• Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilibBrüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib
  • Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək


Əsasnamə


AZƏRBAYCAN RESPUBLİKASININ

DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ HAQQINDA

 

ƏSASNAMƏ

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 14 may tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

 

I. ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında yaradılmışdır.

Komitə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan mənbələr hesabına maliyyələşdirilir.

6. Komitə Bakı şəhərində yerləşir.

II. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2 diasporla iş sahəsinin inkişafını təmin edir;

7.3. beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir;

7.4. xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır;

7.5. xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir;

7.6. beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir;

7.7. xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir;

7.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. KOMİTƏNİN VƏZİFƏLƏRİ

8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərmək;

8.2. Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi və dünyəvi dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xarici ölkələrdə yaşayan həmvətənləri, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq;

8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4. digər icra hakimiyyəti orqanlarının diaspor işi ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.6. dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək;

8.7. xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxana, arxiv, muzey, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər dövlət orqanları ilə birgə yardım göstərmək;

8.8. xaricdə yaşayan həmvətənləri Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycanın iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaratmaq;

8.9. xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin, habelə onların əməkdaşlıq etdiyi digər diaspor təşkilatlarının Azərbaycan Respublikası ilə əlaqələrinin qurulmasına və inkişafına kömək göstərmək;

8.10. xaricdə yaşayan azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması prinsipinə uyğun olaraq dəstək vermək, bu məqsədlə azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli iş mexanizmi qurmaq və problemlərin həllinə kömək göstərmək;

8.11. xaricdə yaşayan azərbaycanlıların keçirdikləri mühüm tədbirlərdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına kömək göstərmək;

8.12. Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliğ edilməsi və mənafelərinin müdafiəsi işində Azərbaycana ənənəvi müsbət münasibəti olan diasporların imkanlarından istifadə etmək;

8.13. diasporla iş sahəsinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.14. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

8.16. diaspor işinin təşkili sahəsində kadr hazırlığını təmin etmək;

8.17. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.19. xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumları ilə əməkdaşlığın inkişafı sahəsində görülmüş işlər haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

8.20. xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə yardım etmək, azərbaycanlıların ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsinə kömək etmək;

8.21. xaricdə yaşayan azərbaycanlıların problemləri, eləcə də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı dəyirmi masalar, seminarlar və konfranslar keçirmək;

8.22. xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər həyata keçirmək, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənmək və həllinə dair Azərbaycan Respublikasının dövlət strukturları, eləcə də Xarici İşlər Nazirliyinin vasitəsi ilə müvafiq xarici dövlətlər qarşısında təkliflər irəli sürmək;

8.23. azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə və regionlarda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasını və fəaliyyətini təşkil etmək;

8.24. xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor nümayəndələrinin Azərbaycan dövlətinə və onun vətəndaşlarına maddi, mənəvi və humanitar yardımını təşkil etmək və aidiyyəti üzrə istiqamətləndirmək;

8.24-1. xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada sosial yardım göstərmək;

8.25. respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə xarici ölkələrdə yaşayan azərbaycanlıların və onların ictimai birliklərinin, habelə zərurət yarandıqda, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumlarının iştirakına kömək etmək;

8.26. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının tədris müəssisələrində təhsil almasına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına yardım etmək;

8.27. xaricdə yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək;

8.28. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. KOMİTƏNİN HÜQUQLARI

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. diasporla iş sahəsinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və onların hazırlanmasında iştirak etmək;

9.2. diasporla iş sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüs irəli sürmək;

9.3. diasporla iş sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.4. xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

9.5. xarici dövlətlərin diasporla işin təşkili və aparılması sahəsində təcrübəsini öyrənmək, ümumiləşdirmək və qabaqcıl təcrübənin tətbiq olunmasını təmin etmək;

9.6. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

9.7. xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə bağlı informasiya və nəşr fəaliyyətini həyata keçirmək, internet saytı yaratmaq və ondan istifadə etmək;

9.8. diasporla iş aparmaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə Xarici İşlər Nazirliyi tərəfindən təyin olunan işçilər haqqında təqdimat vermək;

9.9. xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə iş üzrə komissiyalar, koordinasiya və ekspert şuraları, işçi qrupları yaratmaq;

9.10. diasporla iş sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

9.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Komitənin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını, həmçinin Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini vardır. Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Komitənin sədri:

14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Komitənin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Komitənin aparatının işçilərini və strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Komitənin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq hesabatlar və məlumatlar təqdim edir;

14.7. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.8. Komitəni təmsil edir;

14.9. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

15. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən və Komitənin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.

20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Komitənin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, həmçinin xaricdə yaşayan azərbaycanlıların və onların ictimai birliklərinin nümayəndələri dəvət edilə bilər.

22. Diasporla iş sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-metodiki şura yaradıla bilər. Elmi-metodiki şura haqqında əsasnamə Komitənin sədri tərəfindən təsdiq edilir.

 

VII.  KOMİTƏNİN ÜNVANI

 

AZ1000, Səməd Vurğun küçəsi 42, Bakı,

Azərbaycan

 

 

QEYD: 2017-ci il 03 may tarixli 1365 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (əlavə olunur)

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved