• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


TBİLİSİDƏ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ


12 may 2007-ci il

 
    Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Krakovdan Gürcüstana gəlmişdir. Həmin gün Tbilisinin tarixi məhəllələrindən biri olan Abanostubanidə, Heydər Əliyev parkında ulu öndərin büstünün təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili mərasimdə iştirak etmişlər.
2004-cü ildə Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı bu parka ulu öndərin adı verilmişdir. Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev tərəfindən qranitdən hazırlanmış büstün və postamentin hündürlüyü dörd metrdir.
Parka toplaşan minlərlə tbilisili – gürcülər və azərbaycanlılar dövlət başçılarını hərarətli alqışlarla qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili büstün üzərindən ağ örtüyü götürdülər.
Dövlət başçıları mərasimdə nitq söylədilər.
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
 
  Əziz qardaşım Mixail, belə səmimi sözlərə görə çox sağ ol!
Bu gün mən böyük iftixar hissi keçirirəm ki, 15 il əvvəl müstəqillik qazanmış xalqlarımız və ölkələrimiz arasında çoxəsrlik münasibətlərin tarixində bizi daha da yaxınlaşdıran bir hadisə baş verir.
Bu gün gözəl bir yerdə, Tbilisinin mərkəzində biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü açdıq. Mən, ilk növbədə, büstün qoyulması barədə qərar qəbul etdiyinə görə, bunun üçün Tbilisinin ən gözəl, yaraşıqlı, tarixi yerlərindən biri seçildiyinə görə qardaşım Mixailə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, ulu öndərimizin xatirəsinə göstərilən ehtirama görə bütün gürcü xalqına təşəkkürümü bildirmək istəyirəm.
Bugünkü mərasim bizim birliyimizin rəmzidir, qardaşlığımızın rəmzidir. Onun rəmzidir ki, əvvəlki kimi, xalqlarımız bundan sonra hələ çox onilliklər və əsrlər bir yerdə olacaq, yaxın olacaq, bir-birinə kömək edəcək, indi olduğu kimi, bir-birinin uğurlarına sevinəcəklər.
Xatirimdədir, bu ilin fevralında burada, yaxınlıqda biz indiki kimi, ikimiz Heydər Əliyev adına sahil küçəsini açdıq. Bu gözəl çayın sahilində Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi barədə gürcü xalqının və şəxsən Prezidentin qəbul etdiyi bu qərar da çox mühüm idi.
Bu gün biz büstün açılışını qeyd edirik. Bir daha demək istəyirəm ki, bu, bizi çox ruhlandırır. Daha möhkəm əminlik yaradır ki, bizim dostluğumuz və qardaşlığımız çox onilliklər və əsrlər davam edəcəkdir.
Heydər Əliyev Azərbaycan xalqının tarixində, Azərbaycan dövlətçiliyinin tarixində çox böyük rol oynamışdır. Bizim tariximizdə, Gürcüstan ilə Azərbaycanın ümumi tarixində bir dövr də olmuşdur ki, biz Rusiya imperiyasının süqutu nəticəsində müstəqillik əldə etmişdik. Lakin, təəssüf ki, o, çox çəkmədi, təxminən 2 il oldu. Sonra biz müstəqilliyi itirdik. 1990-cı illərin əvvəllərində, artıq Sovet İttifaqının süqutu nəticəsində xalqlarımız yenidən müstəqil olmaq, öz taleyini müəyyən etmək, bütün məsələlərini özləri həll etmək və gələcək üçün planlar qurmaq kimi böyük xoşbəxtliyə qovuşdular. Ancaq bu müstəqillik də təhlükə qarşısında idi. Azərbaycanda da müstəqillik əldə edildikdən sonra iki il ərzində mənfi, qeyri-müəyyən istiqamətdə proseslər baş verirdi. Ümumi xaos, iqtisadi böhran, siyasi və hərbi böhran, vətəndaş müharibəsi, bir sözlə, Gürcüstanın da bütün başına gələnlər. Əgər o zaman Azərbaycan xalqı müdriklik göstərib ölkənin idarə olunmasına Heydər Əliyevi dəvət etməsəydi, hələ məlum deyil ki, hər şey nə ilə bitəcəkdi və biz müstəqilliyimizi və dövlətçiliyimizi qoruya biləcəkdikmi? O, nəinki müstəqilliyimizi qorudu, həm də Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ölkəmizin gələcək uğurlu inkişafının təməlini və ciddi bazasını yaratdı. Bu gün bizim nəyimiz varsa, nəyə malikiksə, milli nailiyyətimiz kimi nə ilə fəxr ediriksə, məhz onun müdrikliyi, qətiyyəti, cəsarəti və qəbul olunan qərarların doğruluğuna əminliyi sayəsində əldə olunmuşdur. Bu gün Azərbaycan öz gücünə güvənən ölkədir, dövlət müstəqilliyi artıq sarsılmaz və əbədi olan ölkədir. Buna görə də Heydər Əliyev hər bir azərbaycanlının, xalqımızın hər bir vətənpərvərinin xatirəsində daim yaşayacaqdır.
Biz eyni münasibəti qardaş gürcü xalqından da gördük. İndi bu büstün açılışı bunun daha bir təsdiqidir. Heydər Əliyev Gürcüstanı çox sevirdi, gürcü xalqını çox sevirdi, gürcü xalqına həmişə böyük səmimiyyətlə, böyük hörmətlə yanaşırdı. O, 70-ci illərdə, 80-ci illərdə və artıq müstəqil Azərbaycanın Prezidenti kimi Gürcüstanda dəfələrlə olmuşdur. Ailədə söhbətlərində gürcü xalqından, gürcü mədəniyyətindən, gürcü xalqının tarixindən həmişə böyük məhəbbətlə danışırdı. Görünür, müəyyən dərəcədə, bəlkə də, hətta xeyli dərəcədə bu da böyük rol oynamışdır ki, bir çox əsrlər boyu aralarında heç vaxt müharibələr olmayan və həmişə sülh şəraitində yaşayan, - yeri gəlmişkən, bu, qonşular üçün heç də həmişə səciyyəvi hal deyildir, - xalqlarımız müstəqilliyə qovuşduqları dövrdə də keçmiş əlaqələri itirmədi, bir-birinə qarşı durmadılar. Əksinə, öz milli mənafelərinin müdafiəsi uğrunda da, indi təkcə bizim üçün, təkcə region üçün deyil, həm də, geniş mənada, qitə üçün mühüm rol oynayan layihələrin irəlilədilməsi uğrunda da vahid orqanizm kimi, güclü regional qüvvə kimi çıxış etdilər.
Mixailin qeyd etdiyi kimi, dünən Polşa sammitində biz əsası məhz 1994-cü ildə qoyulan energetika sahəsində tərəfdaşlığımızın yeni mərhələsi haqqında müəyyən razılaşmalara nail olduq. O vaxt bu olmasaydı, indi nəinki qonşularımızın - Gürcüstanın enerji müstəqilliyini təmin edə bilərdik, hətta özümüzü də təmin edə bilməzdik. Regionda nələr olacağını, Azərbaycanın başına nələr gələcəyini, onun bugünkü vəziyyətinin necə olacağını təsəvvür etmək çətin deyildir. Ona görə də bu məsələdə biz gürcüləri və azərbaycanlıları həmişə birləşdirmiş olan tarixi yaddaşa və bugünkü nailiyyətlərimizə arxalanmalıyıq. Gələcək fəaliyyətimizdə də biz bu nailiyyətlərə, bu uğurlara, bu qardaşlığa, bu qarşılıqlı dəstəyə əsaslanmalıyıq.
İndi, Gürcüstanın öz yüksəliş, hətta deyərdim, çiçəklənmə dövrünü yaşadığı, çox böyük dəyişikliklərin, siyasi və iqtisadi islahatların uğurla həyata keçirildiyi bir vaxtda, - insanlar da bunu görürlər, - biz daha da güclənirik. Siz nə qədər çox möhkəmlənsəniz, biz də bir o qədər çox möhkəmlənəcəyik. Ümumi tariximiz, qardaşlıq əlaqələrimizin keçmişi, bugünkü vəziyyəti və milli mənafelərimiz tələb edir ki, biz birlikdə olaq. Biz birlikdə böyük qüvvəyik. Buraya prezidentlər, - onlar sözdə deyil, həqiqətən qardaşdırlar, - arasındakı şəxsi münasibətləri də əlavə etsək, inkişafımızın çox nikbin, çox ümidverici mənzərəsi yaranar.
Əminəm ki, biz qarşımızda duran bütün məsələləri həll edəcəyik. Biz separatizmə son qoyacaq, etnik təmizləmələrdən əziyyət çəkmiş insanları öz ocaqlarına qaytaracaq, bütün ərazimiz üzərində milli suverenliyi bərpa edəcəyik. Bunun üçün biz güclü və birlikdə olmalıyıq. Biz bunu edirik. Biz möhkəmlənirik və bir-birimizə daha da yaxınlaşırıq.
Bugünkü gün Azərbaycan xalqının yaddaşında uzun müddət, yəqin ki, həmişəlik qalacaqdır. Bu, bizim birliyimizin günüdür, Azərbaycana olduğu kimi, qardaş Gürcüstana da sədaqətlə xidmət etmiş böyük azərbaycanlının xatirə günüdür. Gələcək inkişafımızı müəyyənləşdirdiyimiz, regionun geosiyasi inkişaf strategiyasını müəyyənləşdirdiyimiz, Gürcüstan və Azərbaycanın Avropa və dünya işləri üçün əhəmiyyətinin artdığı gündür. Sərhədlərimizin hüdudları və ya həmvətənlərimizin sayı haqqında statistika məlumatını götürsək, biz ərazicə və əhalinin sayına görə kiçik ölkələrik, ancaq daha mühüm rol oynayırıq.
Bu proses gedir və davam edəcəkdir. Mən bu gözəl gündə bu qərara görə dostum və qardaşım Mixailə bir daha təşəkkür etmək, qardaşlığa, dəstəyə görə bütün gürcü xalqına təşəkkür etmək istəyirəm. Biz sizin dəstəyinizi həmişə hiss edirik. Bu gün Mixailin dediyi kimi, ağır vaxtda Azərbaycan sizin yanınızda olmuşdur, bunda qeyri-adi bir şey yoxdur, bu, normadır, belə də olmalıdır. Əgər biz dostuqsa, - biz isə dostuq, - həmişə bir olmalıyıq. Bir-birimizin uğurlarına sevinməliyik və dar gündə arxa-dayaq olmaq, kömək etmək və birlikdə irəliləmək üçün, hətta çağırılmasaq da, birinci gəlməliyik. Ölkələrimizin gələcəyi ancaq bu birlikdə mümkündür. Bu, mənim də, Mixailin də dərin inamıdır. Güclü dövlət, güclü alyans quruculuğu yolunda Gürcüstan və Azərbaycanın bütün vətəndaşlarına uğur arzulayıram, gələcəkdə inamla irəliləməyi arzulayıram. Bizim hələ çox-çox planlarımız var və biz onları birgə səylərlə həyata keçirəcəyik.
Bir daha çox sağ olun.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved