• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ OQTAY ƏFƏNDİYEVİN ÇIXIŞI


- Möhtərəm cənab Prezident!

Hörmətli qurultay iştirakçıları!

 

        İlk növbədə, hamınızı Ukraynada yaşayan soydaşlarımız adından salamlayır, ikinci qurultayın açılışı münasibətilə təbrik edirəm. Dünyanın müxtəlif ölkələrindən gəlmiş Azərbaycan icmalarının rəhbərlərinə və nümayəndələrinə doğma vətənimizin taleyüklü məsələləri ətrafında geniş fikir mübadiləsi aparmaq imkanı yaradıldığına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.  

       Ukraynada da yüz minlərlə soydaşımızı bir araya gətirən Ukrayna Azərbaycanlıları Konqresi uğurla fəaliyyət göstərir. Ukraynada əsrlərdən keçmiş Azərbaycan diasporunun olduğunu söyləmək həqiqətə uyğun olmazdı. Lakin son yüzillikdə baş verən siyasi, sosial və digər xarakterli hadisələr nəticəsində dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da soydaşlarımızın həm müvəqqəti, həm də daimi məskunlaşması qaçılmaz bir faktdır. Bu ölkədə həmvətənlərimizin sayca artmasının əsas səbəblərindən biri ötən əsrin 70-80-ci illərində Ukraynaya təhsil almaq üçün Azərbaycandan göndərilən tələbələr oldu. Təhsilini başa vuranların əksəriyyəti də məhz bu ölkədə öz fəaliyyətlərini davam etdirdilər. Sovet İttifaqının süquta yetdiyi dövr və 1990-cı illərin əvvəllərində doğma vətənimizdə baş verən hadisələr Ukraynada yaşayan həmvətənlərimizin birləşməsi üçün zəmin yaratdı.  

       Altı il bundan öncə isə həmvətənlərimizin birliyinin əldə olunması naminə ümummilli liderimiz Heydər Əliyevin ideya və tövsiyələri əsasında, Avropanın böyük dövlətləri sırasına daxil olan Ukraynada həmvətənlərimizin birliyinin əldə olunması naminə Ukrayna Azərbaycanlıları Konqresi yaradıldı. Yarandığı gündən etibarən 50 milyonluq əhalisi olan Ukrayna dövlətinin 27 inzibati bölgəsində demokratik, humanist prinsiplər əsasında işini quran bu qurumun qarşısına qoyduğu başlıca məsələlərdən birincisi dilimizin, adət-ənənələrimizin qorunub saxlanılması, azərbaycanlıların assimilyasiyaya uğramasının qarşısının alınması, bu ölkədə yaşayan soydaşlarımızın hüquqlarının qorunması oldu. Fəaliyyətini həm də Azərbaycan və Ukrayna xalqları arasındakı dostluğun daha da möhkəmlənməsi istiqamətində quran Ukrayna Azərbaycanlıları Konqresi artıq ölkənin ictimai-mədəni həyatında özünəməxsus yer tutmuşdur.  

      Ukraynada yaşayan soydaşlarımızın əksəriyyəti müxtəlif peşə sahibləridir və böyük nüfuza malikdirlər. Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri arasında elm və sənət korifeyləri, ictimai xadimlər, dövlət və hökumət strukturlarında aparıcı vəzifələrdə çalışanlar vardır. Onların bir çoxu bu salonda əyləşiblər. Bu insanlar Ukrayna dövlətinin sosial-iqtisadi həyatında fəal rol oynayır, Azərbaycan diasporunun təşəkkülündə, Ukrayna və Azərbaycan dövlətləri arasında iqtisadi və mədəni əlaqələrin daha da güclənməsində böyük xidmətlər göstərirlər.  

        Konqresin nəzdində yaradılmış “Azərbaycan” mahnı və rəqs ansamblı həm paytaxt Kiyevdə, həm də Ukraynanın digər bölgələrində xalqımızın qədim və zəngin musiqi mədəniyyətini çoxsaylı xalqlar arasında təbliğ edir. Konqresin Dnepropetrovsk, Xarkov, Nikolayev, Sumı, Zaporocye, Odessa kimi böyük bölgələrindəki vilayət təşkilatlarımızın nəzdindəki uşaq xoreoqrafiya kollektivlərinin fəaliyyəti bu ölkədə doğulub böyüyən övladlarımızda milliliyimizin qorunub saxlanmasına şərait yaradır.  

          Konqresin mətbu orqanı olan “Azərbaycanın səsi” qəzetinin yerli kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığı xalqımızın üzləşdiyi Qarabağ problemi haqqında həqiqətlərin, soydaşlarımız arasında azərbaycanlıların mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaların yayılmasını təmin edir. Azərbaycanın xarici və daxili siyasəti, doğma Vətənimizdə həyata keçirilən hüquqi, dünyəvi dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi yüksəliş haqqında məlumat yayılır.  

           Konqresin fəaliyyətində əsas istiqamətlərdən biri kimi, Qarabağ problemi haqqında həqiqətləri beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün vaxtaşırı tədbirlər görülür. Azərbaycan tarixinə qanlı səhifələrlə yazılan hadisələrin ildönümünə həsr olunmuş tədbirlər yerli və digər xalqların nümayəndələrinin iştirakı ilə keçirilir.  

            Ukraynada fəaliyyət göstərən milli azlıqların ictimai təşkilatları arasında məhz bizim diasporumuzun təşəbbüsü ilə İrpen şəhərində Ukraynanın dahi şairi Taras Şevçenkonun abidəsi ucaldılmışdır. Qürur hissi ilə demək istərdim ki, Konqresin Ukraynanın ictimai həyatında fəal iştirakı dövlət rəsmiləri tərəfindən dəfələrlə qeyd olunmuşdur.  

             Bir faktın üzərində dayanmağı da özümə borc bilirəm. Diaspor fəallarının ümummilli liderimizlə görüşü zamanı qarşımıza qoyulan başlıca məsələ Ukraynanın Ali Radasında təmsil olunmağımız idi. Son dövrlərdə Azərbaycanın Ukraynadakı səfirliyi ilə bu məsələ üzərində birgə işləyirik.  

           Xatırlatmaq istərdim ki, azərbaycanlıların yaşadığı və Azərbaycan ictimai-mədəni təşkilatlarının fəaliyyət göstərdiyi dövlətlər içərisində Ukrayna bu baxımdan özünəməxsusluğu ilə fərqlənir. Bu da, hamımızın bildiyi kimi, 2004-cü ildə Ukraynada keçirilən prezident seçkilərindən və hakimiyyətdə baş verən dəyişikliklərdən irəli gəlir. Ukraynada baş verən bu dəyişikliklər bütün sahələrdə olduğu kimi etno-siyasi sahədən də yan ötmədi və təbii ki, biz azərbaycanlılara da öz təsirini göstərdi. Buna baxmayaraq, Ukraynanın paytaxtı Kiyev şəhərindən və digər altı vilayətdən müxtəlif partiyaları təmsil edən 12 nəfər həmyerlimiz qarşıdakı seçkilərdə öz namizədliklərini irəli sürmüşlər.  

          Şübhəsiz ki, Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən diaspor qarşısında qoyulan vəzifələrin həyata keçirilməsi hamımızın gündəlik fəaliyyətinin əsasını təşkil edir və bunun üçün əlimizdən gələni etmək bizim müqəddəs borcumuzdur.  

          Bu gün harada yaşamağımızdan asılı olmayaraq, hər birimiz doğma Vətənimiz Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dünya birliyindəki mövqeyinin gücləndirilməsində iqtisadi, elmi, mədəni və informasiya imkanlarımızı birləşdirərək bir-birimizə yardımçı olmalıyıq.  

         Ukraynada yaşayan həmvətənlərimiz son illər ölkəmizdə baş verən iqtisadi inkişafdan, qazanılan nailiyyətlərdən çox sevinir, xalqımızın daha xoşbəxt yaşayacağına ümidimizi günbəgün artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə sövq edir.  

          Biz keçirilən bu möhtəşəm qurultayın xalqımızın müqəddəs bayramı olan Novruza təsadüf etməsini də əlamətdar hadisə kimi qiymətləndiririk. Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla doğma xalqımızı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı möhtəşəm qurultayın açılışı və Novruz bayramı münasibətilə bütün Ukrayna azərbaycanlıları adından bir daha təbrik edir, Dünya azərbaycanlılarının II qurultayının nümayəndələrinə səmərəli və məsuliyyətli işlərində uğurlar arzulayıram. Diqqətinizə görə çox Sağ olun.

 

 

 

 

 

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved