• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI RƏHBƏRLƏRİNİN I FORUMUNUN BAKI BƏYANNAMƏSİ


Qloballaşan dünyanın müasir reallıqları bütün türk xalqlarının qarşısında mühüm və taleyüklü vəzifələr qoymuşdur. Dövlətlər və xalqlar arasında gedən inteqrasiya prosesləri, planetin siyasi mənzərəsində baş vermiş dəyişikliklər bəşər sivilizasiyasının yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Türk dünyasının bu mürəkkəb və ziddiyyətli mərhələdən müvəffəqiyyətlə çıxması eyni tarixi köklərə malik olan xalqlarımız arasında birliyin və həmrəyliyin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu sahədə bütün türk dövlətlərinin, xüsusilə də Azərbaycan və Türkiyənin üzərinə böyük məsuliyyət düşür.
Tarixi müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Türkiyə münasibətləri yeni dünyanın tələblərinə uyğun olaraq günü-gündən möhkəmlənməkdə və inkişaf etməkdədir. Çoxəsrlik dil, din, qan qardaşlığına, ortaq etno-mədəni dəyərlərə söykənən bu münasibətlər ölkələrimizin qloballaşan dünyaya inteqrasiyasının ən mühüm dayaqlarından birini təşkil edir.
Sovetlər İttifaqının süqutu nəticəsində dünyanın siyasi düzənində baş vermiş dəyişikliklərdən sonra Azərbaycan və Türkiyə arasında ictimai-siyasi və iqtisadi həyatın bütün sahələrində dostluq, əməkdaşlıq münasibətləri daha da dərinləşərək, yüksək inkişaf səviyyəsinə qədəm qoymuşdur. Ölkələrimiz regionda həyata keçirilən qlobal iqtisadi layihələrdə strateji tərəfdaş olmaqla yanaşı, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi ilə bağlı məsələlərdə eyni mövqedən çıxış edir. Azərbaycan və Türkiyənin ortaq milli maraqları xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, onlar arasındakı qardaşlıq tellərinin möhkəmlənməsinə təkan verir.
Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumu yeni tarixi şəraitdə türk xalqlarının qarşısında duran vəzifələri, xarici ölkələrdəki azərbaycanlı və türk icmaları arasında əlaqələrin perspektivlərini, habelə onların digər türkdilli xalqların diaspor təşkilatları ilə əməkdaşlığının prinsip və istiqamətlərini, milli maraqlarımızın müdafiəsi, zəngin mədəni irsimizin təbliği sahəsində səylərin birləşdirilməsi kimi mühüm məsələləri müzakirə etmişdir.
Forum iştirakçıları onlara bir araya gəlmək, qarşıda duran problem və vəzifələri birlikdə müzakirə etmək imkanı yaratdıqlarına və toplantının işində iştirak etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğana, Şimali Kipr Türk Respublikasının Milli lideri cənab Mehmet Əli Tələtə dərin minnətdarlıqlarını bildirirlər. Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri əmindirlər ki, bu toplantı dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını və türkü vahid məqsəd ətrafında daha sıx birləşdirəcək, onlara dövlətlərimizin və xalqlarımızın milli maraqlarının qorunması naminə qüvvələrini səfərbər etmək imkanı verəcəkdir.
Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri
- Azərbaycan və Türk xalqlarının ortaq tarixə, etno-mədəni dəyərlərə malik olduğunu nəzərə alaraq,
- türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini  başa düşərək,
- Azərbaycan  və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərini  əsas götürərək,
- azərbaycanlı və türk icmalarının əməkdaşlığının dərinləşməsini tarixi zərurət kimi qiymətləndirərək,
- Azərbaycan və Türkiyə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinin təkmilləşdirilməsinin vacibliyini dərk edərək,
- Dünya azərbaycanlılarının II qurultayının «Azərbaycan və türk diaspor təşkilatlarına müraciət»inə qoşularaq, bəyan edirlər:
1. «Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası» təsdiq edilsin.
2. «Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini əlaqələndirmək, habelə azərbaycanlı və türk icmalarının fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması məqsədəuyğun hesab edilsin.
1. Koordinasiya Şurasına Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aşağıdakı məsələlərə diqqət yetirmək tövsiyə olunsun:
- Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasından irəli gələn məsələlərin həlli məqsədilə tədbirlərin həyata keçirilməsi;
- Azərbaycan və Türkiyənin, habelə digər türk dövlətlərinin milli maraqlarının müdafiəsi;
- Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin ictimai-siyasi fəallığının artırılması, seçki və referendumlarda fəal iştirakının təmin olunması və bu məqsədlə seçkili orqanlara namizədlərin irəli sürülməsi və dəstəklənməsi, onların seçki kampaniyalarının təşkili;
- xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin təşkilatlanması prosesinə dəstək verilməsi;
- xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin insan hüquq və azadlıqlarının təmin olunması məsələsinin diqqətdə saxlanılması; 
- lobbi quruculuğu sahəsində əməkdaşlığın inkişafı,  xarici ölkələrin parlament və hökumət üzvləri, ictimai təşkilatların və siyasi partiyaların nümayəndələri  ilə əlaqələrin qurulması;
- Azərbaycan və Türkiyə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində azərbaycanlı və türk icmalarının həyata keçirdiyi tədbirlərin koodinasiya edilməsi;
- Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Azərbaycan və Türk icmalarının iştirakı ilə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi;
- «erməni soyqırımı» iddiaları ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- Türkdilli xalqların yaşadığı regionlarda mövcud olan münaqişələr haqqında beynəlxalq ictimaiyyətə obyektiv məlumatların çatdırılması, Türk dünyasının ortaq problemlərinin diqqət mərkəzində saxlanılması;
- Türk xalqlarının qədim tarixinin və zəngin mədəni irsinin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlı, türk və digər türkldilli xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılması;
- azərbaycanlı və türk iş adamlarının forumlarının keçirilməsi, xarici sərmayəçilərin Azərbaycan və Türkiyəyə investisiya qoymağa təşviq edilməsi;
2. Koordinasiya Şurasına tövsiyə edilsin ki, görülmüş işlərin nəticələrini müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək üçün Şura üzvlərinin ən azı üçdə ikisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq öz toplantılarını keçirsin.
3. Azərbaycan Respublikası və Türkiyə Respublikasının müvafiq dövlət orqanları tərəfindən «Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası», habelə bu bəyannamədən irəli gələn məsələlərin həllində Koordinasiya Şurasına dəstək verilməsi xahiş edilsin.
4. Forumun təşkilatçılarından xahiş edilsin ki, Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun materiallarının ayrıca kitab halında nəşr olunaraq xarici ölkələrdəki azərbaycanlı və türk icmalarına göndərilməsini təmin etsin.
5. Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin forumları iki  ildən bir keçirilsin və növbəti Forumun 2009-cu ildə Türkiyə Respublikasında keçirilməsi məqsədəuyğun hesab edilsin.
Forum işitrakçıları əmindirlər ki, Azərbaycan və Türk diaspor təşkilatları qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün bütün səy və bacarıqlarını əsirgəməyəcək, Türk dünyasının birliyi naminə qüvvələrini birləşdirəcək, dövlətlərimizin milli maraqlarının ləyaqətlə müdafiəsinə, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verməyə çalışacaq, Azərbaycan və Türkiyə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfərbər edəcəklər.


BəyannaməAzərbaycan və türk Diaspor
 Təşkilatları rəhbərlərinin I forumunda qəbul edilmişdir
Bakı şəhəri, 09 mart 2007-ci il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved