• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ CAVAD DERƏXTİNİN ÇIXIŞI


- Cənab Prezident!
Hörmətli qurultay iştirakçıları!

Sizləri Dünya Azərbaycanlıları Konqresi (DAK) adından hörmətlə, sevgi ilə salamlayıram.

         Əziz qurultay iştirakçıları, hamınıza məlumdur ki, bu gün isə 50 milyondan artıq Azərbaycan türkləri dünyanın müxtəlif ölkələrində yaşayırlar.

          Hörmətli qurultay iştirakçıları, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan diasporu formalaşmağa başladı. DAK isə 1997-ci ildə, Amerika və Avropada məskunlaşan soydaşlarımız tərəfindən Los-Anceles şəhərində yaradıldı. Bir ildən sonra DAK-ın ikinci qurultayı Corc Vaşinqton Universitetində oldu. Bu qurultaya dövlət müşaviri cənab Hidayət Orucov geniş tərkibdə heyətlə qatılaraq, Prezident Heydər Əliyevin təbrik məktubunu oxumuşdur. Bu da müstəqilliyini elan etdikdən bu yana Azərbaycan dövlətinin diasporumuzun inkişafı yolunda çalışdığını göstərir.

          DAK-ın üçüncü qurultayı Almaniyanın Köln şəhərində, dördüncü qurultayı Fransanın Strasburq şəhərində, beşinci qurultayı İsveçin Malmö şəhərində, altıncı qurultayı Hollandiyanın Haaqa şəhərində, yeddinci qurultayı Almaniyanın Köln şəhərində və sonuncu, səkkizincu qurultayı 2005-ci il mayın 20-22-də İsveçin paytaxtı Stokholmda keçirilmişdir.

         Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yarandığı gündən DAK-ın qurultaylarına dövlətimizin marağı yüksək olmuşdur. Komitənin sədri Nazim İbrahimov bu qurultaylarda iştirak və çıxış etmişdir.

         DAK-ın səkkizinci qurultayında isə Komitə sədri ilə birlikdə 7 millət vəkili də iştirak etmiş, cənab Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubu oxunmuş və bu, hamımızı həddindən artıq sevindirmişdir. Cənab Prezident, dünya azərbaycanlılarına göstərdiyiniz qayğıya görə DAK adından Sizə minnətdarıq.

         Onu da vurğulamaq istəyirəm ki, səkkizinci qurultayda İsveç parlamentinin vitse-spikeri Per Vesterberq və Sosial Demokrat Partiyasının nümayəndəsi, deputat xanım Veronika Palm iştirak və çıxış etdilər. Cənab Per Vesterberq öz çıxışında “Azərbaycandakı sabitlik Avropanın sabitliyidir” deməklə, Qafqazda Azərbaycanın önəmini vurğulamışdır.

        Cənab Prezident, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı özünə həmişə borc bilir. Öz nizamnamə və məramnaməsinə uyğun olaraq doqquz ilə yaxındır ki, fəal iş apararaq, dünya azərbaycanlılarının bir araya gəlməsinə səy göstərir. Bununla yanaşı, ana Vətənimiz Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, demokratiya və insan hüquqlarının qorunması, milli adət və ənənələrimizin, milli mədəniyyətimizin, milli təfəkkürümüzün qorunub saxlanması və təbliği üçün əlindən gələni əsirgəmir.

       Dünya Azərbaycanlıları Konqresi soydaşlarımızın məskunlaşdıqları ölkələrin qanunlarına uyğun ictimai birliklərinin yaradılmasına yardımçı olmağı, Azərbaycanın problemlərini beynəlxalq təşkilatlara çatdırmağa, azərbaycanlıların yaşadıqları ölkələrlə Azərbaycan Respublikası arasında normal münasibətlərin yaranmasına kömək etməyi özünə borc bilir.

       Cənab Prezident, dəyərli qurultay iştirakçıları!

         DAK yeddinci Köln qurultayında Dünya Azərbaycanlıları Fondunun yaradılmasını qərara almış və İsveçdə yaşayan beş soydaşımızın iştirakı ilə təsis qrupu təşkil edilmişdir. Fondun əsasnaməsi hazırlanmış və İsveç rəsmi orqanlarında qeydiyyatdan keçirilmişdir.

         Fondun məqsədləri qısaca bunlardan ibarətdir:
        Azərbaycan mədəniyyəti, incəsənəti və idmanını xaricdə təbliğ etmək, xaricdə yaşayan qadınlarımızın, gənclərimizin və uşaqlarımızın Vətənlə əlaqələrini genişləndirmək, yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin işğal olunmuş torpaqlarımız azad edildikdən sonra öz yerlərinə qayıtmalarına yardım göstərmək, diaspor fəaliyyətlərinin güclənməsi və lobbiçiliyin inkişafı üçün Azərbaycandan kənarda radio və TV stansiyaları yaratmaq.

       Ancaq Fond qeydiyyatdan keçsə də, indiyədək onun İdarə heyəti seçilməmiş və hesabına bir manat da pul köçürülməmişdir. Buna görə də mən xeyirxah, təşəbbüskar azərbaycanlılara üzümü tutub xahiş edirəm ki, Fondu maliyyələşdirsinlər və onun idarə edilməsinə yardımçı olsunlar.

Cənab Prezident, hörmətli qurultay iştirakçıları!

      Diaspor fəaliyyətlərinə gəlincə, hamınıza məlumdur ki, DAK bu barədə bir çox işlər görmüşdür. O cümlədən 2005-ci il dekabrın 9-10-da Parisdə Qərbi Avropa İttifaqının qərargahında milli hökumətin 60 illiyi münasibətilə “Azərbaycan milli hökuməti Avropa demokratik dəyərləri müstəvisində” adlı elmi simpozium keçirmişdir. Xocalı soyqırımının 14 illiyi ilə bağlı DAK fevralın 20-də Şəhidlər xiyabanından “Dünya azərbaycanlıları terrora və soyqırıma yox deyir” devizi ilə aksiyaya başladı. Fevralın 22-də İstanbulun “Taksim” meydanında mitinq keçirildi, 24-də isə DAK Avropa Birliyinin paytaxtı Brüsseldə elmi konfrans keçirərək, ermənilərin təcavüzkar və cinayətkar olduqlarını ictimaiyyətə çatdırdı. Bu toplantıda hörmətli Erix Fayql da iştirak etmişdir. Onu burada görməkdən və məzmunlu çıxışından məmnun oldum. Ona səmimi qəlbdən təşəkkür edirəm.

Həmin gün Avropa Parlamentinin qarşısında mitinq keçirildi. Fevralın 25-də Haaqa şəhərində Azərbaycan və türk diaspor təşkilatları ilə birlikdə Beynəlxalq Məhkəmənin qarşısında toplaşaraq, ermənilərin Xocalıda törətdikləri cinayətləri pislədik, Beynəlxalq Məhkəməyə müraciət etdik. Brüssel və Haaqa tədbirlərində azərbaycanlılardan əlavə, Amerika, Avropa, qardaş Türkiyə və Şimali Kiprdən bir çox alim, yazıçı, media mənsubları, sənətçilər və siyasətçilər iştirak etdilər. DAK sədri kimi mən buradan həmin dostlarımıza şəxsən özümün adından və təşkilat adından minnətdarlığımı bildirirəm. Eyni zamanda, Azərbaycanın Belçikadakı səfiri cənab Arif Məmmədova, səfirliyin birinci katibi cənab Fuad Hümbətova, Azərbaycan və Türkiyə diaspor təşkilatlarına, xüsusilə Bel Türkə öz minnətdarlığımı bildirirəm.

Cənab Prezident, hörmətli qurultay iştirakçıları!

İşğal olunmuş torpaqlarımıza gəlincə, bildirməliyəm ki, DAK prosesləri çox yaxından izləyir. Cənab Prezident İlham Əliyevin fevral ayında keçirilən Paris görüşlərindəki qəti mövqeyini yüksək qiymətləndirir və bu milli davada daim Ali baş komandan cənab Prezident İlham Əliyevin yanında olacağımızı bəyan edirik.

Biz 50 milyonluq dünya azərbaycanlıları olaraq, dünyaya deyirik – erməni təbliğatının qondarma və yalançı soyqırımı barədə uydurmalarına inanmasınlar. Arxivlərə müraciət etsinlər. O zaman əsil soyqırıma türklərin məruz qaldığı hamıya aydın olar.

      Erməni daşnakları bunu da bilməlidirlər ki, Azərbaycan Sovetlər Birliyindən qalan Azərbaycan deyil. Bu gün Azərbaycanın qüdrətli dövləti və onun başında millətinin mənafeyini düşünən Prezidenti var. Bu gün Azərbaycanın qüdrətli milli ordusu var. Azərbaycanın zəngin təbii sərvətləri var. Erməni daşnakları bilməlidirlər ki, Azərbaycan torpağının bir qarışını da onlara verməyəcəyik. Ona görə də erməni cinayətkarları işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməlidirlər.

       Bilməlidirlər ki, Azərbaycan xalqı müqəddəs savaşa başlamaq üçün Ali baş komandanın əmrini gözləyir. Qarabağ bizimdir, bizim də olacaqdır. Bunu dünya bilməlidir.
      

Hörmətli qurultayn iştirakçıları!

      Cənab Prezidentdən bir xahişim də odur ki, Bakının mərkəzində dünya azərbaycanlılarının birliyini əks etdirən abidənin ucaldılmasına göstəriş versin. Sağ olun, var olun.

Yaşasın Azərbaycan!
Yaşasın dünya azərbaycanlıları!
Yaşasın 50 milyonluq Dünya azərbaycanlılarının Prezidenti cənab İlham Əliyev!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved