbliğatının planlarını və fitnə-fəsadlarını vaxtında ifşa etməli, tariximizi və mədəni irsimizi saxtalaşdırmaq, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları çaşdırmaq cəhdlərinin qarşısını daha qətiyyətlə almalı, bu sahədə öz fəaliyyətlərini Azərbaycanın müvafiq dövlət orqanları ilə əlaqələndirməlidirlər.
Hazırda Azərbaycan Respublikası öz tarixinin çox mühüm və məsul bir dövrünü yaşayır. Azərbaycan beynəlxalq birliyə qəti şəkildə inteqrasiya olunur, həyatın bütün sahələrini qabaqcıl dünya meyarlarına uyğunlaşdırır. Bu ilin noyabrında ölkəmizdə keçirilmiş parlament seçkiləri siyasi həyatın demokratikləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm mərhələ oldu. 2005-ci ildə Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf templərinə malik olmuş, onun həcmi 26 faiz artmışdır və bu göstəricilərə görə Azərbaycan dünyada birinci yerdədir. Ölkəmizdə iqtisadi, hüquqi və struktur islahatları inamla həyata keçirilir və bu işlər qətiyyətlə davam etdiriləcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli istiqamətində səylər gücləndirilmişdir. Dövrümüzün nəhəng enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 2006-cı ildə tam istismara verilməsi bütün regionun simasını dəyişəcək və ölkəmizin qarşısında tamamilə yeni imkanlar açacaqdır. Heydər Əliyevin banisi olduğu neft strategiyasının reallaşması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaqdır. Bütün bu nailiyyətlər onu göstərir ki, Azərbaycan düz yoldadır. Bizim siyasətimiz düşünülmüş siyasətdir. İstər daxili, istərsə də xarici siyasətimiz, ictimai-siyasi sabitliyin qorunması ölkəmizin davamlı və dayanıqlı inkişafı üçün başlıca şərtdir. Beləliklə, Azərbaycanın sürətlə artan potensialı bütün problemlərimizin həllində, o cümlədən dünya azərbaycanlıları ilə bağlı vəzifələrin həyata keçirilməsində güclü amil olacaqdır.
Əziz həmvətənlər, hörmətli soydaşlar! Bu əziz bayram münasibətilə Sizi ürəkdən təbrik edir, hamınıza cansağlığı, firavanlıq, milli birlik və həmrəylik, Vətənimizin tərəqqisi yolunda yeni uğurlar arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2005-ci il.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved