• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN II QURULTAYININ QƏTNAMƏSİ


2007-ci il martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin II qurultayı keçirilmişdir. Konqresin sədri Bahəddin Kaya Avropa Azərbaycanlıları Konqresinin (AAK) I qurultaydan keçən dövr ərzindəki fəaliyyəti barədə hesabatla çıxış etmişdir. Qurultayın işində Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 84 Azərbaycan diaspor təşkilatından 139 nümayəndə iştirak etmişdir.

Toplantıda təsis qurultayından keçən dövr ərzində təşkilatın Avropa ölkələri ərazisində Azərbaycan diasporunun formalaşdırılması istiqamətindəki fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir. Tədbirdə AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi, qitədəki Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olunmuşdur. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ölkəmizin ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi və bu sahədə ciddi addımların atılması ilə bağlı da təkliflər səsləndirilmişdir.
Qurultayda Azərbaycan icmalarının türk diasporu ilə əməkdaşlıq imkanları, Avropada Azərbaycan lobbisinin yaradılması istiqamətində görüləcək tədbirlər, AAK-ın digər regionlardakı federasiya və təşkilatlarla əlaqələrinin qurulması, qurumun operativ idarə olunması məqsədilə daimi qərargahın yaradılması və digər məsələlər də diqqət mərkəzində olmuşdur.
Sonra təşkilati məsələlərə baxılmışdır. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Natiq Ağamirov AAK-ın yeni prezidenti, Avropa Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının 103 nəfərdən ibarət yeni tərkibi, AAK-ın birinci vitse-prezidentləri və vitse-prezidentləri və qurumun İcraiyyə Komitəsinə 27 nəfər yeni üzv seçilmişdir.
Toplantının sonunda  Qurultay iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq təşkilatlara müraciət və Qurultayın Qətnaməsi qəbul edilmişdir.

***
Dövlət Komitəsi yaxın vaxtlarda xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin və jurnalistlərin forumunun keçirilməsini planlaşdırır. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlər və jurnalistlər arasında əlaqələrin yaradılmasına nail olmaq, onların ölkəmizin milli maraqlarının müdafiəsi və diaspor quruculuğu işində fəal iştirakını təmin etməkdən ibarətdir.
 


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN II QURULTAYININ QƏTNAMƏSİ

Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı təşkilat rəhbərliyinin hesabatını və nümayəndələrin çıxışlarını dinləyərək qeyd edir ki, ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, xalqımızın tarixi və müasir həyatı, eləcə də qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsinin təbliği sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. AAK öz imkanları daxilində azərbaycanlıların hüquq və azadlıqlarının qorunması, doğma Vətənin milli maraqlarının müdafiəsi ilə bağlı iş aparmış və müəyyən uğurlu nəticələr əldə etməyə müvəffəq olmuşdur.
Qurultay Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının son illər ərzində qazandığı iqtisadi və siyasi nailiyyətləri alqışlayaraq, ölkənin inkişafına, xalqımızın sosial rifahının yaxşılaşdırılmasına, demokratik ənənələrin təşəkkülünə, vətəndaş cəmiyyəti quruculuğuna, regionda sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş islahatları dəstəklədiyini bəyan edir. Bu siyasət Azərbaycanın ümumdaxili məhsulun artımına görə dünya miqyasında lider mövqeyə çıxmasına, işsizliyin aradan qaldırılması istiqamətində mühüm nailliyyətlərin əldə olunmasına, ölkəmizin regionda həyata keçirilən qlobal iqtisadi layihələrin mərkəzinə çevrilməsinə, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına, vətəndaşlarla dövlət arasında qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə, respublikanın dünya birliyinə, o cümlədən Avropaya inteqrasiyasının sürətlənməsinə şərait yaratmaqdadır.
Qurultay Azərbaycan dövlətinin diaspor quruculuğu işinə verdiyi önəmi yüksək qiymətləndirir və bu sahədə həyata keçirilmiş tədbirləri təqdir etdiyini bəyan edir. Qurultay nümayəndələri hesab edirlər ki, 2006-cı ilin mart ayında Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı dövlətimizin xarici ölkələrdə yaşayan soydaşlarımıza diqqət və qayğısının parlaq təzahürü olmuşdur. Ötən ilin iyun ayının 7-də  Türkiyənin Antalya şəhərində təşkil olunmuş Azərbaycan və Türk diaspor təşkilatlarının birgə  konfransı, Dünya Azərbaycanlı Ziyalılarının Forumu bu siyasətin davamlı və sistemli xarakter daşıdığının daha bir təsdiqi kimi tarixə düşmüşdür. 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I  Forumu isə Azərbaycan dövlətinin diaspor siyasətinə yeni məzmun verir, bu siyasətin bütün Türk dünyasının birliyi və milli maraqlarının müdafiəsinə xidmət etdiyini göstərir.
Qurultay hesab edir ki, Avropa Azərbaycanlıları Konqresi ötən müddət ərzində Avropada fəaliyyət göstərən icmalarımız arasında əlaqələrin qurulması, onların fəaliyyətinin koordinasiya edilməsi, Azərbaycan həqiqətlərinin region ictimaiyyətinə çatdırılması, xalqımızın məruz qaldığı terror və soyqırım aktları ilə bağlı məlumatlandırılması istiqamətində fəal iş aparmışdır. Bu məqsədlə AAK-ın təşkilatçılığı ilə bir sıra ölkələrdə birgə konfranslar və diskussiyalar təşkil edilmiş, Azərbaycan icmalarının qarşısında duran problem və vəzifələr müzakirə olunmuş, yeni təklif və layihələr irəli sürülmüşdür.
AAK-a üzv olan diaspor təşkilatları xalqımızın zəngin mədəni irsinin təbliği istiqamətində səy göstərmiş, foto və rəsm sərgiləri, konsert proqramları təşkil etmiş, beynəlxalq kino və mədəniyyət festivallarında iştirak etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarına  Avropa ictimaiyyətinin diqqətini çəkmək məqsədilə müxtəlif ölkələrdə etiraz aksiyaları, elmi-praktik konfranslar təşkil edilmiş, beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin parlamentlərinə, dövlət orqanlarına müraciətlər ünvanlanmış, kitablar yayılmış, kütləvi informasiya vasitələri ilə intenvis iş aparılmışdır.
Avropadakı Azərbaycan icmaları digər xalqların diaspor təşkilatları, o cümlədən türk və yəhudi diasporları ilə də əlaqələrin inkişaf etdirilməsi məqsədilə tədbirlər həyata keçirmişlər. Avropa Azərbaycanlıları Konqresinin I Qurultayından keçən dövr ərzində Avropada fəaliyyət göstərən türk icmaları ilə birgə keçirilmiş müxtəlif tədbirlər, etiraz aksiyaları, elmi praktik konfranslar bu sahədə konkret nailiyyətlərin əldə edildiyini söyləməyə əsas verir.
Ötən müddət ərzində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə yəhudi icmaları arasında  əməkdaşlıq əlaqələri də  genişləndirilmişdir. İcma və birliklər öz fəaliyyətlərində yəhudi diasporunun təcrübəsindən faydalanmağa çalışır, eyni zamanda onların imkanlarından istifadə edərək Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmağa səy göstərirlər.
Qurultay Azərbaycan Respublikasının Prezdienti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək, bu toplantının diasporlarımız arasında əməkdaşlığın tarixində yeni səhifə açacağına əminliyini bildirir. Qurultay iştirakçıları Forumun qəbul etdiyi qərarları alqışlayır və onun yerinə yetirlməsi istiqamətində bütün səylərini əsirgəməyəcəklərini bəyan edirlər.
Qurultay AAK-ın təsis edilməsindən keçən dövr ərzində həyata keçirdiyi tədbirlərin nəticələrini müsbət qiymətləndirir və  Avropadakı Azərbaycan diaspor təşkilatları ilə işin daha effektli şəkildə qurulması üçün çevik fəaliyyət mexanizmlərinin yaradılmasını məqsədəuyğun sayır. AAK-ın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaq məqsədilə müvafiq fəaliyyət proqramlarının hazırlanması və effektli, müasir dövrün tələblərinə uyğun təbliğat texnologiyalarından istifadə etməkdən ibarətdir.
Qurultay Avropadakı Azərbaycan icmaları ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni əlaqələrin genişləndirilməsini, soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin təbliği işinin təkmilləşdirilməsini məqsədəuyğun sayır, doğma Vətənin milli maraqlarının müdafiəsi naminə bütün soydaşlarımızı birliyə və həmrəyliyə çağırır.
Qurultay Azərbaycan Respublikası Prezidentinin ölkənin sosial-iqtisadi tərəqqisi, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası istiqamətində səylərini dəstəklədiyini bəyan edir, təcavüzkarın cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün beynəlxalq birliyi qəti addımlar atmağa çağırır. 

Qurultay Azərbaycan Respublikasında gedən sosiali-iqtisadi inkişaf proseslərini alqışlayaraq, ölkəmizin dünya birliyinə inteqrasiyası sahəsində əldə olunmuş müvəffəqiyyətləri təqdir edərək, xaricdə yaşayan soydaşlarımızın doğma Vətənlə əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasəti dəstəkləyərək, xaricdə yaşayan hər bir azərbaycanlının Vətən qarşısında borcunu və məsuliyyətini dərk etdiyinə əminliyini bildirərək, Azərbaycan  diaspor təşkilatı rəhbərləri və nümayəndələrinin  mülahizələrini  və təkliflərini nəzərə alaraq

QƏRARA  ALIR:
1. Avropa Azərbaycanlıları Konqresinin I  Qurultayından keçən dövr ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və yaşadıqları cəmiyyətə inteqrasiyası, diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətindəki fəaliyyəti qənaətbəxş hesab edilsin.
2. Qurultay tərəfindən AAK Nizamnaməsinin  9.2; 16.1 və 20  maddələrində  edilmiş dəyişikliklər təsdiq edilsin.
3. Avropa Azərbaycanlıları Konqresinin I Qurultayından sonra  Avropada yeni təsis edilmiş  Azərbaycan icmalarının AAK-a üzvlük barədə qərarı təsdiq  edilsin
4. İcrayyə Komitəsi Avropadakı Azərbaycan icmalarının fəallığının artırılmasını təmin etmək və AAK-ın fəaliyyətini gücləndirmək məqsədilə aşağıdakı məsələlərlə bağlı tədbirlər görsün:
– üç ay müddətində  AAK-a üzv təşkilatların Qurultayda irəli sürülmüş rəy və təklifləri nəzərə alınmaqla Konqresin  növbəti qurultaya qədər fəaliyyət proqramını  hazırlasın. 

– Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini təmin etmək məqsədilə Berlin şəhərində AAK-ın Əlaqələndirici Katibliyin ofisinin yaradılması və fəaliyyətə başlamasını təmin etsin.
– Avropada yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması, seçkili orqanlarda və hakimiyyət strukturlarında təmsil olunması, soydaşlarımızın cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi məqsədilə praktik xarakterli təkliflər hazırlasın və onların həyata keçirilməsini təmin etsin.
– Avropadakı Azərbaycan icmaları arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini artırsın, mütəmadi olaraq onların görüşlərini təşkil etsin.
– Avropada Azərbaycanın mədəni irsinin təbliği, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diaspor təşkilatlarının təşkil etdikləri tədbirlərin əlaqələndirilməsini təmin etsin.
– AAK-ın ictimai-siyasi proseslərə təsir imkanlarının artırılması məqsədilə tədbirlər görsün, ayrı-ayrı ölkələrin parlamentləri, hökumət orqanları, beynəlxalq təşkilatlarla birbaşa əlaqələr yaratmağa təşəbbüs göstərsin.
– İldə ən azı bir dəfə müxtəlif şəhərlərdə olmaq şərtilə  Avropadakı bütün Azərbaycan diaspor təşkilatlarının iştirakı ilə Azərbaycanı tanıtmaq məqsədilə xüsusi kampaniya təşkil etsin.
– Türk və yəhudi diasporları ilə əlaqələrin genişləndirilməsinə səy göstərsin, mütəmadi olaraq onlarla birgə tədbirlər təşkil etsin.
– Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun qəbul etdiyi qərarların həyata keçirilməsi ilə bağlı Azərbaycan və türk icmalarının fəaliyyətinin əlaqələndirilməsini təmin etsin.
– Avropadakı  kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması,  icma və birliklərin nəzdində yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin təsis edilməsi ilə bağlı tədbirlər görsün.
– Avropada yaşayan azərbaycanlılar arasında Ana dilinin tədrisi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması məqsədilə «Həftə sonu» məktəblərinin yaradılması, mədəni kütləvi tədbirlərin təşkilini davam etdirsin;
– Avropa muzeylərində Azərbaycanla bağlı guşələrin yaradılması məqsədilə Azərbaycan Respublikasının müvafiq dövlət və hökumət strukturlarına təkliflərini təqdim etsin, habelə Avropanın mərkəzi şəhərlərinin birində Azərbaycan Mədəniyyət və tarix muzeyinin yaradılması ilə bağlı təkliflər hazırlasın.
– Azərbaycanlı iş adamları arasında əlaqələrin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsi, bu məqsədlə Avropada yaşayan azərbaycanlı iş adamlarının forumunu təşkil etsin;
– Avropada yaşayan və təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin qurulması, onlara maddi-mənəvi dəstək verilməsi, diaspor quruculuğu işinə cəlb edilməsi istiqamətində tədbirlər görsün.
5. Qurultayın Redaksiya komissiyasına tapşırılsın ki, qurultayda səslənmiş fikir və təklifləri ümumiləşdirərək Mərkəzi Şuraya, habelə üzv təşkilatlara təqdim etsin;
6. Görülmüş işlərə qiymət vermək, habelə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə ildə iki dəfədən az olmamaq şərtilə AAK-ın İdarə heyətinin iclasları keçirilsin.
7. Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı 2008-ci ildə _____________________ şəhərində keçirilsin.
Qurultay üzv təşkilatların qəbul olunmuş qərarlarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşacağına, soydaşlarımızın doğma Vətənin maraqları naminə öz səylərini birləşdirəcəyinə əminliyini ifadə edir. Qurultay Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və hökumət strukturlarına ötən müddət ərzində Avropa Azərbaycanlıları Konqresinin  fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirir.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved