• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


ŞİMALİ KİPR TÜRKLƏRİNİN LİDERİ, CÜMHURBAŞQANI MEHMET ƏLİ TƏLƏTİN NİTQİ


-Hörmətli Azərbaycan Respublikasının Prezidenti!
Hörmətli Türkiyə Respublikasının Baş naziri!
Dünyanın müxtəlif ölkələrindən və guşələrindən gəlmiş və bu qurultayda iştirak edən hörmətli nümayəndələr!
Hamınızı səmimi qəlbdən salamlayır və təbrik edirəm. Şimali Kipr türklərindən sizə sevgi və salamlar yetirirəm.
Hörmətli Prezident və hörmətli Baş nazir türk dünyasının qarşılaşdığı problemləri, onların həlli yollarını çox gözəl şəkildə açıqladılar. Mən bunları təkrarlamayacağam. Amma Şimali Kipr türklərinin qarşılaşdığı problemləri sizin diqqətinizə çatdıracağam. Türk dünyasının dəstəyi ilə bunların həll olunacağına inanıram və bu günə qədər olan dəstəyinizin bundan sonra da davam etməsini rica edirəm.
Bilirsiniz ki, Kipr Türkiyənin cənubunda kiprli türklərin və kiprli yunanların ortaq vətənidir. Onlar uzun illərdir ki, gah dava edərək, gah da sülh içində burada yaşamışlar. 1960-cı ildə Kiprdə ortaq bir respublika - Kipr Respublikası yaradılmışdır. Həmin dövrdə yunanlar və türklər bərabər hüquqlu iki xalq olaraq iqtidarı, ölkə rəhbərliyini paylaşmışlar. Amma 1963-cü ildə kiprli yunanların bütün adada hegemon olmaq səbəbi ilə başladıqları hücumlarla bu respublika yıxılmışdır. Həmin vaxtdan sonra kiprli türklər və yunanlar bir-birindən ayrılmışlar. O tarixdən etibarən kiprli türklər yavaş-yavaş öz dövlətlərini təşkil etmişlər. Parçalanma 1974-cü ilə qədər davam etmişdir. 1974-cü ildə Yunanıstan Kipri özünə birləşdirmək istəyəndə, Türkiyə Respublikası adaya zəmanət hüququndan istifadə edərək, məsələyə müdaxilə etmişdir. Yəni, Türkiyə beynəlxalq hüquq çərçivəsində, kiprli türklərin çağırışları əsasında adaya girmişdir. O vaxtdan bəri Kipr probleminin həlli üçün böyük səylər göstəririk. Başqa türkdilli dövlətlərin yaşadığı sıxıntıları və bayaq deyildiyi kimi, xüsusilə qardaş Azərbaycan xalqının yaşadığı sıxıntıları, onun oxşarını biz də yaşamaqdayıq.
Beynəlxalq hüquq, beynəlxalq təşkilatların çağırışları və dəstəkləri, təəssüf ki, Kipr problemində də yada düşmür. Eynən Qarabağda olduğu kimi. Biz Qarabağın acısını, Azərbaycan xalqının acısını, Azərbaycanda olan qaçqın-köçkünlərin acısını çox yaxşı başa düşürük. Çünki biz də eyni problemləri yaşayırıq. Əmin olun ki, bütün kiprli türklər Azərbaycanın bu acısını ürəklərində hiss edirlər.
Dağlıq Qarabağ münaqişəsində olduğu kimi, Kipr məsələsində də Birləşmiş Millətlər Təşkilatının qərarları yerinə yetirilmir. Kipr Respublikası hələ də mötəbər dövlət olaraq qəbul edilir.
Bizim hər hansı bir ölkə ilə əlaqələr qurmağımız, hər hansı bir ölkəyə səfərimiz, eləcə də hər hansı bir ölkədən insanların Şimali Kiprə gəlib bizimlə görüşməsi, yunan tərəfinin səyləri ilə əngəllənməyə çalışılır, buna etiraz edilir. Avropa Şurasının üzvü olmaqdan istifadə edilərək, Avropa İttifaqı ölkələrinin də dəstəyi ilə bizimlə əlaqəsi olan qardaş, dost ölkələrə təzyiqlər edilir. Avropa İttifaqı ilə imzalanacaq müqavilələr bəhanə edilərək, təzyiqlər olunur. Biz bu sıxıntıları illərlə yaşayırıq. Biz böyük fədakarlıq göstərərək, 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatı baş katibinin təklif etdiyi planı dəstəklədik. Özü də bilirdik ki, bu plan baş tutarsa, Şimali Kipr əhalisinin üçdəbiri yaşayış yerini dəyişdirəcəkdi.
Biz niyə bunu etdik? Çünki demişdilər ki, əgər siz “bəli” desəniz, Kipr problemi həll ediləcək, Kipr bir bütöv olaraq Avropa İttifaqına girəcəkdir. Əgər olmazsa, dünya ilə əməkdaşlıq etməyən, dünya birliyinin istəklərinə zidd davrananlar rahat ola bilməyəcəkdir. Yəni, artıq kiprli türklər təcrid edilməyəcəklər, əksinə, Kiprin yunan tərəfi təcrid olunacaqdır. Bunu Amerika, İngiltərə, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı dəfələrlə bildirmişdir. Hətta, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası qərar da qəbul etmişdi ki, Kipr probleminin həlli ancaq “Annan planı” çərçivəsində ola bilər. Təhlükəsizlik Şurasının bu qərarı Dağlıq Qarabağ barədə qərarlar kimi bir qərar idi. Ancaq Kiprin yunan tərəfi “yox” dedi. Onun lideri televiziya ilə çıxış edib güclü bir “yox” istəyirəm deməsinə baxmayaraq, Avropa İttifaqı və dünya hələ də onları Kiprin məsul hökuməti kimi qəbul edir.
O dövrdə Avropa İttifaqının genişlənmə məsələlərinə cavabdeh olan komissarı hörmətli Günter Verhoygen “aldadıldığımı hiss edirəm” demişdi. Çünki Kiprin yunan tərəfi ona demişdir ki, narahat olmayın, əgər türklər qəbul edərsə, biz də qəbul etməyə hazırıq. Hörmətli Verhoygen, Avropa İttifaqı və BMT buna inanmışdı. Amma belə olmadı. Belə olmadığı halda, kiprli türklərə qarşı qadağa götürülməli idi. Bununla əlaqədar heç bir addım atılmadı. Birləşmiş Millətlər Təşkilatının baş katibi bildirdi ki, kiprli türklərin təcridi və lazımsız məhdudiyyətlər götürülməlidir. Avropa İttifaqı kiprli türklərə qarşı iqtisadi təcridin götürülməsi barədə qərar qəbul etdi. Ancaq heç birini yerinə yetirmədilər. Təbii ki, bu gün üzümüzə baxmaqdan bir az utanırlar. Biz onlara tez-tez bu sözlərini xatırladırıq və onların hərəkət etmələrini istəyirik. Əslində, çox şey də istəmirik. Biz Təhlükəsizlik Şurasının qərarları çərçivəsində Kipr probleminin həllinə hazır olduğumuza görə, eyni davranışı qarşı tərəfdən də gözləyirik. Əvvəlki günlərdə, Kiprin yunan tərəfinə konkret təkliflər etdim. Kiprin yunan lideri, guya Kipr problemini bilmirmiş kimi, dedi ki, hazırlığa ehtiyacımız vardır.
Nə hazırlıqdır? Bəlkə də, haqqında ən çox kitab, məqalə yazılmış, qəzet xəbəri çıxmış mövzu Kipr problemidir. İnternetə girib “Kipr problemi” yazın, minlərcə kitab və məqalə taparsınız. Nəyin hazırlığını edəcəyik? Bu, edilmişdir - BMT-nin cildlərlə sənədləri vardır. Ancaq yenə israr edir, hazırlıq istəyirlər. Biz bunu qəbul etdik. Dedik ki, beş dənə komissiya yaradaq, onlar iki ay yarım hazırlıq işləri görsün. Sonra üzbəüz oturub müzakirələrə başlayaq, 2008-ci ilin sonuna qədər Kipr problemini həll edək. O isə dedi ki, yox, mən müddət məhdudiyyəti qəbul etmirəm. Bu, nə deməkdir? Müddət məhdudiyyəti qəbul etməmək məsələni sonsuzluğa qədər uzatmaq deməkdir.
Kiprli türklər fikirlərində qətidirlər, təslim olmaq niyyətində deyillər. Kiprli yunanlar nəyi gözləyirlər, niyə vaxtı uzadırlar? Əslində, səbəbi bəllidir. Onların planları başqadır. Hər işdə bizi dəstəkləyən və hər zaman təşəkkür etdiyimiz Türkiyə Respublikası Avropa İttifaqına doğru irəliləyir. Avropa İttifaqının Türkiyə Respublikasından götürəcəyi çox şey vardır. Buna görə də qapılarını açmış və ya açmaq məcburiyyətində qalmışdır. Kiprin yunan tərəfi də Avropa İttifaqının üzvüdür. Türkiyənin bu yolda irəliləyərkən onlara möhtac olacaqlarını zənn edirlər. Türkiyə bu yolda irəliləyərkən önünə əngəllər çıxaracaqlarını və beləliklə Kipr məsələsində Türkiyəni güzəştə getməyə məcbur edə biləcəklərini xəyal edirlər. Onların ən çox ümid etdikləri, gözlədikləri Türkiyənin bizə “yunanların istəklərini qəbul edin, artıq sizi dəstəkləyə bilmirik” deməsidir. Bu xəyalla da vaxtı uzatmağa çalışırlar. Təbii ki, bunun bir xəyal olduğunu hər kəs bilir. Türk dünyası da bunu bilir. Kipr yunanlarının atmış olduqları səhv addımlardan biri olduğu hər kəsə bəllidir. Ona görə biz kiprli türklər narahat olmuruq. Türk dünyasının dəstəyini bundan sonra da alacağımıza əminik. Türk dünyası birləşdikcə, gücünü bir yerə topladıqca, bizə daha çox dəstək verəcəkdir. Bunu bilirik və görürük. 100 milyonluq bir dünyanın bizə verəcəyi dəstəyin problemlərimizi həll edəcək ən önəmli dəstək olduğunu da bilirik.
Dəyərli qardaşlarım, biz çox şey istəmirik. Haqqımızı istəyirik, haqqımızdan çoxunu istəmirik. Heç kimin də haqqına toxunmuruq. Ona görə də bizə verəcəyiniz dəstək haqsızlığa deyil, haqqa dəstək olacaqdır. Türk dünyasının da şöhrəti bunu tələb edir.
Hamınızı bağrıma basıram.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved