• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


DÜNYA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI RƏHBƏRLƏRİNİN I FORUMUNDA TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN NİTQİ


 

 

-Çöx hörmətli Prezident Əliyev və xanımı!

Hörmətli cümhurbaşqanı Tələt və xanımı!

Dəyərli iştirakçılar!

Dəyərli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Sizin hamınızı bu coşqu, həyəcan və sevinc dolu gündə ən səmimi duyğularla salamlayıram.

Əvvəlcə, qardaşım, hörmətli Prezident İlham Əliyevin qonağı kimi dost və qardaş Azərbaycanda olmaqdan böyük bir məmnunluq duyduğumu xüsusilə ifadə etmək istəyirəm. Biz Türkiyədən Azərbaycana hər gəlişimizdə özümüzü ölkəmizin bir guşəsindən digər guşəsinə gəlmiş kimi hiss edirik. Bu gün bunun bəxtiyarlığını bir daha duyuruq. Bu vəsilə ilə dəyərli qardaşım, hörmətli Əliyevə bizlərə göstərdikləri mehriban ev sahibliyi, səmimi münasibət üçün təşəkkür edirəm.

Şimali Kipr Türk Respublikasının cümhurbaşqanı hörmətli Tələtin də bu gün bizimlə birlikdə Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda iştirakından məmnunluq duyduğumu da ifadə etmək istəyirəm.

Təbii, bir məsələni də burada xüsusilə vurğulamaq istəyirəm. Ev sahibi kimi qardaşım İlham Əliyevin hörmətli Tələti bu toplantıya dəvət etməsi bizlər üçün çox əhəmiyyətlidir. Buna görə ona xüsusilə təşəkkür edirəm.

Yurdlarından uzaqda yaşayan Türkiyə və Azərbaycan vətəndaşlarını bir araya gətirən bu forumun gerçəkləşməsində əməyi keçən, başda hörmətli Prezident Əliyev olmaqla, hər kəsə bir daha təşəkkür edirəm.

Türkiyə ilə Azərbaycan arasındakı müstəsna əlaqələr siyasi, hərbi, iqtisadi, ticari, sosial və bütün digər sahələrdə özünü büruzə verməkdə, bölgənin və dünyanın digər dövlətlərinə də örnək olmaqdadır. Mənbəyini ortaq keçmiş din və dil birliyindən alan dərin əlaqələrimiz günlər keçdikcə, ölkələrimizin beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirməkdədir. Bir millətin iki dövləti olan Türkiyə və Azərbaycan arasındakı əlaqələrin memarlarından olan böyük dövlət və siyasət adamı mərhum Heydər Əliyevi qarşınızda bir daha hörmət, ehtiram və rəhmətlə anıram.

Hörmətli iştirakçılar!

Dünyanın 118 ölkəsində 5 milyon Türkiyə vətəndaşı vardır. Bunların böyük hissəsi 1960-cı illərdə işləmək üçün Avropa ölkələrinə gedən vətəndaşlarımızdan və onların ailələrindən ibarətdir. İlk dəfə işçi statusu ilə əlaqədar bu ölkələrə gedən türklərin vəziyyəti 1980-ci illərdə xüsusilə fərqli bir şəkil almışdır. Vətəndaşlarımız getdikləri yerlərdə fəal olmuş, işçi olmaqdan işverən vəziyyətə gəlmişlər. Üçüncü nəsil isə bu ölkələrdə doğulmuşdur.

Yaşanan sosial, iqtisadi və siyasi proseslər nəticəsində “avropalı türk” adı ortaya çıxmışdır. Artıq bu gün yaşadıqları torpaqların ayrılmaz bir parçası halına gələn, bayaq dediyim kimi, işçi statusundan işverən vəziyyətinə qovuşan türklər çox önəmli layihələri uğurla həyata keçirirlər. Avropada 80 min işverən türk 30 milyard avro məbləğində vəsaitlə ümumilikdə 420 min insanın dolanışığını təmin etməkdədir. Artıq yaşadıqları ölkələrin vətəndaşlıqlarını qazanan, parlamentlərində yer alan türklər Avropanın qərarvermə mexanizmlərində önəmli mövqelərə sahib olmaqdadırlar. Yaşadıqları ölkələrdə siyasi, iqtisadi və mədəni həyatda getdikcə fəal iştirak edən türklər Avropa ilə Türkiyəni bir-birinə bağlayan sağlam dostluq körpüsünü təmsil etməklə, nəzərə alınan bir komandanı və önəmli bir potensialı əks etdirməkdədir. Qabiliyyətinə və əzminə böyük inam duyduğum türk insanı bütün dünyada əldə etdiyi uğurlarla, sadəcə, özlərinə deyil, müştərək məqsədlərimizin gerçəkləşdirilməsinə də kömək göstərməkdədir.

Dəyərli iştirakçılar!

Azərbaycanın müstəqilliyə qovuşması ilə 70 illik həsrətimiz sona çatmış, iki qardaş dövlət bir-biri ilə qucaqlaşmışdır. Bu gün iştirak etdiyimiz bu forumun sayəsində isə dünyanın müxtəlif ölkələrində yaşayan eyni millətin övladları həmrəylik ruhu ilə bir araya gəlmiş və fəaliyyətlərində bir-birilərinə dəstək olmaq yolunda böyük bir addım atmışlar. Zamanımız həmrəylik, əməkdaşlıq dövrüdür. Ortaq dəyərlərimizin tanıdılmasında, iqtisadi, siyasi potensiallarımızın aşkara çıxarılmasında, millətimizə qarşı yönəldilmiş haqsızlıqların və iftiraların aradan qaldırılması işində xalqlarımızın üzərinə böyük rollar düşür.

Türkiyə və Azərbaycan tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstək olmağın ən gözəl nümunələrini göstərmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz islam ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Eynilə, Anadoluda qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadilə həm də azərbaycanlı qardaşlarımızdan gələn maddi və mənəvi yardımlar nəticəsində müvəffəqiyyət qazanmışdır. Bunu xüsusi vurğulayıram. Həm də qarşılıqlı olaraq, bu yardım və dəstək, sadəcə, qardaşın qardaşa borc verməsi kimi, yox, yalnız yardım etmək düşüncəsi ilə göstərilmişdir. Burada Atatürkün əlaqələrimizin nümunəsini göstərən sözlərini bir daha təkrar etmək istəyirəm. Az öncə, dəyərli qardaşım, hörmətli İlham Əliyev, əslində, mənim düşündüklərimin bir çoxunu söylədiyi üçün onları təkrar etmirəm. Ancaq bəzilərini təkrarlamaq, yəni, azəri türkcəsindən Türkiyə türkcəsinə tərcümə etmək məcburiyyətindəyəm: “Azəri türklərinin dərdləri bizim dərdimizdir, sevincləri bizim sevincimiz olduğu üçün onların arzularına çatmaları, özgür və müstəqil yaşamaları bizi çox sevindirir”. Bu sözlər bu gün də eyni gerçəkliyini saxlayır. Böyük lider Heydər Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır!

Azərbaycan torpaqlarının hələ də işğal altında qalması, bir milyon vətəndaşın torpaqlarından didərgin düşməsi, qaçqın və məcburi köçkün vəziyyətində yaşaması Türkiyə xalqının qan axan bir yarasıdır. Keçən il ermənilər guya “referendum” keçirdilər. Dünya bunu qəbul etdimi?! Etmədi! Niyə? Ona görə ki, görülən iş saxta, yanlış, yalan, uydurma idi və qəbulu mümkün deyildi. Haqq, ədalət nə vaxtsa öz yerini tapacaqdır. Biz buna inanırıq. Ermənistanın xüsusiyyəti və təəssüf ki, erməni xalqının da bir qisminin, diasporunun xüsusiyyəti budur. Hazırda bunu bizə qarşı edirlər. Dünyada “erməni soyqrımı” kampaniyalarını harada keçirirlər?! Əlaqəsi olmayan ölkələrdə lobbilər yaradırlar, oradakı parlamentdə tez-tələsik, yalandan “erməni soyqırımı” ilə bağlı bir qərar çıxarırlar. Bunu kimsə qəbul etməz! Türkiyə və türklər heç vaxt bunu qəbul etməz! Beynəlxalq hüququn ən təməl prinsipləri olan ölkələrin ərazi bütövlüyünün, sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi prinsiplərini Ermənistanın açıqca pozmasına dünyanın diqqətsizlik göstərməsi daha üzüntülüdür. Biz bunu görürük. Türkiyə və Azərbaycan bu günə qədər yaxşı və pis günlərində daim necə bir-birinin yanında olubsa, bundan sonra da bir-birinin yanında olacaqdır.

Dəyərli qardaşlarım, bunu açıqca demək istəyirəm ki, biz tarixi əks etdirən arxivlərimizi açdıq. Ermənistana dedik ki, siz də açın. Üçüncü ölkələrə müraciət etdik ki, siz də açın. Bu iş, birinci növbədə, siyasətçilərin işi deyildir. Tarixçilər araşdırsın, siyasət biliciləri, arxeoloqlar, hüquqşünaslar araşdırsınlar. Əgər burada bir haqsızlıq varsa, biz lazım olanı edərik. Amma siz bunu etməyə hazırsınızmı?! Hələ də cavab yoxdur. Çünki qarşılarına Xocalı qətliamı çıxarılacaqdır. Nə deyəcəklər? Xocalı qətliamı dünənki hadisədir. Onlar Osmanlı dövrünü qarşımıza çıxarmağa çalışırlar. Olmayan hadisələri həqiqət kimi göstərməyə cəhd edirlər. Ancaq bunu bizə sübut edə bilmirlər və bilməyəcəklər də. Yalan üzərində həqiqəti, doğrunu sübut edə bilməzsən!

Dövlət səviyyəsində Azərbaycanla qurduğumuz işbirliyi, imzaladığımız layihələr və xalqlarımız arasındakı könül birliyi Azərbaycan və Türkiyə xaricində yaşayan vətəndaşlarımıza sonsuz ilham verir. Dünya hələ önəmli bir dəyişim dövrünü yaşamaqdadır. Çətin bir dövrdən keçirik, həssas bir bölgədə yaşayırıq. Yaxın çevrəmizdə cərəyan edən hadisələr - İraqda, Yaxın Şərqdə baş verənlər çox diqqətli və ayıq olmağımızı tələb edir. Bu hadisələr, eyni zamanda, Türkiyə və Azərbaycanla birlikdə bütün türk dünyasını maraqlandırır. İraqdakı türkmən qardaşlarımızın vəziyyəti bu gün hamımızı narahat edir. Kipr türklərinin mücadiləsi hələ davam etməkdədir və Şimali Kipr Türk Cümhuriyyəti haqsız və insafsız şəkildə təcriddə saxlanılmaqdadır.

Qarabağ qan axan yaramızdır. Balkanda yaşayan soydaşlarımızın qarşılaşdıqları sıxıntıları da yaxından izləyirik. O da bizə ayrıca bir ələmdir. Ancaq sıx işbirliyi və yaxın həmrəyliklə bütün bu çətinliklərin öhdəsindən gələ bilərik. Türkiyə ilə Azərbaycan arasında son illərdə həyata keçirilən və bir zamanlar əfsanə kimi görünən beynəlxalq layihələr bu işbirliyinin və həmrəyliyin ən gözəl örnəkləridir, bizim gücümüzdür. Keçən il Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istifadəyə verdik. Yaxın zamanda Bakı-Tbilisi-Ərzurum qaz kəməri, yəni “Şahdəniz” layihəsi tam şəkildə fəaliyyətə başlayacaqdır. Bu yazda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli qoyularaq, inşasına başlanacaqdır. Bütün bunlar ölkələrimizi yaxınlaşdıran, bir-birinə bağlayan sarsılmaz əlaqələri göstərir. Bu, eyni zamanda, Asiya ilə Avropanı, Şərqlə Qərbi bir-birinə yaxınlaşdıran əlaqələndirmə və inkişaf kanallarıdır. Bu kanalları təmin etmək Türkiyə və Azərbaycana dünya miqyasında önəm qazandırmaqdadır.

Bu baxımdan biz məqamı xüsusi vurğulamaq istəyirəm. Dünyanın hər yerində türk millətlərinin maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda aparılan mübarizədə qardaşların bir-birinə dəstək olmasından daha təbii bir iş ola bilməz. Biz davam edəcəyinə inandığımız bu həmrəyliyi sistemli bir hala gətirərək, daha konkret və təsirli nəticələrə nail olmaq üçün göstərilən bütün səyləri təqdirlə qarşılayır və dəstəkləyirik. Avropada və Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Astraliyada, Yaxın Şərqdə və dünyanın digər bölgələrində yaşayan Türkiyə və Azərbaycan insanlarının bir-birinin gücündən və təcrübələrindən yararlanmalarını gözləyirik. Çünki hədəflərimiz böyük, aradan qaldırmağımız vacib olan əngəllər çoxdur. Bu yolda hamımızın üzərinə önəmli vəzifələr düşür. Siyasətçilərimizin, alimlərimizin, sənətçilərimizin, mətbuat nümayəndələrimizin, sərmayədarlarımızın, bütün iş adamlarımızın - hamımızın üzərinə iş düşür. Əl-ələ, çiyin-çiyinə verəcək, həmrəylik olacaq və bütün türk dünyasını aydın gələcəyə aparacağıq.

Tarix boyunca bir çox sınaqdan uğurla çıxan Türkiyə və Azərbaycan xalqlarının qardaşlığının beynəlxalq miqyasda bu layihəni də həyata keçirməsi hamımız üçün bir qürur mənbəyidir. Bu layihənin, sadəcə, ölkələrimiz üçün deyil, bütün türk dünyası üçün xeyirli olmasını arzu edirik. Ayrıca bunu xüsusilə vurğulamaq istəyirəm. Əgər bu gün türk iş adamları Azərbaycanda birinci sıraya doğru gedirsə, yüksəlirsə, bunun ən önəmli səbəbi aramızdakı möhkəm əlaqələrdir. İnşallah, inanıram ki, türk iş adamları Azərbaycana qoyacaqları sərmayələrlə Almaniyadakından da qabağa gedəcəklər. Bunu görürəm. Bu, bizim bir-birimizə olan bağlılığı artıran ən önəmli addımdır.

Sözlərimi tamamlayaraq, Türkiyə və Azərbaycan diaspor təşkilatları rəhbərlərinə fəaliyyətlərində uğurlar diləyirəm. Bu forumun təşkilində başda hörmətli Prezident, qardaşım İlham Əliyevə və əməyi keçən bütün digər qardaşlarıma öz adımdan və millətim adından təşəkkürümü bildirirəm. Bu forumun xeyirlə nəticələnməsini Allahdan təmənna edirəm.

Yaşasın sarsılmaz birlik və bərabərliyimiz!

(Türkiyə Baş nazirinin nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved