• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN II QURULTAYI


 

 
   19 oktyabr 2004-cü il
   Ümumrusiya Azərbaycan Konqresinin 2004-cü il oktyabr ayının 19-da Moskva şəhərində keçirilən II qurultayında Rusiya Federasiyasındakı Azərbaycan diasporunun üçillik fəaliyyətinə yekun vurulmuş və gələcək işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin qurultayda iştirakı tədbirin əsas hadisəsinə çevrilmişdir. Dövlət başçıları Konqresin fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində bu təşkilatın əhəmiyyətini vurğulamışlar.
Ümumrusiya Azərbaycan Konqresinin II Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nitq söyləmişdir.
 
        AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli Vladimir Vladimiroviç!
Əziz dostlar! 
Bu gün Ümumrusiya Azərbaycan Konqresinin ikinci qurultayının işində iştirak etməyimə çox şadam. Mən həmçinin çox şadam ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin bu qurultayın işində iştirak edir. Əminəm ki, qurultayın keçirilməsi, habelə Rusiya və Azərbaycan rəhbərliyinin ikitərəfli əlaqələrə, Rusiyadakı azərbaycanlıların və Azərbaycandakı rusların həyat və fəaliyyətinə diqqət yetirməsi dövlətlərimiz arasında dostluq, mehriban qonşuluq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə təkan verəcəkdir. 

Konqresin yaradılmasının özü əlamətdar hadisə olmuşdur. Hamımızın bildiyi kimi, azərbaycanlılar Rusiyanın müxtəlif regionlarında çoxdan yaşayırlar. Əlbəttə ki, təşkilatın strukturca formalaşması, regional qurumların əksəriyyətini öz ətrafında sıx birləşdirən güclü təşkilat yaradılması azərbaycanlıların birləşməsi işində, onların Rusiyada gedən ictimai proseslərə daha fəal cəlb edilməsi işində çox mühüm amil olmuşdur. 
Ümumrusiya Azərbaycan Konqresinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlıların müvafiq qurumlarının formalaşdırılması sahəsində məqsədyönlü siyasətinin bir mərhələsi idi. Bildiyiniz kimi, Heydər Əliyevin qərarı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, habelə dünya azərbaycanlılarının birinci qurultayı keçirilmişdir. Mən çox şadam ki, Ümumrusiya Azərbaycan Konqresi qısa müddətdə çox güclü, nüfuzlu struktura – bütün regional təşkilatları öz ətrafında birləşdirə bilmiş və istər Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması məcrasında, istərsə də ikitərəfli əlaqələrimizin genişlənməsi və möhkəmlənməsi məcrasında fəal işləyən struktura çevrilmişdir. Konqres bu istiqamətdə çox mühüm rol oynayır. 
Böyük məmnunluqla demək istəyirəm ki, son illər məhz Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin və Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyevin səyləri sayəsində dövlətlərimiz arasında münasibətlər tamamilə yeni səviyyəyə qalxmışdır. İnamla demək olar ki, ölkələrimiz arasındakı müasir mehriban qonşuluq münasibətlərinin bünövrəsini məhz onlar qoymuşlar. 
Bizim hamımız Rusiya Prezidentinin Azərbaycana ilk rəsmi səfərini yaxşı xatırlayırıq. Bu səfər böyük uğurla keçdi və ondan sonra qarşılıqlı surətdə faydalı əməkdaşlığın tamamilə yeni perspektivləri açıldı. Biz bir daha əmin olduq ki, Rusiya və Azərbaycan əməkdaşlığın bütün sahələrində çox böyük potensiala malikdirlər. Məhz Vladimir Vladimiroviçin Azərbaycana səfərindən sonra bizim iqtisadi münasibətlərimizdə yeni mərhələ başlandı. Əmtəə dövriyyəsinin inkişafı buna çox yaxşı əyani sübutdur. Rusiyanın da, Azərbaycanın da iqtisadi potensiallarının çox böyük sürətlə inkişaf etdiyini nəzərə alsaq, deyə bilərik ki, ölkələrimiz iqtisadi dirçəliş və iqtisadi qüdrətin möhkəmlənməsi mərhələsini yaşayırlar və əlbəttə, dövlətlərimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığı üçün yeni perspektivlər açılır. 
Ölkələrimizin iqtisadiyyatı həmişə bir-biri ilə sıx bağlı olmuşdur. Bu gün də Rusiya bazarı Azərbaycan malları üçün və Azərbaycan bazarı Rusiya malları üçün, əlbəttə ki, öncül istiqamətlərdir. Mən çox şadam ki, iqtisadi əlaqələrimiz elə bir səviyyəyə gəlib çatmışdır ki, bu, bizə əmtəə dövriyyəmizi ikiqat artırmağa imkan verəcəkdir. Bu ilin ilk aylarının nəticələri sübut edir ki, biz bu istiqamətdə çox sürətlə irəliləyirik. 
Siyasi əlaqələrin səviyyəsi bu gün ölkələrimizin qarşılıqlı mənafelərinə tam cavab verir. Rusiya ilə Azərbaycan arasında həll olunmamış heç bir problem yoxdur. Vaxtilə mövcud olan problemlərin hamısı artıq arxada qalmışdır və mən bu məsələdə Prezident Vladimir Putinin böyük rolunu xüsusi qeyd etməliyəm. Rusiya ilə Azərbaycan arasında münasibətlər hər iki dövlət müstəqillik qazandıqdan sonra da var idi, lakin məhz Vladimir Vladimiroviç hakimiyyətə gəldikdən sonra bu münasibətlər daha fəal surətdə inkişaf etməyə başlamışdır. 
Siyasi planda lap çoxdankı, yığılıb qalmış siyasi dialoqun normal inkişafına mane olan problemlər həll olunmuşdur. Bu gün bir daha böyük sevinclə təkrar etmək istəyirəm ki, ölkələrimiz arasında həll olunmamış heç bir problem yoxdur. Siyasi dialoqun, ünsiyyətin çox yüksək səviyyəsi mövcuddur. Siz bilirsiniz ki, bütün səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində çox fəal ünsiyyətlər vardır, Azərbaycanda prezident seçkilərindən sonra bu, mənim Rusiyaya üçüncü səfərimdir. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti səviyyəsində, mədəni, elmi səviyyələrdə də çox fəal əlaqələr yaranmaqdadır. Bütün bunların hamısı Azərbaycanın da, Rusiyanın da xeyrinədir. 
Biz regional məsələlərdə, dünya siyasəti məsələlərində də çox aktiv qarşılıqlı fəaliyyət göstəririk. Əksər məsələdə baxışlarımız uyğun gəlir. Bu, bizə beynəlxalq aləmdə də vahid mövqelərdən çıxış etməyə imkan verir. Mənə çox xoşdur ki, bütün bu nailiyyətlər adamlarımıza bir-biri ilə daha fəal qarşılıqlı əlaqə saxlamağa, bir-birini daha yaxşı tanımağa imkan yaradır. 
Bildiyiniz kimi, Azərbaycanda ruslara münasibət həmişə son dərəcə xeyirxah olmuşdur. Bu gün də belədir. Azərbaycanda heç bir rus məktəbi bağlanmayıbdır. Azərbaycanda yaşayan hər hansı xalqlar barəsində heç vaxt ayrı-seçkilik siyasəti aparılmayıbdır. Deməliyəm ki, Azərbaycanın bütün dövlət ali məktəblərində rus dilində tədris şöbəsi var. Əgər sovet dövrünün statistikası ilə müqayisə etsək, görərik ki, Azərbaycanda rus dilində çıxan qəzetlərin sayı bir neçə dəfə artmışdır. Zənnimcə, Azərbaycan Rusiya televiziya kanalları verilişlərinin sərbəst qəbul edildiyi bir neçə ölkədən biridir. 
Bütün bunlar keçmişimizə necə qayğı ilə yanaşdığımıza sübutdur, artıq tamamilə başqa mühitdə, müstəqillik mühitində böyüyüb formalaşan vətəndaşlarımızın yeni nəsillərinin, rusiyalıların və azərbaycanlıların yeni nəsillərinin əsası əvvəlki nəsillər tərəfindən qoyulmuş yaxşı və xeyirxah ənənələri davam etdirməsi üçün bu əlaqələri necə qoruyub saxlamağımıza və möhkəmləndirməyimizə sübutdur.
Bununla əlaqədar, mən bu gün qürur duyduğumuz əməkdaşlığımızın yüksək səviyyədə olmasında çox mühüm rol oynamış daha bir məqamı qeyd etmək istərdim. Bu, ümummilli liderimiz mərhum Prezident Heydər Əliyev ilə Vladimir Putin arasındakı şəxsi hörmət, dostluq hissləridir. Onların arasında ən məhrəmanə, ən səmimi dostluq münasibətləri mövcud idi. Mən bunu, necə deyərlər, kimdənsə eşitməmişəm. Əlbəttə ki, indi Rusiyanın və Azərbaycanın tərəfdaşlar, mən deyərdim, strateji tərəfdaşlar olmasına bu münasibətlər də çox kömək etmişdir. Bu istiqamətdə, eləcə də ölkəmizin fəaliyyətinin bütün digər sahələrində Heydər Əliyevin siyasəti davam edir. 
 Əsası son 3-4 ildə qoyulmuş ənənələrin inkişaf və davam etməsi üçün öz tərəfimdən mən səy göstərirəm və bundan sonra da var qüvvə ilə çalışacağam. Bu ənənələr regionumuza, sülhün hələ tamamilə gəlmədiyi regiona, çox həssas, olduqca özünəməxsus regiona, xüsusi tarixə, xüsusi ənənələrə malik regiona, müxtəlif millətlərin yaşadıqları və əlbəttə ki, özünə çox qayğıkeş münasibət göstərilməsini tələb edən regiona firavanlıq, əmin-amanlıq, dinclik gətirəcəkdir. Əminəm ki, Rusiya və Azərbaycanın regionda riskin azaldılmasına, təhlükəsiz mühit yaranmasına yönəldilmiş fəaliyyəti Qafqaza sülhün, firavanlığın və təhlükəsizliyin gəlməsinə kömək edəcəkdir. 
Əziz dostlar, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə bu gün qurultayın işində iştirakına görə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Konqresə uğurlar arzulamaq istəyirəm, Rusiyada yaşayan bütün azərbaycanlılara firavanlıq, xoşbəxtlik, müvəffəqiyyətlər arzulamaq istəyirəm. Rusiya sizin vətəninizdir, amma bilin ki, Azərbaycan da vətəninizdir. Biz istəyirik ki, Rusiyada azərbaycanlıların həyatı firavan, zəngin, rəngarəng olsun. Bunu demək bəlkə də artıqdır, əlbəttə, istərdik ki, öz tarixi vətəninizlə saxladığınız əlaqələr də möhkəmlənsin. Mən Rusiyada yaşayan bütün azərbaycanlılara, Azərbaycanda yaşayan bütün ruslara əmin-amanlıq, xoşbəxtlik, firavanlıq arzulayıram.
   Sağ olun.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved