• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


Dünya Azərbaycanlılarının ııı qurultayının mandat komissiyasi sədrinin məruzəsi


 

 
Zati-aliləri, möhtərəm cənab Prezident!
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İcazə verin, Dünya Azərbaycanlılarının III Qurultayının açılışı münasibətilə Sizi təbrik edim, qurultayın işinə uğurlar arzulayım.
Dünya Azərbaycanlılarının III qurultayının Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsi bu möhtəşəm tədbirin ictimai-siyasi məzmununu daha da zənginləşdirir. Azərbaycan dinamik inkişaf edən, regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə aparıcı rol oynayan və  beynəlxalq aləmdə yüksək nüfuza malik qüdrətli bir dövlətə çevrilmişdir.
Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində dayanan ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik ənənələrin təşəkkülü, insan hüquq və azadlıqlarının qorunması, əhalinin sosial rifahının təmin edilməsi, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi azadlıqların bərqərar edilməsi, dünya birliyinə inteqrasiya sahəsində bir çox nailiyyətlərə imza atmışdır. Bu uğurların qazanılmasında dünya azərbaycanlılarının birliyi və həmrəyliyi müstəsna rol oynamışdır. Dünya Azərbaycanlılarının III qurultayı bu birliyin və həmrəyliyin parlaq ifadəsidir. Bu qurultay, eyni zamanda, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarının uğurla həyata keçirildiyini bir daha təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diasporumuzun tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur. Qurultaydan keçən 5 il ərzində 100-dən çox yeni diaspor təşkilatı yaradılmış, bir sıra regionlarda azərbaycanlı icmaların fəaliyyətini koordinasiya edən yeni qurumlar təsis edilmişdir. Xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin, habelə mədəniyyət və incəsənət xadimləri, elm adamlarının daha geniş kontingentinin diaspor quruculuğu işinə cəlb edilməsinə nail olunmuşdur. Qurultaydan sonra Azərbaycan diaspor təşkilatlarının inteqrasiya prosesi sürətlənmiş, Azərbaycan icmalarının dost xalqların və ölkələrin diaspor təşkilatları ilə əlaqələr inkişaf etdirilmişdir. 2007-ci ildə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı da türk xalqları arasında birliyin möhkəmlənməsinə xidmət edən mühüm addımlar idi. Türkdilli xalqlar arasında əməkdaşlığın inkişafına xidmət edən bu tədbirlər Azərbaycan dövlətinin türk dünyasında nüfuzunu daha da artırmışdır.
Hörmətli qurultay iştirakçıları!
Dünya azərbaycanlılarının III qurultayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq keçirilir. Sərəncamın icrasını təmin etmək və Qurultayın yüksək səviyyədə keçirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılmış, işçi qrupları təşkil edilmiş və digər müvafiq tədbirlər görülmüşdür.
Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilmişdir. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 nəfər qonaq qismində iştirak edir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunmuşlar.
Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.
Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr iştirak edir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar  və siyasi partiyalardan 677 nümayəndə və 405 nəfər qonaq qurultayda iştirak edir.
Əziz həmvətənlərimiz!
Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mənəvi həyatının müxtəlif sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, iş adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasi və ictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını, çiçəklənməsini və qüdrətinin artmasını arzulayan insanlardır. 
Eyni zamanda xarici ölkələrin ali icra və hökumət orqanlarının nümayəndələri də qurultaya dəvət olunanlar arasındadır.
Qurultaya dəvət olunanlar sırasında Qırğızıstan Parlamentinin sədri cənab Axmatbek Keldıbekov, Gürcüstanın Diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitaya, Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başkanlığın rəhbəri cənab Kemal Yurtnac, Moldova Respublikasının Qaqauz Yeri Başqanı Mixail Formuzal, Rusiya Federasiyası Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav Şvetsov, Türkiyə Respublikası Baş nazirinin müşaviri cənab Sadettin Kılıc, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru cənab David Kirkitadze,Türkiyə Respublikasının Kocaeli Böyük şəhər Bələdiyyəsinin başçısı cənab İbrahim Karaosmanoğlu, Dağıstan Respublikasının Ədliyyə naziri cənab Azadi Rəhimov və başqalarının ölkəmizə gəlişi bu tədbirin əhəmiyyətini göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənməsinin bariz nümunəsidir. Biz onların hər birini salamlayır və bu mötəbər məclisdə görməkdən məmnunluq duyduğumuzu bildiririk.  
Qurultayda qonaq qismində iştirak edən Türkiyə, Belçika, Lüksemburq, Danimarka, Gürcüstan, Estoniya, Qırğızıstan, Latviya, Litva, Moldova, Rumıniya, Ukrayna, Rusiya Federasiyasının Dağıstan Respublikasının parlament üzvlərinə dünya azərbaycanlılarının bu ali toplantısına qatıldıqlarına görə minnətdarlığımızı bildiririk. Qurultayda ümumilikdə 13 ölkənin parlamentinin 37 deputatı iştirak edir.
Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini işıqlandırmaq üçün qurultayda 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi iştirak edir. İcazə verin, onların hər birinə tədbirə qatıldıqlarına, qurultay haqqında məlumatları operativ şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırdıqlarına görə təşəkkürümüzü bildirək.  
Gənclər cəmiyyətin hərəkətverici qüvvəsi, onun gələcəyidir. Olduqca qürurverici haldır ki, ayrı-ayrı ölkələrdə yaşayan, təhsil alan və işləyən azərbaycanlı gənclər Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırılması işində fəal iştirak edirlər. Bu gün bu mötəbər tədbirdə xarici ölkələrdən nümayəndə və qonaq qismində 102 nəfər gənc iştirak edir. Ümumilikdə qurultayda müxtəlif gənclər təşkilatlarının 353 nəfər nümayəndəsi iştirak edir. Onların hər biri yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyə çalışır, doğma Vətənin inkişafına öz töhfələrini verməyə səy göstərirlər. Bu yolda bütün gənclərimizə uğurlar arzulayırıq.    
Qurultay nümayəndələrinin tam əksəriyyətini – 97 faizini ziyalılar təşkil edir. Onların 198 nəfəri akademik, elmlər doktoru və elmlər namizədidir. Nümayəndələrin 144 nəfəri təhsil, 92 nəfəri səhiyyə işçisi, 151 nəfəri yaradıcı ziyalı, mədəniyyət və incəsənət xadimi, 78 nəfəri yerli özünüidarə qurumlarının əməkdaşı, 83 nəfəri siyasi partiya və ictimai təşkilatların nümayəndəsidir.
Qurultayda Milli Məclisin deputatları, Azərbaycan Respublikasının ali icra və hökumət qurumlarının, rayon və şəhər icra hakimiyyətləri, bələdiyyə orqanlarından 390 nəfər nümayəndə iştirak edir.
Nümayəndələrin 74 nəfəri yüksək fəxri adların və dövlət mükafatlarının laureatlarıdır.
Qurultay nümayəndələrinin 27faizini və ya 505  nəfərini  qadınlar təşkil edir. Bu bir daha göstərir ki, azərbaycanlı qadınlar hansı ölkədə yaşamasından asılı olmayaraq doğma Vətənin milli maraqları ilə bağlı bütün məsələlərdə yüksək ictimai fəallıq nümayiş etdirir.
Diqqətinizə çatdırmaq istərdim ki, Dünya Azərbaycanlılarının III Qurultayında Azərbaycan Respublikasında yaşamış yəhudi, rus, ukraynalı, bolqar, ahıska türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri iştirak edir. Onların bu qurultayda iştirakı bu füsunkar ölkəyə bağlılığı, Azərbaycana olan sonsuz sevgisinin ifadəsidir. 
Qurultayda Rus Pravoslav Kilsəsi, Bakı və Azərbaycan Xəzəryanı Bölgə Yeparxiyası, Dağ Yəhudiləri Dini İcması, Avropa Yəhudiləri Dini İcması, Roma Katolik Kilsəsi nümayəndəliyinin təmsilçiləri iştirak edir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən rus, Ukrayna, kazak, bolqar, yunan, polyak, tatar, avar, ləzgi, kürd, tat, gürcü və digər milli azlıqların milli mədəniyyət mərkəzlərinin nümayəndələri də tədbirə qatılmışlar. Qurultayda Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların, ölkəmizdə yaşayan etnik azlıqların təmsilçilərinin iştirakı xalqımızın yüksək dini və etnik tolerantlığının parlaq təcəssümü kimi qiymətləndirilə bilər.
            Hörmətli Qurultay iştirakçıları!
Dünya Azərbaycanlılarının III Qurultayı nümayəndələri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daim fəal iştirak edən, doğma Vətənin maraqlarının müdafiəsi uğrunda yorulmadan çalışan, öz fəaliyyəti və keçdiyi həyat yolu ilə yüksək vətənpərvərlik nümunəsi göstərən soydaşlarımızdır. Mandat komissiyası qurultay nümayəndələrinin vəkalətlərini yoxlamış və onların etibarlılığını təsdiq etmişdir. Seçilmiş qurultay nümayəndələri tam səlahiyyətlidir. Qurultay öz işinə başlaya bilər.
Əminik ki, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adını daşıyan bu möhtəşəm sarayda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biri olacaq, soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşməsi yolunda önəmli hadisələrdən birinə çevriləcəkdir. Hər birinizə uğurlar arzulayırıq.  
Diqqətinizə görə sağ olun. 
 
 
 
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved