• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYININ ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ ƏLAQƏDAR DÜNYA İCTİMAİYYƏTİNƏ, BEYNƏLXALQ TƏŞKİLATLARA, XARİCİ ÖLKƏLƏRİN PARLAMENTLƏRİNƏ, DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARINA MÜRACİƏTİ


Biz – Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları narahat dünyamızda sağlam düşüncənin, haqq və ədalətin əvvəl-axır qalib gələcəyinə inamımızı ifadə edərək, bütün xalqların sülh və əmin-amanlıq, mehriban qonşuluq və dostluq şəraitində yaşamaq haqqına dərin ehtiramımızı bildirərək, mütərəqqi beynəlxalq ictimaiyyətə müraciət edirik.
Bu gün planetimizdə beynəlxalq təhlükəsizliyə və barışa, sivilizasiyalararası dialoq çağırışlarına, xalqların dinc yanaşı yaşayışının və əmin-amanlığının təminatına ciddi ehtiyac duyulur. Çünki qloballaşma prosesinin vüsət aldığı müasir mərhələdə dövlətlərin suverenliyini və bütövlükdə bəşəriyyəti təhdid edən aqressiv etnik separatçılıq, terrorizm, milli, dini və irqi ayrı-seçkilik kimi mənfi meyillər həyatımızın acı gerçəkliyinə çevrilmişdir. Təəssüf hissi ilə nəzərinizə çatdırırıq ki, zəmanəmizin ən qanlı faciələrinə rəvac vermiş Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 23 ildir ki, davam etməkdə, regionda sülh və əmin-amanlıq üçün böyük təhlükə mənbəyi olaraq qalmaqdadır.
Son iki əsrə yaxın bir dövrdə erməni millətçilərinin əli ilə Azərbaycana qarşı mərhələ-mərhələ işğalçılıq siyasəti həyata keçirilmiş, xalqımız çoxsaylı kütləvi qırğınlara, etnik təmizləmə və deportasiyalara, soyqırımı aksiyalarına məruz qalmışdır. Təkcə XX əsrdə on minlərlə azərbaycanlı etnik və dini amilə görə qətlə yetirilmiş, milyonlarla soydaşımız öz tarixi torpaqlarından didərgin salınmışdır.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, işğalçılıq niyyətlərini həyata keçirmək üçün Dağlıq Qarabağda heç bir tarixi, siyasi, etnik əsası olmayan erməni separatizminə rəvac verilmişdir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və ötən əsrin 90-cı illərinin əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşadığı 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən artıq insan əlil olmuşdur. Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq azərbaycanlının taleyi barədə indiyədək dəqiq məlumat almaq mümkün olmamışdır.
90-cı illərin əvvəllərində erməni silahlıları Qarabağın azərbaycanlılar yaşayan qəsəbə və kəndlərində kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə qanlı terror aksiyaları həyata keçirmiş, 1992-ci ilin fevralında XX əsrin ən dəhşətli faciəsini – Xocalı soyqırımını törətmişlər. Öz qəddarlığına və amansızlığına görə dünyada bənzəri olmayan bu qanlı aksiyada 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar olmaqla 613 Xocalı sakini bir gecənin içində qətlə yetirilmiş, 1000 nəfərdən artıq mülki əhali, o cümlədən 76 nəfər yetkinlik yaşına çatmamış oğlan və qız şikəst edilmiş, 1275 nəfər ermənilər tərəfindən girov götürülərək ağlasığmaz təhqir və həqarətlərə məruz qalmışdır. Amansızlıqla qətlə yetirilənlərdən 56 nəfəri diri-diri yandırılmış, başları kəsilmiş, gözləri çıxarılmış, qafa taslarının dərisi soyulmuşdur.
1988-ci ilin sonlarında Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən artıq azərbaycanlı yüzlərlə insanın qətli ilə müşayiət olunan kütləvi deportasiyaya məruz qalmış, nəticədə Ermənistan dünyada analoqu olmayan monoetnik dövlətə çevrilmişdir. XIX əsrin əvvəllərində bu gün Ermənistan deyilən ərazidə 2 mindən çox azərbaycanlı yaşayış məntəqəsi olduğu halda, hazırda orada bir nəfər də olsun, azərbaycanlı qalmamış, minlərlə Azərbaycan-türk toponimləri, tarixi yer adları açıq-aşkar saxtakarlıqla erməniləşdirilmiş və xəritədən silinmişdir.
Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-mədəni abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bu antibəşəri proses indi də davam etməkdədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km su kəməri, 2 min km qaz kəməri, 15 min km elektrik xətti, 1200 km irriqasiya sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi məhv edilmişdir.
On illər boyu Azərbaycan xalqına qarşı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilmiş təcavüzkar siyasət, kütləvi zorakılıq aksiyaları və bu cinayətlərin XX yüzilliyin sonlarında müasir dünyanın gözü qarşısında yenidən təkrarlanması, beynəlxalq hüququn tələbləri baxımından soyqırımı kimi qiymətləndirilməlidir. Təəssüf ki, istər regiondakı tarixi-siyasi proseslərə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bu gün dünyada ikili standartlarla yanaşma halları mövcuddur.
Qurultay iştirakçıları Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağla bağlı 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin hələ də təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilməməsinə beynəlxalq birliyin laqeyd münasibətindən dərin məyusluq hissi keçirirlər. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsində Azərbaycan ərazilərinin işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi qeyd olunmuş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. BMT Baş Məclisinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsini təsdiq edən rəyləri, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı 2010-cu il 20 may tarixli qətnamə və digər beynəlxalq sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı öz təsdiqini tapmış və bu ərazilərin azad olunması tələb edilmişdir. Bütün bunlara baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir, beynəlxalq birliyin tələb və tövsiyələrinə etinasızlıq göstərir. Sülhün və təhlükəsizliyin təminatçısı olan beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin Ermənistanın bu təcavüzkar hərəkətlərinə qarşı təsirli tədbirlər görməməsi dünyada ədalətin mövcudluğuna olan inamı sarsıdır və beynəlxalq hüquqa etimadsızlıq kimi mənfi tendensiyalara yol açır.
Biz, eyni zamanda narahatlıq hissi ilə bildiririk ki, Azərbaycan tərəfinin xoşməramlı təşəbbüslərinə, münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe və qonşulara qarşı əsassız ərazi iddiaları sülhyaratma prosesində böhran yaradır, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərin uğursuzluqla nəticələnməsinə səbəb olur. Ermənistanın bu mövqeyi problemin dinc yolla həllini çətinləşdirir, müharibənin yenidən alovlanması təhlükəsini artırır.
Dünya azərbaycanlılarının III qurultayı beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması naminə konkret addımlar atmağa, təcavüzkarı sağlam düşüncəyə və davakar qarşıdurma mövqeyindən geri çəkilməyə vadar edəcək qətiyyətli tədbirlər görməyə çağırır. Bir daha nəzərinizə çatdırmağı zəruri sayırıq ki, bu münaqişənin davam etməsi və mövcud status-kvonun saxlanması bölgə xalqlarının maraqlarına cavab verməməklə yanaşı, təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə ciddi maneədir. Biz qəti şəkildə inanırıq ki, münaqişənin həlli nəinki Azərbaycan və erməni xalqlarının, eləcə də bütün regionun həyatında yeni bir dövrün – dostluq, əməkdaşlıq və tərəqqi mərhələsinin başlanğıcı olacaqdır.

Müraciət Dünya azərbaycanlılarının III qurultayında qəbul olunmuşdur.

 

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved