• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


KİŞİNYOVDA NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə, Moldova Respublikasına rəsmi səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə yüksək qonaqpərvərlik göstərildiyinə görə Moldova Respublikasının Prezidenti çox hörmətli Vladimir Nikolayeviçə bir daha öz minnətdarlığımı bildirmək istərdim.
Məmnunluqla vurğulamaq istəyirəm ki, sizin gözəl ölkənizə səfərim daha bir əlamətdar hadisə ilə qeyd olunur. Bildiyiniz kimi, bugünkü görüşümüzdən məqsəd Azərbaycan xalqının dahi oğlu, XII əsrin şair və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini açmaqdır. Nizami təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof idi. Onun əsərləri dünyanın azad fikir xəzinəsini layiqincə zənginləşdirmiş və bütün Şərq xalqlarını bəşəriyyətin firavanlığı naminə yaxşı, xeyirxah işlərə ruhlandırmışdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin qızıl fondunun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur.
Nizaminin bütün fəlsəfəsinin mərkəzində varlığın ali dəyəri, mənəvi zənginliyin və biliklərin tükənməz mənbəyi kimi insan durur. Nizami insanın cəmiyyətdə roluna öz baxışı prizmasından nəzər salaraq, antik irsi, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik poetik ənənələrini yaradıcılığında əks etdirə bilmişdir. Böyük sənətkarların yaratdıqlarının ümumbəşəri əhəmiyyətinin xüsusiyyətlərindən biri budur ki, onlar həyati əhəmiyyətlidir, əbədiyaşardır, çünki onların mənası gözəllik və əzəmətdədir. Bu əsərlərdə əks olunmuş ümdə arzu - insanları xoşbəxt etmək istəyi ümumbəşəri mədəniyyət inkişaf tapdıqca, dünya miqyasında sivilizasiyanın səviyyəsi yüksəldikcə açıqlanır. Nizaminin yaradıcılığı bunun aşkar təsdiqidir. Onun bəşər sivilizasiyasının inkişafındakı rolunu bütün zəmanələrin bədii və fəlsəfi təfəkkürünün katalizatorları olmuş Aristotel, İbn Sina, Dante, Şekspir və Puşkin kimi dühalarla müqayisə etmək olar. Nizaminin əsil humanizm ideyalarını özündə birləşdirən fəlsəfi konsepsiyası onun ilhamlı lirikasının və qəhrəmanlıq dastanının bənzərsiz dünyasında ifadəsini tapmışdır. Məhəbbətin əbədiliyi, həyat və ölümün mənası, cəmiyyətin ideal quruluşu, kainatın böyük sirləri haqqında onun yaratdığı poemalar bugünədək Şərqdə örnək üçün meyar olaraq qalır. Dünya şöhrətli ölməz "Xəmsə"nin müəllifi olan Nizami humanizm, insan şəxsiyyətinin azadlığı ideologiyası, onun iradəsinin taleyin qaçılmaz iradəsindən və təbiətin fövqündə duran qüvvələrin hökmündən asılı olmaması kimi böyük fəlsəfi təlimlərin banilərindən biridir. O, bəşər tarixində ilk dəfə olaraq, insan qəlbinin saf və ülvi amallarının gözəl aləmini ilahiləşdirmiş, nəcib və pak məhəbbətin mükəmməl nəzəriyyəsini yaratmışdır.
Nizami bu gün də müasirimiz olaraq qalır. O, özünün ölməz humanist ideyaları ilə bəşəriyyətin işıqlı gələcəyinin qurulmasında iştirak edir. Xeyrin, ülvi olan hər bir şeyin gözəlliyinin mənəvi qüvvəsinə inamı ilə bu gün də bizimlədir. Fürsətdən istifadə edərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sözlərini misal gətirmək istəyirəm. O demişdir: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Məhz mədəni əlaqələr, mənəvi yaxınlıq xalqları getdikcə daha çox yaxınlaşdırır və dostluq münasibətlərini möhkəmləndirir". Hesab edirik ki, bu baxımdan Azərbaycan və Moldova təkcə siyasi, iqtisadi və digər sahələrdə deyil, mədəniyyət və incəsənət sahəsində də ikitərəfli əməkdaşlığı genişləndirməlidir.
Əziz dostlar, fürsətdən istifadə edərək qonaqpərvərliyə görə, mənə və nümayəndə heyətimizə səmimi münasibətə görə, bu gün Moldova paytaxtında, Kişinyov şəhərində Azərbaycan xalqının dahi oğlu Nizami Gəncəvinin abidəsinin açılmasına görə Moldova Prezidenti hörmətli Vladimir Nikolayeviç Voroninə, Moldova hökumətinə təşəkkürümü bildirmək istəyirəm.
İkitərəfli münasibətlərimiz çox uğurla inkişaf edir. Bu gün ölkələrimiz arasında siyasi dialoq ən yüksək səviyyədədir, mühüm sazişlər imzalanmışdır, onlar ölkələrimizin gələcək inkişafını müəyyən edəcəkdir. İkitərəfli miqyasda, regional kontekstdə və regionda təhlükəsizliyin qlobal sistemi məsələlərində Moldova ilə Azərbaycanın əməkdaşlığı birinci dərəcəli əhəmiyyətə malikdir. Biz dostuq, biz müttəfiqik, bizi çox şey birləşdirir. Ona görə də bundan sonra da çalışacağıq ki, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq genişlənsin və həm Moldova vətəndaşlarına, həm də Azərbaycan vətəndaşlarına fayda gətirsin. Bu imkandan istifadə edərək, sizin gözəl ölkənizdə yaşayan azərbaycanlılara xoş münasibətə görə də Moldova Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Moldovadakı Azərbaycan diasporu çox mütəşəkkildir, iqtisadiyyatın inkişafına böyük töhfə verir, Moldova cəmiyyətinə fəal inteqrasiya olunub və əminəm ki, ikitərəfli əlaqələrimizin mühüm vəsiləsidir. Sizə məmnunluqla demək istəyirəm ki, Azərbaycanın Moldovada səfirliyinin açılması haqqında bu yaxınlarda qərar qəbul edilmişdir. Səfirlik bir müddətdən sonra açılacaqdır. Əminəm ki, bundan sonra ölkələrimiz arasında ikitərəfli münasibətlər daha intensiv olacaqdır. Biz əməkdaşlığı bundan sonra da inkişaf etdirmək istəyirik. Bunun üçün yaxşı zəmin var. Ölkələrimizin iqtisadi potensialı artır, qarşılıqlı siyasi əlaqələr möhkəmlənir. Hesab edirəm ki, gələcəkdə ölkələrimiz Avropaya inteqrasiya yolu ilə, quruculuq yolu ilə, regionumuzda sülhün və təhlükəsizliyin təmin olunması yolu ilə birlikdə gedəcəklər.
Hörmətli Vladimir Nikolayeviç, qonaqpərvərliyə görə sizə bir daha təşəkkürümü bildirmək və Azərbaycan xalqının ən dərin hörmətini ifadə etmək, bütün Moldova vətəndaşlarına sülh və firavanlıq arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved