• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYI


 

18 sentyabr 2006-cı il
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
 Hörmətli xanımlar və cənablar,
  hörmətli qurultay iştirakçıları,
 
əziz dostlar!
 
İlk növbədə, qurultayda iştirak etmək üçün məni Türkiyəyə dəvət etdiyinə görə əziz qardaşım, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana öz dərin minnətdarlığımı bildirirəm.
Qardaş Türkiyədə yenidən olmağımdan çox böyük məmnunluq hissi keçirirəm.
Qurultayın çox böyük önəmi var. Əminəm ki, qurultayın nəticələri də çox önəmli olacaqdır. Çünki qurultay zamanı son müddət ərzində görülmüş işlər, uğurlar, nailiyyətlər təhlil ediləcək və ən önəmlisi isə, qarşıda duran vəzifələr müəyyən olunacaqdır. Mən şübhə etmirəm ki, qurultay iştirakçıları müxtəlif komissiyalarda çox fəal işləyəcəklər və qurultayın nəticələri əməli-praktik əhəmiyyətə malik olacaqdır.
Bizim istəyimiz bəllidir. Bu barədə bu gün çox gözəl danışıldı. Biz istəyirik ki, türk dünyası bir olsun. Birlik daha da möhkəm olsun. Bizi birləşdirən əlaqələr çoxşaxəli olsun və bütünlükdə türk dünyası dünya üçün çox önəmli amilə çevrilsin. Bunu etmək üçün bütün əsaslar var.
Bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə bir neçə yeni türkdilli dövlət yarandı. Beləliklə, türkdilli dövlətlər anlayışı yarandı. Bu gün bu dövlətlər arasında olan işbirliyi, əlbəttə ki, hər bir ölkəni daha da gücləndirir. Xüsusilə, müstəqilliyimizin ilk illərində Türkiyənin dəstəyinə böyük ehtiyac var idi və bütün türkdilli dövlətlər bu dəstəyi hiss edirdilər. Bu gün də biz bunu hiss edirik. Buna görə Türkiyəyə, türk xalqına minnətdarıq. Ancaq, eyni zamanda, son illər ərzində, müstəqillik tariximizin keçid dövrü başa çatandan sonra bizim dövlətlər də artıq böyük imkanlara malik oldular. Bu gün türkdilli dövlətlərin fəaliyyəti, onların artan potensialı, bu ölkələrdə baş verən proseslər, əlbəttə ki, öz tərəfindən Türkiyəyə də dəstək olur.
Türkiyə-Azərbaycan münasibətləri indi ən yüksək zirvədədir, əziz dostum, qardaşım Rəcəb Tayyib Ərdoğan bu gün bu barədə danışdı. Bu münasibətləri bir neçə amil şərtləndirir - tarixi köklərimiz, etnik mənsubiyyətimiz, dilimiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, ənənələrimiz.
Eyni zamanda, bu münasibətləri türk dünyasının iki görkəmli şəxsiyyətinin fikirləri, kəlamları müəyyənləşdirir. Böyük öndər Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu kəlamlar fərqli ictimai-siyasi durumda söylənmişdir. Tarix baxımından da onların arasında kifayət qədər böyük fərq var. Ancaq, bu düşüncələr, bu fikirlər keçmişdə, bu gün olduğu kimi, gələcəkdə də Türkiyə-Azərbaycan birliyini əbədi edəcək, möhkəmləndirəcəkdir. Bu kəlamlar həm dövlətlərarası münasibətlərə yol göstərir, eyni zamanda, insanlar arasında olan münasibətləri də müəyyənləşdirir. Biz bunu qurultayın adından da görürük – Türkdilli dövlətlərin və topluluqların qurultayı.
Dövlətlərarası münasibətlər, əlbəttə ki, mövcud olan praktikaya uyğun şəkildə həyata keçirilir. Bu münasibətləri, Türkiyə-Azərbaycan münasibətlərini qardaşlıq, dostluq prinsipləri birləşdirir və indi iqtisadi, siyasi və mədəni sahələrdə bu münasibətlər ən yüksək zirvədədir. Bütün başqa sahələrdə də bu münasibətlərə güc verən, təkan verən məsələlərin də öz həllini tapması çox önəmlidir. Bu baxımdan ziyalıların bir araya gəlməsi, konfransların, qurultayların keçirilməsi, ictimai xadimlərin, millət vəkillərinin davamlı əlaqədə olması çox böyük əhəmiyyət kəsb edir. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda baş verən proseslər, Azərbaycanın həyata keçirdiyi böyük, nəhəng layihələr, öz növbəsində, bütün türk dünyasına, onun möhkəmlənməsinə töhfəsini verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri dünyada və təbii ki, bizim bölgədə vəziyyəti tam dəyişdirmişdir. Bu layihələr bölgənin uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcəkdir. Bizim həm iqtisadi, həm də siyasi mövqelərimizi möhkəmləndirəcək və artıq bunu görürük. Azərbaycan və Türkiyəni Orta Asiya ilə birləşdirən yollar, enerji dəhlizləri, Qars-Tbilisi-Bakı dəmir yolu layihəsinin həyata keçirilməsi dünyada tamamilə yeni bir vəziyyət yaradacaqdır. Biz bu vəziyyətdən çox səmərəli şəkildə istifadə etməliyik. Çünki, bu vəziyyəti biz yaradırıq. Əgər biz bunları yaratmasaydıq, bunlar olmazdı. Heç kim bizə bunu tövsiyə etməmişdir. Heç kim bizim əvəzimizə bu işləri görməmişdir. Bunu biz gördük. Vaxtilə əfsanə kimi tanınan bu layihələr xalqlarımızın səyi ilə, dövlət rəhbərlərinin cəsarəti və siyasəti sayəsində bu gün gerçəklikdir və uzun illər ərzində həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə bizim xalqlarımıza imkanlar yaradacaqdır. Ona görə türk dünyasının birləşməsi bu gün daha aktualdır və bunu etmək üçün daha da gözəl imkanlar var.
Biz bu barədə çox danışırıq. Birlikdən çox danışırıq və belə də lazımdır. Bu barədə daim danışmalıyıq və bir də deyirəm ki, bütün ictimai xadimlər, ictimaiyyət bu işdə fəal olmalıdır. Amma bu birliyi möhkəmləndirən amillər var. İqtisadi amillər, enerji amili, siyasi əlaqələr, xarici məsələlərə birgə baxışlarımız, birgə münasibətlərimiz, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz, əlaqələndirilmiş şəkildə aparılan siyasət, bir-birimizə dəstək - əlbəttə ki, bunlar bizi daha da möhkəmləndirir.
Dünyada qloballaşma prosesləri gedir. Ancaq, eyni zamanda, ayrı-seçkilik məsələləri də kifayət qədərdir və biz bunu görürük. Biz bu vəziyyətə özümüzü uyğunlaşdırmalıyıq. Bir-birimizə bağlı olmalıyıq, bir-birimizin əlini möhkəm tutmalıyıq ki, gücümüz daha da artsın. Bu gün türk dünyasının çox böyük potensialı var və Türkiyə başda olmaqla bütün türkdilli dövlətlər siyasi, iqtisadi cəhətdən, bütün başqa cəhətlərdən çox sürətlə inkişaf edir. Bizim bölgənin inkişafı nəticəsində dünya proseslərinə böyük təsirlər olacaqdır və biz bunu görürük. Bu baxımdan qurultayın keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Mən şübhə etmirəm ki, bu qurultayda bizi narahat edən bütün məsələlər müzakirə olunacaq və ən önəmlisi, gələcək fəaliyyətimiz üçün gözəl tövsiyələr veriləcək, dövlətlər və hökumətlər bundan bəhrələnəcəklər.
Bu gün bizim qurultayımızda çoxsaylı nümayəndələr var. Bütün türkdilli dövlətlərin nümayəndələri buradadır. Bu onu göstərir ki, müstəqillik dövründə əldə olunmuş uğurlar ölkələrimizi bir-birinə daha da bağlayır. Bu onu göstərir ki, türk dünyasının gələcək fəaliyyəti bizi düşündürür, narahat edir və biz öz fəaliyyətimizlə türk dünyasının gücünü möhkəmlətməliyik və bunu edirik. Əminəm ki, qurultay və onun nəticəsi olan birliyimizin möhkəmlənməsi həm bölgədə, həm Avropada və dünyanın başqa yerlərində çox böyük əks-səda doğuracaqdır.
Qurultaylar, konfranslar tez-tez keçirilməlidir. Eyni zamanda, hesab edirəm ki, xarici ölkələrdə, Avropa ölkələrində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edər. Çünki biz özümüzü tanıtmalıyıq, öz potensialımızı təqdim etməliyik. Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl görürük və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücum etməliyik, çünki, həqiqət bizim tərəfimizdədir. Baxın, Türkiyə dövlətinə ərazi iddiasında olan, Türkiyənin sərhədlərini tanımayan, Türkiyə hökumətinin arxivlərin açılmasına dair təkliflərini rədd edən Ermənistan bütün dünyada Türkiyəyə qarşı təbliğat aparır və dırnaqarası soyqırımını tanıtdırmaq istəyir. Ərazi baxımından tarixi Azərbaycan torpağında yerləşən, vaxtilə İrəvan xanlığının ərazisində və onun ətrafında yerləşən Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövləti indi Azərbaycana qarşı ərazi iddiasındadır və təcavüz yolu ilə torpaqlarımızı ələ keçirmək istəyir. Torpaqlarımızın 20 faizi işğal altındadır, etnik təmizləmə siyasəti aparılmışdır və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür. Ancaq, buna baxmayaraq, erməni təbliğatı daim bizi hədəfdə saxlayır. Biz hücuma keçməliyik, onların yalan, iftira üzərində qurulmuş təbliğatını darmadağın etməliyik və bütün səyləri birləşdirib, həqiqəti bərpa etməliyik. Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, diplomatik, siyasi, iqtisadi, hərbi - bütün imkanlardan istifadə edib, öz doğma torpaqlarını azad edəcəkdir.
Bir daha demək istəyirəm ki, xaricdə bizim fəaliyyətimiz daha da yüksək səviyyədə qurulmalıdır. Bu baxımdan diaspor təşkilatlarının fəaliyyətinə böyük önəm verilməlidir. Diaspor təşkilatlarımız xaricdə çox sıx əməkdaşlıq edir. Türkiyə və Azərbaycan diasporlarının müxtəlif ölkələrdə birgə layihələri, birgə tədbirləri çox uğurludur və əminəm ki, bu, gələcəkdə bizim imkanlarımızı daha da artıracaqdır. Hesab edirəm ki, biz gələn il Türkiyə və Azərbaycan diaspor təşkilatları rəhbərlərinin forumunun keçirilməsi məsələsinə də baxmalıyıq. Mən təklif edirəm ki, gələn ilin birinci yarısında Azərbaycanda birinci forumu keçirək, Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyətini bir daha təhlil edib, onları istiqamətləndirək. 
Bir sözlə, gələcəkdə çox işlər var. Biz türk dünyasını daha da mütəşəkkil şəkildə birləşdirməliyik və türk dünyasında gedən proseslərə biganə qalmamalıyıq. Daim bir-birimizə dəstək olmalıyıq, bir-birimizin problemlərinin həllində iştirak etməliyik. Əminəm ki, birgə səylər nəticəsində türk dünyası dünyada çox böyük imkanlara, çox güclü siyasi mövqeyə malik olacaq və beləliklə, bizim işlərimiz daha da uğurla həyata keçiriləcəkdir. Biz bunu istəyirik. Bugünkü qurultay bu işdə çox böyük önəmi olan addımdır. Mən qurultayın bütün iştirakçılarına uğurlar diləyirəm. Qurultayın keçirilməsində fəaliyyət göstərmiş TÜDEV və TİKA təşkilatlarının rəhbərlərinə öz minnətdarlığımı bildirirəm və bütün türk dünyasına uğurlar, uğurlar və qələbə arzulayıram. (Azərbaycan Prezidentinin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved