• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


MANDAT KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİS SƏDRİNİN BİRİNCİ MÜAVİNİ ZİYAFƏT ƏSGƏROVUN ÇIXIŞI


- Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar, xanımlar və cənablar!

      
İcazə verin, Dünya azərbaycanlılarının II qurultayının açılışı münasibətilə Sizi təbrik edim, hamınıza böyük uğurlar arzulayım.

      Dünya azərbaycanlılarının II qurultayı çox mühüm bir mərhələyə -Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prosesinin geniş vüsət aldığı, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi, respublikamızın dünya birliyinə inteqrasiyasının sürətləndiyi bir dövrə təsadüf edir. Azərbaycan xalqı ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etdikdən sonra və ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət quruculuğu prosesinin əsası qoyulmuş və müvəffəqiyyətlə başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirərək, respublikamızı yeni inkişaf mərhələsinə çıxarmışdır.

       Ümummilli liderimizin həyata keçirdiyi müdrik siyasətin nəticəsi olaraq, ötən illərdə Azərbaycanda milli dövlətçilik düşüncəsinin formalaşması, bütün vətəndaşların hüquq və mənafelərini təmin edən ictimai münasibətlər sisteminin bərqərar edilməsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ideoloci birliyinin yaradılmasında mühüm rol oynamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultayda qəbul edilmiş tarixi əhəmiyyətli qərarlar diaspor quruculuğunun dövlət siyasətinin tərkib hissəsinə çevrilməsinə zəmin yaratmış, dünya azərbaycanlılarının təşkilatlanması prosesinin ideya-siyasi istiqamətlərini müəyyənləşdirmiş, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsində müstəsna rol oynamışdır.

      Dünya azərbaycanlılarının I qurultayından keçən dövr ərzində dünyanın müxtəlif ölkələrində Azərbaycan icmalarının yaradılması daha geniş vüsət almışdır. Hazırda 300-dən çox Azərbaycan icması fəaliyyət göstərir və 100-dən çox yeni diaspor təşkilatı yardılmışdır. Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də mühüm addımlar atılmış, bu məqsədlə diaspor təşkilatları tərəfindən müvafiq qurumlar təsis edilmişdir. Avropa Azərbaycanlıları Konqresinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Kanada Azərbaycan Təşkilatları Federasiyasının yaradılması bu prosesin ardıcıl və davamlı xarakter aldığını göstərir.

Hörmətli qurultay iştirakçıları!

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz tərəfindən əsası qoyulmuş ənənələrə sadiq qalaraq, dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu kimi mühüm məsələləri daim diqqət mərkəzində saxlamışdır. Cənab Prezidentin Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında 2006-cı il 8 fevral tarixli Sərəncamı bu siyasətin parlaq təzahürüdür. Sərəncama uyğun olaraq, Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi üçün ciddi hazırlıq işləri aparılmışdır. Qurultayın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Təşkilat Komitəsi yaradılmış, işçi qrupları təşkil edilmiş və digər müvafiq tədbirlər görülmüşdür. Təşkilat Komitəsi tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmalarına qurultaya nümayəndələr seçmək üçün müraciət olunmuş, tədbirdə iştirak edəcək rəsmi qonaqların siyahısı dəqiqləşdirilmişdir. Azərbaycan icmaları qurultayın keçirilməsi ilə bağlı Sərəncamı çox böyük sevinc hissi ilə qarşılamışlar.

      Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmalarının əksəriyyətində qurultayqabağı toplantılar keçirilmiş, diasporumuzun çağdaş durumu, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə yaşayan azərbaycanlılarla bağlı siyasətin başlıca istiqamətləri, onun reallaşması üçün görülmüş işlər ətraflı müzakirə olunmuş, müvafiq təkliflər irəli sürülmüşdür. Azərbaycan icmaları ölkəmizdə gedən ictimai-siyasi proseslər, respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilməkdə olan sosial-iqtisadi inkişaf proqramları, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli istiqamətində atılmış addımlarla bağlı səmərəli fikir mübadiləsi aparmışlar. Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətinin ölkənin milli maraqlarının gerçəkləşdirilməsinə xidmət etdiyi xüsusi vurğulanmış və dəstəklənmişdir. Bu yığıncaqlarda Dünya azərbaycanlılarının II qurultayının çağırılması Azərbaycan diasporunun həyatında tarixi hadisə kimi qiymətləndirilmiş, yüksək əhval-ruhiyyədə qurultaya nümayəndələr seçilmişdir.

Hörmətli qurultay nümayəndələri!

        Diqqətinizə çatdırmaq istərdim ki, Dünya azərbaycanlılarının II qurultayına 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak edir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr Rusiya Federasiyası (200), Türkiyə (116), Ukrayna (85), Almaniya (53), Gürcüstan (40), ABŞ (38), Fransa (27), Qazaxıstan (25), İsveç Krallığı (23), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (16), Belarus (15), Kanada (13), Niderland Krallığı (14), Latviya (14), Estoniya (13) və Avstriyadır (10).

       Xüsusilə qeyd etmək istərdim ki, Avstraliya İttifaqı, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya Respublikası, Çin Xalq Respublikası, Bolqarıstan Respublikası, İsrail Dövləti, İspaniya Krallığı, İtaliya Respublikası, Macarıstan Respublikası, Misir Ərəb Respublikası, Polşa Respublikası, Şimali Kipr Türk Respublikası, Tacikistan Respublikası, Türkmənistan, Yaponiya, Yeni Zelandiya, Yunanıstan Respublikası, İslandiya və Tayvandan gəlmiş nümayəndələr ilk dəfədir ki, dünya azərbaycanlılarının ali məclisində iştirak edirlər. Qurultay nümayəndələrinin 182 nəfəri Azərbaycan icma və birliklərinin rəhbərləridir.

      Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak edirlər. Azərbaycan Respublikası 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.

  Əziz həmvətənlərimiz!

     
Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, iş adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasi və ictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və tərəqqisini arzulayan insanlardır. Eyni zamanda, xarici ölkələrin ali orqanlarının nümayəndələri də qurultaya dəvət olunanlar arasındadırlar. Belə ki, Türkiyə, Latviya, Estoniya, Litva, Ukrayna, Moldova, Belçika, Avstriya, İsveçrə, Kanada ali qanunvericilik orqanlarının üzvlərindən ibarət 64 nəfər qonaq qismində qurultayda iştirak edir.

        Qurultaya dəvət olunanlar arasında Türkiyə Respublikasının hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, millət vəkili cənab Şaban Dişli, Qırğızıstan Respublikasının dövlət katibi cənab Dastan Sarıqulov, Litva Prezidentinin müşaviri xanım Halina Koveskayte, Latviyanın cəmiyyətinin inteqrasiya məsələlərində xüsusi tapşırıqlar üzrə nazir cənab Aynars Latkoskis, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı, Fransanın Azərbaycandakı ilk səfiri cənab Can Perrən, Yaponiyanın Azərbaycandakı keçmiş səfiri cənab Toşiyuki Fucivara, Almaniya Federativ Respublikasının sabiq dövlət katibi cənab Otto Hauzer və başqalarının ölkəmizə gəlişi bu tədbirin əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanın dünya birliyində nüfuzunun möhkəmlənməsinin bariz nümunəsidir. Biz onları bu mötəbər məclisdə görməyi və salamlamağı özümüzə şərəf bilirik.

        Azərbaycan və yəhudi xalqlarını yüzilliklər boyu sınanmış və möhkəmlənmiş dostluq telləri bağlayır. Bu dostluq zamanın imtahanından uğurla çıxmışdır və bu gün də davam etməkdədir. Yəhudi xalqının nümayəndələri Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti arasında yayılmasında öz təmənnasız köməklərini əsirgəmirlər. Dünya azərbaycanlılarının II qurultayında iştirak edən İsrail dövlətinin nümayəndələrini və yəhudi icmalarının təmsilçilərini salamlayır və iki dost xalq arasında əlaqələrin möhkəmlənməsində onlara uğurlar arzulayıram.

      Azərbaycan və Türkiyə uzun müddətdir bu regionda baş vermiş olaylar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük çətinliklərlə üzləşir. Bu maneələri aradan qaldıranlar sırasında qurultayın fəxri qonaqlarından olan görkəmli şərqşünas alim cənab Erix Fayqlın adı xüsusilə qeyd edilməlidir.

     Azərbaycanın karbohidrogen ehtiyatları təkcə maddi sərvət deyil, onun həm də intellektual inkişafda, bəşər sivilizasiyasının ən böyük nailiyyətlərindən olan elm və texnikanın tərəqqisində müstəsna rolu olmuşdur. Bu baxımdan, beynəlxalq Nobel mükafatını xatırlamaq kifayətdir. Alfred Nobelin nəvəsi cənab Mayk Nobel də qurultayın qonaqları arasındadır.

      Qurultay nümayəndələrinin tam əksəriyyətini - 95 faizini ziyalılar təşkil edir. Onların 168 nəfəri akademik, elmlər doktoru və elmlər namizədidir. Nümayəndələrin 132 nəfəri təhsil, 92 nəfəri səhiyyə işçisi, 149 nəfəri yaradıcı ziyalı, mədəniyyət və incəsənət xadimləri, 110 nəfəri gənclər və idman ictimaiyyətinin nümayəndələri, 71 nəfəri yerli özünüidarə qurumlarının əməkdaşları, 56 nəfəri siyasi partiya və ictimai təşkilatların nümayəndələridir. Qurultayda Milli Məclisin 114 deputatı, Azərbaycan Respublikasının dövlət və hökumət qurumlarından, rayon və şəhər icra hakimiyyətlərindən, bələdiyyələrdən 384 nəfər nümayəndə iştirak edir.

     Qurultaya Azərbaycanın dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş Qarabağ müharibəsi veteranları və şəhid qəhrəmanlarımızın ailə üzvləri də dəvət olunmuşlar. Onlardan Azərbaycanın Milli Qəhrəmanı, təyyarəçi Viktor Seryoginin qızı Oksana Seryogina və Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədovun həyat yoldaşı Valentina Əsədova Ukrayna nümayəndə heyətinin tərkibində iştirak edirlər.

     Nümayəndələrin 72 nəfəri yüksək fəxri adları olanlar və dövlət mükafatları laureatlarıdır. Yaş tərkibinə görə qurultayın iştirakçıları xalqımızın bütün nəsillərini təmsil edirlər. Onların 132 nəfərinin gənc nəslin nümayəndəsi olması gənclərin ictimai-siyasi fəallığının yüksək olduğunu bir daha nümayiş etdirir. Qurultay nümayəndələrinin təqribən 23 faizi qadınlardır. Bu fakt Azərbaycanda qadınların cəmiyyətin həyatında mühüm rol oynamalarının, taleyüklü məsələlərdə daim fəal mövqe nümayiş etdirmələrinin təzahürü kimi qiymətləndirilməlidir.

    Dünya azərbaycanlılarının II qurultayında Azərbaycanın vətəndaşları olmuş, hazırda xarici ölkələrdə yaşayan başqa millətlərin də nümayəndələri - yəhudilər, ruslar, ukraynalılar, bolqarlar və digər xalqların təmsilçiləri iştirak edirlər. Uzun illərdir ki, Azərbaycandan ayrılmalarına baxmayaraq, onlar doğma Vətənlərini unutmamışlar. Qurultay nümayəndələrinin milli tərkibinin müxtəlifliyi Azərbaycanda etnik tolerantlığın, millətlərarası münasibətlərin sağlam prinsiplər əsasında qurulmasının daha bir təsdiqidir.

Hörmətli qurultay iştirakçıları!

         Mandat Komissiyası nəzərinizə çatdırır ki, Dünya azərbaycanlılarının II qurultayına seçilmiş nümayəndələr müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ən fəal hissəsini və respublika ictimaiyyətinin geniş təbəqəsini təşkil edir. Mandat Komissiyası qurultay nümayəndələrinin vəkalətlərini yoxlamış və onların etibarlılığı təsdiq edilmişdir. Seçilmiş qurultay nümayəndələri səlahiyyətlidirlər.

      Dünya azərbaycanlılarının I qurultayından keçən dövr ərzində görülmüş işlər Azərbaycan diasporunun gələcəyinə hər birimizdə dərin inam yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun timsalında dövlətimizin xaricdə yaşayan soydaşlarımıza həmişə xüsusi diqqət və qayğı ilə yanaşması bu inamı daha da möhkəmləndirməkdədir. Dünya azərbaycanlılarının II qurultayı ulu öndərimiz Heydər Əliyevin ideyalarının yaşadığını bir daha nümayiş etdirəcək, dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin parlaq sübutuna çevriləcəkdir.

Diqqətinizə görə sağ olun!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved