• Stokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilibStokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilib
  • Novruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilibNovruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilib
  • Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblərParisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər
  • V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib


DÜNYA AZƏRBAYCANLILARINI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ İCLASI


ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM, ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT

2008-ci il dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Azərbaycan – Şərqin dünyaya açılan qapısı” mövzusunda iclası keçirilmişdir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası idarə heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti MAHMUD KƏRİMOV iclası açaraq demişdir ki, 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoymuşdur. Qurultaydan sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət almış, ictimai-siyasi həyatda iştirak səviyyəsi yüksəlmiş, azərbaycanlı ziyalılar diaspor quruculuğu prosesinə daha fəal qoşulmağa başlamış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsimizin təbliği, digər xalqların diasporları ilə əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə olunmuşdur.
İdarə heyətinin sədri demişdir ki, qurultaydan keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparmaq, habelə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi ilə 2008-ci ilin dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasının keçirilməsi qərara alınmışdır.
İclasda Şuranın 27 ölkədə yaşayan üzvləri, habelə dünyanın 17 ölkəsindən Şura üzvü olmayan nüfuzlu Azərbaycan icmaları və birliklərinin rəhbərləri, türk və yəhudi icmalarının təmsilçiləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, tanınmış elm və incəsənət xadimləri iştirak edirlər.
Aparılmış qeydiyyatın nəticələrinə görə, toplantıda 202 nəfər iştirak edir və yetərsay vardır.
Şuranın iclası açıq elan edilmiş və Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Azərbaycanda milli dövlətçilik ənənələrinin yaranmasında, xalqımızın milli birliyi və həmrəyliyinin təmin olunmasında əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra ulu öndərin azərbaycançılıq ideyasının həyata keçirilməsi və dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə həsr olunmuş “Ayrılarmı könül candan” adlı sənədli film göstərilmişdir.
Daha sonra Diaspor ilə iş üzrə Dövlət Komitəsinin və tədbirin təşkilat komitəsinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası idarə heyətinin üzvü NAZİM İBRAHİMOV Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.
Komitə sədri demişdir ki, II qurultayın nəticələri Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanması üçün ideoloji baza rolunu oynamışdır. Azərbaycan Prezidentinin qurultaydakı tövsiyələri dünyanın siyasi reallıqlarını nəzərə alaraq, diaspor quruculuğu işini müasir tələblər səviyyəsində qurmaq, icmalar arasında əlaqələri daha da genişləndirmək, onların tarixi Vətənə bağlılığını artırmaq üçün müvafiq tədbirlər görmək, Azərbaycan dövləti ilə xaricdə yaşayan azərbaycanlılar arasında mənəvi-psixoloji, siyasi-ideoloji bağlılığı daha da möhkəmləndirmək istiqamətində konseptual qərarlar vermək zərurətini meydana çıxarmışdır.
Qurultayın sənədlərində öz əksini tapmış təklif və tövsiyələrə uyğun olaraq, 2006-cı ildə keçirilmiş Dünya azərbaycanlı ziyalıları forumu müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinə bağlılığını, onların daim dövlətin diqqət mərkəzində olduğunu nümayiş etdirmiş, eyni zamanda, azərbaycanlı ziyalıların Azərbaycan Prezidenti ətrafında sıx birləşməsinin təsdiqi olmuşdur. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyətində yeni ənənələrin əsası qoyulmuş, ayrı-ayrı icmalarda əvvəllər mövcud olmuş fikir ayrılıqlarının aradan qaldırılması üçün zəmin formalaşmağa başlamışdır. Soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət almış, yeni icmalar və birliklər təsis edilmiş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.
2007-ci il martın 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Forumda aparılan müzakirələrin nəticəsi olaraq “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı Bəyannaməsi” və bir sıra digər mühüm sənədlər qəbul edilmişdir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilmişdir. Qurultayda türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə edilmişdir.
2008-ci il martın 27-də Almaniyanın Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatlarını Əlaqələndirmə Şurasının illik iclası keçirilmişdir. İclasda Şuranın həmsədrləri seçilmiş, Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr barədə müzakirələr aparılmışdır.
N.İbrahimov bildirmişdir ki, Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə çalışır, siyasi partiya və təşkilatlarla əlaqələr qururlar. Dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış siyasət adamları, ictimai xadimlər, ziyalılarla əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir.
İnsan hüquq və azadlıqlarının qorunması sahəsində ötən dövrün əsas hadisələrindən biri Rusiya Federasiyası hökuməti tərəfindən miqrantların ticarət sahəsində çalışmasına məhdudiyyətlər nəzərdə tutan qərarı ilə əlaqədar görülmüş tədbirlər olmuşdur. Azərbaycan Prezidentinin “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” 2006-cı il 22 noyabr tarixli sərəncamına uyğun olaraq, bu qərarın soydaşlarımıza təsir imkanlarını azaltmaq məqsədi ilə ciddi iş aparılmışdır.
Rusiya Federasiyasının Dağıstan Respublikasında, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək üçün bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirilmiş, soydaşlarımızın problemlərinin həllinə xüsusi diqqət yetirilmiş, bir sıra vacib tədbirlər görülmüşdür.
N.İbrahimov daha sonra demişdir ki, ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Prezidentinin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diaspor ilə iş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirmişdir. Diaspor ilə iş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlmişdir.
Sadalanan bu faktlar Azərbaycan diasporunun yeni bir mərhələyə daxil olduğunu söyləməyə əsas verir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin sürətlənməsi, icmaların fəaliyyətini əlaqələndirən yeni qurumların yaranması, digər xalqların diasporları ilə əlaqələrin gücləndirilməsi, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artması, lobbi quruculuğu istiqamətində əldə olunmuş nailiyyətlər qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləməyimizin təsdiqidir.
Sonra çıxış edən Azərbaycan Prezidentinin İcra Aparatının İctimai siyasi məsələlər şöbəsinin müdiri ƏLİ HƏSƏNOV əvvəlcə tədbir iştirakçılarının qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. O demişdir ki, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla bağlı mütəmadi olaraq qəlbində yaşatdığı, tədricən reallaşdırdığı prioritet vəzifələrdən biri idi. 1993-cü ildə baş verən ictimai-siyasi proseslər, böhran, respublikamızı dağılma, məhvolma təhlükəsi qarşısında qoymuşdu. O zaman xalqımızın üzünü böyük lider Heydər Əliyevə tutması, onun yenidən Azərbaycanda hakimiyyətə gəlməsi bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində də yeni vəzifələrin, yeni istiqamətlərin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac vermişdir. 1993-1998-ci illərdə ümummilli liderimiz dünya ölkələrinə səfərləri zamanı həmin ölkələrdə yaşayan soydaşlarımızı toplayıb onlarla görüşlər keçirirdi.
Heydər Əliyev ilk dəfə 1991-ci il dekabrın 16-da, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik edərkən dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur. Ali Məclisin qərarı ilə hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmuşdur. 2001-ci ildə isə Prezident Heydər Əliyevin sərəncamı ilə təşkilat komitəsi yaradılmış və dünya azərbaycanlılarının ilk, tarixi qurultayı keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası yaradılmışdır. Həmin ildə bu sahədə dövlət siyasətini əlaqələndirmək, diaspor ilə əlaqələri dövlət siyasəti səviyyəsinə qaldırmaq və mərkəzləşmiş şəkildə həyata keçirmək üçün Dövlət Komitəsi yaradılmışdır.
Ə.Həsənov demişdir ki, dünya azərbaycanlılarının təşkilatlanması və birliyinin yaranması sahəsində ilkin və başlanğıc dəyər hamımızın bu gün qürurla daşıdığımız, yaşatdığımız azərbaycanlı adıdır, Azərbaycan xalqına mənsubluq hissidir. Bunların hamısını özündə ehtiva edən azərbaycançılıq ideologiyasıdır. Bu ideya yazıçılarımızın, şairlərimizin, ziyalılarımızın əsərlərində müəyyən qədər, mümkün çərçivədə səslənmiş, lakin bitkin ideologiya kimi yalnız müstəqillik dövründə ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Bu ideya xaricdə olan Azərbaycan diaspor təşkilatlarının birliyi olmadan reallaşa bilməzdi. Lakin dünyada yaşayan 40 milyondan artıq azərbaycanlını bu ideologiya ətrafında birləşdirmək o qədər də asan deyildi. 1998-ci ildə qarşıya qoyulan əsas vəzifə diasporu təşkilatlandırmaq idisə, indi Azərbaycanla bağlı qlobal vəzifələrin reallaşdırılması gündəlikdə durur. Xalqın, millətin dəyərlərini fərdlər yaşadır, inkişaf etdirir və bütün dünyada yayır. Biz də fərdlər olaraq Azərbaycan xalqının dəyərlərini bütün dünyada təbliğ etməliyik. Bu sahədə dövlət siyasəti tam formalaşmışdır və qəbul ediləcək xartiya məhz gələcəkdə diaspor təşkilatları qarşısında duran vəzifələrin ümumiləşmiş bir proqramı hesab oluna bilər. Dünya azərbaycanlıları bilirlər ki, onların qarşısında üç əsas vəzifə durur. Birincisi, azərbaycanlılığa məxsus dəyərləri yaşatmaq, təbliğ etmək, yaşadıqları ölkələrdə tanıtmaqdır. İkincisi, Azərbaycan dövləti ilə bağlı beynəlxalq aləmdə qarşıya çıxan problemləri öyrənmək, onların həllinə kömək etməkdir. Üçüncüsü, dövlətin imkanlarından istifadə edərək, soydaşlarımızın yaşadıqları xarici ölkələrdə özlərinin vətəndaş, milli hüquqlarını qoruması və inkişaf etdirməsidir.
Ə.Həsənov bu üç vəzifənin həyata keçirilməsi üçün kifayət qədər imkanların olduğunu vurğulamışdır. O demişdir ki, Azərbaycan dövlətinin problemlərinin, xalqımızın dəyərlərinin öyrənilməsi, həlli və xaricdə təbliği üçün diaspor təşkilatlarımız vardır. Digər tərəfdən, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, indi Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların maddi, mənəvi istəklərini reallaşdırmağa qadirdir.
Milli Məclis sədrinin müavini, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü BAHAR MURADOVA parlamentin rəhbərliyi adından toplantı iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışdır. O, dünya azərbaycanlılarının birləşməsi istiqamətində ümummilli liderimiz tərəfindən müəyyən olunmuş strategiyanın əhəmiyyətini vurğulamış, bu istiqamətdə Prezident İlham Əliyevin gördüyü konkret işləri xatırlatmışdır. Parlament sədrinin müavini demişdir ki, çox güclü potensiala malik Azərbaycan diasporu ilə dövlətin birgə fəaliyyəti daha böyük nailiyyətlərin əldə olunmasına imkan yaradacaqdır. Bunun üçün Əlaqələndirmə Şurasının toplantıları intensivləşməli, sıralarımız genişlənməlidir.
B.Muradova xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlər keçirdiyini və problemlərini öyrəndiyini söyləyərək vurğulamışdır ki, şuranın üzvləri hər hansı bir məqsədlə xarici ölkələrə səfərləri zamanı Azərbaycan diaspor təşkilatları və cəmiyyətlərinin rəhbərliyi, üzvləri ilə görüşməyə çalışmalıdırlar.
Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasına toxunan B.Muradova sənədin azərbaycanlılara müraciətlə başlamasını da yüksək qiymətləndirmişdir. O demişdir ki, hər bir azərbaycanlı keçmişi ilə qürur duymalı, bu günü ilə öyünməli, gələcəyə inamla baxmalıdır. Soydaşlarımız yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya etməli, onun ictimai-siyasi həyatına ciddi təsir imkanlarına malik olmalıdırlar.
Sonra, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” redaksiya heyətinin üzvü NİZAMİ CƏFƏROV xartiyanın əsas istiqamətləri barədə məlumat vermişdir. O demişdir ki, bu sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyini Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporumuzun qarşısında duran vəzifələri özündə əks etdirən vahid konsepsiya hazırlamaqdır. Sənəddə Azərbaycan xalqının etnogenezi, milli özünüdərk prosesi, tarixi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri, müasir inkişaf səviyyəsi, nailiyyətləri, azərbaycanlıların tarixi Vətən qarşısında borcu və bu hissdən irəli gələn vəzifələri, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, digər xalqların diasporları ilə əməkdaşlıq perspektivləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, qondarma “erməni soyqırımı” iddialarının ifşası və digər məsələlərlə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr əksini tapmışdır.
Daha sonra Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri, şura sədrinin müavini Tomris Azəri, “Maynts-Azərbaycan” Cəmiyyətinin sədri, Şura sədrinin müavini Başa Kömür, Şura sədrinin müavini Yücel Artantaş, “US AzerisNetwork”un icraçı direktoru Adil Bağırov, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Avropa Azərbaycanlıları Konqresinin sədri Natiq Ağamirov, Benilüks-Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilan Dündör və başqaları çıxış edərək, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmış, “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” ilə bağlı rəy və təkliflərini bildirmişlər. Çıxışlarda Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, sənədin əhəmiyyəti vurğulanmışdır.
İclasın sonunda “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”nın layihəsi əsas kimi qəbul olunmuş, onun üzərində işin davam etdirilməsi qərara alınmışdır.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyətinin hesabatı qənaətbəxş hesab olunmuşdur.
İclas iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. İdarə heyətinin üzvü, Belarus Azərbaycan icmaları Konqresinin sədri Natiq Bağırov müraciətin mətnini oxumuşdur.
Bununla da iclas başa çatmışdır.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved