• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


SANKT-PETERBURQDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI


Əziz dostlar!
Bu gün çox əlamətdar gündür. Bu gün gözəl Peterburq şəhərində Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin xatirə lövhəsi açılır. Bu, çox əlamətdar hadisə, çox mühüm hadisədir. Bu, bir tərəfdən, Heydər Əliyevin xatirəsinə ehtiram əlamətidir. Digər tərəfdən isə onun xidmətlərinə göstərilən ehtiramdır. Bu həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da və daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Heydər Əliyev Azərbaycan xalqının görkəmli lideridir. Yaşadığı və Azərbaycana rəhbərlik etdiyi dövrdə ictimai-siyasi formasiyadan asılı olmayaraq, o, respublikanın möhkəmlənməsi, siyasi sistemdə öz mexanizmlərini təkmilləşdirməsi, iqtisadi cəhətdən inkişaf etməsi üçün hər şey etmişdir, hər şey edirdi ki, Azərbaycan xalqı daha yaxşı yaşasın. Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə də, müstəqil Azərbaycanın Prezidenti olduğu dövrdə də bütün həyatını öz xalqına xidmətə həsr etmişdi.
Heydər Əliyevin həyatının bir çox illəri Rusiya, Peterburq, Moskva ilə bağlı olmuşdur. O, gənclik illərində Peterburqda oxumuşdur və bu şəhər haqqında həmişə böyük səmimiyyətlə danışırdı. Yadımdadır, bu söhbətlər çox olmuşdur. O, həmin illəri xatırlayaraq, Peterburqdan, o vaxtkı Leninqraddan, öz dostlarından, burada birlikdə oxuduğu və ünsiyyətdə olduğu insanlardan həmişə böyük məhəbbətlə, səmimiyyətlə söhbət açırdı.
Xatirimdədir, mən o vaxt Leninqrada gələrkən mənə həmişə deyərdi: «Qoroxovaya küçəsinə get, mənim oxuduğum binaya bax». Yadımdadır, mən buraya gələrkən bu binanın qarşısında şəkil çəkdirir, sonra bu şəkilləri gətirib ona göstərirdim. Bütün bunlar Heydər Əliyevin Peterburqa ömrünün sonunadək bəslədiyi dərin şəxsi hissləri nümayiş etdirirdi. O, artıq Azərbaycanın Prezidenti olduğu dövrdə bu şəhərə dəfələrlə gəlmişdi və ona həmişə məhəbbətlə yanaşırdı.
Bu gün Azərbaycan və Rusiya öz münasibətlərində keyfiyyətcə tamam yeni bir mərhələni - strateji tərəfdaşlıq, dostluq, iqtisadi münasibətlərin fəal inkişafı dövrünü yaşayırlar. Bu yeni mərhələnin bünövrəsini iki Prezident - Prezident Putin və Prezident Heydər Əliyev qoymuşlar. Məhz onların səyləri sayəsində 2000-ci ilin əvvəllərindən başlayaraq, ölkələrimiz arasında münasibətlər yeni mərhələyə çıxdı və indi çox fəal inkişaf edir və möhkəmlənir. Vladimir Vladimiroviç Putinlə mənim bugünkü görüşüm və forumda iştirakım buna daha bir əyani sübutdur.
Heydər Əliyev tərəfindən Azərbaycanda əsası qoyulan ənənələr yaşayır, onun siyasəti bütün istiqamətlərdə, o cümlədən Rusiya ilə ikitərəfli münasibətlərimizdə davam etdirilir. Biz çox məmnunuq ki, bu münasibətlər qarşılıqlı etimad, hörmət və qarşılıqlı dəstək əsasında qurulur.
Heydər Əliyev Azərbaycan üçün ən çətin anda, 1993-cü ildə xalqın iradəsi ilə respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycanın gələcəyi böyük sual altında idi. Ölkəni daxili ziddiyyətlər, vətəndaş müharibəsi didib-dağıdırdı, qan tökülürdü, ucdantutma qarmaqarışıqlıq və tam iqtisadi tənəzzül hökm sürürdü. Onun rəhbərliyinin 10 ili ərzində Azərbaycan siyasi və iqtisadi cəhətdən tam tənəzzülə uğramış ölkədən indi regionun dinamik inkişaf edən dövlətinə çevrilmişdir. İndi Azərbaycan həm iqtisadi inkişaf sürətinə, həm sənaye məhsulu istehsalının artımına, həm bazar iqtisadiyyatı əsaslarının inkişaf sürətinə, həm də yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması, inteqrasiya proseslərinin sürətinə görə, habelə adambaşına düşən sərmayələrin həcminə görə regionda və postsovet məkanında qabaqcıl yerlərdən birini tutur.
Bax, liderin gücü budur, xalqın tarixində liderin rolu budur. Ən ağır dövrdə, əslində, ümidsiz bir vəziyyətdə ölkəni böhrandan çıxarmaq, ayağa qaldırmaq və sabit inkişafa nail olmaq deməkdir! Bu gün biz, Azərbaycan vətəndaşları, onun ardıcılları bütün bunların hamısına malikik, vəzifəmiz də ölkəmizin bütün istiqamətlərdə firavan yaşaması və tərəqqisi üçün bu siyasəti inkişaf etdirməkdən və möhkəmlətməkdən ibarətdir.
Əlbəttə ki, Rusiya ilə münasibətlər gələcəkdə də bizim üçün çox mühüm rol oynayacaqdır. Ümidvarıq ki, bu münasibətlər çox fəal inkişaf etdiriləcək və möhkəmləndiriləcəkdir. Əlbəttə ki, Bakı ilə Sankt-Peterburq arasında münasibətlər də. Tarixən bu münasibətlər həmişə yaxın, səmimi olmuşdur və bu gün də belədir. Heydər Əliyevin xatirəsinə bu lövhənin açılması da dostluğumuza daha bir sübutdur. Bu, həm Prezidentimizin xatirəsinə hörmət, həm onun xidmətlərinin qiymətləndirilməsi və həm də sadəcə, Peterburq hökumətinin çox insani bir təşəbbüsüdür. Azərbaycan xalqı bunu qiymətləndirir və həmişə xatırlayacaqdır.
Bu xatirə lövhəsinin açılışına görə şəhərin rəhbərliyinə bir daha təşəkkürümü ifadə edir və əmin olduğumu bildirmək istəyirəm ki, bizim münasibətlərimiz əbədi olaraq bu zəmində qurulacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev və Sankt-Peterburqun vitse-qubernatoru Sergey Tarasov xatirə lövhəsinin üzərindən örtüyü götürdülər.
Xatirə lövhəsinin önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Rusiya Dövlət Dumasının, Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun, Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun, Azərbaycan diasporunun adından gül-çiçək dəstələri qoyuldu.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved