• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


DAŞKƏNDDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ MƏRKƏZİNİN AÇILIŞI OLMUŞDUR


 

27 sentyabr 2010
 
 
Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər.
Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. 
Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. 
Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev muzeyi ilə tanış oldu. Burada ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri toplanmışdır. 
Azərbaycanın dövlətçilik tarixi muzeyi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə vaxtilə 400 min kvadratkilometr ərazisi olan respublikamızın xəritələri, tarixi sənədlər, görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verildi.
Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyində toplanmış eksponatlar isə ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrdən, habelə bu gün inkişaf edən münasibətlərimizdən söhbət açır.
Prezident İlham Əliyev mərkəzin konfrans salonuna baxdı. 
Məlumat verildi ki, mədəniyyət mərkəzində Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Bundan əlavə, burada Azərbaycan məktəbi və kitabxana da yaradılmışdır.
 
MƏRKƏZLƏ TANIŞLIQDAN SONRA PREZIDENT İLHAM ƏLIYEV AZƏRBAYCAN DIASPORUNUN ÜZVLƏRI ILƏ GÖRÜŞDÜ.
 
Mərkəzin açılışı münasibətilə soydaşlarımızı təbrik edən Prezident İlham ƏLİYEV dedi:
 
- Mən sizi ürəkdən salamlayıram. Bu gözəl mədəniyyət mərkəzinin əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Altı il bundan əvvəl hörmətli Şavkat müəllimlə bərabər biz burada Azərbaycan mədəniyyət mərkəzinin açılışını qeyd edirdik. O vaxtkı bina o dövr üçün bəlkə də məqbul idisə, bugünkü dövr üçün əlbəttə ki, bu bina daha uyğundur. Ona görə bu mədəniyyət mərkəzinin əsaslı təmiri haqqında qərar qəbul edildi və səfirliyin bilavasitə iştirakı, Özbək hökumətinin böyük dəstəyi ilə çox gözəl, əzəmətli, yaraşıqlı mərkəz yaradılıbdır. Yəni, onu demək istəyirəm ki, artıq bu mədəniyyət mərkəzinin altıillik tarixi vardır, ancaq bu gün onun yeni dövrü başlayır. Çünki əsaslı təmir çox yüksək keyfiyyətlə, zövqlə aparılıbdır.
Bu mərkəz əslində Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Bu mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluğu muzeyi də fəaliyyət göstərir. Bu mərkəz ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir.
Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar.
Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar.
Heydər Əliyev özbək xalqına həmişə böyük rəğbətlə, məhəbbətlə yanaşırdı. Mən çox şadam ki, Heydər Əliyevin xatirəsi ilə bağlı bu gözəl duyğular Özbəkistanda və özbək xalqının ürəyində yaşayır. Bu gün hörmətli İslam Əbdüqəniyeviçlə görüşdə bu tarix də qeyd edildi. Özbəkistan Prezidenti öz çıxışlarında ulu öndər Heydər Əliyev haqqında ürək sözlərini, səmimi sözlərini demişdir. Ölkələrimiz dost, qardaş ölkələrdir. Xalqlarımız da dost, qardaş xalqlardır. Bu gün görüşlərdə qeyd olunan kimi, bizə tərcüməçi lazım deyildir. Biz bir-birimizin dilini başa düşür, anlayırıq və bütün beynəlxalq təşkilatlarda məsələlərə vahid mövqedən yanaşırıq. Mən bu gün xüsusilə qeyd etdim ki, Özbəkistan Azərbaycanın haqq işini daim dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəinki rəsmi bəyanatlarla dəstəkləyir, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin iclaslarında birmənalı şəkildə Azərbaycanın mövqeyinə səs verir. Bu gün Özbəkistanın Prezidenti bir daha bu prinsipial mövqeyini bildirmişdir.
Bizim aramızda çoxşaxəli münasibətlər vardır - həm iqtisadi, siyasi və həm də başqa sahələrdə. Ən əsası odur ki, biz səmimi dostuq, qardaşıq. Bu gün yəqin ki, münasibətlərimizin tarixində öz yerini tutacaqdır. Çünki bu gün gördüyümüz işlər münasibətlərimizin inkişaf etdirilməsində çox mühüm rol oynayacaqdır.
Bu, mənim Özbəkistana ikinci rəsmi səfərimdir. Birinci səfərdə biz Azərbaycanın böyük oğlu Nizami Gəncəvinin abidəsini hörmətli Prezident Kərimov ilə bərabər açdıq. İki il bundan əvvəl İslam Kərimovun rəsmi səfəri zamanı Özbəkistan xalqının böyük oğlu Əlişir Nəvainin abidəsi Bakıda ucaldılmışdır. Bu gün Heydər Əliyevin adını daşıyan mədəniyyət mərkəzinin yeni dövrü başlayır. Bütün bu hadisələr onu göstərir ki, aramızda olan münasibətlərin çox dərin kökləri və çox mənalı məzmunu vardır. 
Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Buraya Özbəkistanda yaşayan Azərbaycan diasporunun, özbək ictimaiyyətinin nümayəndələri toplaşmışlar. Siz Özbəkistanın dəyərli vətəndaşları kimi onun inkişafına töhfənizi verirsiniz. Ancaq eyni zamanda, siz Azərbaycanı da təmsil edirsiniz. Mən bilirəm ki, burada azərbaycanlılar üçün bütün şərait yaradılıbdır. Yəni, burada heç bir ayrı-seçkilik yoxdur. Yəni, siz də burada dəyərli vətəndaşlar kimi bütün hüquqlara maliksiniz. Siz bir növ Özbəkistan ilə Azərbaycan arasındakı münasibətlərdə çox vacib funksiyanı daşıyırsınız. Çünki sizin burada işiniz, fəaliyyətiniz, yaşamağınız münasibətlərimizi gücləndirir. Əlbəttə, bilirsiniz ki, Azərbaycanda həmişə sizinlə maraqlanırlar, işlərinizə diqqət göstərilir. Biz bundan sonra da çalışacağıq ki, bütün başqa ölkələrdə, dünyada yaşayan azərbaycanlılarla işlərimiz, əlaqələrimiz daha da yüksək səviyyədə qurulsun. Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.
Özbəkistan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işçisi Südabə MƏMMƏDOVA xarici ölkələrdə yaşayan azərbaycanlıları hər zaman diqqətdə saxladığı üçün dövlətimizin başçısına təşəkkürünü bildirdi: 
- Cənab Prezident, Sizi Azərbaycanın diasporu adından salamlayıram. Özbəkistana xoş gəlmisiniz. Bu gün doğrudan da tarixi bir gündür ki, biz onu burada qeyd edirik. Cənab Prezident, məhz Sizin şəxsi təşəbbüsünüz ilə bu bina əsaslı təmir edildi, yenidən quruldu. İndi də bizə təqdim olunur. Biz hamımız Sizə təşəkkürümüzü bildiririk, minnətdarıq, çox sağ olun. Sizin Özbəkistana hər gəlişiniz bizi çox sevindirir. Sizə öz minnətdarlığımızı bildiririk. Biz də həmişə Vətənləyik. Harada olsaq da biz hamımız azərbaycanlı adımızı başqa dövlətlər, millətlər içində yüksək tutmağa çalışırıq və çalışacağıq. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun, təbrik edirəm.
Tədbir iştirakçıları xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etdilər.
 
Sonra xatirə şəkli çəkdirildi.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved