• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI KOORDİNASİYA ŞURASININ İLLİK İCLASI


Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin 2007-ci ilin mart ayında Bakı şəhərində keçirilmiş I forumunun Bakı Bəyannaməsinə uyğun olaraq 2008-ci ilin mart ayının 27-də Almaniya Federativ Respublikasının Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının illik iclası keçirilmişdir.
 İclasda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə Heyətinin sədri, Azərbaycan  Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Azərbaycan Respublikasının Almaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Pərviz Şahbazov, Milli Məclisin deputatları Nizami Cəfərov, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin sektor müdiri Mübariz Səfərov və digər şəxslər iştirak etmişlər.
Toplantıda Azərbaycan və Türk Diapsor Təşkilatları Koordinasiya /Şurasının üzvləri, o cümlədən Azərbaycan, Türk, İraq türkmənləri, Ahıska, Şimali Kipr türklərinin  nümayəndələri iştirak etmişlər. 
 Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov toplantını giriş nitqi ilə açaraq, ötən müddət ərzində Azərbaycan və Türk icmaları arasında əməkdaşlıq təcrübəsi barədə məlumat vermişdir. N.İbrahimov yeni tarixi mərhələdə – qloballaşma proseslərinin vüsət aldığı, xalqlar arasında qarşılıqlı inteqrasiyanın zərurətə çevrildiyi müasir dövrümüzdə Azərbaycan və türk diasporları qarşısında duran vəzifələr haqqında danışmışdır.  O, bu gün Türk dünyasının qarşısında – torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq türkmənlərinin hüquq və azadlıqlarının bərpası, Ahıska türklərinin öz tarixi  Vətəninə qayıdışı və digər taleyüklü problemlərin dayandığını, bu problemlər barədə dünya ictimaiyyətinin məlumatlandıırlması, onların həllinə nail olmaq üçün beynəlxalq aləmdə yeni etibarlı tərəfdaşların tapılmasında diasporların da önəmli rola malik olduğunu söyləmişdir. 
N.İbrahimov qeyd etmişdir ki, Azərbaycan və türk icmaları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməlidir ki, burada söz sahibi olsunlar, Azərbaycanın, Türkiyənin və digər türkdilli ölkələrin problemlərini həmin ölkələrin gündəminə çıxara bilsinlər, qarşılıqlı münasibətlərin inkişafında iştirak etsinlər. Eyni zamanda diasporlarımız ölkələrimizin iqtisadi inkişafına da töhfə vermək imkanına malikdirlər və bu imkanlardan istifadə etməyin səmərəli yollarını tapmaq zəruridir.
Xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi istiqamətində  də görüləcək işlər haqqında danışan Dövət Komitəsinin sədri aparılacaq müzakirələr nəticəsində  konkret qərarların qəbul olunacağına inamını ifadə etdi. N.İbrahimov vurğuladı ki, Türkdilli ölkələr regionda və dünyada yaşayan xalqlarla iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsini dövlətlərimizin prioritet məqsədləri kimi qiymətləndirir və bu məqsədlərə daha tez nail olmaq üçün diasporların dəstəyinə ehtiyac var.
Toplantının işində  iştirak  edən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov öz çıxışında Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində siyasətinin strateji istiqamətləri barədə məlumat vermişdir. Cənab.Ə.Həsənov bildirmişdir ki, Azərbaycan və Türk diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin həyatında ciddi faktora çevrilməlidir. Bu sahədə hər iki diaspor arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. Qeyd edilmişdir ki, xarici ölkələrdə yaşayan və vətəndaşlıq almış azərbaycanlıar və türklər ictimai-siyasi proseslərə fəal qoşulmalı, siyasi partiyalara, ictimai həpəkatlara üzv olmalı və bu təşkilatlar daxilində təmsil etdikləri icmaların maraqlarını daha fəal müdafiə etməlidirlər. Bununla yanaşı çıxışda azərbaycanlıların və türklərin yaşadıqları ölkələrdəki milli azlıqlar, milli-dini icmalarla əməkdaşlığının da mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, digər xalqların milli, dini azlıqlarının nümayəndələri ilə təmaslar indi olduqca vacibdir. Çünki bu həmin xalqlara Azərbaycan həqiqətlərini çatdırmağın və inandrmağın daha faydalı və effektiv metodudur. Azərbaycan tarixində baş vermiş faciələri, ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni forma və üsullar axtarılmalıdır. Çünki xarici ölkələrdəki Azərbaycan icmalarının ancaq Xocalı soyqırımına və ya 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər təşkil etməsi həmin ölkələrin ictimaiyyəti tərəfindən adi təbliğat tədbiri kimi qarşılanır və nəticədə qarşıya qoyulmuş məqsədə maksimum dərəcədə nail olmağa imkan vermir. 
Bununla yanaşı cənab Ə.Həsənov qeyd etmişdir ki, diasporun təşkil etdiyi hər bir tədbir, atdığı hər bir addım konkret məqsədə hesablanmalıdır. Nəticələr əvvəlcədən proqnozlaşdırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli  maraqlarının müdafiəsi baxımından daha uğurlu vasitələrdən istifadə edilməlidir.
Diasporun ictimai təşkilatlar, siyasi partiyalar, QHT-lər, mədəniyyət mərkəzləri və digər milli-dini icmalarla müasir dünyanın tələb etdiyi səviyyədə əməkdaşlığını vacib sayan cənab Əli Həsənov demişdir ki, bu fəaliyyətin vahid əlaqələndirmə strategiyası olmalıdır.
 "Azərbaycan və türk diaspor təşkilatlarının qarşılıqlı əlaqələrinin inkişafı və perspektivləri" mövzusunda çıxış edən AMEA-nın prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə Heyətinin sədri Mahmud Kərimov bildirmişdir ki, dünyadakı erməni diasporunun apardığı təbliğatın, uydurma erməni soyqırımı iddialarının qarşısını almaq və Azərbaycan, eləcə də Türkiyə həqiqətlərini beynəlxalq aləmə yaymaq məqsədi ilə yeni təbliğat üsullarından istifadə etməyə ehtiyac vardır. Ortaq türk dilinin yaradılmasını aktual sayan Mahmud Kərimov demişdir ki, bu, inteqrasiya prosesini sürətləndirə və verilişləri bütün türkdilli dövlətlərin ərazisində yayımlana bilən ümumtürk televiziyasının təşkilinə zəmin ola bilər.
 Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Pərviz Şahbazov isə bu iclasın Almaniyada Azərbaycan ilinin açılışı ilə eyni vaxta düşdüyünü xatırladaraq, bu faktın dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan və türk diasporu üzvlərinə Azərbaycan mədəniyyətinin klassik və zəngin nümunələri ilə tanış olmaq imkanı verdiyini qeyd etmişdir. Səfir Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səyləri  xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi «Biz bir millət, iki dövlətik» kəlamının ruhuna uyğun olduğunu bildirmişdir.

Milli Məclisin deputatı Qənirə Paşayeva "Ortaq problemlərimizin həllində diasporların rolu" mövzusunda çıxış edərək demişdir ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha səmərəli nəticələr verməsi üçün bütün diaspor üzvləri ortaq problemlərimizi bilməlidirlər. Deputat təklif etmişdir ki, ortaq problemlərdən bəhs edən kitab hazırlanmalı, müxtəlif dillərə tərcümə edilməli və diaspor təşkilatlarına paylanmalıdır. Bu məqsədlə internet saytları vasitəsilə təbliğata da diqqət yetirilməlidir.
Avropa Türk-İslam Dərnəkləri Birliyinin fəxri prezidenti Musa Sərdar Çələbi qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində  - Macarıstan, Kosovo, Albaniya və digər ölkələrdə öz tarixi torpaqlarında yaşayan türklər var və onlar öz ölkələrinin ictimai-siyasi həyatında fəal iştirak etmək, səs vermək hüquqlarına malik olsalar da, bu imkanlardan hələ də yetərincə faydalana bilmirlər. Cənab M.Çelebi qeyd etdi ki, Avropada 2200-ə yaxın Türk diaspor təşkilatı fəaliyyət göstərsə də onların əldə etdiyi nəticələr real imkanlarından çox aşağıdır. 
Bakı Slavyan Universitetinin rektoru, professor Dünya Azərbaycanlılarını  Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü Kamal Abdullayev Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın zəruri olduğunu vurğuladı. O, xarici ölkələrdəki «Həftə sonu» məktəblərinin peşəkar kadrlarla təmin olunması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.
 Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə Heyətinin sədr müavini, «Mayns Azərbaycan cəmiyyətinin sədri Başar Kömür Azərbaycan dövlətinin diasporun inkişafı üçün bütün imkanlarını səfərbər etdiyini bildirmişdir. O, xarici ölkələrdə yaşayan azərbaycanlı və türk icmalarının təşəbbüskarlıq və fəallıq səviyyəsinin aşağı olduğunu söyləmişdir. Cənab B.Kömür icmaların özlərinin də konrket addımlar atmasını məqsədəuyğun hesab etdiyini və bütün məsələlərdə dövlətdən dəstək gözləməyin doğru olmadığını vurğulamışdır.
«Amerika Türk Assosiasiyaları Assambleyası»nın prezidenti Nurten Ural ABŞ-dakı Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinin erməni diasporunu təlaşa salması barədə fikirlərini açıqlamış və demişdir ki, Azərbaycan və türk diasporu birgə fəaliyyət sayəsində Amerika Birləşmiş Ştatlarında real gücə çevrilməkdədir. Xanım N.Ural Azərbaycan və türk icmaları arasında qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edən bu cür toplantıların əhəmiyyətini yüksək qiymətləndirildiyini bildirmişdir. O, qeyd etmişdir ki, erməni diasporu və lobbisinin ölkələrimiz əleyhinə apardığı təbliğatın qarşısının alınması məqsədilə Amerikadakı Azərbaycan və türk icmaları arasında sıx əməkdaşlıq imkanları mövcuddur. Məhz birgə əməkdaşlıq sahəsində ATAA və AAC ABŞ Konqresinin üzvləri ilə görüşmüş, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı, ermənilərin «soyqırım» iddialarının əsassızlığı barədə faktları onların diqqətinə çatdırmışlar.  N. Ural xarici ölkələrdəki azərbaycanlı və türk icmaları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə Türkdilli ölkələrə birgə səfərlərin, mədəni-kütləvi tədbirlərin, elmi-praktik konfransların təşkili, univesitetlərarası müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, türkdilli iş adamlarının toplantılarının keçirilməsi, hazırlanması, lobbi quruculuğu sahəsində əməkdaşlığın intensivləşdirilməsi təklifləri ilə çıxış etmişdir.
 Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyəti sədrinin müavini, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri Amerikadakı erməni icmasının Azərbaycan və türk diasporunun birgə fəaliyyətindən narahatlıq keçirdiyini diqqətə çatdırmışdır. Xanım T.Azəri qeyd etmişdir ki,  azərbaycanlı və türk icmalarının sıx əməkdaşlığı sayəsində ABŞ Konqresində həm Azərbaycan, həm də Türkiyə dostluq qruplarının sıraları genişlənir. Tomris Azəri ötən il yaradılan "US Azeri`s Network" şəbəkəsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu şəbəkə vasitəsilə diaspor üzvləri bütün zəruri sənədlərdən, tədbirlərdən operativ xəbər tutur, öz mövqeləri barədə ABŞ Konqresinin üzvlərini daha tez məlumatlandırmaq imkanı qazanmışlar. 
Milli Məclisin deputatı Nizami Cəfərov dünyada mənşəcə türk olan 250 milyon insanın yaşadığını, onlardan 25 milyonunun öz tarixi vətənindən kənarda diaspor şəklində, 50 milyon türkün öz tarixi vətənində lakin, siyasi müstəqillik olmadan, yüz milyon nəfərin qismən müstəqil (muxtar türk qurumları) şəkildə yaşadığını söyləmişdir. O, Türk dünyasının birliyi ideyasının əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, bu birlik formal xarakter daşımamalı, kütləvi şüur səviyyəsindən daha yüksəkdə dayanmalı və intellektual əsaslara söykənməlidir.  Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə təşəbbüslər, türk dövlət və hökumət başçılarının zirvə görüşləri, diaspor qurumlarının toplantıları, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının təsis edilməsi bizim bu birliyə doğru getməkdə olduğumuzu təsdiqləyir. Lakin bu birliyin ideoloji əsaslarının yaradılması üçün ortaq Türk televiziyasının yaradılmasına ehtiyac vardır. Bundan ötrü bütün türk dünyasının, türkdilli xalqların və ölkələrin maraq dairəsi üçün cəlbedici olan informasiya-məlumat sistemi yaradılmalıdır. Cənab N.Cəfərov ortaq türk televiziyasının büdcəsinin türkdilli ölkələrin ayırdığı maliyyə vəsaiti hesabına formalaşması, onun mərkəzinin İstanbul şəhərində yerləşməsi, lakin bütün türkdilli ölkələrdə nümayəndəliyinin açılması,  milli-mənəvi dəyərləri, birlik ideyaları əsasında qurulmasının məqsəduyğun olduğunu diqqətə çatdırmışdır.
Ahıska Türk Federasiyasının baş katibi Ertan Topçu Ahıska türkləri adından ahıska türklərinin problemlərini hər zaman diqqətdə saxladığına, öz torpaqlarından deportasiya edilmiş ahıskalılara qucaq açdığına görə Azərbaycan  dövlətinə, onun rəhbərliyinə və xalqına təşəkkürlərini çatdırmışdır. O, qeyd etmişdir ki, bu gün də Azərbaycan dövləti öz ərazisində müvəqqəti məskunlaşmış Ahıska türklərinə ölkənin bərabərhüquqlu vətəndaşları kimi yanaşır, onların problemlərinin həllinə əməli dəstək verir. Cənab E.Topçu dünyanın 7 ölkəsində və 14 regionunda məskunlaşmış Ahıska türklərinin bir araya gətirilməsinin çətinliklərindən danışmış, bu sahədə mövcud olan problemlərə diqqəti çəkmişdir. Qeyd edilmişdir ki,  Ahıska türklərinin repatriasiyası sahəsində problemlərin həlli məsələlərinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması üçün türkdilli xalqların diaspor təşkilatları öz imkanlarını maksimum səviyyədə səfərbər etməyə çalışmalıdr. O, Gürcüstanın Ahıska türklərinin vaxtilə yaşadığı bölgələrində Ahıska türklərinin yaşadıqları torpaqlarda 7 min gürcü, 10 min erməninin məskunlaşdırıldığı barədə məlumat verərək bildirmişdir ki, indi Ahıska türklərinin qarşısında dayanan əsas problemlərdən biri ermənilərin repatriasiya prosesinə verəcəyi reaksiya ilə bağlıdır.  O, yaranacaq mümkün problemlər zamanı real situasiya haqqında beynəlxalq ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması üçün türkdilli xalqların diapsor təşkilatlarının səylərinin mühüm əhəmiyyətə malik olacağını qeyd etmişdir.
 Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Niderlandda ikinci «Həftə Günü» məktəbinin açılmasına, eləcə də Azərbaycan dilində radionun yaradılmasına hazırlıq görüldüyünü bildirmişdir. Azərbaycan həqiqətlərini dünyaya yaymaqda vasitə kimi istifadə ediləcək bu radioda müəyyən saatlarda ingilis, holland və digər dillərdə də efirə verilişlər veriləcəkdir.
 Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Almaniya Türk İş Adamları Birilyinin sədri Bahəddin Kaya çıxışında bildirmişdir ki, Azərbaycan və Türkiyənin iqtisadi və siyasi qüdrəti xarici öllkələrdəki azərbaycanlı və türk icmalarının əsas sığortasıdır. O, qeyd etmişdir ki, Azərbaycan və Türkiyənin inkişafı hər iki diasporun məskunlaşdığı ölkələrdə söz sahibi olması, ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilməsi üçün yaxşı zəmin yaratmışdır və bu zəminə əsaslanaraq daha ciddi nailiyyətlər qazanmaq mümkündür. Cənab B.Kaya diasporların da öz doğma Vətəninin inkişafına töhfə verməyə səy göstərməsinin zəruriliyini diqqətə çatdırmışdır
Dünya Azərbaycanlıları Konqresinin Məclis üzvü Əjdər Tağızadə İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi sahəsində problemlərin də iclasda müzakirə olunmasını və toplantının sənədlərinə bununla bağlı müddəaların daxil edilməsini təklif etmişdir.
İsveç-Türk İşçi Dərnəkləri Federasiyasının sədri Hasan Dölək diaspor təşkilatlarının təbliğat sahəsində qarşılaşdığı problemlər haqqında danışmışdır. O, qeyd etmişdir ki, Xocalı, 31 Mart Azərbaycanlıların soyqırımlarına həsr olunmuş tədbirlər çox sönük səviyyədə keçir. Cənab H.Dölək ermənilərin də «soyqırım» mövzusunda təşkil etdikləri tədbirlərə kifayət qədər məhdud kontindentin qatıldığını bildirmiş və bunu avropalıların  belə tip tədbirlərdən sıxılması ilə əsaslandırmışdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan və Türk icmalarını bundan sonrakı dövrdə təşkil edilmiş tədbirlərə daha çox insanı cəlb etmək məqsədilə fəaliyyət metodlarını dəyişməyi təkdif edən H.Dölək yeni taktikadan istifadə etməyin vacib olduğunu diqqətə çatdırmışdır. O, diasporları müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-praktik konfranslar təşki etməyi və məhz bu cür toplantılarda qısa şəkildə türkdilli xalqların məruz qaldığı haqsızlıqlar barədə iştirakçıları məlumatlandırmağı təklif etmişdir.
H.Dölək Azərbaycan və Türk icmaları üçün vahid «Netvork sistemi»nin yaradılması ideyasını dəstəklədiyini və toplantının sənədlərində bu barədə qərarın əks olunmasını xahiş etmişdir.
Makedoniya Demokratik Türk Partiyasının sədri Erdoğan Sarac Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I forumunda qəbul olunmuş Bakı Bəyannaməsi və «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası» adlanan sənədlərlə yaxından tanış olduğunu və bu sənədlərdə əksini tapmış müəddəların mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, sözügedən sənədlərin yüksək səviyyədə hazırlandığını diqqətə çatdıraraq, bu sənədlərdə əksini tapmış müddəaların yerinə yetirilməsi istiqamətində səylərin birləşdirilməsini zəruri hesab etdiyini söyləmişdir.
Norveç Türk Tarix Araşdırmalar İnstitutunun direktoru Səfa Martin Yürükel diaspor quruculuğu işinin müasir dünyada yeni məzmun kəsb etdiyini vurğulayaraq, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu söyləmişdir. O, Azərbaycan və Türk icmaları ilə bağlı araşdırmaların genişləndirilməsini,  türkdilli xalqların diasporlarının sosial-psixoloji keyfiyyətlərinin öyrənilməsinin vacib olduğunu bildirmişdir. Cənab S.Yürükel bildirmişdir ki, xüsusi bir komissiya yaradılmalıdır və bu komissiya  diaspor quruculuğu sahəsində peşəkar tədqiqatlar aparmalı, kadr bazası formalaşdırmalı, qarşımızda duran vəzifələri və onların həyata keçirilməsi üsullarını öyrənməlidir.
Köln və Ətrafındakı Türk Dərnəkləri Koordinasiya Şurasının sədr müavini Reyhan Gündoğmuş çıxışında 1915-ci il hadisələri ilə bağlı erməni soyqırımı iddialarını ifşa edən tarixi faktlar haqqında məlumat vermişdir. O, bu barədə Qərb, xüsusilə də Almaniya mətbuatında arxiv sənədləri əsasında dərc olunmuş məqalələr, nəşr olunmuş kitablar haqqında danışmış və ermənilərin «soyqırım» iddialarının həqiqətə uyğun olmadığını sübut edən bu materiallardan təbliğat işində istifadə etməyin zəruriliyini diqqətə çatdırmışdır.

Avstraliya Kıbrıs Türk Kültür və Dayanışma Assosiasiyasının  sədri Hakkı Keskin azərbaycanlı və türk icmalarının ictimai -siyasi həyatda fəal iştirakının zəruriliyini qeyd etmişdir. O, bildirmişdir ki, son illərdə mədəniyyət, elm, iqtisadiyyat və digər sahələrdə Almaniyadakı türklər uğurlar qazansa da, siyasi sahədə nailiyyətlərin sayı kifayət qədər azdır. Əyalət və Federal parlamentlərdə türklər təmsil olunur, müəyyən nailiyyətlər var, lakin onları daha da inkişaf etdirmək üçün imkanlar kifayət qədər genişdir. O, Almaniyada təqribən 3 milyona yaxın türkün yaşadığını, onlardan 700 min nəfərinin bu ölkənin vətəndaşı olmasına baxmayaraq seçki proseslərinə ciddi təsir imkanlarına malik olmadığını diqqətə çatdırmışdır.
Böyük Britaniyada məskunlaşmış Kipr türklərinin nümayəndəsi İngiltərə Kipr Türk Təşkilatları Şurasının  sədri  Akmen Sıtkı Azərbaycanın diaspor quruculuğu sahəsində dövlət siyasətinin uğurla qurulduğunu bildirmişdir. O, türkdilli xalqların xarici ölkələrdə yaşayan icmalarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və onun şəxsində Azərbaycan dövlətinə təşəkkür etmişdir. Cənab A.Sıtkı Böyük Britaniyada hazırda türklərin 18 məktəbinin, 60-a yaxın diaspor təşkilatının fəaliyyət göstərdiyini xatırladaraq, türk icmasının bu imkanlardan yetərincə istifadə etmədiyini, ölkədə gedən ictimai-siyasi proseslərə təsir imkanlarının məhdud olduğunu bildirmişdir. A.Sıtkı toplantının yekununda qəbul olunacaq sənədlərdə bu problemldərin də nəzərə alınmasını xahiş etmişdir.
 Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri T.Azəri erməni diasporu və lobbisinin Amerikada keçirilən Prezident seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirməsini, ayrı-ayrı namizədlərə «erməni soyqırımı» iddialarını qəbul etməklə bağlı təsir göstərmək cəhdlərini nəzərə alaraq, azərbaycanlı və türk icmalarının seçkilərlə əlaqədar fəaliyyətinin koordinasiya edilməsi məqsədilə ABŞ-da fəaliyyət göstərən  Azərbaycan və Türk diaspor təşkilatları nümayəndələrindən  ibarət İşçi qrupun yaradılması barədə tövsiyənin toplantının sənədinə daxil edilməsini təklif etmişdir.
Estoniya-Azərbaycan  Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev bu il Türk dünyasının görkəmli tarixi şəxsiyyəti, böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinin tamam olduğunu  nəzərə alaraq Avropa ölkələrinin birində Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən birgə yubiley tədbirinin təşkil edilməsini və bu təklifin toplantının sənədinə daxil edilməsini təklif etmişdir. 
Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Cavad Derəxti Koordinasiya Şurasının növbəti toplantısının İsveçin Stokholm şəhərində keçirilməsini təklif etmişdir.
Daha sonra İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevgin, İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyinin sədri  Kamal Beyatlı, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev, «Aydan» Estoniya-Azərbaycan  Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev və başqaları çıxış edərək toplantının əhəmiyyəti, Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın inkişaf perspektivləri haqqında fikirlərini bildirmişlər.
Toplantıda qərara alınmışdır ki, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiyası Şurasının 9 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Eyni zamanda Şuranın katibliyinin yaradılması təklif edilmişdir. Katiblik Koordinasiya Şurasının daimi fəaliyyət göstərən strukturu olacaq və onun ofisi Avropa dövlətlərinin birində yerləşəcəkdir.
Toplantının sonunda Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının Berlin Bəyannaməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Türkiyə Respublikasının  Prezidenti cənab Abdullah Gülə Müraciət, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90-cı ildönümü ilə əlaqədar Bəyanat qəbul edilmişdir. (Toplantının qəbul etdiyi sənədlər əlavə olunur)
Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiyası Şurasının iclası bitdikdən sonra iştirakçılar xatirə foto şəkili çəkdirdilər.

****

Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının toplantısı bitdikdən «Hilton» otelində  «QOBUSTAN» Beynəlxalq Mükafatının təqdimat mərasimi keçirildi.
Azərbaycan-Türk Diasporlarının təşkilatlanması, birliyi, həmrəyliyi, inkişafı, həmçinin xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində xidmətləri olan şəxslərə və təşkilatlara müvafiq naminasiyalar üzrə ilin yekunlarına görə  təqdim olunur.

 

Mükafatlar «Azərbaycan və Türk diasporları arasındakı əməkdaşlığın inkişafı sahəsindəki xidmətlərə görə» nominasiyası üzrə Amerika Türk Assosiasiyaları Assambleyasının  prezidenti NURTEN URAL

 

 

 

«Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması və milli-mədəni irsimizin təbliği sahəsində  uğurlarına görə» nominasiyası üzrə «Azərbaycannın Səsi» Radiosu (Avstraliya)

«Azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması və cəmiyyətə inteqrasiyası sahəsindəki fəaliyyətinə görə»  nominasiyası üzrə Tomris Azəri

«Türk dünyasının tarixinin  araşdırılması sahəsindəki xidmətlərinə görə»  nominasiyası üzrə  Norveç Türkdilli Ölkələrin Tarixini Araşdırmalar İnstitutunun direktoru Sefa  Martin Yürükel

«Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırım aktları barədə məlumatların  dünya ictimayyətinə çatdırılması sahəsindəki  xidmətlərinə görə»  nominasiyası üzrə  Hollandiya Türk-Azərbaycan Kültür Dərnəyi

«Almaniyada Azərbaycan diasporunun təşkilatlanmasına verdiyi dəstəyə görə» nominasiyası üzrə  Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı  Səfirliyi
«Avropa  azərbaycanlıları arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi sahəsindəki fəaliyyətinə görə» nominasiyası üzrə  Avropa Azərbaycanlıları Konqresi
«İraq türkmənlərinin problemlərinə beynəlxalq ictimayyətin diqqətin cəlb edilməsi sahəsində fəaliyyətinə  görə» nominasiyası üzrə  İraq Türkmən Cəbhəsinin Avropa Birliyi Təmsilçiliyi
 «Ahıska türklərinin hüquqlarının bərpası istiqamətindəki  fəaliyyətinə görə» nominasiyası üzrə  Ahiska Türk Dərnəkləri Federasiyasi
«Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasının təmin edilməsi sahəsindəki fəaliyyətinə görə» nominasiyası üzrə  Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzi layiq görülmüşlər
Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının toplantısı çərçivəsində «Sarı gəlin» audio diskinin təqdimat mərasimi keçirilmişdir.

Avropa Azərbaycanlıları Konqresinin  dəstəyi ilə  Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək, xalqımızın çoxəsrlik müsiqi mədəniyyətini dünya ictimaiyyətinə çatdırmaq, mədəni dəyərlərimizin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq məqsədilə «Sarı gəlin» Azərbaycan xalq mahnısının (Azərbaycan, Rus, İngilis dillərində) audio-diski hazırlanmışdır.
Disk barədə məlumat verən Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Məsələləri Daimi komissiyasının sədri,  AMEA-nin müxbir üzvü, Beynəlxalq Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov Ermənilərin Azərbaycan milli mədəniyyətini, o cümlədən xalq mahnısı «Sarı gəlin»i özününküləşdirmək cəhdlərinin qarşısını almağa xidmət edən bir təşəbbüs olduğunu vurğulamışdır.
Tədbir iştirakçılarının hər birinə «Sarı gəlin» diski hədiyyə verilmişdir.

2008-ci ilin mart ayının 27-də Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurasının üzvləri «Berlin Konserthauz»da  Almaniyada Azərbaycan ilinin təntənəli açılış mərasimində iştirak etdilər.  

2008-cı ilin mart ayının 28-dən etibarən Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurasının iclas iştirakçıları  yola salınmışlar.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved