• Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
  • Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib


TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ "BEYNƏLXALQ ƏLAQƏLƏR, MEDİA VƏ İNFORMASİYA TEXNOLOGIYALARI" KOMİSSİYASININ HESABATI


Komissiya 2007-ci il noyabr ayının 18-də Milli Məclisin deputatı Gültəkin Hacıyevanın  və Qazi Unversitetinin professoru, elmlər doktoru Haydar Çakmaqın  həmsədrliyi ilə işinə başlamış, filologiya elmləri doktoru, professor Asif Hacıyev və  «Qazi» Universitetinin müəllimi, elmlər doktoru M.Seyfeddin Erol komissiyanın katibi seçilmişlər.
Komissiyanın işində Türk dövlət və cəmiyyətlərindən 158 nümayəndə və qonaq iştirak etmişdir. İclasda 12 nəfər məruzə ilə çıxış etmiş, 22 nəfər məruzələr ətrafında öz fikirlərini bildirmişlər.
Yaxın Şərqdə və Avrasiyada mövcud olan hərbi-siyasi gərginlik, regionda sülh və təhlükəsizliyə qarşı yönəlmiş təhdidlər, bölgədə davamlı və uzunmüddətli sabitliyin yaradılması zərurəti komissiyanın işində müzakirə edilən  əsas məsələlərdən olmuşdur.
Çıxış edənlər vurğulamışlar ki, Avrasiyada sülhün və sabitliyin təmin olunması üçün Türkdilli xalqlar arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır və türkdilli dövlətlər öz xarici siyasətlərində, qarşılıqlı münasibətlərində bu amili daim nəzərə almalıdır. Qeyd edilmişdir ki, regionda təhlükəsiz mühitin yaradılması üçün Türk dünyası səylərini birləşdirməli və bütün dünyada sülhün bərqərar olunması məqsədilə qarşılıqlı faydalı əməkdaşlığı davamlı olaraq genişləndirməlidirlər.
Komissiyada aparılan müzakirələrdə Türkdilli ölkələrin üzləşdiyi regional və qlobal problemlərdən çıxış yolları təhlil edilmiş, separatizm, terror və hərbi təcavüz aktlarına qarşı birgə mübarizə məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin nəticəsi olaraq, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının «Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları» komissiyası bütün Türk dünyasının diqqətini aşağıdakı məsələlərə yönəltməyi zəruri hesab etmişdir: 

1. Azərbaycan torpaqlarının işğal edilməsi, Azərbaycan xalqına qarşı Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım, terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində birgə tədbirlərin həyata keçirilməsi;
2. Şimali Kiprin təcriddən çıxarılması naminə bütün Türkdilli dövlətlərin diplomatik səylərinin birləşdirilməsi, Şimali Kiprlə iqtisadi, mədəni, siyasi əlaqələrin qurulması və inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində Kipr türklərinin hüquqlarının müdafiəsi istiqamətində Türkiyə Cümhuriyyətinə dəstəyin artırılması;
3. Öz tarixi torpaqlarında etnik təmizləməyə məruz qalmış İraq türkmənlərinin qarşılaşdığı problemlərin həlli, hüquq və azadlıqlarının qorunması istiqamətində Türk dövlət və cəmiyyətlərinin vahid mövqedən çıxış etməsi, İraq türkmənlərinə milli-mədəni muxtariyyat hüququnun verilməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində Türkiyənin apardığı işə digər türkdilli ölkələr tərəfindən zəruri mənəvi-siyasi dəstəyin verilməsi;
4. Türkiyənin Avropa Birliyinə üzvlüyü istiqamətində Türkdilli ölkələr tərəfindən Türkiyə Cümhuriyyətinə hərtərəfli mənəvi-siyasi dəstəyin gücləndirilməsi; 
5. Türk xalqlarının yaşadığı coğrafi məkanı əhatə edən Avrasiya siyasi-iqtisadi birliyinin yaradılması, Gürcüstan və Tacikistanın bu birliyin üzvü olmasının təşviq edilməsi;
6. Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması ideyasının həyata keçirilməsi istiqamətində konkret tədbirlərin görülməsi üçün Türkdilli ölkələrin parlamentləri arasında məsləhətləşmələrə başlanılması;
7. Türk xalqlarının məruz qaldıqları terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə fəaliyyətin koordinasiya edilməsi; 
8. Terrorla mübarizə sahəsində türkdilli ölkələr arasında qarşılıqlı-faydalı əməkdaşlığın genişləndirilməsi;
9. Türkdilli dövlətlərin parlamentləri tərəfindən Xocalı soyqırımının azərbaycanlılara qarşı erməni terrorçuları tərəfindən törədilmiş kütləvi soyqırım aktı kimi tanınması məsələsinin bu dövlətlərin ictimai-siyasi gündəminə gətirilməsi;
10. 1915-ci il hadisələri ilə bağlı saxta «erməni soyqırımı» iddialarının ifşası istiqamətində Türk dövlət və cəmiyyətləri arasında əməkdaşlığın gücləndirilməsi, hadisələrin əsl mahiyyəti barədə dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması istiqamətində səylərin artırılması; 
11. Qurultay Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşünün daimi katibliyinin yaradılması ideyasını alqışlayır, bu təklifin Türk dünyası arasında dosluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, xalqlarımızın qədim tarixə malik çoxəsrlik qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirir və Türkdilli ölkələrin müvafiq dövlət və hökumət strukturlarını bu istiqamətdə tədbirlər görməyə çağırır; 
12. Müxtəlif ölkələrin parlament və hökumət üzvləri, siyasətçiləri, tanınmış və nüfuzlu ictimai xadimləri, media nümayəndələri, dövlət orqanlarının rəhbərləri ilə işgüzar əlaqələrin qurulması, onların Türk dünyası maraqlarının müdafiəsinə cəlb edilməsi; 
13. Çin ərazisində yaşayan uyğurların mədəni hüquqlarının təmin olunması istiqamətində səylərin artırılması, türkdilli dövlətlərin rəsmi nümayəndə heyətlərinin bu ölkəyə səfəri zamanı uyğur türklərinin yaşadığı regionlarda yerli əhali ilə görüşlərin təşkili;
14. Gürcüstan parlamentinin qəbul etdiyi "XX əsrin 40-cı illərində Sovet hakimiyyəti tərəfindən Gürcüstandan zorla qovulmuş şəxslərin repatriasiyası haqqında" qanunun icrası ilə əlaqədar  Ahıska türklərinin Gürcüstana qayıdışı, repatriant statusu və vətəndaşlığının bərpası məsələlərinin həllinə birgə yardım göstərilməsi;
15. Türk dövlət və cəmiyyətlərini Əfqanıstanda yaşayan türkdilli milli azlıqların milli kimliklərini qoruyub saxlamasına imkan yaradan tədbirlərin həyata keçirilməsi;
16. Qərbi Trakiya türklərinin hüquq və azadlıqlarının qorunması, onların cəmiyyətin idarəedilməsində iştirakının təmin olunması, milli-mədəni hüquqlarının bərpası istiqamətində Türkiyə Cümhuriyyətinin səylərinin digər Türkdilli dövlətlər tərəfindən dəstəklənməsi;
17. Makedoniya, Kosova və Krım türkləri, Çuvaş, Tatar, Noqay və bir sıra digər dövlətlərin ərazisində yaşayan türkdilli milli azlıqların milli-mədəni hüquqlarının qorunması istiqamətində əməkdaşlığın yaranması və inkişaf etdirilməsi;
18. İşğal olunmuş Azərbaycan ərazilərində, habelə hazırda Ermənistanın ərazisi hesab olunan tarixi Azərbaycan torpaqlarında (Qərbi Azərbaycan) Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi və mənimsənilməsi, tarixi abidələrin dağıdılmasına həsr olunmuş beynəlxalq elmi-praktik  konfransların təşkili; 
19. Türk xalqlarının Avropada fəaliyyət göstərən diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədlə 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun qərar və tövsiyyələrinin, habelə həmin Forumda təsdiq olunmuş «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası» və «Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Bakı Bəyannaməsi»nin müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərin gücləndirilməsi, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;
20. Türk Xalqlarının Ağsaqqallar Şurasının yaradılması;
21. Türk xalqlarının yaşadığı digər qeyri-türk ölkələrdə cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
22. Gürcüstan azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələlərinin həllinə dəstək verilməsi, onların problemlərinin diqqət mərkəzində saxlanılması;
23. Enerji amilinin dünyada artan rolunu və əhəmiyyətini nəzərə alaraq Türkdilli ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, enerji istehsalı, nəqli, satışı və istehlakı ilə bağlı Türkdilli ölkələr arasında mövcud olan iqtisadi problemlərin aradan qaldırılmasına səy göstərilməsi;
24. Neft və qaz istehsalçısı olan Türkdilli Ölkələrin İqtisadi Birliyinin (OPEK-in analoqu) yaradılması;
25. Avropa ölkələrinin birində Türk dünyasının ictimai-siyasi həyatı, iqtisadi inkişaf perspektivləri, onların Qərbə inteqrasiyası ilə bağlı təhlillər aparan peşəkar strateji mərkəzin yaradılması;
26. Türk dünyasının ortaq kitab və kültür mərkəzinin təsis edilməsi;
27. Türk gənclərinin milli kimliyini daha aydın dərk etməsinə nail olmaq məqsədilə onların milli-mənəvi ruhda tərbiyə olunması sahəsində səylərin birləşdirilməsi və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi;
28. Türk xalqları arasında birliyin möhkəmlənməsi sahəsindəki xidmətlərə görə görkəmli ictimai-siyasi xadimlərə, elm və mədəniyyət adamlarına təqdim olunması nəzərdə tutulmuş ortaq mükafatların təsis edilməsi;
29. Ortaq Türk dili və əlifbasının yaradılması istiqamətində dilçi alimlər arasında məsləhətləşmələrin davam etdirilməsi və konkret təkliflər üzərində qurulmuş layihələrin hazırlanması;
30. Media yayımı və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı, Türkdilli dövlətlərin jurnalistlərinin forumlarının təşkili ənənəsinin davam etdirilməsi, kütləvi informasiya vasitələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, birgə layihələrin hazırlanması;
31. Türk xalqlarının ortaq televiziyasının yaradılması ideyasının dəstəklənməsi və bu istiqamətdə konkret əməli tədbirlərin həyata keçirilməsi;
32.  Türk dövlətlərində fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında əlaqələri genişləndirmək məqsədilə Türk Mediasını Əlaqələndirmə Şurasının yaradılması;
33. Türk xalqlarının qarşısına internet millət olmaq məqsədinin qoyulması və bu məqsədə çatmaq üçün bütün türk xalqları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi;
34. Türk dillərinin kompüter-tərcümə sisteminin yaradılması istiqamətində fəaliyyətə başlanılması üçün mütəxəssislərdən ibarət işçi qrupun formalaşdırılması;
35. Türkdilli ölkələrin kütləvi informasiya vasitələri arasında, eləcə də onların Türkiyə və Azərbaycan mətbuatı ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi;
36. Türk tarixi, mədəniyyəti, mənəviyyatı və məişəti ilə bağlı domen adların mənimsənilməsi prosesinin qarşısının alınması sahəsində əməkdaşlığın genişləndirilməsi;
37. Domen adların yenidən qeydə alınması zamanı türk dillərinin standartlarının qeydə alınması, .turan və .turk domenlərinin yaradılması;
38. Beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları komissiyasının fəaliyyət sferasının genişliyini, komissiyanın müzakirə etdiyi məsələlərin əhatəliliyini nəzərə alaraq gələcəkdə bu komissiyanın əsasında iki müxtəlif komissiyanın - Beynəlxalq əlaqələr və Media və İnformasiya Texnologiyaları komissiyalarının təşkili məsələsinə baxılması;
39. Növbəti qurultayların gündəliyinə ötən müddət ərzində həyata keçirilmiş işlərlə bağlı hesabat-məruzəsinin dinlənilməsinin daxil edilməsi.
 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved