• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


İqtisadiyyat


Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş ("Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)" və s.) və bir çoxları da hazırlıq mərhələsindədir ("Azərbaycan Respublikasının məşğulluq strategiyası", "Qeyri-neft sektoru üzrə ticarət və investisiyanın inteqrə olunmuş strategiyası" və s.).

 Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanmışdır.

Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. "Əsrin münaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

 1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman imzalamışdır.

Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir.

Ulu öndərimiz Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.

Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində 1995-2004-cü illərdə sənaye sahəsində də əhəmiyyətli nəticələr əldə olunmuşdur. 1994-cü ilin 20 sentyabrında neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Sənaye məhsulunun istehsalında artım müşahidə olunur. Demək olar ki, sənayenin bütün sahələrində, o cümlədən neft və qaz, kimya və neyt-kimya, maşınqayrıma və metal emalı, tikinti materialları sənayesi sahələrində nəzərəçarpan irəliləyiş nəticəsində məhsul istehsalının həcmi çoxalmışdır. Qeyd edək ki, hasilat sənayesi ilə yanaşı emal sənayesi də inkişaf edir. Son altı ildə emal sənayesi sahələrində məhsul istehsalı 1,5 dəfə, o cümlədən yeyinti sənayesində 43 faiz, taxta məmulatları istehsalında 2 dəfə, kağız məmulatı istehsalında 30 faiz, kimyəvi məhsulların buraxılışında 2,5 dəfə, tikinti materialları istehsalında 5 dəfə, metallurgiya sənayesində 3 dəfə artmışdır.

1993-2003-cü illər ərzində 3 mindən artıq yeni sənaye müəssisəsi açılmış və 2004-cü ilin yanvarın 1-i vəziyyətinə onların sayı 5536-ya çatmışdır. Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və indi də həyata keçirilməkdə olan "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrin sayı bu illərdə 3 dəfə artmışdır. Hazırda sənaye sahəsində 63 dövləti təmsil edən, 192 xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılmışdır. Milli iqtisadiyyatımızda 2003-cü ildə qoyulmuş investisiyaların 74%-i məhz sənaye sahələrinə qoyulmuşdur. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərəçarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dovlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.

 İqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı göstərmək olar.

Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olmaqla, ölkənin inkişafında və əhalinin zəruri istehlak malları ilə təminatında mühüm rol oynamışdır.1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. Belə ki, "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapmışdır.

Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və kolxozllar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.

Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.

 Bank sistemində aparılan islahatlar müstəqilliyin ilk illərində banklara yaranmış inamsızlığı aradan qaldırmaqda mühüm rol oynamışdır. Ölkədə müasir bank quruculuğu işlərinə başlanılmış, ikipilləli bank sisteminin formalaşması, bankların möhkəmlənməsi, onların nizamnamə kapitalının artması istiqamətində işlər aparılmışdır. Sərbəst bazar iqtisadiyyatı şəraitində öz işini qura bilməyən və rəqabətə davam gətirə bilməyən zəif banklar sıradan çıxmışdır. Ölkədə fəaliyyət göstərən bankların sayı 4 dəfəyə yaxın azalmaqla yanaşı, bank sisteminin kapital bazası 5 dəfə artmışdır.

İqtisadi inkişafı təmin edən əsas amillərdən biri kapital qoyuluşunun dinamikasıdır. Belə ki, kapital qoyuluşuna yönəldilən investisiya istehsalın artması ilə yanaşı yeni müəssisələrin, təhsil, səhiyyə, yaşayış və digər sosial obyektlərin tikilib istismara veriməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Onə görə də Azərbaycan Respublikasının iqtisadi siyasətində ildən-ilə investisiyaların, o cümlədən xarici investisiyaların həcminin artırılması öncül sahələrdən sayılır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuş və iqtisadi problemlər, bazar iqtisadiyyatına keçid barədə məsələlər üzrə bu təşkilatlarla mütəmadi olaraq məsləhətləşmələr aparır, onların maliyyə imkanlarından istifadə edir.

Beləliklə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman kəsiyi ərzində verdiyi çoxsaylı müsbət nəticələr bir daha Azərbaycan Respublikasının rəhbərliyinin əzmlə həyata keçirdiyi iqtisadi siyasətin düzgünlüyünü sübut edir.

 

 

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved