• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYININ DÜNYA AZƏRBAYCANLILARINA MÜRACİƏTİ


Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Dünya öz tarixi inkişafının olduqca mühüm və mürəkkəb mərhələlərindən birini yaşayır. Qloballaşma prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası dialoqun tarixi zərurətə çevrildiyi bu mərhələdə hər bir millət öz varlığını qoruyub saxlamaqla bərabər, bəşəriyyətin gələcəyi üçün də məsuliyyət daşıyır. Belə bir şəraitdə Azərbaycan dövləti hadisələrə seyrçi mövqe tutmur, müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verir. Son illər Vətənimiz mütəmadi olaraq dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunmuş nüfuzlu tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədi ilə 2011-ci ildən başlayaraq hər iki ildən bir Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barədə fərman imzalamışdır.
Son illər Azərbaycan xalqı da keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi bir mərhələdir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişlənməsinə əlverişli şərait yaratmışdır. Bu gün dünyanın hansı hissəsində yaşamasından, dünyagörüşündən və siyasi əqidəsindən asılı olmayaraq, hər bir soydaşımız özünü doğma Azərbaycanın bir hissəsi hesab edir, Vətənin maraq və mənafelərinin qorunması naminə əlindən gələni əsirgəmir.
Dünya azərbaycanlılarının II qurultayından keçən 5 il ərzində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, doğma Vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli mənəvi dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlər görülmüşdür. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” həmvətənlərimiz qarşısında qoyulan vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində əhəmiyyətli rol oynamışdır. İndi azərbaycanlıların müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və qurumları vahid mərkəzlərdə birləşmiş, soydaşlarımızın qitələr üzrə təşkilatlanması prosesi, demək olar ki, başa çatmışdır.
Görülmüş işlərə, qazanılmış nailiyyətlərə nəzər salarkən ümummilli lider Heydər Əliyevi minnətdarlıqla xatırlayır, diaspor quruculuğu məsələlərinə dövlət səviyyəsində qayğı göstərilməsini bu dahi şəxsiyyətin tarixi xidmətləri hesab edirik.
Əldə olunmuş uğurlar üzərimizə həm də böyük məsuliyyət qoyur. Bu uğurları qorumaq və eyni zamanda daha böyük nailiyyətlər qazanmaq üçün hər birimizdən durmadan çalışmaq tələb olunur. İndi 50 milyonluq Azərbaycan xalqının əsas məqsədi Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdan ibarətdir. Azərbaycan diasporunun bütün potensialı, əzmi və iradəsi bu məqsədə çatmaq üçün zəruri olan vəzifələrin həllinə səfərbər edilməlidir.
Soydaşlarımızın qarşısında duran ən mühüm vəzifələr sırasına yaşadıqları ölkələrdə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi də daxildir. Hər bir azərbaycanlı icması milli mənəvi dəyərlərini, dilini, milli kimliyini qorumaqla yanaşı, cəmiyyətə daha yaxından inteqrasiya etməli, baş verən hadisələrə prinsipial münasibət bildirməli, ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilməlidir.
Bu gün dünyanın müxtəlif ölkələrində ictimai etimad qazanmış minlərlə azərbaycanlı mədəniyyət xadimi, elm adamı, jurnalist yaşayır. Onların, demək olar ki, hamısı vətənpərvər ziyalılar, Azərbaycan uğrunda hər cür fədakarlığa hazır olan insanlardır. Azərbaycanlı ziyalıların doğma Vətənin milli maraqlarının müdafiəsi işinə daha çox cəlb olunması, onların daha geniş kontingentinin diaspor təşkilatlarında təmsil olunması müasir dövrün reallıqları baxımından olduqca vacibdir.
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş təxribatlarının qarşısını vaxtında almaq bütün soydaşlarımızın əsas vəzifələrindən biridir. Bu sahədə işimizi gücləndirmək üçün əlavə tədbirlər görülməli, müasir informasiya texnologiyalarından və yeni metodlardan səmərəli istifadə olunmalıdır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan informasiya mərkəzlərinin şəbəkəsi genişləndirilməli, xarici kütləvi informasiya vasitələri ilə daha sıx əməkdaşlıq əlaqələri qurulmalıdır.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün digər xalqların diaspor təşkilatları ilə, xüsusən türk diasporu ilə əməkdaşlığı genişləndirmək, iki qardaş ölkənin maraqlarının müdafiəsi ilə bağlı həyata keçirilən layihə və tədbirləri daha sıx əlaqələndirmək zəruridir.
Xaricdə yaşayan azərbaycanlı gənclərin potensialından daha səmərəli istifadə etmək üçün tədbirlərin həyata keçirilməsi günün vacib tələblərindəndir. Gənclərimizin intellektual imkanları, müasir dünyagörüşü, yüksək vətənpərvərliyi bizim gələcəyə olan ümidlərimizi artırır. Əminik ki, bu böyük potensialın düzgün istiqamətləndirilməsi yeni tarixi nailiyyətlərə imza atmağa zəmin yaradacaqdır.
Əziz soydaşlar!
Azərbaycan diasporu ötən qısa vaxt ərzində böyük inkişaf yolu keçmişdir. İndi xaricdəki soydaşlarımız əvvəlki illərlə müqayisədə daha mütəşəkkil və çevik fəaliyyət imkanlarına malikdirlər. Biz bütün gücümüz və qəlbimizlə bu imkanlardan istifadə etməli, Azərbaycanın maraqlarını qətiyyətlə qorumaq əzmimizi dünyaya nümayiş etdirməliyik. Bu yolda ürəyi daim doğma Vətənlə döyünən hər bir azərbaycanlıya uğurlar arzulayırıq.

Müraciət Dünya azərbaycanlılarının
III qurultayında qəbul olunmuşdur. 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved