• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


TÜRKİYƏNİN 9-CU PREZİDENTİ CƏNAB SÜLEYMAN DƏMİRƏLİN ÇIXIŞI


Hörmətli rəyasət heyəti, hörmətli sədr, dəyərli qurultay iştirakçıları!

Hamınızı sevgi, hörmət ilə salamlayıram. Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq, Əməkdaşlıq Fondu tərəfindən tərtib edilmiş bu tədbirə hamınız xoş gəlmişsiniz. Bu toplantıların ilki 21 - 23 mart  1993-cü ildə Antalyada keçirilmişdir. Bu toplantıdan sonra daha 9 toplantı Türkiyədə keçirilmişdir. İndi on birinci toplantını keçiririk. Doğrusu bilmirəm ki, aramızda 11-ci toplantıya qədər keçirilmiş 11 toplantının hamısında iştirak edən məndən başqa şəxs vardırmı? Bunu ona görə deyirəm ki, biz bu toplantıları inamla təşkil etdik. 15 il sonra bu gün XI toplantını keçirməyimizdən və artıq üç gündür toplantının davam etməsinə baxmayaraq tədbirdə çox sayda iştirakçının olmasından xoşbəxtlik hissi keçirirəm. Hamınıza bu tədbirə göstərdiyiniz isti münasibət üçün minnətdarlığımı bildirirəm.

Sözlərimə təşəkkürlərimi izhar etmək ilə başlayacağam. Bu toplantıya ev sahibliyi edən Azərbaycan dövlətinə, dəyərli Azərbaycan dövlət rəhbəri, Prezident, əziz qardaşım cənab İlham Əliyevin simasında bütün dövlət təmsilçilərinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına sizlərin hüzurunda, hamınızın adından təşəkkür etmək istəyirəm. İkinci təşəkkürüm, bu toplantıları bezmədən, usanmadan, böyük bir səylə  hazırlayan fondumuzun dəyərli rəhbəri Professor Abdulhalik Çayın simasında fondun bütün işçilərinə, onlara yardım edənlərə təşəkkür etmək istəyirəm.

Bu gözəl ölkədə, bu gün bu toplantıya ev sahibliyi etməsində, toplantının belə bir gözəl yerdə keçirilməsində böyük əmək sərf edən, daha doğrusu Azərbaycan dövlətinin dəyərli qurucusu, bu ölkəyə həqiqi mənada xidmət etmiş, əziz qardaşım, böyük dövlət xadimi, türk dünyasının ulduza çevrilmiş liderlərindən biri olan, türk dünyasında türk olaraq, türk olmanın verdiyi qürur hissi ilə var olan, bu birliyə daima dəstək vermiş cənab Heydər Əliyevi sizlərin hüzurunda rəhmətlə yad edirəm. Eyni zamanda bu toplantıların başladılmasında, keçirilməsində təşəbbüs göstərməyi əsirgəməyən, bu məsələlərə daima nəzarət etmiş, böyük fikrin, bir türk dünyası fikrinin dəyərli dəstəkçisi əziz qardaşım, dostum Alparslan Türkeşi də burada rəhmətlə yad edirəm. Bu işdə əmək sərf edənləri yad etmək vacibdir. Bu hal eyni zamanda insanları yeni xidmətlərə təşviq edir və mənim fikrimcə mən də öz növbəmdə bunu yerinə yetirdim. Yəni həm lazımi şəxsləri yad etdim, həm də bundan sonra insanları bu fəaliyyətlərə təşviq etdim. Bunlar boş şeylər deyildir. Bunların boş şey olmadığını zaldakı insanların sayından da görürük.

Nə üçün belə toplantıların 1990-cı illərə qədər keçirilməsi mümkün olmadı? Fikrimcə 20 il əvvəl bu zalda ön sıralarda əyləşənlərin bu tədbirdə iştirak etməsi mümkün deyildi. Yəni təkcə bu ölkədə deyil, eyni zamanda başqa bir ölkədə də bir yerə toplaşa bilməyəcəkdik. Türk dünyası adını verdiyimiz dünya neçə hissəlik idi, hansı şəraitdə yaşayırdı, bugünkü vəziyyət nədən ibarətdir? Hər bir dövrün öz parlaq və tənəzzüldə olduğu mərhələləri vardır. Çox zaman bu parlaq və tənəzzül mərhələlərində insanlar çox şeyi həyata keçirə bilmirlər. Ancaq bütün bunlara baxmayaraq əldə edilmiş fürsətlər də vardır. Eyni zamanda insanların qarşılaşdığı çətinliklər də vardır. Bu çətinliklərə xalqlar, millətlər sinə gəlir, əldə etdikləri fürsətlərdən də istifadə etməyə səy göstərirlər. Bunların hər ikisini yerinə yetirə bilən isə daima varlığını davam etdirə bilir.

11 milyon kv.km –lik əraziyə (yəni təxminən 3 dəfə Avropanın ərazisindən çox olan bir ərazi) sahib olan türk dünyası, türk dilində danışan, mən türkəm deyən, kökünün türk olduğunu qeyd edən, laylası, əfsanəsi, qəhrəmanı, dili və tarix birliyi olan insanların dünyasıdır. Bu qədər böyüklüyə sahib olan türk dünyası, 2000 illik insanlıq tarixinin parlaq və tənəzzüllərinin olduğu dövrlərdən keçmişdir. Bunu əsla yaddan çıxarmamalıyıq.

 “Divani-lüğət it-türk”ə görə türk adını Tanrı bizim insanlara bəxş etmişdir. Bu ulu çinardır. Ulu çinarın budaqları vardır, yenə də “Divani-lüğət it-türk”ə görə 21 boy bu çinarın budaqlarıdır. Ancaq bunların hamısı eyni çinarın budaqlarıdır. Tarix boyunca bəzi vaxtlarda bu çinarın yarpaqları, bəzən budaqları, qurumuş, ancaq lazım gəldikdə də bu ağac yaşıllaşmışdır. 1990-cı ildən sonra bu çinar yaşıllaşmağa başlamışdır. Hamımız bu çinarın budaqları və yarpaqları kimi bu tədbirdə iştirak edirik. Mənsubu olduğumuz türk cəmiyyəti olaraq adlandırılmış bu böyük cəmiyyətin hansı şərtlərdə və hansı regionda yaşamağına baxmayaraq soylu bir millət olduğu hər kəs tərəfindən qəbul edilir. Burada Orta Asiya bozqırlarından qopub, Roma qapılarına gəlmiş Atillanın, Romalı generalın ona verdiyi “Siz zadəgansız? Sizin xanədanlığınız varmı? Mənsubu olduğunuz bir titulunuz varmı?” kimi sualların qarşılığında 1500 - 2000 il əvvəl dediyi bir sözünü diqqətinizə çatdırmaq istəyirəm: “Mən zadəgan deyiləm, bir xanədanlığa aid deyiləm, ancaq mən nəcib, soylu  bir millətin oğluyam”. Böyük qəhrəman olan Mustafa Kamal Atatürk Türkiyənin Qurtuluş müharibəsinə başladığı zaman demişdir: “Mənim həyatda fəxr etdiyim tək sərvətim türklükdür”.

 Bu cəmiyyət sizin təmsil etdiyiniz cəmiyyətdir. Onlar sizi buraya əcdadlarınızın mirasçıları olaraq tarixin dərinliyindən gələn dəvətlə çağırır: “Bəri gəlin türk qardaşım, sizə qurban olsun mənim başım”. Bunu deyən Dədəm Qorquddur. Siz də bilirsiniz ki, biz kökü eyni olan ağacın budaqlarıyıq. Ağaclar da öz köklərinin üstündə boy atır, ucalır. Ağaclar öz kökündən qüvvət alır. Dünyada hər şeyin, təkcə torpaqdan başqa  kökü vardır. Əgər həqiqi insansansa o zaman öz kökünü başının tacı et. Çünki əsl insan öz kökünü başının tacı edir. Elə bu toplantının da məqsədi sizə öz kökünüzü başınızın tacı etmək üçün fürsət yaratmaqdır.

 Müxtəlif səbəblərlə bir – birindən ayrı qalmış qardaşlar, bütün çətinliklərə baxmayaraq bir – birini unutmadılar. Həsrətlə keçmiş çox ildən sonra gəlmiş son 15 il  bizim tariximizdə çox parlaq və mühüm dövr olaraq qəbul edilir. əslində 15 il millətlərin həyatında heç bir şeydir. Bu 15 ilə görə hər bir şeyə qiymət vermək mümkün deyildir. Bu 15 il bizə gələcək ilə əlaqədar çox gözəl xeyirli xəbərlər verir. 15 il ərzində illərlə bir – birindən ayrı qalmış qardaşlar bir – birlərini tapdılar. Bəs onlar nə üçün bir – birini axtardılar, tapdılar? Onlar bir – birlərini birlik, bərabərlik, dostluq, qardaşlıq və əməkdaşlıq  üçün axtardılar, tapdılar. Bu dostluq, qardaşlıq və əməkdaşlıq nəyə xidmət edəcək? Bunlar da insanlığa, mədəniyyətə, dünyadakı sülhə xidmət etmək üçün lazımdır. Bu insanlar bir – birini insanlığa, mədəniyyətə, bir – birilərinə və dünyadakı əmin – amanlığa xidmət etmək üçün tapdılar. Tarixin içindən bir ismarıc gəlir: “Madam  birlik və bərabərlik üçün əməkdaşlıq fürsəti yaranmışdır, aranızda nifaq yaratmayın, əmin – amanlıq şəraitində yaşayın. Çətinliklərinizi danışaraq həll edin. İnsanlara fərq qoymadan sevin. İnsanlara qadın və ya kişi olduğu üçün fərq qoymayın.” Bu Ahmet Yasevinin ismarıcıdır.  Bu sözlər çox illər əvvəl deyilmişdir. “İnsanlara qadın və ya kişi olduğu üçün fərq qoymayın” sözü bu gün İnsan haqları bəyannaməsinin ən mühüm şərtlərindəndir. Başqa millətlərin müasir dövrdə dediyi bu sözləri mənim mənsubu olduğum millət çox illər əvvəl qeyd etmişdir. “İşdə, məclisdə, dərgahda heç kəsə fərq qoymayın. Bir olun, iri olun, diri olun”. Bu sözlər hamımızın ortaq mənəvi dəyəri olan böyük ağsaqqalların, böyük alimlərin, müdrik insanların bizə miras qoyduğu mənəvi irsdir.

 Birlik, bərabərlik, iş birliyi içərisində olacaqsınız, bunları yuxarıda qeyd etdiyim çərçivədə həyata keçirmək lazımdır. Bu sizin tarixi mirasınızdır.

 Keçirilmiş 11 qurultayların yekun raportuna baxarsaq, bu cəmiyyətlərin gələcək üçün nə vəd etdiyi məsələsinə gəldikdə isə, görərik ki, bu toplantılar çox mədəni, birləşdirici, qurucu olmaqla yanaşı sülh tərəfdarıdır. Burada kin, həsəd, başqalarına qarşı düşmənçilik də yoxdur. Keçmişdə qalmış ədavət, sıxıntılar da yoxdur. Keçmişin sıxıntılarını çəkmək məcburiyyəti də yoxdur. Burada təkcə irəliyə baxmaq vardır. Keçmişdən dərs alaraq irəliyə baxmaq vardır. Həmrəylik vardır. Görün bu nə qədər ülvi haldır. Burada bütün insanlığın həsrətini çəkdiyi mənəvi dəyərlər vardır. Beləliklə də, əslində bu toplantılar Birləşmiş Millətlərin, ona bağlı və ya onların himayəsində, onun dəstəyində və ya onlardan ayrı olmağına baxmayaraq, insanlıq üçün əmək sərf edən dünyada var olan bütün varlıqların hamısının hədəfi olan insanlığa xidmət, sülhə xidmət, dinclik, sakitlik, daha yaxşı bir dünya, daha zəngin bir dünya, daha sülhsevər bir dünyanın qurulmasında ülvi fikirlər vardır. Bu fikirləri siz deyirsiniz. Həqiqətən də keçən qurultaylarda eyni şeyi dediniz. Keçən 10 toplantıda çox gözəl, keçmişimizə, millətimizə, cəmiyyətimizə, türklüyümüzə yaraşan şəklidə nümunələr göstərdiniz.

 1990-cı illər türk dünyasının qarşısına çıxardığı fürsətdir. Ancaq bu illərə qədər bir dövr keçmişdir. Nə üçün əvvəlki illər yox, 1990-cı illər? XX yüzillik əslində dünyanın ən qanlı yüzilliyidir. Çünki bu yüzillikdə 60 milyon insan iki müharibədə ölmüşdür. II Dünya müharibəsindən sonrakı dövrlərdə də dünya geniş miqyasda dağıdılmışdır. Dünya Yaponiyadan Almaniyaya qədər geniş sahədə dağıdılmışdır. Artıq insanlar bundan sonra nə edəcəyini fikirləşməyə başlayıb. Bu da həqiqətdir ki, müharibə qazanc gətirmir. Əslində qazanc əldə etdim deyən də itirmişdir, itirdim deyən də itirmişdir. Çünki iki baltanı bir – biri ilə toqquşdurduqda görəcəksiniz ki, biri qırılmış, birində də çat əmələ gəlmişdir. Bunun üçün də məsələləri müharibə yolu ilə yox, sülh yolu ilə həll etmə məsələsi artıq insanlığın şüurunda özünə yer etmişdir. Dünya insanları 50 il əvvəl insanlığa bir ismarıc vermişdir. Bu ismarıc belədir: “İnsanlıq, cəmiyyətin bütün üzvlərində mövcud olan qürurun bərabər və başqasına verilməyəcək şəkildə haqların tanınması, dünyada azadlıq, ədalət və sülhün əsas qəbul edildiyi, insanların qorxudan və yoxsulluqdan xilas olmuş söz və iş azadlığına qovuşmuş olacağı bir dünyanın qurulması insan oğlunun ən yüksək idealıdır”. Bu 51 ölkənin imzaladığı İnsan Haqları Bəyannaməsinin girişidir. Bu 2007-ci ildə də insanlığın ən əsas meyarlarından biridir. Bunun əsasında milyonlarla insan qorxu hissindən xilas olmuşdur. Söz və inanış azadlığına sahib, insan kimi yaşamağın mümkün olduğu dünya arzu edilməkdədir. Bəs bunu kim yerinə yetirəcək, əlbəttə ki, insanların özü bunu yerinə yetirəcək. İnsanlar bunu könüllü şəkildə yerinə yetirməlidir. Bunun güc tətbiq edərək yerinə yetirməyə səy göstərənlər də olmuşdur. Bu da bir həqiqətdir ki, güc tətbiq edərkən heç nə əldə etmək mümkün olmamışdır.

 2000 illik insanlıq tarixində güc tətbiq etmə çempionu Roma İmperatorluğu olmuşdur. Belə ki, Roma İmperatorluğunun hökm etdiyi yerlərdə meydana gətirdiyi əsərlərə baxdığımızda gördüyümüz işgəncələrin insan vücuduna necə edildiyini fikirləşmək də çətin olur. Onu da qeyd etməliyəm ki, bütün dövrlərdə güc tətbiq edilsə də heç kəs bunu axıra qədər edə bilməmişdir. Daha sonra da güc tətbiq etmə metodlarından istifadə edilmişdir. Bunlar 1950-ci illərə qədər davam etmişdir. Eyni zamanda bəzi sistemlər də mövcud idi.  Bir tərəfdə diktatorluq, faşizm ideologiya sistemi ilə idarə olunan, digər tərəfdə də xalqın istəyi ilə idarə olunan demokratik idarəetmə sistemi 1960-cı illərə qədər davam etmiş, Sovet sisteminin birdən birə parçalanması ilə XX yüzilliyin ikinci yarısında insanlığa istiqamət verən hədəflər yenidən dəyişmişdir. Yəni sovet sistemi adını verdiyimiz sistem dünyada böyük bir ərazini əhatə etmiş, mühüm iddialara sahib olmuşdur. Ancaq bütün bunlara baxmayaraq, bu sistem mövcudiyyətini axıra qədər qoruya bilməmiş, süqut etmişdir.

 Sovet sistemi içində yaşamış müxtəlif dövlətlər Rusiya Federasiyası daxil olmaqla xilas olmağı və yeni istiqaməti azad demokratik quruluşda görmüşlər. Sovet sistemi parçalanarkən bu sistem içində yaşamış türk dilində danışan xalqların aid olduğu respublikalar və Balkan dövlətləri, Şərqi Avropa, Baltik dövlətləri çıxmışdır.  Bu dövrdən çox vaxt keçmədi, cəmi 15 il keçmişdir. Sovet sistemində yaşamış bu xalqların nə edəcəkləri haqda onlara heç kim məlumat verməmişdi. Bu xalqlar sərbəst şəkildə bütün dünyada qəbul edilmiş azad, demokratik sistemi seçmişlər. 

 Azad, demokratik sistem yalnız deyildir. Bu sistemin davamını liberal iqtisadiyyat, bazar iqtisadiyyatı, insan haqları təşkil edir.

 1990-cı illərə gəldikdə isə, dünyadakı yeni struktur 1945-ci illərin yekunundakı strukturun yenidən şəkillənməsi, yeni bir dünyanın meydana gəlməsi prosesi başlamışdır. Belə ki, bu sistemin 3 əsas kolon üzərində oturdulduğunun şahidi oluruq.

 Onu da qeyd etməliyəm ki, Marksist sistemdən demokratik sistemə keçid heç də asan deyildir. Çünki Marksist sistemdə mövcud olan qaydalar ilə demokratik sistemdə mövcud olan qaydalar bir-birindən çox fərqlidir. Hər iki sistemdə də əsas faktor insandır. Demokratik sistem, sərbəst iqtisadi sistem, insan haqları dediyimizdə insan faktoru müəssisələrlə, birbaşa dövlət ilə əlaqəlidir. Halbuki, bünövrəsi dövlət olan sistemin davamiyyəti sona qədər mümkün olmayacaqdır. Düzdür dövlət çox mühüm amildir. Ancaq burada xalq dövlətin malı halındadır. Xüsusilə 17 il ərzində bir çox dövlətin qurulmasında dövlət rəhbərlərinə köməklik etməyə səy göstərdim. Dövlətlərin qurulmasında böyük əmək sərf edən dövlət rəhbərləri və onlarla birlikdə çalışan qiymətli dostlarımız yeni dünyanı, yeni sistemi qavramaq sahəsində müvəffəqiyyət qazana bilmişlər. əgər bunlar olmasaydı, siz də hal – hazırda burada olmazdınız. Sizlər keçən 17 il ərzində yeni dünyanın xalqlarımız tərəfindən qavranıldığının işarələrisiniz. Bu həqiqətən də çətin işdir. Ancaq bununla əlaqədar olaraq heç bir ümidsizliyə düşməmək lazımdır. Xaricdən müşahidə edənlərdən biri olaraq bu məsələlərdə 60 ildir fəaliyyət göstərən biri olaraq gördüm ki, bu çətinlikləri dəf etmək heç də asan olmamışdır. Bəzilərin öhdəsindən gəlmək hələ də mümkün olmamışdır. 60 ildir Türkiyədə də bu çətinliklərin hamısının öhdəsindən gəlmək mümkün olmamışdır. Çətinliklər hələ də davam etməkdədir.

 80-85 illik qurduğumuz Cümhuriyyətə baxmayaraq Türkiyənin də bəzi çətinlikləri vardır. Artıq oturmuş demokratik sistemlərdə də bəzi çətinliklər vardır. Əsas məsələ bu yolda istiqaməti itirməməkdən ibarətdir. Bu istiqamətdə addımlamağa davam etmək lazımdır. Əsas istiqamət demokratik sistem, insan haqlarının mövcud olduğu sistem, sərbəst bazar iqtisadiyyatıdır. Əsas istiqamət iqtisadi inkişaf, xalqlarımızın rifahıdır, təhlükəsizliyidir. Əsas istiqamət fəaliyyət göstərən dövlət, fəaliyyət göstərən iqtisadiyyat və fəaliyyət göstərən sistemdir. Əsas istiqamət hər şeyi indikindən daha gözəl şəklidə yerinə yetirməkdir. əslində hər şeyi yaxşı səviyyədə həyata keçirən bir dövlətə də getsəniz, o ölkələrdə də bu axtarışı görəcəksiniz. Bu axtarışa əhəmiyyət verdiyimizi söyləmək istəyirəm. bunun üçün də bu yolda sizlərə, bu yolda addımlayacaq qiymətli dostlarımıza demək istəyirəm ki, səbriniz tükənməsin, çətinliklər qarşısında özünüzü itirməyin. Eyni zamanda sizə yol göstərəcək işığı, fənəri, məşəli itirməyin. Çünki addımlayacağınız bu yol doğru yoldur. Sülh və əməkdaşlıq içində yolumuza davam etməliyik. Onu da qeyd etməliyəm ki, bu əməkdaşlıq təkcə bizim daxilimizdə olmayacaq. Əməkdaşlıq dediyimiz fəaliyyəti ancaq mədəni insanlar yerinə yetirə bilirlər. Əməkdaşlıq bir-birinə dözməyi, bir-birini başa düşməyi, bir –birinə qarşı xoş məramlı olmağı  tələb edir. Bu da əlbəttə ki, bir mədəniyyətdir. Bunun adına demokratik mədəniyyət deyilir. İnsanlar nə zaman bir-birləri ilə daha yaxşı münasibət şəraitində işəməyi bacarırlar, o zaman da onlar problemlərini daha tez həll edirlər. İnsan özü üçün problem təşkil etmir. Bunun əksinə qarşısına çıxan problemlərin öhdəsindən gəlməyə səy göstərir. Əsas hədəfimiz də belə bir dünyada, yəni həm öz dünyamızı da, həm də bizim də içində yer aldığımız dünyamızı da, daha böyük dünyanı da düzgün şəkildə başa düşməkdir. Bizim dünyamız bu böyük dünyanın içində yer almışdır.

 Əməkdaşlıq etmə təşəbbüsləri təkcə bizim tərəfdən deyil, həm də qarşı tərəfdən olmalıdır. Buna ən yaxşı misal Avropa Birliyi nümunəsidir. Avropa Birliyi dediyimiz zaman bunun siyasi tənqidlərini də görürük. Bizim ölkəmizdə, Türkiyə Respublikasında da bu tənqidi fikirlər qeyd edilir. Bu tənqidlər hər yerdə aparılır. Ancaq bir həqiqət də vardır. Bu həqiqət ondan ibarətdir ki, 1946-cı ildə yanmış, viran qalmış Avropada qan tökülməməsi, insanların bir – birini artıq öldürməməsi üçün Çörçil təşəbbüs göstərdi. Çörçil demişdir: “Avropa, ayağa qalx! Bir yerə toplan, birləş! Birləşmiş Avropanı qur!” Bunu Hitler, Roma, Şarma, Napoleon yumruq, güc tətbiq edərək həyata keçirmək  istəmişdi. Ancaq güc tətbiq edərək bunu həyata keçirmək mümkün olmamışdı. 2007-ci ilin mart ayında bu Avropa Birliyi adlandırdığımız birlik, 50-ci ilini qeyd etdi. Hal-hazırda 27 dövlətin daxil olduğu bu birlik, qızıl çağını yaşayır. Bu birlik insanlıq üçün gözəl bir nümunədir. Bu birlik varlığını davam etdirməyi bacara bilsə, başqa ölkələr üçün də gözəl nümunə olacaqdır.

 90-cı illərdə başlayan yeni mərhələdə transformasiya yaşayan istər türk dilində danışan dövlətlər, istərsə də digər dövlətlər bu transformasiyanı geniş miqyasda göstərə bilmişdirlər. Bu transformasiyanı artıq hər yerdə görmək mümkündür. Mən Bakıya düz 40 il əvvəl, 1967-cı ildə Türkiyə Respublikasının Baş naziri olaraq gəlmişdim. Bakı o zaman da gözlə şəhər idi. Mən Bakıya ikinci dəfə 15 il sonra 1992-ci ildə gəldim. Rəhmətlik Heydər Əliyevin adı verilmiş muzeyin təpəsindən baxdığım zaman gördüyüm mənzərə, köhnə Bakının getdiyi, onun yerində yeni Bakının ucaldığı olmuşdur. Yəni yeni hündür mərtəbəli binalar ilə artıq Bakı modern Bakı olmağa başlamışdır. Türk dünyasının hər hansı bir yerinə getdiyiniz zaman inşaat, yenidən qurulma və insanlarda hərəkət, insanların üzündə inanış ifadəsini görə biləcəksiniz. Bunlar da yeni dövrün əlamətləridir. Bu dövrü davam etdirmək lazımdır. Bu bizim xalqlarımızın mənfəəti üçündür. 1992-ci ildə Özbəkistanı ziyarət etdiyim zaman ölkə prezidenti, möhtərəm dostum İslam Kərimov məni xəzinəsinə apardı. O zaman demişdi ki biz 60 ton qızıl çıxarmışıq. Bəs o qızıllar hara gedirdi? Əlbəttə ki, o zamanki Mərkəzi Komitəyə göndərilirdi. Bəs daha sonrakı illərdə çıxarılan qızıllar haradadır? Bu qızıllarda çıxarıldığı ölkədə qalmışdır. Azərbaycanda azadlıq, Türkiyədə bağımsızlıq, istiqlal dediyimiz, başqa ləhcələrimizdə də daha başqa sözlərdən istifadə etdiyimiz bu ifadə qədər bir xalqın sahib ola biləcəyi müqəddəs heç bir şey yoxdur. Müstəqilliyini əldə etmiş türk dilində danışan respublikalarımızın hər birində xalqlarımızın bu müstəqilliklərini davam etdirmək üçün mütləq mübarizə aparmalıdırlar.

 Mən 15 il əvvəl bu haqda parlamentlərə tək –tək zəng edərək dəfələrlə bu məsələ haqda, yəni xalqlarımızın tezliklə müstəqillik əldə edəcəklərini, öz müstəqillikləri üçün mübarizə aparacaqları haqda fikirlərimi söylədim. Onlar da bu mövzuda haqlı olduğumu gördülər. İnşallah bu müstəqillik əbədiyyətə qədər davam edər.

 Əslində, türk dünyasının üzərində örtük qalxdıqdan sonra bütün dünya bu dünya ilə yaxından maraqlanmağa başlamışdır. Nəhayət ki, müstəqilliyini əldə etmiş türk respublikaları Avropa Təhlükəsizlik və Əməkdaşlıq Birliyinin üzvü olmuş və Avropa sistemi Şimali Amerikadan başlayaraq Monqolustana, Tanrı dağlarına qədər olan sahədə Avropa genişlənmişdir. Əslində isə Avropa Birliyi bu respublikalara böyük maraq göstərməyə başlamışdır. Düzdür, bu nə vaxt həyata keçiriləcək bilmirik, ancaq Avropa olaraq adlandırdığımız yer coğrafi məkan deyil, bu dəyərlər toplusudur. Buna dəyərlər toplusu olaraq baxdığımız zaman bu dəyərlərin insanların ortaq dəyərləri olduğunu görürük. Hürriyyət, ədalət, sülh, iqtisadi inkişaf, insanlıq ifadələrini imperializm dövrünə aid ifadələr kimi baxmaq çox yanlışdır. Bu dəyərlər milli deyil, bütünlükdə insanlığa aid olan dəyərlədir. Fikrimcə, bu dəyərlərə sahib çıxmaq mədəni həyatda bir yerə çatmağın açarıdır. Bunun üçün də hal – hazırda içində bizim də yer aldığımız cəmiyyət olan türk dünyası, bizim xaricimizdəki dünya və  üzərində yaşadığımız dünya ilə bərabərlik içində olacaqdır. Bu gün dünyada aktual olan məsələ dostluqdur. Dostluq bütün insanlıq üçün vacibdir. Dostluq əslində ümum daxili məhsulun bir nəfərə düşən 300 dollardan başlayaraq 50 min dollara qədər olan miqdarıdır. Ancaq millətləri zəngin və yoxsul olaraq ayıra biləcəyimiz kimi, zəngin millətlərin içərisində yaşan yoxsul insanları da yaddan çıxarmamalıyıq.

 Dünyaya baxdığımız zaman ümum daxili məhsulun böyük hissəsini, yəni 40%-ni dünya nüfuzunun 13%-i alır. Beləliklə də görürük ki, dünyanın zənginləşmək üçün çox səy göstərməsi lazımdır. Zənginləşmə məsələsində isə artan nüfuzun böyük rolu vardır. Burada onu demək istərdim ki, bu gün dünya başqa məsələlərlə mübarizə aparmaqdadır. Bu məsələlərin arasında terror məsələsi mühüm yer tutur. Belə ki, terror insanların arasında mövcud olan dostluğu, sülhü pozur. Terror bütün insanlığın məsələsidir. Elə buna görə də bütün insanlıq bu məsələyə qarşı mübarizə aparmalıdır. Terror kimi mühüm məsələlərdən biri də insan oğlunun artan nüfuz sayı ilə dünyanın kirlənməsi və dünya nemətlərinin tükənməsi də eyni şəkildə artır. Bir stəkan təmiz suya, bir nəfəs təmiz havaya və bir dilim çörəyə insan möhtac olmamalıdır. Ancaq sürətli artan nüfuz ilə insanlar bunlara möhtac ola biləcək səviyyəyə gələ bilərlər. Artan nüfuz ilə texnologiya və sənaye də inkişaf edir. Bir tərəfdən dünyanın gərdişini pozarkən, o biri tərəfdən də atmosferə ziyan vururuq. Bu gün tüstülənən bacaların da sayı artmağa başlayır. Belə olduğu halda karbon qazının atmosferdəki miqdarı da artmağa başlayır. Əgər təbiətin balansını pozarsaq, ekologiyaya diqqət yetirməsək, o zaman iqlimlər deyişəcəkdir. İqlimin dəyişəcəyi haqda Birləşmiş Millətlərin təlimatı ilə fəaliyyət göstərən dünyadakı elm adamları dünyaya mühüm mesajlar verir. İqlim dəyişikliyi, yağıntı miqdarındakı, fırtınalardakı, havanın istiliyindəki dəyişikliklər, insanları yaşadıqları yerdə yaşanmaz hala gətirirlər. Beləliklə də insanlar yaşadığımız dünyanı birləşərək yaşanmaz hala, ya da səy göstərərək yaşanmaz səviyyədə olan dünyanı yaşanıla bilən hala gətirəcəklər. Bu müsbət nəticə üçün təkcə bizim cəmiyyətimiz deyil, bizim cəmiyyətimiz daxilindəki bütün cəmiyyətlərin birlikdə hərəkət etmələri lazımdır. Mən bunları qeyd etmək istəyirəm. bütün bunların içərisində gələcəyimiz yer türk dilində danışan cəmiyyətlər, dövlətlər, daha doğrusu böyük türk cəmiyyəti Adriatikdən Çin səddinə qədər olan sahədəki milyonlarla qardaşımız gələcəyə inamla baxmalı, özlərinə inanmalıdırlar. Bu böyük cəmiyyətin üzvü olmaqdan, bu böyük cəmiyyətə mənsub olmaqdan böyük qürur hissi keçirməlidirlər. Bundan başqa üzərində yaşadığımız dünyada başqa dövlətlərlə, başqa xalqlarla, başqa cəmiyyətlər ilə sülh şəraitində yaşama yollarını axtarmalıdırlar. Bizə haqsızlıqlar edilə bilər. Bu haqsızlıqlara qarşı mübarizə etmənin yolları yenə də sülh şəraitində axtarılmalıdır. Sülhü qorumaq hamımızın ən ümdə vəzifəsi olmalıdır. Haqsızlıqlara qarşı mübarizə etmənin yollarını birlikdə axtarmalıyıq. Yaxşı gündə də, pis gündə də birlikdə olmalıyıq. İnsanlarla əlaqədar olan hər bir şeydə birlikdə olmalıyıq. Birlik, bərabərlik bunun üçün lazımdır. Bu hamımızın borcudur.

 Sizin hamınıza bu tədbirdə iştirakınıza görə minnətdarlığımı bildirir, gəldiyiniz yerlərə salamlarımı, sevgilərimi, hörmətlərimi çatdırmağınızı istəyir, hamınıza müvəffəqiyyətlər arzu edirəm.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved