• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI KOORDİNASİYA ŞURASININ BERLİN BƏYANNAMƏSİ


Müasir tarixi situasiya, dünyada baş verən bir sıra mühüm geosiyasi hadisə və proseslər, milli-mədəni inkişaf tendensiyaları, qloballaşmanın nəticələri Türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini və davamlı inkişafını şərtləndirən əsas amillər kimi çıxış etməkdədir. Təqdirəlayiq haldır ki, xalqlarımız bu tarixi zərurəti layiqincə qiymətləndirərək, qarşılıqlı əlaqələrini inkişaf etdirir, siyasi, iqtisadi, sosial-mədəni və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməyə çalışır, ən mühüm strateji məsələlərdə bir-birini cəsarətlə dəstəkləyirlər. Son illərdə Türkdilli xalqların diaspor təşkilatları da bu prosesdə fəal iştirak edirlər.
2007-ci ilin mart ayında Bakı şəhərində keçirilmiş Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu iki qardaş xalqın tarixində mühüm hadisə olmaqla, diasporların həyatında yeni bir səhifə açmışdır. Forumun qəbul etdiyi qərarlar Azərbaycan və Türk xalqlarının yalnız vahid etnomilli mədəniyyətə və tarixə deyil, həm də ortaq strateji maraqlara malik olduğunun parlaq təsdiqi olmuşdur. 2007-ci ilin noyabr ayında Bakı şəhərində keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı Azərbaycan və Türk xalqları arasında əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etdiyini, digər türkdilli xalqların da bu əməkdaşlıq zəncirinə daxil olduğunu göstərdi.
Biz, Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurasının 2008-ci ilin mart ayının 27-də Berlin şəhərində keçirilən illik iclasının iştirakçıları Türkdilli xalqlar və onların diasporları arasında əlaqələrin inkişafı sahəsində nəzərə çarpan müsbət tendensiyaları yüksək qiymətləndiririk. Biz hesab edirik ki, Azərbaycan və Türkiyə dövlətlərinin ardıcıl, davamlı və məqsədyönlü dəstəyi türkdilli xalqların diaspor təşkilatlarının birgə fəaliyyəti üçün mühüm siyasi-ideoloji zəmin yaradır, onların vahid amal ətrafında birləşməsinə stimul verir.
- Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakı Bəyannaməsinin, habelə həmin forumda qəbul olunmuş «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»nın müddəalarını;
- Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarlarını;
- Türkdilli dövlətlərin ortaq strateji maraqlarını;
- Dünyada, xüsusilə də türkdilli xalqların yaşadığı regionlarda cərəyan edən mürəkkəb geosiyasi proseslərin hazırkı nəticələrini və mümkün inkişaf istiqamətlərini;
- Yeni tarixi şəraitdə türkdilli xalqların qarşısında duran mühüm sosial, siyasi, ideoloji vəzifələri;
- Habelə Koordinasiya Şurasının iclasında səslənmiş təklifləri nəzərə alaraq, 

Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurası
bəyan edir:

1. Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülmüş Azərbaycan və Türkiyə Parlamentlərarası Assambleyasının yaradılması təşəbbüsünü alqışlayır.
2.  Türkdilli ölkələrin dövlət başçılarının Zirvə toplantılarının Katibliyinin yaradılması ideyasını dəstəkləyir və onun həyata keçirilməsi üçün türkdilli ölkələrin hökumətlərini müvafiq addımlar atmağa çağırır.
3. Türkdilli xalqların ortaq televiziyasının yaradılması barədə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarını dəstəkləyir.
4. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında səsləndirdiyi Türk dünyasının birliyi haqqında bəyanatını yüksək qiymətləndirir.
5. 2008-ci ilin fevral ayında Almaniyanın Münhen şəhərində keçirilmiş 44-cü Təhlükəsizlik Konfransında Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz hərbi qüvvələrini qeyd-şərtsiz çıxarması barədə bəyanatını təqdir edir.
6. 2008-ci ilin fevralında Almaniyada yaşayan 9 nəfər türkün ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən yanğınları faşist təmayüllü qüvvələr tərəfindən Alman və Türk xalqları arasındakı dostluq münasibətlərini pozmağa yönəlmiş cəhdlər kimi qiymətləndirir, bunu qəti şəkildə pisləyir, hüquq-mühafizə orqanlarının cinayətkarların cəzalandırılması üçün müvafiq addımlar atacağına inamını ifadə edir.
7. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktının beynəlxalq birliyə çatdırılması üçün Türkdilli xalqların diaspor təşkilatları tərəfindən daha qətiyyətli, ardıcıl, müasir təbliğat texnologiyaları əsasında tədbirlər görülməsini vacib hesab edir.
8. 1915-ci il hadisələri ilə bağlı erməni soyqırımı iddialarının ifşası istiqamətində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin genişləndirilməsini zəruri sayır.
9. 2008-ci ildə ABŞ-da keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Azərbaycan və Türk icmalarının ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi üçün bu ölkədəki diaspor təşkilatlarının fəaliyyətlərini daha yüksək səviyyədə koordinasiya edəcəyinə əminliyini bildirir və bununla əlaqədar aşağıdakı tədbirlərin görülməsini məqsədəuyğun hesab edir:
9.1. Koordinasiya Şurası erməni diasporu və lobbisinin Amerikada keçirilən Prezident seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirməsini, ayrı-ayrı namizədlərə «erməni soyqırımı» iddialarını qəbul etməklə bağlı təsir göstərmək cəhdlərini nəzərə alaraq, azərbaycanlı və türk icmalarının seçkilərlə əlaqədar fəaliyyətinin koordinasiya edilməsi məqsədilə ABŞ-da fəaliyyət göstərən  Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələrindən  ibarət İşçi qrupun yaradılmasını tövsiyə edir.
9.2. Koordinasiya Şurası tərəfindən İşçi qrupa tövsiyə olunur:
– Aprel ayı ərzində seçkilərlə əlaqədar Amerikadakı Azərbaycan və Türk, habelə digər türkdilli xalqların diaspor təşkilatlarının birgə fəaliyyətinin taktika və strategiyasını müəyyən edən müvafiq sənəd hazırlayaraq, bütün icmalara təqdim etsin.
– Hazırlanmış sənəd əsasında Amerikadakı türkdilli xalqların diasporlarının hansı namizədi dəstəkləyəcəyinə dair birgə qərar qəbul olunsun.
– Qərar barədə prezidentliyə namizədə məlumat verilsin və icmaların namizədin seçki kampaniyasında fəal iştirakı istiqamətində tədbirlər görülsün.
10. Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində ötən bir il ərzində görülmüş işlər qənaətbəxş hesab edilir, bununla yanaşı, bu əməkdaşlığın inkişaf etdirilməsi üçün aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğun hesab olunur:
– Azərbaycan və Türkiyə həqiqətlərinin təbliği ilə bağlı Koordinasiya Şurasına üzv təşkilatların təklifləri əsasında müvafiq strategiyanın müəyyənləşdirilməsi;
– II Foruma qədər «Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası»na uyğun olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı və türk iş adamlarının birgə forumunun keçirilməsi və Məşvərət Şurasının yaradılmasının təmin edilməsi;
– Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin ictimai-siyasi fəallığının artırılması üçün Koordinasiya Şurasına üzv təşkilatlar tərəfindən xüsusi proqramların hazırlanması və növbəti forumda müzakirəyə çıxarılması;
– Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin insan hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyətin öyrənilməsi, əldə olunmuş məlumatlar əsasında bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi;
– Avropanın mərkəzi şəhərlərindən birində Türkdilli xalqların tarixi və mədəniyyətini nümayiş etdirən muzeyin yaradılması barəsində Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qəbul olunmuş qərarın həyata keçirilməsi istiqamətində Azərbaycan və Türk icmalarının fəaliyyətinin səfərbər edilməsi;
– İraq Türkmənlərinin hüquqlarının müdafiəsi, Ahıska türklərinin repatriasiyası sahəsində problemlərin həlli məsələlərinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması ilə bağlı «Azərbaycan və Türk diaspor təşkilatlarının Birgə fəaliyyət strategiyası»ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün tədbirlərin həyata keçirilməsi.
11. Azərbaycan və Türk diaspor təşkilatlarını öz fəaliyyətlərini daha intensiv və səmərəli şəkildə koordinasiya etməyə dəvət edir və Azərbaycan və Türk diaspor təşkilatları Koordinasiya Şurasının fəaliyyətinin operativliyini təmin etmək məqsədilə qərara alır:
11.1. Azərbaycan və Türk diaspor təşkilatlarıKoordinasiya Şurasının Katibliyi yaradılsın.
 Koordinasiya Şurası Katibliyinin Berlin şəhərində ofislə təmin edilməsi üçün Azərbaycan və Türkiyə Respublikalarının müvafiq dövlət orqanlarına müraciət edilsin.
 Katiblik Koordinasiya Şurasının üzvlərinin fəaliyyətini əlaqələndirmək, mütəmadi olaraq Koordinasiya Şurasının qarşısında duran məsələləri müzakirə etmək üçün İdarə Heyətinin iclaslarını təşkil etmək, Azərbaycan və Türk icmalarının təşkil etdikləri tədbirlərə, hazırladığı layihələrə ideoloji, mənəvi və maddi dəstək vermək, habelə müstəqil şəkildə müxtəlif layihələr hazırlayaraq İdarə heyətinə təqdim etmək, kütləvi informasiya vasitələri, qeyri hökumət təşkilatları, digər xalqların diaspor qurumları ilə əlaqələr qurmaq hüququna malikdir.
11.2. Koordinasiya Şurası üzvlərinin fəaliyyətinin əlaqələndirilməsini təkmilləşdirmək məqsədilə 9 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. İdarə heyətinə tövsiyə edilsin:
 İldə 4 dəfədən az olmamaq şərtilə öz toplantılarını keçirsin;
 Katibliyin effektiv fəaliyyəti üçün zəruri tədbirlərin görülməsini təmin etsin;
 Keçirilmiş toplantıların yekunları və qəbul edilmiş qərarlar barədə Koordinasiya Şurasının bütün üzvlərini  məlumatlandırsın.
12. Azərbaycan və Türk diaspor təşkilatları arasında əlaqələrin və informasiya mübadiləsinin operativliyini təmin etmək üçün Azərbaycan və Türkiyə respublikalarının müvafiq dövlət orqanlarının dəstəyi ilə beynəlxalq «Network» sisteminin yaradılsın.
13. Koordinasiya Şurası Türk dünyasının görkəmli tarixi şəxsiyyəti, böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Avropa ölkələrinin birində Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən birgə yubiley tədbirinin təşkil edilməsi  ilə bağlı müvafiq tədbirlər görsün.
14. İdarə Heyəti Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin II Forumu ilə bağlı texniki-təşkilati məsələlərin həlli ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları ilə məsləhətləşmələrə başlasın və nəticələr barədə Koordinasiya Şurası üzvlərinə məlumat versin.
Koordinasiya Şurası iclasının iştirakçıları əmindirlər ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları qəbul olunmuş qərar və tövsiyələrin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək, Türk xalqlarının ortaq problemləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlarını səfərbər edəcək, türkdilli ölkələrin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, Türk dünyasının birliyi ideyalarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışacaqlar.


Bəyannamə Azərbaycan və Türk Diaspor Təşkilatları
Koordinasiya Şurasının
illik toplantısında qəbul edilmişdir

27 mart 2008-ci il
Almaniya, Berlin şəhəri

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved