• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ "CƏMİYYƏTİN İDARƏEDİLMƏSİ VƏ HÜQUQ" KOMİSSİYASININ HESABATI


Komissiya 2007-ci il noyabr ayının 18-də Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədri, hüquq elmlər doktoru Əli Hüseynov və Prof. İlyas Doğanın həmsədrliyi ilə işinə başlamış, tarix elmlər doktoru Həsən Əlibəyli və Ege Universitesinin professoru Bahadır Bumin Özarslan  komissiyanın katibi seçilmişlər.
Komissiyanın işində Türk dövlət və cəmiyyətlərindən 82  nümayəndə və 5 qonaq iştirak etmişdir.
Komissiya öz işinə sədr Əli Hüseynovun açılış nitqi ilə başlamışdır. Sonra məruzəçilərin çıxışları dinlənilmiş və komissiyanın işində iştirak edən nümayəndələr söz alaraq müzakirə olunan məsələlər, habelə cari mövzularla bağlı öz fikir və təkliflərini bildirmişlər.
Komissiyanın iclasında Türkdilli ölkələrdən gəlmiş 16 nəfər nümayəndə məruzə ilə çıxış etmiş, 4 nəfər nümayəndənin məruzəsi yazılı şəkildə təqdim edilmişdir.
Məruzələrdə Türkdilli ölkələr arasında qanunvericilik, insan hüquq və azadlıqlarının qorunması sahələrində təcrübə mübadiləsinin aparılması, idarəetmə orqanları arasında əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələlərə toxunulmuşdur. Məruzəçilər Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılmasını günün tələbi kimi qiymətləndirmiş və bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərilməsinin zəruriliyini vurğulamışlar. Çıxışlarda həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan türkdilli milli azlıqların hüquqlarının qorunması sahəsində mövcud olan problemlərdən bəhs edilmişdir.
Aparılmış müzakirələr, irəli sürülmüş rəy və təkliflər əsasında komissiya aşağıdakı qərarları qəbul etmişdir:

1. Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ideyasının həyata keçirilməsi ilə bağlı layihənin hazırlanması;
2. Türk Dövlət və Cəmiyyətlərinin bələdiyyə qurumları tərəfindən təsis edilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin fəaliyyətinin keyfiyyətcə təkmilləşdirilməsi, qardaş bələdiyyələr ənənəsinin inkişaf etdirilməsi, Türkdilli ölkələrin bələdiyyələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi;
3. Dövlət idarəetməsi sahəsində təcrübə mübadiləsinin aparılması üçün TİKA-nın koordinatorluğu ilə Türk Dünyası Bələdiyyələr Birliyi və türkdilli ölkələrin müvafiq dövlət orqanları tərəfindən Şimali Kipr Türk Cümhuriyyətində «Yerli Özünüidarəetmə orqanları Konqresi»nin təşkili;
4. Dost və qardaş ölkə və cəmiyyətlər arasında ictimai, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafı məqsədilə TİKA-ının koordinatorluğu altında sərgi və müsabiqələrin, idman yarışlarının təşkili;
5. Türkdilli ölkələrlə Şimali Kipr arasında iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi, qardaş ölkənin təcriddən çıxarılması məqsədilə səylərin birləşdirilməsi; bu məqsədə xidmət edərək bütün türk dövlətləri tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə birbaşa uçuşların həyata keçirilməsi;
6. Türkdilli xalqların ümumi televiziya kanalının qurulması;
7. Qloballaşan dünyada qeyri-hökumət təşkilatlarının getdikcə artmaqda olan rolu və əhəmiyyətini nəzərə alaraq, TİKA-nın koordinatorluğu ilə QHT-lər arasında əlaqələrin genişlənməsi, onların imkanlarının Türkdilli ölkələr arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəldilməsi;
8. Mülkiyyət hüququnun xarici iqtisadi və ticarət əlaqələrində mühüm rolunu nəzərə alaraq, Türkdilli ölkələr arasında qarşılıqlı borclar  və ticarət hüququ sahəsində mövcud olan qanunvericilik aktlarının uyğunlaşdırılması məqsədilə TİKA-nın koordinatorluğunda müvafiq tədbirlərin həyata keçirilməsi;
9. Türkdilli ölkələrin hüquq sistemlərinin qarşılıqlı şəkildə öyrənilməsi və uyğunlaşdırılması məqsədilə Türk dövlətləri arasında ümumi bir hüquq terminologiyasının yaradılması üçün hüquq lüğətinin hazırlanması; eyni məqsədə xidmət edəcək  ali təhsil ocaqlarının hüquq fakültələri, məhkəmə və inzibati orqanlar arasında TİKA-nın koordinatorluğunda təcrübə mübadiləsinin təşkili; 
10. Türk dövlətlərinin vətəndaşlarının miqrasiya, qarşılıqlı səyahət,yaşayış və iş hüquqları mövzusunda qanunvericilik orqanları arasında təcrübə mübadiləsinin aparılması və qanunvericiliyin uyğunlaşdırılması üçün addımlar atılması;
11. Qeyri-türk dövlətlərinin ərazisində kompakt halda öz tarixi torpaqlarında yaşayan türk xalqlarının (Rusiya, Moldova, Makedoniya, Bolqarıstan, İraq, Gürcüstan) hüquq və azadlıqlarının qorunması işinə dəstək verilməsi;
12. Türkdilli dövlətlərin doğma vətənindən kənarda yaşayan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması sahəsində mövcud olan problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində təkliflərin hazırlanması;
13. Ermənistanın təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının müdafiəsi məqsədilə Beynəlxalq Avropa İnsan Haqqları Məhkəməsində iddiaların qaldırılması;
14. Sürgün edilən Ahıska türklərinin vətənlərinə dönməsi üçün Gürcüstan tərəfindən qəbul edilən qanunların icrası ilə bağlı təşviqat işlərinin aparılması.
 
 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved