• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ NAZİM İBRAHİMOVUN ÇIXIŞI



- Zati-aliləri möhtərəm cənab Prezident!

Hörmətli qurultay nümayəndələri!

Əziz qonaqlar!

Xanımlar və cənablar!


İcazə verin, sizi - Azərbaycan xalqının tarixində əlamətdar hadisə olan Dünya azərbaycanlılarının II qurultayının iştirakçılarını ürəkdən salamlayım və bu tarixi hadisə münasibətilə bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edim.

Bu gün bizim hamımızı ümummilli lider Heydər Əliyevin adını daşıyan bu möhtəşəm saraya toplayan Azərbaycana - öz doğma vətənimizə olan sonsuz sevgimiz, dünya azərbaycanlılarını vahid qüvvə kimi birləşdirən azərbaycançılıq ideyalarına sədaqətimizdir.

2001-ci ilin noyabrında ümummilli liderimizin təşəbbüsü və sizlərin bir çoxunun iştirakı ilə bu salonda keçirilən Dünya azərbaycanlılarının I qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyimizin təmin olunması prosesinin əsasını qoydu, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirdi, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının rəsmi təsdiqi kimi tarixin yaddaşına əbədi həkk edildi. Bu gün bu salona yüzlərlə insanın toplaşması, Dünya azərbaycanlılarının ll qurultayının ən yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və dünya azərbaycanlılarının Heydər Əliyev ideyalarına sədaqətinin parlaq təzahürüdür.

Hörmətli qurultay iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin qurultayda iştirakı bu ali forumun tarixi əhəmiyyətini daha yüksəklərə qaldırır, onun ideya-siyasi mahiyyətini zənginləşdirir, ümummilli məna daşıdığını təsdiq edir. Möhtərəm Prezidentimizin proqram xarakterli nitqi, onun dəyərli tövsiyələri xarici ölkələrdəki icma və birliklərlə Azərbaycanın dövlət orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin diasporla bağlı siyasətinin daha da təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələri müəyyən edəcək və diaspor quruculuğunun yeni mərhələsinin başlanğıcı üçün ideoloci baza olacaqdır.

        Dünya azərbaycanlılarının l qurultayından keçən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların milli maraqlarımızın müdafiəsinə cəlb olunması, Azərbaycan həqiqətlərinin diaspor təşkilatları vasitəsilə təbliği sahəsində Dövlət Komitəsinin bir neçə ildə gördüyü işlərin yekununu əks etdirən məruzənin tam mətni xüsusi kitabça şəklində qurultay iştirakçılarına paylanılmışdır. Qurultay nümayəndələrindən xahiş edirəm ki, məruzəyə dair bütün irad və təkliflərini Redaksiya Komissiyasına təqdim etsinlər.

       Hörmətli qurultay iştirakçıları!

İcazənizlə, bu gün mənə verilən imkandan istifadə edərək, ötən müddət ərzində diaspor quruculuğu sahəsində görülən işlər, fəaliyyətimizin əsas istiqamətləri və qarşıda duran vəzifələr barədə qısa da olsa ümumi məlumat vermək istərdim.

         Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparılmağa başlanmışdır. Ümummilli liderimizin təşəbbüsü ilə hələ 1991-ci ildə Naxçıvan Ali Məclisi 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününün təsis olunması barədə qərar qəbul etmiş və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı.

         Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədi ilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi forum - Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.

          Ümummilli liderimiz Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində çox böyük həyəcanla söylədiyi və bu gün bu salonda bir daha eşitdiyimiz “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri artıq dünya azərbaycanlılarının dilinin əzbəri olmuşdur. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, 50 milyonluq Azərbaycan xalqı da iftixarla bunu təkrar edir.

         O vaxtdan Azərbaycan diasporu quruculuğu böyük vüsət almışdır. 2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

         2002-ci ilin dekabrında “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması və dövlətimizin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Hörmətli qurultay nümayəndələri və qonaqlar!

          Dövlət Komitəsi ötən dövr ərzində azərbaycançılıq ideologiyasının fundamental prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atmış, həmvətənlərimizin təşkilatlanması üçün bir çox problemlərin həllinə nail olmuşdur. Həyata keçirilmiş çoxsaylı tədbirlər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın xalqımızın milli maraqlarının təmin olunmasında yaxından iştirakına imkan yaratmışdır.

        Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülən tədbirlər nəticəsində Avropada, Şimali Amerikada, MDB məkanına daxil olan bir sıra ölkələrdə yeni Azərbaycan icmaları yaradılmışdır və bu proses davam etməkdədir.

       Müxtəlif ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin gücləndirilməsi, çevikliyinin artırılması, bu təşkilatların vahid bir mərkəz ətrafında birləşdirilməsi əsas strateci məqsədlərdən biri kimi qəbul edilərək, bu istiqamətdə müvafiq addımlar atmışdır.

        Bu məqsədlə 2002-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayının ildönümünə həsr edilmiş “Azərbaycan diasporu: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilmiş, Azərbaycan diasporunun çağdaş durumu, problem və perspektivləri barədə geniş müzakirələr aparılmışdır.

        Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını, xaricdə yaşayan azərbaycanlıların öz milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədi ilə 2003-cü ilin aprelində Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir. Forumda Azərbaycan diasporunun problemləri barədə səmərəli fikir mübadiləsi aparılmış, icma və birliklərin fəaliyyətinin əlaqələndirilməsi, Avropa azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsi ideyası gündəliyə gətirilmişdir.

         Bu ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirilmişdir. AAK-ın təsis edilməsindən başlıca məqsəd Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə nail olmaqdır.

          2004-cü ilin mayında qardaş Türkiyə Respublikasının İsgəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası təsis olunmuşdur. Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirmək yeni Federasiyanın əsas məqsədlərindəndir.

          2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyası təsis edilmişdir. Hazırda dünyanın digər qitələrində də Azərbaycan icma və birliklərinin fəaliyyətlərinin mərkəzləşdirilməsi istiqamətində addımlar atılmaqdadır.

         Xaricdəki soydaşlarımızın hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi məqsədi ilə dünyanın müxtəlif ölkələrində hüquqi maarifləndirmə işlərinin aparılmasına diqqət yetirilməkdədir. Bu məqsədlə Rusiya Federasiyası, Ukrayna, Moldova və başqa ölkələrin ərazilərində fəaliyyət göstərən hüquqi yardım mərkəzlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, bu tipli yeni qurumların yaradılması işi davam etdirilmişdir.

        2005-ci ildə Rusiya Federasiyasında “Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar soydaşlarımız arasında hüquqi maarifləndirmə işinin aparılması üçün bir sıra təşkilati işlər görülmüş, ayrı-ayrı vilayətlərdə müvafiq hökumət strukturları ilə birgə tədbirlər həyata keçirilmişdir.

        Bundan başqa, Qazaxıstanda və Qırğızıstanda yaşayan soydaşlarımızın müraciətlərinə əsasən, onların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi və başqa şəxsi problemlərinin həllinə nail olunmuşdur.

        2005-ci ildə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı aparılmış araşdırmalar nəticəsində bu ölkədəki soydaşlarımızın üzləşdiyi çətinlikləri və onların həllinə yönəlmiş təklifləri özündə əks etdirən xüsusi arayış hazırlanmışdır. Həmin arayış əsasında hökumətlərarası proqramın layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

       Təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir.

Möhtərəm Prezidentimizin öz nitqində vurğuladığı kimi, müxtəlif ölkələrin ictimai-siyasi həyatında daha da fəal iştirakı, seçkili orqanlarında təmsil olunması və dövlət orqanlarında müəyyən vəzifələrə irəli çəkilməsi üçün səylər göstərilməsi bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Bu, son nəticədə Azərbaycan diasporunun nüfuzunun daha da möhkəmlənməsinə kömək edəcəkdir.

        Soydaşlarımızın Türkiyə, Estoniya, Gürcüstan və Moldova parlamentlərində, Rusiya, Ukrayna və Qazaxıstanın yerli özünüidarə orqanlarında təmsil olunmaları xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəlməsinin göstəricisidir. Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən uğurlu işlər nəticəsində ABŞ, Rusiya, Ukrayna, Belarus, Litva, Qazaxıstan, Özbəkistan və digər ölkələrin dövlət və hökumət strukturlarında həmvətənlərimizin də təmsil edilməsinə şərait yaranmışdır.

       Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları respublikamızın ictimai-siyasi həyatında baş verən bütün mühüm hadisələri maraqla izləyir, daim diqqət mərkəzində saxlayırlar. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xaricdəki Azərbaycan icmalarının cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı keçirdiyi həmrəylik aksiyaları, dünya azərbaycanlılarına və Azərbaycan xalqına müraciətlərin qəbul olunması bunun daha bir sübutudur. 2005-ci il parlament seçkilərində də Azərbaycan icmaları müvafiq bəyanatlar imzalayaraq, seçkilərin obyektiv, ədalətli və demokratik qaydada keçirildiyini ifadə etmişlər.

Hörmətli qurultay iştirakçıları!

     Ötən dövr ərzində zəngin mədəniyyətimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliğində müstəsna xidmətləri olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədi ilə bir sıra tədbirlər də həyata keçirilmişdir. Bir çox ölkələrdə mədəni irsimizin təbliği məqsədi ilə yaradılmış Azərbaycan evlərinin açılması, ictimai xadimlərin və mədəniyyət xadimlərinin yubileylərinin təşkili, xarici ölkələrdə Vətənimizin bir parçası, rəmzi olaraq Azərbaycan adını daşıyan park və xiyabanların salınması, diaspor təşkilatlarımızın təşəbbüsü ilə dünyanın böyük şəhərlərində mədəniyyət ustalarımızın geniş konsert proqramlarının, foto və rəsm əsərləri sərgilərinin təşkili bu prosesin artıq ənənəyə çevrildiyini göstərir. Yaxın vaxtlarda Nyu-Yorkdakı Amerika Təbiətşünaslıq Muzeyində və dünyanın bir çox muzeylərində Azərbaycana həsr olunmuş ilk ekspozisiyanın açılışı da xalqımızın zəngin tarixi və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır.

       2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası ilinin keçirilməsi ilə əlaqədar hazırlanmış xüsusi tədbirlər planına uyğun olaraq, Rusiyadakı Azərbaycan diasporu tərəfindən müxtəlif bölgələrdə azərbaycanlıların adət-ənənələrini, dilini, tarixini təbliğ etmək məqsədi ilə bir sıra mədəni tədbirlər keçirilmişdir.

      Xarici ölkələrdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərimizə, Ana dilinə və öz tarixi köklərinə bağlılığının möhkəmləndirilməsi diaspor quruculuğu işinin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımızın övladlarına Azərbaycan dilini, mədəniyyətimizi, tariximizi və ənənələrimizi tədris edən bazar günü məktəblərinin fəaliyyətini də qeyd etmək lazımdır. Hazırda müxtəlif ölkələrdə yüzlərlə belə məktəb vardır.

       Dünyanın bir sıra mötəbər təhsil ocaqlarında - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, Kiyev Milli Universitetində və başqa universitetlərdə Azərbaycan dilinin tədrisi üçün xüsusi bölmələr açılımışdır.

         Soydaşlarımızın sıx yaşadıqları dövlətlərin ərazisində, xüsusən MDB məkanında, o cümlədən Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan Respublikasında və başqa regionlarında, eləcə də digər ölkələrdə fəaliyyət göstərən ümumtəhsil və bazar günü məktəblərinin tədris proqramları, metodik ədəbiyyatlar, dərsliklərlə təminatı gücləndirilməkdədir.

      Müasir dünyamızda informasiya siyasətinin uğurlu qurulması ümumi inkişafın və dövlətçiliyin daha təkmil şəkildə möhkəmləndirilməsinin əsas amillərindəndir. Məhz buna görə də ötən dövrdə bu sahəyə xüsusi önəm verilmiş, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən icma və birliklərimiz informasiya-təbliğat işinin gücləndirilməsi sahəsində irəliləyişlərə nail olmuşlar.

     Diaspor quruculuğu işinin əhəmiyyətinin ictimaiyyətə aşılanması məqsədi ilə ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı cənab İlham Əliyevin Azərbaycan diasporunun formalaşdırılması sahəsindəki tarixi xidmətlərini əks etdirən “Azərbaycan diasporuna dövlət qayğısı” kitabının birinci və ikinci hissələri ictimaiyyətə təqdim edilmişdir.

       Bu gün xarici ölkələrdə məskunlaşmış yüzlərlə Azərbaycan ziyalısı, görkəmli elm, mədəniyyət xadimi KİV-lər vasitəsilə Azərbaycanın haqq səsinin, müxtəlif sahələrdə qazandıqları uğurların, onun mədəniyyətinin, incəsənətinin, tarixinin, əbədiyyatının və nəhayət, azərbaycançılıq ideyalarının dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələr yaradır, yerli televiziyalarda və dövri nəşrlərdə mütəmadi çıxış edirlər. Diaspor quruculuğu sahəsindəki yeniliklər, xarici ölkələrdəki Azərbaycan icmalarının gördüyü işlər barədə Azərbaycanın çoxsaylı kütləvi informasiya vasitələrində də müntəzəm məlumatlar verilir.

       Diaspor təşkilatlarımız mətbu orqanları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, eyni zamanda, soydaşlarımızın tarixi Vətən haqqında obyektiv və intensiv şəkildə məlumatlandırılmasına, diaspor quruculuğu işinin təbliğinə həmvətənlərimizlə əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

      Təbliğat işinin əsas istiqamətlərindən biri də xalqımızın üzləşdiyi tarixi faciələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun əsil səbəbləri, mahiyyəti və ağrılı nəticələri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdəki Azərbaycan icmalarının və yerli xalqların bu barədə daha ətraflı məlumatlandırılması olmuşdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif xalqların dilinə tərcümə edilmiş kitablar, broşürlər və fotoşəkillərdən ibarət albomlar icmalar tərəfindən yayılmış, yerli televiziya kanallarında sənədli filmlər, sücetlər nümayiş etdirilmişdir. Azərbaycan icma və birliklərinin fəal iştiraki ilə bir sıra etiraz aksiyaları da təşkil olunmuşdur.

Hörmətli qurultay iştirakçıları!

       Təcrübə göstərir ki, milli mənafelərimiz, dövlət maraqlarımız, xalqlarımızın tarixin sınaqlarından çıxmış dostluq əlaqələri Azərbaycan və türk diasporlarının sıx əməkdaşlığını, taleyüklü məsələlərin həllində birgə fəaliyyətini zərurətə çevirmişdir. Bu gün qurultayda Türkiyə Böyük Millət Məclisi üzvlərinin böyük bir qrupunun iştirakı əlaqələrimizin yüksək səviyyəsindən, onun hədsiz imkanlarından, Azərbaycan və Türkiyəni bir-birinə bağlayan qardaşlıq tellərinin sarsılmazlığından xəbər verir.

      Getdikcə inkişaf etməkdə olan və dəfələrlə sınaqlardan çıxmış bu əməkdaşlıq əlaqələri diasporumuzun imkanlarının daha da genişlənməsinə böyük təkan vermişdir. Belə ki, ötən dövr ərzində Azərbaycan və türk diasporları müxtəlif ölkələrdə birgə mədəni-kütləvi tədbirlərin keçirilməsinə nail olmuşlar. Belə tədbirlər Azərbaycan gerçəkliklərinin təbliğinə, xarici əlaqələrin inkişafına, Azərbaycan və türk icmaları arasında əməkdaşlığın dərinləşməsinə xidmət etmişdir.

       Ötən dövrdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət imkanlarını araşdırmaq və bu sahədə daha uğurlu nəticələr əldə etmək məqsədi ilə Avropada və ABŞ-da fəaliyyət göstərən türk icmalarının rəhbərləri, Türkiyə Respublikasının müvafiq dövlət və hökumət strukturları və müxtəlif ölkələrdəki səfirliklərinin əməkdaşları ilə birgə müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsi olaraq, möhtərəm Prezidentimizin xeyir-duası ilə 2006-cı ildə Türk və Azərbaycan diaspor təşkilatlarının l forumunun keçirilməsi nəzərdə tutulur. Forumda türk və Azərbaycan diasporlarının son dövrdəki birgə fəaliyyəti, Azərbaycan Prezidentinin, Türkiyə Prezidenti və Baş nazirinin tövsiyələri əsasında əlaqələrimizin perspektivləri ilə bağlı planlarımızı müzakirə edəcəyik.

       Ötən müddət ərzində Azərbaycanda işgüzar səfərdə olmuş və gələcəkdə Azərbaycan lobbisinin təşkilində yardım göstərə biləcək bir sıra xarici ölkələrin parlamentlərinin, hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə keçirilmiş çoxsaylı görüşlərdə onların Azərbaycan diaspor təşkilatlarının işinə cəlb olunması və əməkdaşlıq barədə razılıq əldə edilmişdir. Bu, xaricdə Azərbaycan lobbisinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir.

        Hazırda Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin parlament və hökumət üzvləri ilə intensiv əlaqələr qurmağa çalışır, müxtəlif xalqların diaspor təşkilatları ilə əməkdaşlıq edirlər. Bu gün qurultayın qonaqları arasında Latviya, Estoniya, Litva, Ukrayna, Moldova, Belçika, Avstriya, İsveçrə, Çexiya, Kanada parlamentinin üzvlərindən ibarət geniş nümayəndə heyətləri təmsil olunur. Həmin ölkələrin ictimai, siyasi və dövlət xadimlərinin iştirakı qurultayımızın nüfuzunu daha da artırır.

Hörmətli qurultay iştirakçıları!

        Azərbaycan diasporu indi özünün inkişaf və təkamül dövrünü yaşayır. Diasporumuzun güclənməsində, Azərbaycanın təbliğində, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan gənclərin də mühüm rolu vardır. Azərbaycanın Avropaya inteqrasiya yolunu seçməsi xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin sayının ildən-ilə artmasına imkan yaratmışdır. Bu isə gələcəkdə güclü diasporun formalaşması üçün etibarlı bünövrə rolunu oynayır.

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə təhsil alan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin milli maraqlarının müdafiəsi işinə cəlb edilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamışdır. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nda Bakı şəhərində Dünya azərbaycanlı gənclərinin l konqresinin keçirilməsi ilə bağlı müddəanın öz əksini tapması bu siyasətin təzahürü kimi qiymətləndirilməlidir.

      Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin problemlərinin həllini həmişə diqqət mərkəzində saxlayır, onların aradan qaldırılması məqsədi ilə Azərbaycanın müvafiq dövlət və hökumət orqanlarına göstərişlərini, tövsiyələrini verir. Xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində o ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradırlar.

Möhtərəm cənab Prezident,
Hörmətli qurultay iştirakçıları,

 
        
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarında xaricdə yaşayan soydaşlarımızın da fəal iştirakı ölkəmizin iqtisadi qüdrətinin artırılması prosesinin daha böyük vüsət almasına imkan yaratmışdır. Xaricdəki Azərbaycan icmalarının ölkəmizin iqtisadi inkişaf prosesinə cəlb edilməsi ötən dövrün ən mühüm vəzifələrindən biri olmuşdur. Belə ki, diaspor təşkilatlarının təşəbbüsü və fəal iştirakı ilə Azərbaycanın iqtisadi inkişaf perspektivlərinə həsr olunmuş seminar-konfranslar və iqtisadi forumlar keçirilmişdir. 2004-cü ilin aprel ayında I Azərbaycan-Rusiya iqtisadi forumu, 2006-cı il fevralın 22-də II Azərbaycan-Rusiya iqtisadi forumu təşkil olunmuşdur.

        Bundan başqa, Azərbaycanın müxtəlif regionlarından olan və hal-hazırda Rusiyada məskunlaşmış azərbaycanlı iş adamlarının doğulub boya-başa çatdıqları bölgələrin sosial-iqtisadi inkişafına, abadlıq işlərinə sərmayə qoymağa cəlb olunması sahəsində görülən işlər də öz bəhrəsini verməkdədir. Hazırda diaspor təşkilatları nümayəndələrinin köməyi ilə iqtisadi lobbiçilik, Azərbaycanın dostlarının əhatəsinin genişləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq, daim diqqət mərkəzində saxlayır. İş reciminin gərginliyinə baxmayaraq, möhtərəm Prezidentimizin Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici təşkilat nümayəndələrini mütəmadi qəbul etməsi, xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri ənənəyə çevrilmiş və diaspor quruculuğu işinə böyük təkan verməkdədir.
Möhtərəm cənab Prezident, icazə verin, Azərbaycan xalqının mənəvi birliyinin möhkəmləndirilməsi istiqamətində dəyərli tövsiyələrinizə görə bütün diaspor təşkilatları adından Sizə bir daha dərin təşəkkürümüzü bildirək. Eyni zamanda, əmin edək ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, xalqımızın zəngin mənəvi irsinin, tarixinin təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərimizi daha da artıracağıq.
Diqqətinizə görə çox sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved