• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


ŞİMALİ KİPRİN LİDERİ MEHMET ƏLİ TƏLƏTİN ÇIXIŞI


-Hörmətli Prezident İlham Əliyev!
Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan!
Hörmətli toplantı iştirakçıları!
Hamınızı sevgi ilə salamlayıram. Sizlərə bütün Kipr türklərinin qucaq dolusu salamlarını gətirmişəm. Cənub bölgəsi isti yerdir, Kipr türkləri də hərarətli insanlardır. Onlar sevgi, dostluq və qardaşlıq istəyən, bunun üçün mübarizə aparan, bunun üçün çalışan bir xalqdır.
Dünyada Kipr türklərinə qarşı müxtəlif təcridlər davam etdiyi bir vaxtda bu mühüm toplantıda Azərbaycan və türk diaspor təşkilatları nümayəndələri ilə birgə Kipr türklərinin də təmsil edilməsi onların dünyada tək olmadıqlarını göstərir. Bundan böyük bir sevinc duyuruq. Ona görə ki, bu həmrəylik, bu sevgi seli, bu dəstək Kipr türklərini, həqiqətən də, təklikdən qurtaracaq və onları layiq olduqları yerə, barışa, bərabərliyə və qardaşlığa qovuşduracaqdır.
Əziz qardaşlarım!
Bu mübarizədə neçə illərdir ki, bizdən heç nəyi əsirgəmədən, heç bir şərt irəli sürmədən bizə dəstək olan Türkiyə ilə çox yaxın, qardaşlıqdan da artıq əlaqələrimiz olub və bu gün də davam edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra türkdilli dövlətlər içərisində bizə ən böyük dəstək verən, ən yaxın olan ikinci ölkədir. Səylərimizdə, mübarizəmizdə dəstəyinə və töhfəsinə görə minnətdarıq.
Bilirsiniz, Kipr kiprli türklərlə kiprli yunanların ortaq yurdu idi. Sizə tarixi anlatmaq istəmirəm. Bu ortaq yurdda kiprli türklər və kiprli yunanlar iki icma kimi yaşayırdılar. Həmişə dostluq içində yaşamamış, davaları da olmuşdur. Amma buna baxmayaraq, yenə bir yerdə yaşadılar. İngilis müstəmləkəsi başa çatdıqdan sonra Kiprdə müstəqil dövlət quruldu. Bu dövlətdə yunanlarla türklər bərabər hüquqlu idilər. Amma yunanlar bunu qəbul etmədilər və adada bütün hakimiyyəti ələ keçirmək istədilər. Müxtəlif tarixi dövrlərdə adanı Yunanıstana birləşdirmək üçün mübarizə apardılar və yaxud başqa siyasi yollarla adada bütün hakimiyyəti ələ keçirmək istədilər. Nəticədə bu gün də Kiprdə davam edən vəziyyətin səbəbkarı oldular. Onlar Kiprdə türklərlə hakimiyyətin bölüşdürülməsini heç cür qəbul etmirlər. Kiprli türklərə milli azlıq kimi, ikinci növ vətəndaşlar kimi, hətta indi milli azlıq da deyil, sadəcə, vətəndaş kimi baxırlar. Yəni kiprli türklər sanki yoxmuş kimi, davranmağa başlamışlar. Ancaq bilirsiniz, Kipr məsələsi 50 ildir, 1954-cü ildən bəri Birləşmiş Millətlər Təşkilatının gündəliyindədir. Başqa sözlə, Kipr məsələsində danışıqlar, müzakirələr, mübahisələr, savaşlar - hamısı olmuş, hamısı yaşanmışdır.
Bu gün BMT çərçivəsində Kipr məsələsinin bilinməyən heç bir şeyi qalmamışdır. Kipr məsələsi çox açıq, çox aydın şəkildə məlumdur və bu 50 il vaxt ərzində ortaya qoyulmuş bir dəstə sənəd vardır. BMT-nin bu günə qədər yaratdığı ən geniş həll planı, BMT-nin baş katibi Kofi Annanın adı ilə bağlı olan planı 200 səhifə əsas mətndən, ümumilikdə isə 9 min səhifədən ibarətdir. 9 min səhifə bir neçə ayda hazırlanmadı, 9 min səhifə ən azı son 33 ildə ortaya çıxarılmış bir sənəddir. Mükəmməl bir sənəd deyildi. Kiprli türklərin mövqeyi baxımından böyük fədakarlıq tələb edirdi. Təsəvvür edirsinizmi, əhalimizin üçdə birinin yer dəyişməsini nəzərdə tuturdu. Sayımız az olsa da, faiz nisbətində götürdükdə, 52 minin nə qədər böyük bir rəqəm olduğunu təxmin edə bilərsiniz. Bundan əlavə, əmlakını da aparmalı olanları götürsək, ümumilikdə bu, 70 min türkün yer dəyişdirməsi demək idi. Amma baxın ki, kiprli türklər bu planı qəbul etdilər. Nə üçün? Bayaq söylədim, artıq çünki dünyada təcrid edilmək istəmirdilər. Dünyaya inteqrasiya etmək istəyirdilər. Bunun üçün bu fədakarlığı qəbul etdi. Hətta onu da deyim ki, yer dəyişdirəcək 70 min insanın 65 faizi bu plana səs verdi.
Özləri yer dəyişdirəcəyi halda, “bəli” dedilər.
Amma Kiprin yunan tərəfində hadisələr çox fərqli oldu. Kiprli yunanların böyük əksəriyyəti, o cümlədən torpaqlarını geri almalı olanlar da eyni səviyyədə “yox” dedilər. Soruşmaq istəyirəm, bunun məntiqi, səbəbi nədir? Amerikalılardan soruşuram, ingilislərdən soruşuram, almanlardan soruşuram, fransızlardan soruşuram, lütfən mənə cavab verin. Ən böyük arzusunun torpağını geri almaq olduğunu söyləyir, amma plana “yox” deyirlər. Nə üçün? Çünki kiprli türklərlə hakimiyyəti bölüşmək istəmirlər. Kiprli türkləri görmək istəmirlər. Məsələ bundan ibarətdir. Bizim sizlərdən istədiyimiz bu sahədə bizə dəstək olmağınızdır. Buna heç bir şübhəm yoxdur.
Biz kiprli türklər haqqımız olmayan heç nə istəmirik. Biz 1960-cı ildə müəyyən edilmiş hüquqlarımızın bərpasını istəyirik. Yəni, kiprli yunanlarla siyasi səviyyədə bərabər olmaq istəyirik. Bundan əlavə, heç bir şey istəmirik. Haqqımızdan artığını istəmirik. Bu baxımdan, bizim ən böyük çatışmazlığımız və referenduma qədər dünyada həqiqətən çox çətin vəziyyətdə olduğumuz lobbiçilik fəaliyyəti xaricdəki türklərin dəstəyi ilə bizim lehimizə dəyişdirilməlidir. Çünki anlada bilməyəcəyimiz bir mübarizəmiz yoxdur. Necə ki, Azərbaycan işğal edilmiş torpaqları, qaçqın və məcburi köçkün düşmüş insanları, şəhid olan və soyqırıma uğrayan insanları haqqında həqiqətləri dünyada tanıdarkən bir çətinliklə qarşılaşmırsa, haqlı olduğu açıq-aydın bilinirsə, bizim də haqlı olduğumuz açıq-aydın məlumdur. Bu səbəbdən Türkiyənin bayaq dediyim davamlı, qarşılıqsız dəstəyinə Azərbaycanın dəstəyi də əlavə olunduğu zaman, - hesab edirəm, xaricdə yaşayan azərbaycanlıların sayı xaricdə yaşayan türklərin sayından çox-çox artıqdır, - biz dağları aşarıq.
Xaricdə yaşayan kiprli türklərin sayı Kiprdə yaşayan türklərin sayından çoxdur. Azərbaycan kimi. Nə qədərdir bilmirəm. Amma çoxdur. O insanlarımızın Kiprlə əlaqələri davam edir. Bu əlaqələrin möhkəmləndirilməsi, gücləndirilməsi, ayrıca görəcəyimiz işlərlə daha da irəliyə gedəcəkdir. Ancaq dediyim kimi, bu böyük toplumda Türkiyə və Azərbaycanın əməkdaşlığı ilə həyata keçirilən bu işdə kiprli türklərin də iştirak etməsi bizim üçün əvəzsiz dəstək olacaqdır. Bu istiqamətdə dəstəyinizin artmaqda davam etməsini istəyirəm və bu dəstəyi alacağımızı bilirəm. Buna əminəm.
Sevgili qardaşlarım! Türkiyə-Azərbaycan əməkdaşlığı, qardaşlığı əbədi olacaqdır. Bunu bilirəm. Bu, əbədiyyətə qədər davam edəcəkdir. Yalnız haqlarını əldə etmək uğrunda mübarizə aparan kiprli türklərin də bundan alacağı çox böyük bir dəstək vardır. Sizə, hamınıza bu işdə, bu mübarizədə uğurlar arzulayıram. Bu forumu təşkil edən çox dəyərli təşkilatçılara, ilk növbədə, Prezident İlham Əliyevə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. İşlərinizdə uğurlar arzulayır, sevgilərimi və hörmətimi bildirirəm.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved