• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


QIRĞIZISTAN RESPUBLİKASI PREZİDENTİNİN MÜŞAVİRİ BOLODTBEK ŞƏMŞİYEVİN ÇIXIŞI


-Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev!
Hörmətli Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan!
Hörmətli Şimali Kiprin lideri!
Hörmətli qardaş və bacılar!
Qırğızıstandan, 5 milyonluq qırğız xalqı adından sizə salamlar yetirirəm.
Hər bir insan özündən soruşur ki, o, dünyaya nə üçün gəlmişdir. Zənnimcə, mən bu dünyaya ancaq “Manas” dastanı ilə işləmək üçün gəlmişəm. Düşünürdüm ki, mən kinorejissoram, “Ağ gəmi”, “Canavar yuvası” kimi filmlər çəkmişəm. Amma, demə, mən 40 il “Manas” dastanını öyrənmək və yüzilliklər ərzində türkdilli xalqların təqiblərə, yalanlara və dedi-qodulara məruz qalmasından danışmaq üçün yaranmışam. Türkdilli xalqlara daha nə kimi adlar verməmişlər - vəhşi köçərilər, sivilizasiyadan bixəbər adamlar və sair. Sizə demək istəyirəm ki, “Manas” dastanı bəşəriyyətin yaratdığı ən qədim ədəbi-dini abidədir. Məndə bunu deməyə əsaslar, sübutlar var. İndi bir kitab buraxıram. Burada onun üzərində dayanmayacağam.
Zənnimcə, sevib-sevilmək üçün, dostluqdan danışmaq üçün, quruculuq işi barədə düşünmək üçün bütün doğma adamlar buraya toplaşmışlar. Biz kiminləsə düşmənçilik və ya kiməsə nifrət etmək üçün toplaşmamışıq. Bu gün biz bir filmə baxdıq. Qarabağ faciəsinin dəhşətli kadrlarını bir daha gördük. Siz başa düşürsünüz, baş verənlər XVIII-XIX əsrlərin faciəsidir. Bu, müstəmləkəçilik müharibələrinin faciəsidir. Təəssüf ki, o, bizi XX əsrin axırlarında da yaxalamışdır. Amma bir diqqət yetirin, Azərbaycan rəhbərlərinin, bütün Azərbaycan xalqının necə müdrik siyasəti vardı. Onlar heç zaman silah oynatmır, lakin qəti və möhkəm şəkildə bəyan edirlər ki, Azərbaycanın sərhədləri pozulmazdır, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır.
Onu da əlavə etmək istəyirəm ki, 1975-ci ildə Helsinki Aktı imzalanmışdır. Sənəddə dünyanın bütün ölkələrinin rəhbərləri ərazi bütövlüyünə və sərhədlərin pozulmazlığına açıq-aşkar öz imzalarını atmışlar. Yeni müstəqil dövlətlərimizin hamısının başçılarının imzaları olan bu Helsinki sazişi nə üçün pozulur.
Heydər Əliyeviçin gözəl bir fikri var: “Bir millət, iki dövlət”. Mənsə demək istəyirəm: “Bir millət, yeddi dövlət”.
Hörmətli, əziz dostlar!
Bir şeyi də başa düşmək lazımdır: Qarabağda baş verənlər münaqişənin “fələstinləşdirilməsi” deməkdir. Çünki Fələstində qanlı münaqişə 60 ildir davam edir. İndi həmin Fələstin münaqişəsini İraqa, Bağdada köçürmüşlər. Orada hər gün partlayışlar törədilir, qan su yerinə axır. Biz buna yol verə bilmərik. Biz erməni xalqını müdrik, alicənab olmağa çağırmalıyıq ki, yenidən danışıqlar masası arxasında əyləşək və bu sərhədləri bərpa edək.
İndi isə mən şəxsiyyətin rolundan danışmaq istərdim. Nə vaxtsa bizə şəxsiyyətə pərəstişi tənqid ideyası deyilən ideya sırımışdılar. Lakin bir nəfər Stalindən danışarkən demişdi: “Bəli, pərəstiş vardı, amma şəxsiyyət də vardı”. Deyə bilərəm ki, türk tarixində şəxsiyyətin böyük əhəmiyyəti var. Məgər indi biz böyük Mustafa Kamal Atatürkün barəsində şəxsiyyətə pərəstiş kimi danışa bilərikmi? Məgər biz Heydər Əliyeviçin barəsində şəxsiyyətə pərəstiş kimi danışa bilərikmi? Biz deyirik ki, bu şəxsiyyətlər olmasaydı, bəlkə də, xalqlarımız başqa cür yaşayardılar. İndi biz doğru, düzgün yoldayıq və bu yolla da irəliləyirik.
Mənim Heydər Əliyeviçlə şəxsən tanış olmaq imkanım olmuşdur. O, Qırğızıstana “Manas” dastanının 1000 illik yubileyinə gəlmişdi. Talasda mənim “Manas”a həsr edilən səhnələşdirilmiş tamaşamı gördü. Bu tamaşanın kütləvi səhnələrinə dörd min beş yüz adam, 500 süvari cəlb olunmuşdu. Məni ən çox heyrətləndirən o idi ki, onda çox yaşlı bir adam kimi görünən Heydər Əliyeviçin gözləri sevincdən işıq saçır, o, gözəl insan olan Süleyman Dəmirələ çox mənalı-mənalı baxır, nəsə deyir, əlləri ilə nəyisə göstərirdi. Mən ona təqdim edəndə dedi ki, dastan bizim üçün məhz elə bir kitabdır ki, biz ona mütləq müraciət etməli və ondan öyrənməliyik.
Məsələn, “Koroğlu”, “Dədə Qorqud” və sair. Oljas indi dedi ki, Dədə Qorquda abidə qoymuşlar. Bizim Qırğızıstanda, bütün türkdilli xalqların vətənində böyük Atatürkə abidə qoymuşuq və qırğız icitimaiyyəti istəyir ki, böyük Heydər Əliyeviç Əliyevin də abidəsi ucaldılsın. Gələn il Heydər Əliyeviçin 85 illiyi olacaqdır. Mənə elə gəlir ki, biz belə hadisələrdən yan keçməməliyik. Biz Böyük İpək yolu üstündəki bütün türkdilli xalqları qaldırmaq barədə düşünməli, nə isə bir şey yaratmalıyıq. Məsələn, biz Aşqabaddan Talasadək cıdır təşkil etmişdik. Heydər Əliyeviç və Süleyman Dəmirəl bu münasibətlə xüsusi olaraq gəlmişdilər. Atlılar 1000 Amerika mili, 1600 kilometr məsafəni qət etdilər və bu cıdıra tab gətirdilər. Türk atlarının gücünü, türk ruhunun qüdrətini göstərdilər. İndi istərdik ki, ulu türklərin vətəninin torpağında, - biz yürüşə oradan başlamışdıq, - bu cıdırlarda Azərbaycan atları da, türk atları da iştirak etsinlər ki, mayın 10-da, gözəl insan Heydər Əliyeviçin doğum günündə biz buraya, Bakıya varid olaq.
Fürsətdən istifadə edərək, yığıncağımızın quruculuq mahiyyətindən danışarkən, konkret təklif etmək istərdim. Bu və ya digər ölkədə açılan hər bir səfirliyin öz mədəniyyət evi ola bilməz. Fövqəladə və səlahiyyətli səfir kimi mən bunun necə çətin olduğunu bilirəm. Filmlər, səfirliyin təmsil etdiyi ölkənin real həyatını göstərmək lazımdır. Amma çox vaxt vəsait çatışmır. Təklif edirəm ki, birgə səylərimizlə, ortaqlıq şərti ilə türk milli mədəniyyət mərkəzləri yaradaq. Təklif edirəm ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənisan və Türkiyənin payları əsasında Bişkekdə türk mədəniyyət mərkəzi yaradılsın və orada kino, teatr salonları, uşaqların, gənclərin yaradıcılığı üçün yerlər olsun, milli yeməklərdən dadmaq imkanı olsun, özümüzü bu evin sahibləri kimi hiss edək.
Bilirəm, çıxış etmək üçün vaxtım çox azdır. Mən “Manas” dastanını 40 il öyrənmişəm, 35 ildir Bakıda olmamışam, buraya ilk dəfə 1972-ci ildə gəlmişəm. Bilirsinizmi, yeni bir şəhər gördüm, yeni bir millət gördüm. Ən böyük uğurlar, Yer üzündə olan ən böyük səadət arzulamaq istərdim, çünki Bakı qədim türk dilindən tərcümədə səadət şəhəri deməkdir. Səadət hamımızın nəsibi olsun. Diqqətinizə görə sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved