• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Azərbaycan və Türk Diaspor təşkilatları Koordinasiya Şurasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti cənab Abdulla Gülə müraciəti


Möhtərəm cənab Prezidentlər!
Vahid etnik mənşəyə, ortaq milli-mənəvi dəyərlərə və tarixə malik türkdilli xalqlar arasında əməkdaşlığın müasir inkişaf səviyyəsi ölkələrimizin gələcəyi üçün etibarlı zəmin yaratmaqdadır. Tarixin ağır sınaqlarına mətanətlə sinə gərmiş xalqlarımız öz milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, qloballaşan dünyaya sürətlə inteqrasiya edir, sivilizasiyalararası dialoqun, beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsində önəmli rol oynayır.
Türkdilli ölkələrin ortaq strateji maraqları öz ideoloji məzmununu və tarixi mənasını xalqlarımızın vahid etnomədəniyyət xəzinəsindən götürür. Türk xalqlarının birliyinin möhkəmləndirilməsi dünyada sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bizim xalqlarımız öz qədim və şərəfli tarixi ərzində daim sülhün və əmin-amanlığın  təminatçısı olmuşlar.
Bu gün regionda həyata keçirilməkdə olan transmilli layihələrdə Azərbaycan və Türkiyə, eləcə də digər türkdilli dövlətlərin aparıcı rol oynaması ölkələrimizin sarsılmaz ittifaqının təzahürüdür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yol xəttinin inşası nəinki regionda, eyni zamanda bütün dünyada qlobal iqtisadi inteqrasiya proseslərinin inkişafına öz töhfəsini verməkdədir. 


Cənab Prezidentlər!
Türkdilli ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantıları, Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayları, 2008-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə təşkil olunmuş Azərbaycan və Türk diaspor təşkilatlarının I forumu və bir sıra digər tədbirlər Türk dünyasının birliyi ideyasının reallaşmaqda olduğuna parlaq sübutlardır. Türkdilli ölkələrin Parlament Assambleyasının və Zirvə Toplantıları Katibliyinin yaradılması istiqamətində dövlətlərimizin göstərdiyi əzm və iradə Azərbaycan və Türk xalqlarının bu məsələdə son dərəcə qərarlı və qətiyyətli olduğunu bir daha təsdiq edir.
Qloballaşma proseslərinin vüsət aldığı müasir dünyamızda sivilizasiyalararası barışıq, xalqların qarşılıqlı inteqrasiyası zamanın tələbinə çevrilmişdir. Türkdilli xalqların birliyi ideyası bu tələbin təzahürü kimi meydana çıxmaqdadır. Bu mənada Azərbaycan və Türk diaspor təşkilatları arasında son illərdə inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri xalqlarımızın milli maraqlarından, dəyişməkdə və təkmilləşməkdə olan beynəlxalq münasibətlər sisteminin yeni reallıqlarından irəli gəlir.
Biz – 2008-ci ilin mart ayında Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilmiş Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası iclasının iştirakçıları bu yeni mərhələdə Türk dünyasının qarşısında duran taleyüklü vəzifələrin həlli istiqamətində qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsini və mümkün inkişaf perspektivlərini müzakirə etdik. Biz bir daha əmin olduq ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin, eləcə də digər türkdilli xalqların nümayəndələrinin cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, ictimai-siyasi proseslərə təsir imkanlarının artırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı «erməni soyqırımı» təbliğatının ifşa edilməsi, Dağlıq Qarabağın işğalı, Kərkük türklərinin məruz qaldığı haqsızlıqlar, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, Ahıska türklərinin repatriasiyası sahəsində çətinliklər və bir sıra digər taleyüklü məsələlərin həlli sahəsində diasporların qarşısında da olduqca mühüm vəzifələr durur. Çünki, Türk dünyasının birliyi ideyası konkret bir sahə ilə məhdudlaşmır, geniş sosial-fəlsəfi, ideoloji-siyasi və tarixi məna kəsb edir. Biz Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsmayıl bəy Qaspıralı, Ziya Göyalpın miras qoyduğu, Mustafa Kamal Atatürk və Heydər Əliyevin ləyaqətlə davam etdirdiyi müqəddəs ideyalların həyata keçirilməsi üçün bütün səy və bacarığımızı əsirgəməyəcəyik.


Möhtərəm Prezidentlər!
Sizi əmin edirik ki, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurası xalqlarımızın qarşısında duran taleyüklü vəzifələrin tarixi məsuliyyətini dərindən dərk edərək, dünyanın müxtəlif ölkələrində məskunlaşmış milyonlarla azərbaycanlı və türk qardaşlarımızı Türk dünyasının ümumi mənafeləri naminə birləşdirmək missiyasını bundan sonra da ləyaqətlə yerinə yetirməyə çalışacaqdır. Azərbaycan və Türkiyə Prezidentlərinin, onların şəxsində iki dövlətin davamlı dəstəyi, diqqət və qayğısı, Türk xalqlarının birliyi naminə atdığı müdrik addımlar bu şərəfli missiyanı müvəffəqiyyətlə həyata keçirməyimizə zəmin yaradır.
Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurası Sizə – Azərbaycan və Türkiyə Respublikalarının Prezidentlərinə müraciət edərək, Türkdilli xalqların rifahı və birliyi naminə fəaliyyətinizi dəstəklədiyini bəyan edir. İnanırıq ki,  xalqlarımızın birliyi, dövlətlərimizin müttəfiqliyi ortaq problemlərimizin həllinin ən düzgün yoludur. Bu yolda, cənab prezidentlər – Sizə və Sizin şəxsinizdə bütün türk dünyasına uğurlar arzulayırıq.

Müraciət Azərbaycan və Türk Diaspor Təşkilatları
Koordinasiya Şurasının
içlasında qəbul edilmişdir
27 mart 2008-ci il
Almaniya, Berlin şəhəri

 

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved