• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


TÜRKMƏNİSTAN NAZİRLƏR KABİNETİ SƏDRİNİN MÜAVİNİ XIDIR SAPARLIYEVİN ÇIXIŞI


-Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!
Hörmətli xanımlar və cənablar!
Hörmətli dostlar!
Mən sizə günəşli Türkmənistandan, Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun, bütün türkmən xalqının atəşin salamlarını gətirmişəm.
Türkmənistan Prezidenti adından mən sizi Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının açılışı münasibətilə ürəkdən təbrik edir, türkdilli dövlətlərə və cəmiyyətlərə bu qurultayın işində müvəffəqiyyətlər diləyirəm.
İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim. Azərbaycan xalqının qonaqpərvərliyinə və bu forumun təşkilatçılarına mənə burada iştirak etmək imkanı verdiklərinə görə öz minnətdarlığımı bildirirəm.
Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı dərin tarixi kökləri olan, qocaman ağacın budaqlarını təcəssüm etdirən türkdilli xalqların dostluq və qardaşlıq bayramıdır.
Əziz dostlar, vaxtilə Sovetlər birliyinin tərkibində olan türkdilli dövlətlərin müstəqillik əldə etdiyi dövrdən cəmi 16 il keçir. Bu qısa vaxt ərzində bizim qardaş dövlətlərimiz sürətlə inkişaf etmiş və nəinki siyasi, həm də iqtisadi müstəqilliklərini möhkəmləndirmişdir. Uzun əsrlər boyu suveren inkişaf etmək hüququ uğrunda mübarizə aparmış türkdilli xalqlar, artıq yeni şəraitdə öz aralarında münasibətlərin daha da möhkəmlənməsinə, qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirilməsinə can atırlar. Bu, müstəqil və bitərəf Türkmənistanın siyasətində də təzahür edir. Türkmənistan cəmi 16 il bundan öncə müstəqil olmuşdur və hazırda Prezident Qurbanqulu Berdiməhəmmədovun dəyərli təşəbbüsləri nəticəsində bizim ölkəmiz işıq saçan dirçəliş və islahatlar yolu ilə əminliklə irəliyə doğru addımlamaqdadır.
Müstəqillik dövrü ərzində Türkmənistan dünya birliyində öz layiqli yerini tutmağa müvəffəq olmuşdur. Ölkəmizin istər siyasət, istərsə də iqtisadiyyatda əldə etdiyi nailiyyətləri, o cümlədən milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin dirçəlişi seçdiyimiz yola sadiq olmağımıza, habelə bütün dünyada tanınmış bu yolun nə dərəcədə mühüm olmasına dəlalət edir. Türkmən cəmiyyətinin hazırkı həyatında milli dəyərlərə daha da önəm verilir, bunlar ümumbəşəri dəyərlərlə uzlaşır və beləliklə, humanizmin bərqərar olunması prosesi gedir.
Türkmənistan və türkmən xalqı bilavasitə dünya dövlətləri və xalqları ilə qardaşlıq münasibətləri saxlamaqdadır. Ölkəmiz müstəqilliyi əldə etdikdən sonra biz bilavasitə açıq qapı siyasətini bəyan etdik. Türkdilli xalqlara gəldikdə, əlbəttə, onlarla münasibətlərimiz xüsusi əhəmiyyət daşıyır. Çünki Türkmənistanın müstəqilliyini ilk növbədə məhz bu dövlətlər tanımışlar və bundan sonra biz Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla diplomatik münasibətlər yaratmışıq. 2006-cı ildə məsələn, Türkmənistan ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan respublikaları arasında mal dövriyyəsinin həcmi xeyli artmışdır. Bu ilin doqquz ayının nəticələrinə nəzər salsanız görəcəksiniz ki, bu göstəricilər daha da artmaqdadır.
Hörmətli iştirakçılar, demək istəyirəm ki, Türkmənistan ilə digər türkdilli dövlətlər arasında ikitərəfli münasibətlər səmərəli qaydada inkişaf edir. Bu, təkcə iqtisadiyyat sahəsində deyil, həmçinin elm, təhsil, mədəniyyət sahələrində də özünü göstərir. Bu ölkələrdən olan nümayəndə heyətləri Türkmənistanda, bizim nümayəndələr digər türkdilli dövlətlərdə keçirilən beynəlxalq elmi konfranslarda, festivallarda, seminarlarda və başqa tədbirlərdə iştirak edirlər.
Demək istərdim ki, digər türkdilli xalqlar kimi, türkmən xalqı da ümumi köklərə əsaslanır və eyni tarixi taleyi yaşayan bir xalqdır və biz həmişə öz əcdadlarımızın adət-ənənələrinə sadiq olmuşuq. Əlbəttə, türkdilli xalqların bəşəriyyətin inkişafına verdikləri böyük töhfə bizi sevindirir və bizim qürur hissimizdir. Tarix boyu Avrasiyanın geniş məkanlarında məskunlaşmış bizim əcdadlarımız insanların inkişafı üçün tələb olunan və çox böyük əhəmiyyət daşıyan maddi və mənəvi dəyərlər yaratmışlar. Bu irsi məhz biz onlardan qəbul etmişik və bunlar bilavasitə həm dövlət quruculuğunun, həm də ədalət, humanizm, sülh, dostluq və qardaşlıq prinsiplərinin inkişafına rəvac verən dəyərlərdir. Hazırda türkdilli xalqlar böyük bir mədəniyyətin varisləridir və bu mədəniyyətin kökləri tarixin dərinliklərinə gedib çıxır. Biz əlbəttə ki, bundan qürur hissi keçiririk. Ona görə də milli mənəvi irsimizi qoruyur və daha da artırırıq. Özünün keçmişini bilmək, bu keçmişdən ibrət götürmək, əcdadların irsinə arxalanmaq və bundan çıxış edərək bilavasitə gələcəyi qurmaq tarixin tələbi və zərurətdir. Hər bir xalq öz tarixini, tarixi və mədəni irsini bilməlidir və buna borcludur. Məhz buna görə digər türkdilli dövlətlər kimi, Türkmənistan da müstəqilliyini əldə etdikdən sonra millətin mənəvi dirçəlişini özünün prioritet istiqaməti kimi müəyyən etdi. Bu, xalqımızın bilavasitə öz milli zənginliyinə, milli dəyərlərinə qayıtması demək idi. Hazırda bütün dünyada insan təfəkkürünün inkişafı, elmin, texnologiyaların tərəqqisi baş verir. Bu, həm də qloballaşma dövründə xalqların öz milli irsini qoruyub saxlaması deməkdir. Eyni zamanda, bilavasitə dostluq və qardaşlıq münasibətləri, millətlərarası əməkdaşlıq məsələsi çox böyük əhəmiyyət daşıyır.
Qoy, türkdilli xalqların qardaşlıq və dostluq ağacı həmişə çiçəklənsin.
Sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved