• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRKƏMLİ MUSİQİ XADİMİ MÜSLÜM MAQOMAYEVLƏ VİDA MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR


     29 oktyabr 2008-ci il

     Oktyabrın 29-da ölkəmizin ictimaiyyəti zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevi son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdu. Divardan Müslüm Maqomayevin portreti asılmışdı. Səhnədə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin adından əklillər qoyulmuşdu. Filarmoniyanın foyesində dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Müslüm Maqomayev doğma Azərbaycanın fəxri idi. Cəmi 20 yaşı olarkən Helsinki festivalında uğurlu çıxışı ilə şöhrət qazanmış Müslüm Maqomayev tezliklə bütün Sovet İttifaqında məşhurlaşmışdı. 1963-cü ildə Moskvanın Çaykovski adına salonunda onun ilk solo konsertinə isə bilet tapmaq mümkün deyildi (taleyin hökmünə bax: 45 il sonra, oktyabrın 28-də elə həmin salonda dünya şöhrətli müğənni ilə vida mərasimi olmuşdur). O vaxt Moskva mətbuatı onun haqqında yüksək rəylər səslənən yazılar vermişdi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Deyirdilər ki, o, musiqi üçün doğulmuşdur. Müslüm, sadəcə, oxumurdu, o, mahnını qəlbindən keçirərək dinləyiciyə çatdırırdı. Onun yaradıcılığının mayasını məhəbbət – insana, vətənə, dünyaya məhəbbət təşkil edirdi. Elə buna görə də “İnsanların qəlbinə Müslüm kimi heç kəs yol tapa bilməyibdir” deyənlər tamamilə haqlıdırlar. “Bakı bülbülü” adlandırılan Müslüm Maqomayev Sovet İttifaqında milyonlarla insanın – dövlət rəhbərlərindən tutmuş, sadə əmək adamlarına qədər hamının sevimlisi idi. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilmişdi. O, bu ada layiq görülmüş ən cavan adam idi. Dostlarından birinin, Rusiyanın məşhur rəssamı Nikas Safronovun dediyi kimi, “Müslüm Maqomayev dünya miqyaslı dahi idi, onun adını cəsarətlə Edit Piaf, İv Montan, Luçano Pavorotti kimi dünya ulduzları ilə bir sırada çəkmək olar”.
Müslüm Maqomayev operalardan ən çətin ariyaları da, qəlblərə məlhəm kimi yayılan lirik mahnıları da, xüsusilə gəncləri cuşa gətirən şux mahnıları da böyük ustalıqla, özünə xas olan yüksək artistizmlə ifa edirdi. Onun repertuarında 600-dək əsər vardı.
Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. 20-dən çox
mahnı, kinofilmlərə musiqi bəstələmişdi. Onun xalq şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir.
O, “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilmişdir.
Ümummilli lider Heydər Əliyev xalqımızın böyük oğluna həmişə himayədarlıq edir, ona əsl atalıq qayğısı göstərirdi. Onların arasında son dərəcə səmimi münasibətlər vardı.
Azərbaycan xalqının zəngin musiqi ənənələrini müasir dövrdə layiqincə inkişaf etdirmiş və dünyada geniş təbliğ etmiş maestro Müslümün həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət, elm xadimləri, mərhumun ecazkar səsinin vurğunları, eləcə də xarici ölkələrdən gəlmiş pərəstişkarları axın-axın mərhumun şöhrətli babasının - Azərbaycan bəstəkarlıq məktəbinin banilərindən olan Müslüm Maqomayevin adını daşıyan filarmoniyanın binasına gəlir, dünyaşöhrətli sənətkara və gözəl insana son borclarını verirdilər.
Salonda bənzərsiz müğənninin mahnıları səslənirdi.
Filarmoniyanın foyesində Matəm kitabı qoyulmuşdu. Vida mərasiminə gələn rəsmi şəxslər, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, ictimaiyyətin nümayəndələri kitaba ürək sözlərini yazırdılar. (KİTABDA YOXDUR)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli müğənni, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Maqomayev ilə vida mərasimində iştirak etmək üçün filarmoniyaya gəldi.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva görkəmli sənətkarın ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdilər və onlarla birlikdə əyləşdilər.
Salona bir neçə dəqiqəlik sükut çökdü. Sonra Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnılar - dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəlinə bəstələdiyi “Sənsiz” romansı və məşhur rus şairi Sergey Yeseninin şeirinə Müslümün özünün yazdığı “Əlvida Bakı” mahnısı səsləndirildi.
Sonra matəm mitinqi oldu. Baş nazirin müavini səlahiyyətlərini icra edən ELÇİN ƏFƏNDİYEV mitinqi açaraq dedi:
-Möhtərəm cənab Prezident!
Əziz dostlar!
Azərbaycan xalqına ağır itki üz vermişdir. Xalqımızın böyük oğlu, nəğməkarı, müğənnisi Müslüm Maqomayev vəfat etmişdir. Ancaq Müslüm Maqomayevin istedadı, sənəti elə bir ehtiva dairəsinə malik idi ki, bu itki, əslində, müasir dünya musiqisinin itkisidir. O, dünyaşöhrətli bir sənətkar idi.
Mən dünən Moskvada Çaykovski adına konsert salonunda moskvalıların Müslüm Maqomayevlə vida mərasimində iştirak etdim. Dünya musiqisi mədəniyyətinin ən zəngin ənənələrini yaşadan və ağzına kimi dolu olan o böyük salon tam sükut içində idi. Minlərlə sadə insan gəlib Müslüm Maqomayevə, böyük sənətkara son borcunu verirdi. Bəlkə də, həyatımda heç vaxt hiss etmədiyim acı bir fəxarət hissi keçirirdim. Ona görə acı hiss ki, söhbət böyük bir itkidən gedir. Amma ona görə fəxarət hissi ki, Azərbaycanın, Azərbaycan xalqının yetişdirdiyi bu cür sənətkara Azərbaycandan kənarda belə hörmət, məhəbbət var idi. Mənim yadıma gəlir, 1969-cu ildə unudulmaz Heydər Əliyev 27 yaşlı bir cavanda böyük istedadı müşahidə etdi və əlverişli şərait yaratdı ki, onun istedadı parlasın. Belə də oldu, Müslüm Maqomayev 31 yaşında SSRİ xalq artisti adı aldı. Bu, SSRİ miqyasında, gerçəkliyində fantasmaqorik hadisə idi ki, başqa bir respublikadan olan 31 yaşında cavan bir adam SSRİ xalq artisti kimi yüksək ad alsın.
E.Əfəndiyev vurğuladı ki, Müslüm Maqomayev klassik və müasir rus bəstəkarlarının, Qərbin klassik və müasir bəstəkarlarının əsərlərini ifa etdikdə də, əslində, eyni zamanda, Azərbaycanın vokal sənətini təcəssüm etdirirdi, Azərbaycan mədəniyyətinin əldə etdiyi nailiyyəti bütün dünyaya göstərirdi. O, harada olursa-olsun özü, yaxud sevimli, sədaqətli həyat yoldaşı, böyük sənətkar Tamara Sinyavskaya ilə birlikdə şah əsərlərindən birini, bəlkə də birincisi olan “Azərbaycan” mahnısını ifa edirdi. Həyatının böyük bir hissəsini Azərbaycandan kənarda yaşasa da, öz canı ilə, qanı ilə Azərbaycana bağlı idi. Əlbəttə, bu, onun Azərbaycana sevgisindən, məhəbbətindən, daxilən Azərbaycanla bir yerdə olmasından xəbər verirdi. Təsadüfi deyil ki, o, müstəqil Azərbaycanın da sevimli bir vətəndaşı idi. O, “Şöhrət” və “İstiqlal” ordenləri almışdı. Bu sözləri deyərkən yadıma onun Azərbaycanda keçirilmiş 60 illik yubileyi düşür. Yadınızdadır, unudulmaz ulu öndərimiz Heydər Əliyev onun haqqında necə məhəbbətlə danışdı. O da hansı bir məhəbbətlə öz sənətini nümayiş etdirdi, necə qanadlandı.
Bu ağır gündə təskinliyimiz ondadır ki, mədəniyyət yaşadıqca və xalqımız var olduqca, Müslüm Maqomayev də Azərbaycan xalqının yaddaşında yaşayacaqdır. Onun yaradıcılığı nəinki təkcə Azərbaycan, bütün dünya musiqişünaslarının tədqiqat obyektinə çevriləcək, dünya musiqisevərlərinin yaddaşında yaşayacaqdır.
Müslüm Maqomayevi Azərbaycan böyütdü, boya-başa çatdırdı və dünya sənət meydanına çıxardı. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi səyi və təşəbbüsü ilə biz Müslümü, əziz dostumuzu, qardaşımızı burada Bakıda doğma torpağa tapşıracağıq. O, babası ilə yanaşı olacaqdır.
Sonra çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti FİRƏNGİZ ƏLİZADƏ dedi ki, bu gün Azərbaycan mədəniyyəti üçün çox ağır gündür, biz Müslüm Maqomayev kimi böyük sənətkarı son mənzilə yola salırıq. Vida mərasimi onun babasının adını daşıyan filarmoniyanın bu gözəl konsert salonunda keçirilir. Burada onun səsi dəfələrlə səslənmişdir. Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. O, dahi idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər bir mahnıda, hər bir ariyada böyük dünya yaradırdı.
Müslüm Maqomayevin çox nadir bariton səsi var idi. Biz çox heyfslənirdik ki, son illərdə o, çıxış etmirdi. Amma radio və televiziyada səsini eşidirdik və həmişəki kimi ona valeh olurduq.
Biz bu gün artıq Müslüm Maqomayev fenomeni haqqında danışa bilərik. Ona görə ki, Müslüm Maqomayev milyonlarla insanın ürəyini fəth edə bilmişdi. İncəsənətdə çox ulduzlar var, amma əsl ulduz Müslüm Maqomayev idi. Onun bəstələdiyi mahnılar Azərbaycanın rəmzinə çevrilibdir. Biz çox fərəhlənirdik ki, Müslüm Maqomayev bizim Bəstəkarlar İttifaqının üzvü idi.
Bu gün Müslüm Maqomayevə əlvida demək çox çətindir. Amma musiqinin möcüzəsi ondadır ki, sənətkar getsə də, onun sənəti qalır. Müslümün səsi konsert salonlarımızda, lent yazılarında, televiziya kanallarında daim səslənəcəkdir.
F.Əlizadə çıxışının sonunda dedi: Mən bir musiqiçi kimi möhtərəm cənab Prezidentə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu vida mərasimi Müslüm Maqomayevin çox sevdiyi Azərbaycanda keçirilir və o, Fəxri xiyabanda özünün son mənzilini tapacaqdır.
Allah rəhmət eləsin!
Sonra söz verilən Rusiya İctimai Palatasının üzvü, məşhur uşaq həkimi LEONİD ROŞAL dedi ki, mən Müslümün və Tamaranın ailəvi dostları adından çıxış edirəm. Müslüm dünya miqyaslı şəxsiyyət idi, yer üzündə belə insanlar az-az doğulur. Moskva və Rusiya Müslümlə layiqincə vidalaşdı. Vida mərasimində çəkilmiş “quru” xronika kadrlarını görmüsünüz. Lakin gözlərindən fasiləsiz yaş axan insanları orada, salonda görmək lazım idi. Müslümün burada, Bakıda dəfn edilməsi barədə qərar qəbul edilməsi o qədər də sadə məsələ deyildi. Müslüm Azərbaycana nə qədər mənsubdursa, Rusiyaya da, bütövlükdə dünyaya da eyni dərəcədə mənsubdur. Mən böyük müdriklik göstərmiş Tamaranın qarşısında baş əyirəm. O, düzgün seçim etdi və haqlı olaraq bu qərara gəldi ki, Müslüm öz vətənində torpağa tapşırılsın, qoy onun məzarı babasının və əmisinin məzarı ilə yanaşı olsun, qoy onun doğulduğu torpaq ölümündən sonra da onu ağuşuna alsın.
Müslüm haqqında çox danışmaq olar və hələ çox danışacaqlar. Görün insanların ona sevgisi nə qədər güclüdür. Axı son on ildə o, mədəni həyatda faktik olaraq fəal iştirak etmirdi. Bu müddətdə onun böyük solo konsertləri olmamışdı. Özü demişdi ki, istəyirəm xalq məni necə görmüşdüsə, necə sevmişdisə elə də gedim – gənc, gözəl səsə malik Müslüm kimi. Hərçənd, onun səsi son vaxtlara qədər gözəl idi. 65 illik yubileyində əla oxumuşdu. Lakin qürur hissi, ləyaqət hissi, əvvəlkindən azacıq da olsa pis oxumağa haqqı olmamasını düşünməsi – bütün bunlar onu səhnədən getməyə vadar etdi. Fikir verin, on il idi ki, o, səhnəyə çıxmırdı. Amma dünən minlərlə moskvalı və Rusiya paytaxtının qonaqları bu böyük insana – Müslümə son dəfə təzim etmək, onun tabutu üzərinə gül-çiçək dəstələri düzmək üçün Sadovaya küçəsi ilə irəliləyirdi.
Bu salonda çox sadə, təvazökar bir insan əyləşir – cənab Ağalarov. O, Moskvada vida mərasiminin layiqincə keçirilməsi üçün çox iş görmüşdür.
Müslümün xatirəsi uzun müddət yaşayacaqdır. Biz Müslümün məzarını tez-tez ziyarət edə bilməyəcəyik, amma bunu etməyə çalışacağıq. Rusiya onu heç vaxt unutmayacaqdır. Məzarı nurla dolsun!
Xalq artisti, kinorejissor ELDAR QULİYEV vurğuladı ki, kiminlə vidalaşmağımızı, kimi son mənzilə yola salmağımızı təsəvvür etmək çətindir. Cəmi bir həftə əvvəl onunla zəngləşmiş, iş barədə, planlarımız barədə söhbət etmişdik. İndi isə onunla vidalaşırıq. Amma mən əlvida demirəm. Mən niyə kədərlənməliyəm? Sən canlı əfsanə idin, nəvələrim mənə həsəd aparacaqlar ki, səni görmüşəm, səninlə ünsiyyətdə olmuşam. Mən onlara sənin haqqında, Ulu Tanrının sənə bəxş etdiyi istedad və gözəllik – təkcə zahiri yox, həm də mənəvi gözəllik haqqında danışacağam. Sən səhnəyə çıxanda bütün salona sükut çökürdü. Sən insanlara sevinc bəxş edirdin, sənin konsertində olmaq, bənzərsiz, nadir səsini eşitmək xoşbəxtlik idi! Mən bütün bunlar barədə uşaqlarıma, nəvələrimə danışacağam, onlar da öz uşaqlarına, öz nəvələrinə danışacaqlar.
Səmada bir ulduz var – Müslüm Maqomayev ulduzu. Müslüm özü necə istedadlı, parlaq insan idisə, bu ulduz da həmişə elə parlayacaqdır. Gecələr ulduzlu səmaya baxanda sənin ulduzunu tapacağam, o, mənim üçün işıq saçacaq və mən bu vaxt sənin gözəl nəğmələrini, ecazkar səsini dinləyəcəyəm.
Bu torpaq çox dahi insanlar yetişdirib, bu xalqın çox böyük oğulları olub. Müslüm, sən ölkəmizin böyük oğlusan, biz fəxr edirik və həmişə fəxr edəcəyik ki, sən bizimkisən. Biz fəxr edirik ki, xalqımızın sənin kimi oğlu var.
Məzarın nurla dolsun! Allah rəhmət eləsin!
Sonra çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti FƏRHAD BƏDƏLBƏYLİ dedi ki, dost itirmək çox ağırdır, 50 ilin dostunu itirmək isə dəhşətdir. Müslümün burada oxuduğu ariyanı ilk dəfə eşidəndə mənim 10, onun 16 yaşı vardı. Müslüm özü çalır, özü oxuyur, biz də baxaraq, onunla fəxr edirdik. Müslüm 20 yaşında bütün Moskvanı, Rusiyanı fəth etdi. Müğənni kimi təriflənməsini xoşlamırdı, son dərəcə təvazökar insan idi. Müslüm əsl dost, çox etibarlı bir dost, çətin günün dostu idi. Moskvada möhtəşəm bir mərasim idi və kimsə dedi ki, yalnız marşalları belə yola salırlar. Başqa birisi də dedi ki, Müslüm musiqinin marşalıdır. Doğrudan da, Müslüm musiqinin əsl marşalı idi, Azərbaycanın fəxri idi. Bu torpağı, bu Vətəni ən yüksək səviyyədə təmsil edirdi.
Dünən Moskvada vida mərasimində çıxış edənlər Müslümün taleyində ulu öndərimizin böyük rolunu vurğuladılar. Bunu xalqımız bilməlidir, çünki bu, tarixdir. Hörmətli Prezidentimizin qərarını – Müslümün burada, Azərbaycanda son mənzilə yola salınması barədə qərarını moskvalılar da başa düşdülər və çox müsbət qarşıladılar. Əlbəttə, o, babası ilə bir torpaqda yatmalıdır.
Allah rəhmət eləsin!
Rusiya Federasiyasi Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi MİXAİL ŞVIDKOY çıxışında dedi ki, Rusiya Prezidenti Dmitri Medvedevin tapşırığı ilə mən Bakıda, dünyaya Müslüm Maqomayevi bəxş etmiş bu torpaqda sizə səmimi qəlbdən başsağlığı verirəm.
Xatirimdədir, Müslümü ilk dəfə 1961-ci ildə kommunal mənzilimizdə televizorda görmüşdüm. Mənə elə gəlirdi ki, dünya çevrilmişdir, bizim yoxsul həyatımıza daxil olan bu insan deyir ki, hər şey yaxşı olacaq, hər şey dəyişəcəkdir.
Adama elə gəlirdi ki, lap cavan oğlan nə edə bilər ki, milyonların qəlbini riqqətə gətirsin. Tez-tez deyirlər ki, gərək o, opera səhnəsindən getməyəydi, dünyanın aparıcı teatrlarının səhnələrini tərk etməyəydi. Ancaq o, isə milyonlarla insan üçün oxumaq istəyirdi və bu insanlar ona dərin minnətdarlıqlarını bildirirdilər.
Bu gün biz hamımız, xüsusilə onun yaxınları “Sənsiz” romansında oxuduğu kimi, onsuz yaşamağı öyrənməliyik. Biz onsuz yox, onunla birlikdə yaşayacağıq, o, Rusiya ilə Azərbaycan arasında körpüyə çevriləcəkdir. Çünki onun məzarını ziyarət etmək üçün, bu dahini dünyaya bəxş etmiş torpağın havasını udmaq üçün buraya gələcəklər.
O, öz babası və əmisi ilə yanaşı dəfn olunacaqdır. Bu, olduqca ədalətli qərardır.
Əlbəttə, biz Müslümə qarşı diqqətsiz olmuşuq, mən bunu özüm barədə deyirəm. Onun bizim üçün necə əziz olduğunu anlamamışıq. Dünən, Moskva Müslüm Maqomayevlə vidalaşanda bu, aydın oldu. Sanki Fiqaronun ariyasını, “Buxenvald harayı”nı ifa etmiş 17 yaşlı Müslüm dünyadan köçmüşdür. Biz vidalaşırdıq və anlayırdıq ki, ona diqqətsiz olmuşuq.
Müslüm, bizi bağışlayın. Əlvida.
Vida mərasiminin sonunda Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir dilədi.
 Görkəmli musiqiçi Fəxri xiyabanda dəfn edildi.
Salonda Müslüm Maqomayevin ifasında onun əzəmətli “Azərbaycan” mahnısı səsləndirildi. Mərasimə toplaşanların sürəkli alqışları və “Müslüm, Müslüm!” nidaları altında dünya şöhrətli müğənninin cənazəsi filarmoniyanın binasından qaldırılaraq, Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, mərhumun ailə üzvlərinin, qohumlarının və minlərlə insanın müşayiəti ilə birinci Fəxri xiyabana aparıldı. Yol boyu insanlar müasir dövrün görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti, əsl vətəndaş və gözəl insan Müslüm Məhəmməd oğlu Maqomayevin tabutunu üzərinə ümumxalq məhəbbəti əlaməti olaraq gül-çiçəyə qərq edirdilər.
Fəxri xiyabanın ətrafı öz böyük oğlunu son mənzilə yola salmaq üçün əklillər və gül-çiçək dəstələri ilə gəlmiş insanlarla dolu idi.
Matəm duası oxunduqdan sonra Müslüm Maqomayevin cənazəsi babasının, məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin məzarının yanında doğma torpağa tapşırıldı.
Mərhumun ruhuna müqəddəs Quran oxundu. (KİTABDA YOXDUR)
Məzarı üstünə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin, RF hökumətinin başçısı Vladimir Putinin, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, respublikanın müxtəlif dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının, ayrı-ayrı şəxslərin adından əklillər qoyuldu.
Müslüm Maqomayev sənətinin minlərlə pərəstişkarı dahi müğənniyə son borcunu verərək, məzarı üstünə gül-çiçək dəstələri düzür, onun ruhu qarşısında baş əyirdi.
Fəxri xiyabana insan axını axşam saatlarınadək davam etdi.
Azərbaycan Nüslüm Maqomayevi yetirdi, pərvazlandırdı, o isə Vətənini dünyada şöhrətləndirərək övladlıq borcunu layiqincə yerinə yetirdi. Uzun müddət doğma şəhərindən, ölkəsindən uzaqda yaşasa da, boya-başa çatdığı Azərbaycana həmişə sədaqətli qaldı. Son mənzili də doğma Azərbaycan torpağı oldu.
Astronomlar Günəş sistemindəki kiçik planetlərdən birinə onun adını vermişlər: “4980 Maqomaev”. Müslüm haqq dünyasına qovuşsa da, onun sənəti bu planet kimi daim yüksəkdə olacaq, işıq saçacaq, qədirbilən Azərbaycan xalqı görkəmli oğlunun əziz xatirəsini həmişə əziz tutacaq, əbədi yaşadacaqdır. Çünki o, sönməyən ulduzdur.
Allah rəhmət eləsin, məzarı nurla dolsun!
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved