• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


LİTVA PREZİDENTİNİN MÜŞAVİRİ HALİNA KOBESKAYTENİN ÇIXIŞI


- Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!

Möhtərəm qurultay nümayəndələri və qonaqlar!


     Litva Respublikasının Prezidenti zati-aliləri cənab Valdas Adamkusun adından Dünya azərbaycanlılarının II Qurultayını ürəkdən təbrik edirəm. Qurultaya uğurlu iş arzulayır və Prezidentin ən səmimi, ən xoş diləklərini sizə çatdırıram. Sizin simanızda bütün Azərbaycan xalqına, Azərbaycan diasporuna, Azərbaycan və azərbaycançılıq naminə mühüm və önəmli işlər, uca zirvələr arzulayıram.

Bütün zamanlarda, bütün xalqlarda hadisələr və ictimai-tarixi proseslər elə cərəyan etmişdir ki, insanlar müxtəlif səbəblər üzündən yaşayış yerlərini dəyişməli olmuşlar. Bu gün təxminən 1 milyon litvalı dövlətimizin hüdudlarından kənarda yaşayır. Onların böyük hissəsi Litvanın dövlət müstəqilliyi uğrunda, milli azadlıq savaşında çox mühüm rol oynamışdır. Litva təşkilatlarının fəaliyyəti sayəsində Amerikada, Almaniyada, Kanadada, Avstraliyada və başqa ölkələrdə Litvanın haqq işi barədə məlumat və Litva həqiqətləri bütün dünyaya yayılırdı. Sual oluna bilər ki, belə bir mühüm işi nəyə əsaslanaraq həyata keçirmək mümkün oldu? İlk növbədə, ona görə ki, litvalılar xaricdə yaşasalar da, həmişə öz vətənləri ilə yaxınlığı və mənəvi bağlılığı hiss edirdilər. Onlar ata-babalarının adət-ənənələrini və ana dillərini unutmamağa çalışır, assimilyasiya olunmağa qarşı müqavimət göstərir, ən başlıcası isə, çox fəal surətdə milli özünüdərketmə amillərini qoruyub saxlayırdılar.

Ona görə də 1990-cı ildə Litva yenidən müstəqilliyə nail olduqdan sonra xaricdə yaşayan bütün litvalılar özlərini şüurlu surətdə bütöv və vahid Litva xalqının oğul və qızları sayırlar. Heç də əbəs deyildir ki, bu gün dünya litvalıları icmasının mərkəzi Vilnüsdə, şöbələri isə başqa ölkələrdədir. Hər üç ildən bir Vilnüsdə dünya litvalıları icmasının parlamenti çağırılır. Dövlət gənc nəslin Litva dilini öyrənməsinin qayğısına qalır. Çalışır ki, onlar özlərini tam litvalı kimi hiss etsinlər. Şərait yaradır ki, diaspor bu gün vətənin uğurlarının, onun mədəniyyətinin təbliğatçısı olsun.

Digər tərəfdən isə, Litvanın özündə də bir çox milli azlıqlar yaşayır. Dövlət onların milli mədəniyyətinin və özəlliyinin qorunub saxlanması üçün şərait yaradır. Litvada yaşayan milli azlıqların öz təşkilatları vardır. Qeyd olunmalıdır ki, 1988-ci ildə yaradılmış Litva Azərbaycanlıları Cəmiyyəti ilk milli təşkilatlardan biridir. Yarandığı gündən indiyədək cəmiyyətə Litva milli azlıqlar hərəkatının təşəbbüsçülərindən biri kimi tanınan hörmətli Mahir Həmzəyev uğurla rəhbərlik edir. Litva Azərbaycanlıları Cəmiyyəti müstəqilliyimizin bərpası dövründəki ağır illərdə böyük fəallıq göstərmiş, xalqla həmrəy olmuş və dövlətimizə loyal münasibət göstərmişdir. Cəmiyyətin adı bu gün hörmətlə çəkilir.

Litva Azərbaycanlıları Cəmiyyəti Litva torpağında 600 il bundan əvvəl məskunlaşmış digər türk icmaları ilə sıx əlaqə saxlayır. Mən özüm Litvanın qədim türk icmalarından biri olan karaimlərin elçisi kimi bu əlaqələri yaxşı bilir və bu əlaqələrlə fəxr edirəm. Fəxr edirəm ki, məhz mənim xalqımın nümayəndəsi, tanınmış türkoloq karaim Hacı Süleya xan Çapsaus hələ 1935-ci ildə Krakov şəhərində İran azərbaycanlılarının xalq ədəbiyyatı haqqında kitab çap etdirmişdir. Fəxr edirəm ki, ana dilimin sayəsində Azərbaycan yazarlarından Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Səməd Vurğunun, Yüsif Səmədoğlunun, Anarın, Rüstəm İbrahimbəyovun əsərlərini Litva dilinə tərcümə etmişəm.

Çox məmnunam ki, qədim Litvada, Vilnüsdə Litva-Azərbaycan əlaqələrini araşdıran, mədəni münasibətlərdə yeni izlər qoyan hörmətli Mahir Həmzəyevlə birgə həm də türkologiya sahəsində çalışıram. Mən bunları milli ümumilik, milli birlik ruhunun nə qədər önəmli olduğunu göstərmək üçün deyirəm. Milli birliyi qoruyub saxlamaq olduqca vacibdir və bu, eyni zamanda, hər bir dövlətin öz maraqlarına xidmət edir, onun üçün də faydalıdır. Bu fikrin təsdiqi kimi, Litva Respublikası Prezidentinin sözlərini misal gətirmək istəyirəm.

Hörmətli Valdas Adamkus deyir: “Əziz soydaşlar, qürbətdə yoldaş dininin və onun kömək əlinin nə qədər qiymətli olduğunu öz şəxsi təcrübəmdən bilirəm. Səmimi qəlbdən arzu edirəm ki, bir kökdən qidalanan və bir vətəndə birləşən inteqral və mehriban bir cəmiyyət olasınız. Bir-birinizin işləri və uğurları ilə sevinməyi bacarın. Yaşadığınız ölkələrdə elm və iş adamlarının, yaradıcı xadimlərin inteqral hissəsi olun və yeri gəldikdə, fürsəti əldən verməyin ki, xalqımızın və ölkəmizin adı dünyada yaxşı və təmiz mənada çəkilsin”.

Məncə, Prezidentimizin bu sözləri taleyin gərdişi ilə qürbətdə yaşayanların hamısına eyni dərəcədə aid oluna bilər. Axı siz hər gün yaşadığınız ölkələrə inteqrasiya olunsanız da, xoş işlərinizlə hər biriniz öz xalqınızın adını qaldırır, öz vətəninizə xidmət edirsiniz.

Bütün dünya azərbaycanlılarına birlik və bir-birinizə qardaş kimi kömək olmağı arzulayıram. Diqqətinizə görə təşəkkür edir və çıxışımı karaim dilində bitirmək istəyirəm: Kaş ki, gələn zamanlarda görüşəydik!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved