• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


BELARUS AZƏRBAYCAN İCMALARI KONQRESİNİN SƏDRİ NATİQ BAĞIROVUN ÇIXIŞI



- Möhtərəm cənab Prezident!
Əziz həmvətənlər!
Hörmətli qurultay iştirakçıları!

   İcazə verin, hər şeydən əvvəl, bugünkü qurultayın keçirilməsinin təşəbbüskarı və təşkilatçısı, dünya azərbaycanlılarının iftixarı, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə planetimizin bütün guşələrindən olan soydaşlarımızı bir araya topladığı üçün dərin təşəkkürümü və minnətdarlığımı bildirim.

Cənab Prezident, Sizin siyasi qətiyyətiniz, regionlarda sadə adamlarla görüşlərdəki səmimiyyətiniz, vətənimizin və xalqımızın parlaq gələcəyi naminə dəyərli səyləriniz qısa vaxt ərzində ölkədə çox şeyi dəyişdirdiyi kimi, dünyada Azərbaycana və azərbaycanlılara qarşı münasibətdə də təsirsiz qalmamışdır. İnanın, Prezident seçkiləri zamanı məhz Sizə inanaraq yekdilliklə səs vermiş bütün ölkə vətəndaşları kimi, Belarusda yaşayan soydaşlarımızın da Azərbaycan Prezidentinə olan məhəbbəti və inamı gündən-günə artmaqdadır.

       Müstəqillik əldə etmiş ölkəmizin zaman keçdikcə siyasi-iqtisadi, əxlaqi-mənəvi, eləcə də hərbi qüdrətinin nəzərə  çarpacaq dərəcədə yüksəlişi və möhkəmlənməsi, şübhəsiz ki, hər bir azərbaycanlının ürəyini fərəh hissi ilə doldurur. Qürbətdə yaşayan və hər zaman Vətənin dəstəyinə ehtiyacı olan insanlar üçün isə bunun böyük əhəmiyyəti var. Odur ki, cənab Prezident, fürsətdən istifadə edərək, qürbətdə yaşayan soydaşlarımıza hər an mənəvi dayaq olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Əziz həməvətənlərim!

      Qədim və qüdrətli tarixi, zəngin mədəni irsi ilə bəşər sivilizasiyasına dəyərli töhfələr verən Azərbaycan xalqının həyatında unudulmaz hadisələr çox olmuşdur. 2001-ci il noyabrın 9-10-u da tarixi hadisə idi. Məhz həmin günlərdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Beləliklə, Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində xalqımızın tarixinə daha bir şərəfli səhifə yazıldı.

     Birinci qurultaydan ötən zaman çox da uzaq tarix olmasa da, bu illər ərzində dünya azərbaycanlılarının təşkilatlanması, Azərbaycan diasporunun yaranması, formalaşması, onun milli-strateci maraq və məqsədlər baxımından istiqamətləndirilməsi yolunda çox mühüm işlər görülür, tədbirlər həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti” haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, əslində, böyük azərbaycançılıq ideyasının təbliği və müdafiəsindən xəbər verən böyük dövlət siyasətinin başlanğıcı oldu.

Əziz həmvətənlər!

      Mən bu qurultayda Belarus Azərbaycan İcmaları Konqresinin sədri kimi iştirak edirəm. Bu gün fəxrlə Sizə bildirmək isətyirəm ki, dahi Heydər Əliyev tərəfindən əsası qoyulan böyük azərbaycançılıq hərəkatı uğrunda çağırışa belaruslu soydaşlarımız birincilər sırasında səs verdi. Belarus Respublikasında yaşayan on minlərlə soydaşımız vahid mərkəz - Belarus Azərbaycan İcmaları Konqresi ətrafında sıx birləşərək, Azərbaycan həqiqətlərinin yayılması, milli diasporumuzun tam formalaşması, təşkilatlanması, Azərbaycanın dövlət maraqlarının qorunması, müdafiə və təbliğ olunması istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Bu gün tam məsuliyyətlə qurultaya məlumat verə bilərəm ki, bəli, Belarus Respublikasında Azərbaycanın və azərbaycanlıların milli maraqlarına tam cavab verə bilən güclü və mütəşəkkil diasporumuz formalaşmışdır.

     Böyük məmnunluq hissi ilə deməliyəm ki, birinci qurultaydan keçən dövr ərzində Belarusdakı Azərbaycan diasporu öz fəaliyyətində hər an Azərbaycan dövlətinin və şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin daimi dəstəyini və əməli köməyini hiss etmişdir. Mən bu qayğıya və diqqətə görə bütün belaruslu soydaşlarımız adından cənab Prezident, şəxsən Sizə dönə-dönə minnətdaram.

Ədalət naminə bu gün onu da etiraf etməliyik ki, birinci qurultaydan keçən dövr ərzində dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın Azərbaycan xalqının və dövlətinin maraqları naminə səfərbər olunmasında ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən ardıcıl və səmərəli tədbirlər həyata keçirilmişdir. Odur ki, fürsətdən istifadə edərək, Belarusdakı Azərbaycan diasporu adından Dövlət Komitəsinin sədri Nazim İbrahimova, Komitədə çalışan bütün insanlara təşəkkür edirəm.

       Qurultay iştirakçılarına onu da bildirmək istəyirəm ki, Belarus hökuməti və Belarus xalqı da Azərbaycan diasporunun qayğı və problemlərinə, onun qaldırdığı bütün məsələlərə daim həssaslıqla yanaşır və bizi müdafiə edir. Məlumat üçün deyim ki, Azərbaycan İcmaları Konqresi Azərbaycanın müvafiq dövlət strukturları ilə sıx əlaqə saxlayır, xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliğində daim özünəməxsus rol oynayır.

        Hər il Belarusun paytaxtı Minskdə və ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də digər əlamətdar bayramlarımız geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm və sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir.

       Milli-mənəvi dəyərlərimizə daimi diqqət fəaliyyətimizin əsas istiqamətindən biridir. Diasporumuzun imkanları ilə yaradılan Azərbaycan milli rəqs və musiqi kursları, ənənəvi olaraq keçirilən “Şərq rəqs festivalları”, Minsk şəhərində məscid binası tikmək məqsədi ilə torpaq sahəsinin alınması, xüsusi tibb mərkəzində azərbaycanlı uşaqların vaxtaşırı müayinədən keçirilməsi və s. çoxsaylı işlər fəaliyyətimizdən xəbər verir.

      Çıxışımızın sonunda Azərbaycan tarixindən şərəfli bir faktı xatırlatmaq və bununla da müasir tariximizlə analoci müqayisə aparmaq istərdim. Tarixdə sərkərdə-şair kimi qalmış Şah İsmayıl Xətainin təxminən 500 il əvvəl, 1501-ci ildə yaratdığı Azərbaycan Səfəvilər dövlətini onun oğlu Şah Təhmasib ləyaqətlə qorudu, daha da möhkəmləndirdi. 1993-cü ilin böhranlı yayında dahi Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Beləliklə, yeni və müstəqil Azərbaycanın dövlətinin qurucusu, memarı oldu. Son illər Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar sübut edir ki, Heydər Əliyevin başladığı böyük dövlətçilik siyasətini onun layiqli və əvəzsiz varisi, dünya siyasətçilərinin hörmətlə dəyərləndirdikləri Prezident İlham Əliyev ləyaqətlə, hünərlə davam və inkişaf etdirir.

       Deyirlər, dağın ucalığı uzaqdan daha yaxşı görünür. Odur ki, biz, Belarusda yaşayan azərbaycanlılar doğma respublikamızın uğurlarını kənardan daha yaxşı görürük. Bəli, həqiqətən, möhtərəm cənab Prezident İlham Əliyevin realist, praqmatik daxili və xarici siyasəti Azərbaycana böyük uğurlar qazandırmaqdadır.

Əziz qurultay iştirakçıları!

      Sizi və sizin timsalınızda bütün dünya azərbaycanlılarını Azərbaycan dövləti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşməyə çağırıram.

Yaşasın gündən-günə qüdrətlənən Azərbaycan dövləti!

      Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, sabahın daha böyük zəfərlərinə doğru inamla addımlayan Azərbaycan xalqına eşq olsun!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved