• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


İSTANBULUN SARIYER RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI


12 iyul 2006-ci il

 
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də İstanbul şəhərinin Sarıyer rayonundakı Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsinin açılışında iştirak etmək üçün Heydər Əliyev küçəsinə gəldi. Buraya toplaşan minlərlə sakin dövlətimizin başçısını böyük hörmət və hərarətlə qarşıladılar. Ətraf binada türk dünyasının dahi şəxsiyyətləri Atatürkün və Heydər Əliyevin portretləri, Azərbaycanın və Türkiyənin dövlət bayraqları asılmışdı.
“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir!”, “Dağlıq Qarabağ Azərbaycanındır və Azərbaycanın da olacaq!”, “Türkiyəyə xoş gəlmisiniz, Türkiyə xalqı Sizinlə fəxr edir!” sözləri yazılmış transparantlar diqqəti cəlb edir, ulu öndərlər Atatürkün və Heydər Əliyevin “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, “Biz bir millət, iki dövlətik” müdrik kəlamları səslənirdi.
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
 
- Əziz dostlar!
 
Əziz bacılar və qardaşlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Yenidən qardaş Türkiyədə olmağımdan çox böyük məmnunluq hissi keçirirəm. Türkiyə-Azərbaycan qardaş ölkələrdir, bizim xalqlarımız da qardaş xalqlardır. Bu gün bu gözəl tədbirdə iştirak etmək həm böyük məsuliyyətdir, həm də böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyevin bütün həyatı və fəaliyyəti doğma xalqına xidmət etməkdən ibarət olmuşdur. O, həyatının bütün dövrlərində Azərbaycana sədaqətlə, ləyaqətlə xidmət etmişdir. 1993-cü ildə isə, Azərbaycana qayıdandan, prezident seçiləndən sonra Azərbaycanın uzunmüddətli inkişaf strategiyası başlandı. Azərbaycan uzun illər, əsrlər boyu müstəqillikdən məhrum olmuşdur, biz başqa ölkələrin tərkibində yaşayırdıq. 1991-ci ildən isə müstəqil dövlət kimi yaşamağa başladıq. O illər Azərbaycanda çox ağır keçirdi, ölkəmiz çox böyük çətinliklərlə üzləşmişdi. Həm iqtisadi, həm siyasi böhran hökm sürürdü və faktik olaraq, ölkənin müstəqil həyatı təhlükə qarşısında idi. Ölkə parçalanma ərəfəsində idi.
Azərbaycan xalqının müdrikliyi Heydər Əliyevin Azərbaycana dəvət edilməsi ilə bir daha özünü göstərdi və 1993-cü ildən bu günə qədər Azərbaycan öz inkişaf dövrünü yaşayır, bütün sahələrdə ölkəmiz güclənir, möhkəmlənir. Azərbaycanın müstəqilliyi artıq əbədi, dönməz xarakter almışdır və ölkəmiz dünya birliyində də özünə layiq yerini tuta bilmişdir. Azərbaycanda gedən müsbət proseslər ölkəmizin inkişafı ilə yanaşı, bölgədəki proseslərə müsbət təsir göstərir. Bu gün siyasi-iqtisadi cəhətdən Azərbaycan çox uğurla inkişaf edən bir ölkədir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1990-cı illərin ortalarında başlanmış uğurlu siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox böyük potensiala malik olan ölkəyə çevirmişdir. İqtisadi sabitlik, siyasi sabitlik, ictimai-siyasi vəziyyətin normallaşması, Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyulması - bütün bunlar ulu öndər Heydər Əliyevin əməyidir. Əgər bu gün Azərbaycan iqtisadi artımın sürəti baxımından dünyada birinci yeri tutursa, bunun təməli, əsası məhz 1990-cı illərin ortalarında qoyulmuşdur. Bu gün ölkəmiz çox sürətlə inkişaf edir, keçən il Azərbaycanda iqtisadi artım 26 faiz olmuşdur. Siyasi cəhətdən ölkə bölgədə öz mövqelərini möhkəmləndirir və Azərbaycan xalqı gələcəyə inamla baxır.
Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında da böyük rolu olmuşdur. O, Türkiyəni ürəkdən sevirdi. Hər zaman Türkiyəyə gələndə özünü çox rahat, çox xoşbəxt hiss edirdi və Türkiyə-Azərbaycan əlaqələrinin yüksək zirvəyə qalxmasında Heydər Əliyevin danılmaz rolu vardır.
Onun məşhur “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı bizim hamımız üçün əzizdir, hamımız üçün doğmadır. Bu ifadə, bu kəlam ürəkdən gələn bir söz idi. Ancaq bununla bərabər, bu sözün çox böyük mənası var, tarixi əhəmiyyəti var. Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsi üçün, inkişafı üçün böyük önəmi var və bu gün həm Türkiyədə, həm də Azərbaycanda bu söz artıq insanların qəlbində yaşayır. Biz bu gün çalışırıq və bundan sonra da çalışacağıq ki, aramızda olan bu gözəl qardaşlıq münasibətlərini daha da irəliyə aparaq, daha da möhkəmləndirək, yeni formalarla zənginləşdirək. Bizim birliyimizdən çox şey asılıdır. Bizim xalqlarımızın xoşbəxtliyi bölgədə gedən proseslər, təhlükəsizliyin, bölgədə işbirliyinin möhkəmlənməsi - bütün bunlar çox böyük dərəcədə Türkiyə-Azərbaycan işbirliyindən asılıdır. Bu işbirliyi indi ən yüksək zirvəyə qalxıbdır. Bizim aramızda siyasi, iqtisadi, mədəni, bütün başqa əlaqələr ən yüksək zirvədədir. Biz bundan çox məmnunuq. 
Sabah biz böyük bir tarixi hadisəni yaşayacağıq. Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın müasir neft strategiyasının ən önəmli hadisəsi, uzun illər ərzində üzərində işlədiyimiz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışını birlikdə qeyd edəcəyik. Bakı-Tbilisi-Ceyhan boru xətti Heydər Əliyevin adını daşıyır. Bu da təsadüfi deyildir. Çünki məhz onun təşəbbüsü ilə 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi haqqında qərar verilmişdir. Türk qardaşlarımız Ceyhan terminalına da Heydər Əliyevin adını vermişlər. Bu, bir daha onu göstərir ki, həmin layihələrin gerçəkləşməsində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri iki ölkəni daha da sıx birləşdirəcək, bizim önəmimizi artıracaq və Türkiyə-Azərbaycan müttəfiqliyini, qardaşlığını, işbirliyini daha da möhkəmləndirəcəkdir. Bu, dünya əhəmiyyətli bir layihədir. Dünyanın ən böyük enerji layihəsidir. Ancaq bunun ardınca yeni bir layihə gəlir. Bakı-Tbilisi-Ərzurum qaz xəttinin çəkilişi artıq başlanmışdır və bu ilin sonuna qədər onun istismara verilməsi nəzərdə tutulur. Bu, bir daha onu göstərir ki, düşünülmüş, məqsədyönlü neft strategiyası öz bəhrəsini verməkdədir. Bu layihə həyata keçirildikdən sonra Azərbaycan qazı həm Gürcüstana, həm Türkiyəyə veriləcək, eyni zamanda, Türkiyə üzərindən digər ölkələrə də nəql ediləcəkdir. Bu, o deməkdir ki, artıq bu layihələr regional müstəvidən çıxıb beynəlxalq, dünya müstəvisinə keçir. Dünyada enerji təhlükəsizliyinin möhkəmlənməsində öz rolunu oynayacaqlar. Bu hadisə bir də onu göstərir ki, işbirliyi olan yerdə, qarşılıqlı anlaşma olan yerdə bütün məsələlər öz həllini tapa bilər. Bakı-Tbilisi-Ceyhan layihəsi bir neçə il bundan əvvəl əfsanə kimi qələmə verilirdi. Bəziləri inanmırdı ki, biz onu həyata keçirəcəyik. Amma xalqlarımızın birliyi, rəhbərlərimizin birgə fəaliyyəti bunu əfsanədən gerçəkliyə çevirdi. Bütün başqa sahələrdə də bizim əlaqələrimiz möhkəmlənir və mən də öz tərəfimdən bu siyasəti davam etdirirəm və gələcəkdə də davam etdirəcəyəm. 
Heydər Əliyevin siyasəti Azərbaycanda bütün sahələrdə yaşayır, o cümlədən Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işində. Bu münasibətlər daha da möhkəmlənməlidir, bizim birliyimiz daha da sıx olmalıdır. Biz bütün məsələlərə vahid mövqedən yanaşırıq. Həm ikitərəfli münasibətlərdə, həm regionda gedən proseslərdə, həm də bütövlükdə dünya üçün əhəmiyyətli olan məsələlərdə Türkiyə və Azərbaycan vahid mövqedən çıxış edir. Bu, həm bizim üçün, ölkələrimiz, xalqlarımız üçün, eyni zamanda bölgə üçün, dünya üçün çox önəmlidir. Artıq bizim işbirliyimiz, birgə həyata keçirdiyimiz nəhəng layihələr önəmimizi artırır, dünyadakı mövqelərimizi möhkəmləndirir. Bir sözlə, Türkiyə, Azərbaycan dünya miqyasında daha da böyük imkanlara malik olur. 
Bu gün mənim üçün çox həyəcanlı bir gündür. Mən bu tədbirdə Azərbaycanın Prezidenti kimi iştirak edirəm. Eyni zamanda, Heydər Əliyev mənim atamdır və bir oğul kimi bu gün bu tədbirdə iştirak etmək mənim üçün çox önəmlidir. Ona görə mən bu gün ikiqat xoşbəxtəm. Dünyanın ən gözəl şəhərlərindən birində - gözəl İstanbulda, onun ən gözəl guşələrindən birində - Sarıyerdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi açılır. Bu, çox böyük tarixi hadisədir və bir daha onu göstərir ki, bizim aramızda, ölkələrimiz arasında olan münasibətlər ən yüksək zirvədədir. Bir daha onu göstərir ki, Türkiyə və türk xalqı Heydər Əliyevin əziz xatirəsini öz qəlbində yaşadır. Onun fəaliyyəti, iş prinsipləri və onun bizim münasibətlərimizə verdiyi töhfə həm Azərbaycanda, həm də Türkiyədə böyük təqdirlə anılır. Bu, bizim aramızda olan səmimi münasibətlərin, dostluğun, qardaşlığın əlamətidir, bizim aramızda olan birliyin əlamətidir. Biz bunun tərəfdarıyıq, hamımız çalışmalıyıq ki, bunu daha da möhkəmləndirək. Mən həmişə demişəm və bu gün də deyirəm ki, bizim gücümüz birliyimizdədir. Nə qədər sıx əməkdaşlıq etsək, bizim mövqelərimiz bir o qədər möhkəm olacaqdır. Bizim əleyhimizə fəaliyyət göstərən, uğurlarımızı istəməyən qüvvələr də var. Ancaq onların bütün cəhdlərinə rəğmən, biz istəyimizə nail olduq. Bu gün bu vətənpərvər gənclər çox böyük coşqu ilə öz istəklərini deyirlər və mən də onların istəklərinə qatılıram. Qarabağ məsələsini biz birlikdə həll edəcəyik. Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında öz həllini tapacaqdır. Azərbaycana qarşı edilən ədalətsiz hərəkətlər, təcavüz, torpaqlarımızın işğalı, bu işğal və ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın-köçkün həyatı yaşayır. Biz uzun illərdir çalışırıq ki, bu məsələni sülh yolu ilə, danışıqlar yolu ilə çözək, ancaq bütün bu cəhdlər heç bir səmərə vermir. Biz torpaqlarımızın itirilməsi ilə heç vaxt barışmayacağıq. Biz öz siyasi, iqtisadi, hərbi gücümüzü artırırıq. Azərbaycanın uğurlu inkişafı, bizim güclənmə meyillərimiz bir daha onu göstərir ki, məsələni ədalətli həll edəcəyik. Biz Ermənistan tərəfə imkan veririk, şans yaradırıq ki, işğal etdiyi torpaqlardan öz xoşu ilə, öz istəyi ilə geri çəkilsin və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Ancaq bununla yanaşı, biz bütün başqa variantlara da hazır olmalıyıq. Azərbaycanın artan gücü, artan önəmi, iqtisadi-hərbi potensialı, bölgədə gedən proseslər, əlbəttə ki, bizim mövqelərimizi daha da möhkəmləndirir. Mən əminəm və heç şübhə etmirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.
Türkiyə-Azərbaycan münasibətlərinin bu işdə önəmi, əlbəttə ki, çox böyükdür. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra daim Türkiyənin dəstəyini, köməyini hiss etmişdir. 1991-ci ildən indiyə qədər bu davam edir və bütün bunlara, bütün bu dostluğa, qardaşlığa görə bütün türk xalqına Azərbaycan xalqı adından bir daha öz dərin minnətdarlığımı bildirirəm.
Əziz dostlar, bu parkın, abidənin açılışında iştirak etmək böyük xoşbəxtlikdir və fürsətdən bir daha istifadə edərək, bütün türk xalqına, türk bacı-qardaşlarıma öz dərin hörmət-məhəbbətimi ifadə edirəm, türk xalqına, Türkiyəyə yeni-yeni uğurlar, səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.
(Azərbaycan Prezidentinin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı). 
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət naziri Mehmet Əli Şahin, İstanbul Böyük Şəhər Bələdiyyəsinin və Sarıyer bələdiyyəsinin sədrləri ilə birlikdə Heydər Əliyevin abidəsinin üzərindən ağ örtüyü götürdülər. Azərbaycan Prezidenti ulu öndərin abidəsinin önünə gül dəstəsi qoydu. Dövlət naziri Mehmet Əli Şahin və bələdiyyə sədrləri də abidənin önünə gül dəstələri qoydular. 
Azərbaycan Prezidenti İlham Əliyev, dövlət naziri Mehmet Əli Şahin və bələdiyyə sədrləri Heydər Əliyev parkında Atatürkün büstü önünə əklil və gül dəstələri qoydular. 
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin adını daşıyan küçədə üzərində “Heydər Əliyev caddesi” yazılmış lövhənin üzərindən ağ örtüyü götürdü. 
İstanbulun dəniz sahilində səfalı bir guşədə salınmış Heydər Əliyev parkında şəhər sakinlərinin dincəlməsi üçün hər cür müasir şərait yaradılmışdır. Azərbaycan və Türkiyə xalqlarının əbədi dostluq və qardaşlığının daha bir nümunəsi olan bu park istanbulluların ən sevimli istirahət yerlərindən birinə çevriləcəkdir.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved