• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYININ QƏTNAMƏSİ


Dünya azərbaycanlılarının III qurultayının doğma Vətənimizdə - müstəqil dövlət kimi iyirminci ildönümünü yaşayan Azərbaycan Respublikasında keçirilməsi hər birimizin qəlbini qürur hissi ilə doldurur. XX yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fədakarlığı sayəsində tarix səhnəsinə çıxmış, əsrin sonlarında isə görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə öz layiqli yerini yenidən bərpa etmiş Azərbaycan bu gün tərəqqi və modernləşmə yolu ilə irəliləyir.
Dünya azərbaycanlılarının II qurultayından keçən dövrdə ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər hamımızı sevindirir. Bu illər ərzində Azərbaycanın keçdiyi yol xalqımızın şərəfli dövlətçilik tarixinə, zəngin mədəniyyətə və insan potensialına, yüksək milli şüura və saf mənəviyyata malik olduğunu bir daha təsdiq etmişdir.
Ötən 5 il ərzində Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının qorunmasına təminat verən demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlərə imza atmışdır. Ölkədə qanunların icrası mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılmış addımlar dövlətin sosial və siyasi dayaqlarını daha da möhkəmləndirmişdir.
Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu uğurla davam etdirmiş, etnik və dini tolerantlıq mühitinin qorunmasına nail olmuş, əsl vətəndaş həmrəyliyini təmin etmişdir. Məhz buna görədir ki, inancından və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşı Azərbaycanı eyni dərəcədə sevir, ona xidmət etməyi özünün müqəddəs borcu hesab edir. Azərbaycanda yaşayan bir çox milli azlıqların xarici ölkələrə miqrasiya etmiş nümayəndələrinin doğma Vətənlə daim əlaqə saxlaması, onun maraqlarının müdafiəsi ilə bağlı bütün təşəbbüslərə dəstək verməsi buna parlaq sübutdur.
Son 5 ildə Azərbaycan Respublikasında milli mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasına, elmin və təhsilin inkişafına xidmət edən dövlət proqramları həyata keçirilmişdir. Bu proqramlar çərçivəsində yüzlərlə gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanmışdır. Onların bir çoxu diaspor quruculuğu işinin fəal iştirakçılarıdır.
Ötən dövrdə əhalinin rifahının daha da yaxşılaşdırılması, aztəminatlı ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi dövlətin diqqət yetirdiyi prioritet məsələlər sırasında olmuşdur. İqtisadi azadlıqların təmin olunmasına və sahibkarlığın inkişafına xidmət edən mühüm islahatlar həyata keçirilmiş, iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirilmişdir. Aparılan iqtisadi siyasət nəticəsində ölkəmizin bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə qeyri-neft sahələrinin inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə gənclərin məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olunmuşdur.
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətlərinin qurulması yönündə ardıcıl səy göstərir. Dünyanın bütün ölkələri ilə münasibətlərini məhz bu prinsiplər əsasında qurmuş dövlətimiz beynəlxalq birliyin dərin etimadını qazanmağa müvəffəq olmuşdur.
Azərbaycan Respublikası sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə verməyə çalışır. Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam dəstəkləyən dövlətimiz istənilən pərdə altında həyata keçirilən terror fəaliyyəti əleyhinə mühüm addımlar atmış, bu məqsədlə qəbul edilmiş müxtəlif konvensiyalara qoşulmuşdur.
Ötən dövrdə Azərbaycan Respublikasının müdafiə qüdrəti daha da artmış, Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz edilmişdir. Bu gün Azərbaycan ordusu dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və bütün sərhədlər üzərində nəzarətin təmin olunması kimi vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
Son illərin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, “Evrovizion– 2011” müsabiqəsində Azərbaycan təmsilçilərinin qazandığı tarixi qələbədir. Bu, xalqımızın zəngin mədəniyyətə malik olduğunu təsdiqləməklə yanaşı, həm də gənclərimizin böyük potensialının, yüksək istedadının ifadəsi kimi qiymətləndirilə bilər.
Təqdirəlayiq haldır ki, ötən illər ərzində Azərbaycan diasporu da öz gücünü artırmış, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha geniş vüsət almış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində təşəbbüslərin sayı artmış, azərbaycanlı icmaları yaşadıqları ölkələrdə ictimai rəyə real təsir imkanları əldə etmişlər.
2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunması, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmiş, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr öz əksini tapmışdır.
Son illər Dağlıq Qarabağ münaqişəsinə, tarixin müxtəlif mərhələlərində xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarına dair faktlara beynəlxalq aləmin diqqətinin cəlb olunması sahəsində atılan addımlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun hücum taktikasına keçdiyini nümayiş etdirir.
Təqdirəlayiq haldır ki, xaricdə yaşayan soydaşlarımız digər xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olmuşlar. Dünyanın müxtəlif ölkələrində güclü mövqelərə malik olan qardaş türk diaspor qurumları ilə fəaliyyətin əlaqələndirilməsi hər iki icmanın gücünü xeyli artırır, onların ictimai rəyə daha çox təsir imkanları qazanmasına şərait yaradır.
Ötən 5 il Azərbaycanın türk dünyasının mədəni və siyasi mərkəzlərindən birinə çevrilməsi ilə də əlamətdar olmuşdur. 2007-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş bu toplantılarda qəbul olunmuş sənədlər türkdilli xalqların diaspor təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin qurulmasının istiqamətlərini müəyyənləşdirmişdir. 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved