• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


 

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz həmvətənlər!

       Mən sizin hamınızı Dünya azərbaycanlılarının II Qurultayının açılışı münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Dünya azərbaycanlılarının qurultayı çox böyük tarixi hadisədir. Bu gün burada gözəl film nümayiş etdirildi. Biz o gözəl anları yenidən yada saldıq. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə beş il bundan əvvəl Dünya azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultayın Azərbaycanın müasir tarixində müstəsna rolu olmuşdur. Aparılmış müzakirələr, fikir mübadiləsi, qurultayın qərarları bütün dünyada yaşayan azərbaycanlıları bir-biri ilə daha da sıx birləşdirdi. Məhz o qurultaydan sonra Heydər Əliyevin qərarı ilə Azərbaycanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitə Azərbaycan diasporlarının təşkilatlanmasında çox uğurlu fəaliyyət göstərir. 2002-ci ildə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edilmişdir və bu da öz növbəsində, bu işin hüquqi bazasını təşkil etdi. Bütün bu tədbirlər, bütün bu addımlar öz bəhrəsini verməkdədir. Dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Əlbəttə ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır.

Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər. Eyni zamanda, hesab edirəm ki, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında da çox mühüm rol oynamalıdırlar. Çünki buna bütün imkanlar var. Müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə çox işgüzar, səmərəli münasibətlər qurmaqdadır. Belə olan halda, əlbəttə ki, xaricdə yaşayan azərbaycanlılar da bunu öz gündəlik həyatında hiss edirlər.

Mənim müxtəlif ölkələrə çoxsaylı səfərlərim çərçivəsində, demək olar ki, həmişə Azərbaycan diasporu ilə görüşlərim, açıq söhbətlərim olubdur. Mən həmişə qeyd etmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir.

Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar bizim üçün də dayaqdır. Çünki Azərbaycan gənc müstəqil dövlətdir. Biz yalnız 15 ildir müstəqillik şəraitində yaşayırıq və təəssüflər olsun ki, bu günədək bir çox ölkələrdə Azərbaycan haqqında kifayət qədər dolğun məlumat yoxdur. Bu məlumatı, Azərbaycan həqiqətlərini, Azərbaycanın problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə, çatdırmaq, əlbəttə ki, bizim ümumi işimizə çox böyük töhfə olacaqdır.

Mən əminəm ki, artıq mövcud olan gözəl meyillər bu qurultaydan sonra daha da güclənəcəkdir. Azərbaycanlılar daha da möhkəm təşkilatlanacaq, yaşadıqları ölkələrdə daha da möhkəm mövqelərə sahib olacaqlar və beləliklə, dünyadakı 50 milyonluq Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə nail olacaqlar.

Mən qeyd etdim ki, bu təşkilatlanma prosesi dünya azərbaycanlılarını bir araya dəvət etmək təklifi və təşəbbüsü ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət olmuşdur. Xalqımızın lideri ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanın inkişafına xidmət edirdi. 1970-ci illərdə Azərbaycan Sovet İttifaqı çərçivəsində bir respublika kimi yaşayırdı. O illərdə də Azərbaycanın inkişafına böyük töhfələr verilmişdir.

1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçilmişdi. Azərbaycan o vaxt bütün müttəfiq respublikalar arasında ən geridə qalmış yerdə idi. 1982-ci ildə o, bu vəzifəsini başa çatdıranda Azərbaycan artıq ən qabaqcıl yerlərdə idi. Məhz o illərdə Azərbaycanın güclü sənaye, iqtisadi potensialı yaranmışdır və bu, indi müstəqil Azərbaycana xidmət edir. Baxmayaraq ki, Azərbaycan müstəqil dövlət deyildi, ancaq o illərdə bir çox sahələrdə məhz Azərbaycanda müstəqillik əlamətləri tətbiq olundu. Müxtəlif istiqamətlərdə atılan addımlar elə bil ki, gələcəyə yönəldilmişdir. Elə bil ki, Heydər Əliyev görürdü, bir gün Azərbaycan müstəqil olacaq və bu müstəqil ölkəyə güclü iqtisadi potensial, ordu lazım olacaqdır. Ona görə o, kadrların hazırlanmasında, Azərbaycanda iqtisadi və sənaye potensialının yaranmasında müstəsna xidmətlər göstərmişdir.

Ancaq Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndə ölkəmiz yenə çox böyük problemlərlə üzləşmişdi. 1991-ci ildə Sovet İttifaqı dağılanda Azərbaycan, demək olar ki, ən çətin vəziyyətdə olan ölkə idi: iqtisadi böhran, siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz və bunun nəticəsində torpaqların işğal olunması, vətəndaş qarşıdurması. Bütövlükdə, Azərbaycanın dövlətçiliyi sual altında idi.

1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdandan, Prezident vəzifəsinə seçiləndən sonra ölkədə ictimai-siyasi vəziyyət normallaşdı, sabitləşdi. Ölkəni narahat edən, təhlükə törədən problemlər aradan qaldırıldı və dinamik inkişafa qədəm qoyuldu. Məhz o illərdən sonra Azərbaycan dünya birliyində möhkəm yerini tuta bilmişdir.

Azərbaycanda başlanmış iqtisadi islahatlar çox sürətlə aparılır və indi Azərbaycan iqtisadi inkişaf sürətinə görə nəinki, keçmiş sovet respublikaları arasında, həm də dünyada birinci ölkədir. Bütün bunlar bir daha onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

Müstəqillik böyük sərvətdir. Bəzən deyirlər ki, Azərbaycanın sərvətləri onun təbii ehtiyatları, coğrafi vəziyyətidir, yaxud da bölgədə mövcud olan mövqeləridir. Azərbaycanın ən böyük sərvəti onun müstəqilliyidir. Biz uzun illər, əsrlər boyu bu müstəqillikdən məhrum olmuşduq. Azərbaycan uzun illər ərzində çar Rusiyasının müstəmləkəsi idi. Ondan sonra Sovet İttifaqının respublikası idi. Bu gün isə biz müstəqil dövlətik, Azərbaycan dünya birliyinin üzvüdür. Biz gərək bu müstəqilliyi möhkəmləndirək.

Mən dəfələrlə demişəm, bu gün də qeyd etmək istəyirəm ki, müstəqillik yalnız dövlət atributları ilə ölçülmür. Müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun. Bu gün bu var və bunun təməli məhz 1990-cı illərin ortalarında qoyulmuş, Azərbaycan bütün potensialını işə sala bilmişdir. Bu gün bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın. Bu siyasət Azərbaycan xalqının milli maraqlarının qorunmasına, dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə yönəldilibdir.

Heydər Əliyev siyasəti Azərbaycanda hər bir sahədə davam etdirilir. Xarici siyasətimiz çox uğurludur, çox fəaldır. Azərbaycan beynəlxalq təşkilatlarda çox önəmli yer tutur, bizim mövqelərimiz möhkəmlənir. Son illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim xeyrimizə, yəni ədalətli qərarlar qəbul edilibdir. Biz qonşu ölkələrlə çox gözəl münasibətlərimizi saxlaya bilmişik, onları möhkəmləndiririk və bu, bizim inkişafımız üçün çox vacibdir. Çünki biz bu bölgədə yaşayırıq və bölgədə sülhün, təhlükəsizliyin bərqərar olması, regional əməkdaşlığın inkişafı bizim maraqlarımıza xidmət edir.

Azərbaycanın addımları bütün sahələrdə, o cümlədən xarici siyasətdə müsbət nəticələrini verməkdədir. Sizə bildirmək istəyirəm ki, son iki il ərzində Azərbaycanın 21 səfirliyinin açılması haqqında qərarlar verilibdir. İndi Azərbaycanın müxtəlif ölkələrdə 46 səfirliyi olacaq ki, onların da 21-nin açılması haqqında son iki ildə qərar verilibdir. Onların bəziləri açılıb fəaliyyət göstərir, bəziləri isə bu yaxınlarda açılacaqdır. Bu, nə deməkdir?! O deməkdir ki, Azərbaycan öz xarici siyasətini daha da dolğun, hərtərəfli şəkildə aparacaqdır. Çünki, - yəqin siz də bunu hiss edirsiniz, biz də bunu bilirik, - əfsuslar olsun ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyəti tərəfindən o qədər də yaxşı dərk edilmir. Məlumat qıtlığı var, bəzi hallarda informasiya blokadası ilə də üzləşirik. Çünki bizim əleyhimizə dünyanın erməni lobbisi fəaliyyət göstərir və hər vəchlə çalışır ki, Azərbaycanı ləkələsin, Azərbaycanda gedən proseslərə mənfi don geyindirsin və beləliklə, Azərbaycanı təcrid edilmiş vəziyyətə salsın. Yəni bu da var.

Ancaq, eyni zamanda, ümumiyyətlə, məlumatsızlıq da var. Ona görə səfirliklərin açılması, Azərbaycanın çox fəal xarici siyasəti, diasporların möhkəmlənməsi və artan nüfuzu Azərbaycanı dünya birliyinə olduğu kimi təqdim edir. Bizə məhz bu lazımdır. Bizə o lazımdır ki, Azərbaycanda gedən proseslər dünya üçün açıq olsun. Son iki il yarım ərzində mən çoxsaylı xarici səfərlər etmişəm. Mənim müxtəlif qonaqlarla çox görüşlərim olubdur. Görürəm ki, Azərbaycana ilk dəfə gələn qonaqlar tam başqa fikirlə gəlirlər. Amma burada reallıqları, ab-havanı görəndə, Azərbaycanın ümumi inkişafını, cəmiyyətdə hökm sürən dözümlülüyü, tolerantlığı, qonaqpərvərliyi, vətəndaş həmrəyliyini görəndə Azərbaycandan tamamilə başqa fikirlə ayrılırlar. Ona görə, diasporun fəaliyyəti məhz bu istiqamətdə də öz töhfəsini verməlidir və bunu etmək üçün diaspor daha da möhkəm təşkilatlanmalıdır.

       Bir sözlə, xarici siyasət sahəsində biz öz xəttimizi aparırıq. Amma bu işdə, əlbəttə ki, sizin də fəaliyyətinizə, fəal olmağınıza böyük ehtiyac var. Son illər ərzində mən hiss edirəm ki, bu iş artıq əlaqələndirilmiş şəkildə aparılır. Xarici İşlər Nazirliyinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan diasporlarının fəaliyyəti, müxtəlif ölkələrdə Azərbaycanla bağlı keçirilən tədbirlər, konfranslar, simpoziumlar, aksiyalar - bütün bunlar bizim mövqelərimizi möhkəmləndirir, digər tərəfdən, Azərbaycan haqqında real məlumatı da dünya birliyinə çatdırır.

Azərbaycanda son illər ərzində iqtisadi inkişaf sahəsində də böyük irəliləyiş var. Ölkəmiz bu istiqamətdə böyük uğurlar əldə edibdir. Bizim iqtisadiyyatımız dünyada ən yüksək sürətlə artır. Keçən il iqtisadi artım 26 faizdən çox olub və bu, dünyada ən yüksək göstəricidir. 2005-ci ildə Azərbaycanda sənaye istehsalı 33 faizdən çox artıbdır. Bu da dünyada ən yüksək göstəricidir. Keçən il əhalinin pul gəlirləri 27 faiz artmışdır. Son iki il yarım ərzində Azərbaycanda 340 min yeni iş yeri açılmışdır. Bu, işsizliyin aradan qaldırılmasına böyük kömək göstərir. Azərbaycanda iki il bundan əvvəl yoxsulluğun səviyyəsi 49 faiz idi, yəni keçən ilin sonuna 29 faizə düşübdür. Yenə də bu, böyük rəqəmdir. Mən demişəm, nə üçün Azərbaycan vətəndaşları yoxsulluq şəraitində yaşamalıdırlar? Prezident seçiləndən sonra vəzifə qoymuşam ki, Azərbaycanda bir nəfər də yoxsul insan olmamalıdır. Biz buna nail olacağıq. Mən əminəm ki, 2006-cı ildə görülən işlər imkan verəcək ki, yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə aşağı düşsün.

        Azərbaycanda regional inkişaf proqramı çox sürətlə həyata keçirilir. Bakı, bizim doğma paytaxtımız çox sürətlə inkişaf edir. Eyni zamanda, regionlarda inkişaf çox sürətlidir. Yeni elektrik stansiyaları, qaz xətləri, yollar, su kəmərləri tikilir, bütün təsərrüfat və sənaye infrastrukturu yeniləşir. Eyni zamanda, humanitar sahədə də böyük işlər görülübdür. İndi bütün bölgələrdə ən müasir xəstəxanalar tikilir. Təkcə 2005-ci ildə Azərbaycanda 300-dən çox yeni məktəb tikilmişdir. Ən müasir, ən yüksək səviyyədə idman kompleksləri, üzgüçülük hovuzları, poliklinikalar inşa olunmuşdur. Bütün bunlar Azərbaycanın ümumi inkişafını müəyyən edir.

       Biz güclü olmalıyıq, zəngin dövlət yaratmalıyıq. Bunu etmək üçün, ilk növbədə, iqtisadi potensial möhkəmlənməlidir. Bu istiqamətdə biz öz işimizi düşünülmüş konsepsiya şəklində qururuq. Proqram tərtib edirik və sonra o, icra olunmağa başlayır. İndi Bakı şəhərinin inkişafına dair iki mühüm proqram qəbul edilibdir. Onlar artıq icra olunmağa başlayır.

       Bir sözlə, iqtisadi sahədə Azərbaycanın davamlı və dayanıqlı inkişafı təmin olunacaq və ölkəmiz ildən-ilə möhkəmlənəcək, büdcəmiz artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, 2005-ci ildə büdcəmiz 2004-cü ilə nisbətən 70 faiz artmışdır. 2006-cı ildə 2005-ci ilə nisbətən yenə 70-80 faiz artmışdır. Büdcə xərcləri artır, deməli, Azərbaycanda investisiya layihələri icra olunur, insanların rifah halı yaxşılaşır, maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır və qaldırılacaqdır. Minimum əmək haqqı insanın minimum tələbatını ödəməlidir. Biz buna nail olacağıq və o gün uzaqda deyildir.

     Bir sözlə, iqtisadi potensialın güclənməsi bizim bütün planlarımızı gerçəyə çevirəcəkdir. Planlarımız da çoxdur. Biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Həm bölgələr, həm şəhərlər, kəndlər inkişaf etməli, həm də bütün infrastruktur ən müasir tələblərə cavab verməlidir. Bizim bu istiqamətdə çoxlu fikirlərimiz, planlarımız var.

Bildiyiniz kimi, 10 ildən artıqdır ki, Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçirilir. Neft böyük sərvətdir, təbii ehtiyatdır. Ancaq bu, o zaman xalqa xidmət edir ki, dənizin dibindən çıxarılsın və ondan sonra dünya bazarlarına çatdırılsın. Azərbaycanın neft strategiyasının məğzi məhz bunda idi: xarici sərmayəni cəlb etmək, Azərbaycanda əlverişli sərmayə mühiti yaratmaq və böyük enerci şirkətlərini Azərbaycana cəlb etmək. Bu gün bu var. Azərbaycanda neft hasilatı ildən-ilə artır. Neft Fondu yaradılıbdır və o, şəffaf, ictimaiyyət üçün açıq bir qurumdur. Neft Fonduna nə qədər vəsait yığıldığını Azərbaycanın hər bir vətəndaşı bilir. Çünki bu barədə mütəmadi qaydada məlumat dərc olunur. Bu şəffaflıq, aşkarlıq, əlbəttə ki, bizə çox lazımdır. Hamı bilməlidir ki, ölkənin nəyi var, haraya və necə xərclənir. İctimai nəzarət çox güclü olmalıdır. Xüsusilə Azərbaycana daha böyük həcmdə vəsaitin daxil olacağı indiki mərhələdə.

Azərbaycanın neft strategiyası uğurla icra edilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu il istismara veriləcəkdir. Bizim enerci daşıyıcılarımız dünya bazarına, Avropa bazarına çatdırılacaqdır. İlk növbədə, biz bundan çox böyük iqtisadi mənfəət götürəcəyik. Bu, bizə imkan verəcək ki, ölkəmizi ən yüksək səviyyədə inkişaf etdirək və müasirləşdirək. Digər tərəfdən, o da heç bir şübhə doğurmur ki, Azərbaycanın bölgədəki, qitədəki, dünyadakı mövqeləri möhkəmlənəcəkdir. Çünki Azərbaycan Avropa və dünya istehlakçıları üçün çox önəmli ölkəyə çevrilir. Bu, bizim gücümüzü, önəmimizi artırır, sözümüzün çəkisini artırır və milli maraqlarımıza xidmət edir. Bu il başa çatacaq o nəhəng layihələr eyni zamanda regionda gedən proseslərə çox müsbət təsir göstərəcəkdir. Çünki regional inkişaf meyilləri artıq çox aydındır. Azərbaycan regional inkişaf kontekstində çox fəal rol oynayır, bütün regional layihələrin iştirakçısı və bir çoxunun təşəbbüskarıdır. Bizim iştirakımız olmadan regionda heç bir - nə siyasi, nə enerci, nə iqtisadi layihə, nə də nəqliyyat layihəsi həyata keçirilə bilər.

        Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Bizim dəniz nəqliyyatımıza, dəmir yolumuza böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə çox mühüm rol oynayacaqdır. Regionda digər mühüm layihə də məhz bununla bağlıdır. Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək - Bakı-Tbilisi-Qars dəmir yolunu işə salmaq indi bizim əsas vəzifəmizdən biridir və buna nail olacağıq. Belə olan halda, həm Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir, bütün yükdaşımalar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işğalçı dövlət - Ermənistan bütün bu layihələrdən kənarda qalacaqdır.

        Biz heç vaxt imkan verə bilmərik ki, torpaqlarımızı zəbt edən ölkə bizimlə regional əməkdaşlıq etsin. Biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik. Çünki bizim iştirakımız olmadan heç bir beynəlxalq layihə işləyə bilməz.

       Yenə də buna qayıtmaq istəyirəm, bu beynəlxalq, regional layihələr indi təkcə Azərbaycanın, yaxud da onun qonşularının maraqlarını təmin etmir, geniş mənada, dünya üçün əhəmiyyətli layihələrə çevrilir. Azərbaycanın rolu getdikcə artacaqdır. Bizim də məqsədimiz budur. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlət olsun, Azərbaycan xalqı yaxşı, sülh şəraitində yaşasın, rifah içində yaşasın. Biz istəyirik ki, bütün qonşularımızla münasibətlərimiz yüksək səviyyədə olsun ki, bölgədə sabitlik pozulmasın, əməkdaşlıq olsun. Bizim siyasətimiz məhz buna istiqamətləndirilibdir. Bütün sahələrdə də biz uğurları, nailiyyətləri görürük və əminəm ki, gələcəkdə bunlar daha da artacaqdır.

       Bizim büdcəmiz ildən-ilə artır. İndi Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar prinsipləri əsasında qurubdur və ümumi daxili məhsulun çəkisində özəl sektorun payı təxminən 75 faizdir. Nəzərə alsaq ki, bizim ümumi daxili məhsulun böyük hissəsini təmin edən neft-qaz sənayesi dövlət inhisarındadır, bu, çox yüksək göstəricidir. Onu göstərir ki, Azərbaycanda iqtisadiyyat liberallaşıb, sahibkarlıq çox sürətlə inkişaf edir, özəl sektor inkişaf edir. Beləliklə, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq çox dərin köklər salır.                                                                    

        Amma bununla yanaşı, sosial məsələlərə də böyük diqqət göstərilir. Əgər büdcəmizin strukturuna nəzər salsaq görərik ki, Azərbaycan büdcəsi sosialyönümlüdür. Yəni, bu nə deməkdir? O deməkdir ki, büdcənin əsas hissəsi sosial məsələlərə istiqamətləndirilibdir. Maaşlar, pensiyalar, sosial müavinətlər, humanitar sahəyə - təhsilə, səhiyyəyə və s. ayrılan xərclər artır. Bu, sintezdir. Bazar iqtisadiyyatının önəmini heç kim inkar edə bilməz. Uzun illər sosializm və kapitalizm sistemlərinin toqquşması da nə ilə nəticələndi, biz hamımız onu yaxşı bilirik. Yəni hər bir ölkənin uğurlu, uzunmüddətli inkişafını ancaq bazar iqtisadiyyatı prinsipləri təmin edə bilər. Ancaq əgər biz öz fəaliyyətimizi yalnız bu sahə ilə məhdudlaşdırsaq, onda Azərbaycanda ədalətli inkişaf gedə bilməz. Biz sosial sektora, sosial sahəyə daim çox böyük diqqət göstərməliyik. Çünki biz insanlar üçün yaşayırıq. Bizim məqsədimiz insanlara xidmət etməkdir. Mən şəxsən öz vəzifəmi məhz bunda görürəm. Bu, böyük vəzifədir, böyük məsuliyyətdir, xalq qarşısında məsuliyyətdir. Mən xalq qarşısında məsuliyyət daşıyıram. Ona görə çalışmalıyam ki, Azərbaycan xalqı, onun hər bir vətəndaşı gündəlik həyatında korluq, çətinlik çəkməsin, problemlə üzləşməsin.

        Yoxsulluq şəraitində yaşayanların sayının kəskin şəkildə aşağı salınması, işsizliyin aradan qaldırılması bu məqsədləri güdür. Ona görə sosial sahə bizim işimizdə çox böyük yer tutur və gələcəkdə bu sahəyə daha da böyük investisiyalar qoyulacaqdır.

         İndi o dövr keçir ki, Azərbaycanın yalnız və yalnız xarici sərmayədən asılı olduğu, yaxud da ölkənin inkişafını xaricdən gələn sərmayənin müəyyən etdiyi dövr indi arxada qalır. Biz artıq o dövrü yavaş-yavaş bitiririk. Ancaq yenə də çox maraqlıyıq və çalışmalıyıq ki, Azərbaycana daha da böyük həcmdə xarici sərmayə gətirək. Sizə bir rəqəm də gətirə bilərəm, xarici sərmayələrin adambaşına düşən həcminə görə Azərbaycan bütün bölgədə ən birinci yerdədir. Yəni bizim liberal siyasətimiz, sərmayə mühitinin əlverişli olması, sərmayələrin qorunması bu nəticələrə gətirib çıxarıbdır. Ancaq indi öz imkanlarımız da var, biz daha çox öz gücümüzə güvənməliyik. Çünki buna imkan var. Bir də ki, 15 illik müstəqillik tarixi bizə hər şeyi açıq-aydın göstərdi. Biz özümüz möhkəmlənməliyik, güclənməliyik. Yalnız o təqdirdə Azərbaycan zəngin, qüdrətli dövlətə çevriləcəkdir.

       Əlbəttə ki, sosial sahədə də işlər davam etdiriləcəkdir. Diqqətimizin böyük hissəsi Azərbaycanda ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilibdir. Ermənistanın işğalından əziyyət çəkən qaçqınlar, köçkünlər ən çətin vəziyyətdə yaşayanlardır. Onlar üçün yeni şəhərciklər salınır, yeni binalar tikilir. Bu yaxınlarda Ağdam rayonunda yeni qəsəbənin açılışında iştirak edirdim. Mən iki il yarım bundan əvvəl demişəm ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Bu istiqamətdə işlər görülür. Yəqin ki, gələn il bütün çadır şəhərcikləri ləğv ediləcək və onların əvəzinə ən müasir tələblərə cavab verən evləri, xəstəxanaları, uşaq bağçaları, məktəbləri, yolları, su, enerci təchizatı, bir sözlə bütün infrastrukturu olan gözəl şəhərciklər salınacaqdır. Bu, bizim vəzifəmizdir və onu yerinə yetirəcəyik.

       Ancaq bunlar müvəqqəti tədbirlərdir. Bizim torpaqlarımız işğaldan azad olunandan sonra yeni şəhərlər tikəcəyik. Çünki işğal olunmuş torpaqlarda bütün binalar dağıdılıbdır. Erməni vandalları bütün binaları, orada olan bütün qəbiristanlıqları, məscidləri, məktəbləri, tarixi abidələri - hamısını dağıdıblar. Bu, vəhşilikdir. Biz torpaqlarımızı azad edəndən sonra o bölgələri yenidən bərpa edəcəyik. Bizim iqtisadiyyatımız buna imkan verəcəkdir.

      Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Düzdür, danışıqlar gedir, atəşkəs əldə ediləndən sonra danışıqların mərhələləri olubdur. Bir neçə dəfə sanki tərəflərin mövqeləri də yaxınlaşmışdır. Ancaq nəticə etibarilə münaqişə öz həllini tapmır. Biz 12 ildir ki, sülh danışıqlarına sadiqik. 12 ildir Ermənistanla Azərbaycan arasında atəşkəs recimi var. Biz bu danışıqların bir nəticə verəcəyini ümid edərək, onlarda iştirak edirik. Ancaq nə vaxta qədər?! Bu proses əbədi ola bilməz. Çünki Azərbaycan xalqının və iqtidarının səbri tükənir. Biz sülh prosesinə sadiqik, danışıqlarda iştirakımız bunu bir daha göstərir. Biz istəyirik ki, bu məsələni müharibə yolu ilə yox, sülh yolu ilə həll edək. Bizim bütün səylərimiz, addımlarımız buna yönəldilibdir.

      Amma biz görəndə ki, Ermənistan tərəfi konstruktiv mövqe tutmur, danışıqlarda özünü səmimi aparmır, dünya ictimaiyyətini aldatmaq istəyir, çaşdırmaq istəyir, onda bizim ayrı yolumuz qalmır. Bizim başqa yolumuz yoxdur. Biz nə vaxta qədər sülh prosesində iştirak edəcəyik?! Mən demişəm, necə deyərlər, əgər son ana qədər, son sınağa qədər biz hiss etsək ki, imkan var, sülh prosesində iştirak edəcəyik. Əgər görsək ki, bu proses, sadəcə, imitasiya xarakteri daşıyır, Azərbaycan bu prosesdə iştirak etməyəcəkdir. Bu münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər.

        Tarixi baxımdan Dağlıq Qarabağ Azərbaycan torpağıdır və həmişə Azərbaycan torpağı olubdur. Ermənilər oraya XIX əsrin ortalarına qədər köçürülmüşlər. Hətta Dağlıq Qarabağın özündə bunu təsdiq edən, 1978-ci ildə qoyulmuş və ermənilərin Qarabağa köçürülməsinin ildönümünü əks etdirən abidə də var idi. Sonra ermənilər onu vurub dağıtdılar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişdilər. Ondan sonra orada əhali baxımından üstünlük əldə edərək, separatizm meyillərinə təkan verdilər. Davakar separatizm və Ermənistanın təcavüzkar, işğalçı siyasəti indi Azərbaycan torpaqlarının işğal olunmasına gətirib çıxarıbdır.

Beynəlxalq hüquq normaları hamı üçün eyni olmalıdır. Heç kim heç bir müstəsna yanaşmaya, yaxud da hüquqa malik ola bilməz. Beynəlxalq hüquq normaları tələb edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən qəbul edilir, Birləşmiş Millətlər Təşkilatı tərəfindən, bütün təşkilatlar tərəfindən tanınmışdır. Ona görə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra Ermənistanla Azərbaycan arasında normal münasibətlər bərpa oluna bilər. Biz ancaq bu yolla sülh sazişinə imkan verə bilərik. Biz Dağlıq Qarabağın heç vaxt - nə bü gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılmasına razılıq verməyəcəyik.

Biz zərərçəkən tərəfik. Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparıbdır və vaxt gələcək, onlar buna görə beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər. Biz onlara imkan veririk ki, əgər onlar konstruktiv təkliflərə razılıq versələr, Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülmüş yeni çərçivəyə razılıq versələr, Praqa prosesində səmimi şəkildə iştirak etsələr, onda, Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi, rahat yaşaması təmin olunacaqdır.

         Dünyada mövcud olan çox müsbət təcrübə - milli azlıqlar üçün muxtariyyət təcrübəsi. Avropanın özündə də muxtariyyətlər var. Bir sıra başqa ölkələrdə də var. Muxtariyyət o demək deyil ki, sən separatizmlə məşğul olasan və yaşadığın torpağı o ölkədən ayırasan. Müxtəlif ölkələrdə muxtariyyət var, onun öz qayda-qanunları, tənzimləyici mexanizmləri var. Ancaq muxtariyyət bir, separatizm isə tamamilə başqa şeydir. Muxtariyyət mümkündür və dünyada mövcud olan müsbət təcrübə, əlbəttə, münaqişə ilə əlaqədar da tətbiq olunmalıdır.

         Yenə də deyirəm, bu, bizim prinsipial mövqeyimizdir və bu mövqedən heç vaxt dönməyəcəyik. Ancaq o da həqiqətdir ki, 12 ildir atəşkəs recimi var və münaqişə öz həllini tapmır. Belə olan halda biz nə etməliyik? Bu barədə artıq Azərbaycanda, iqtidarda məsləhətləşmələr gedir. Əgər biz görsək ki, Ermənistan sülh prosesini pozmaq niyyətindədir və buna gətirib çıxaracaq, onda, əlbəttə ki, Azərbaycan öz siyasətində sülh prosesində iştirak məsələsinə yenidən baxmalı olacaqdır.

        Ancaq bununla yanaşı, iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, biz ordu quruculuğunu da möhkəmləndiririk. Son illər ərzində bu sahəyə böyük diqqət göstərilir. Sizə deyə bilərəm ki, Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır. 2005-ci ildə 2004-cü ilə nisbətən 70 faiz artmışdır. 2006-cı ildə 2005-ci illə müqayisədə 100 faiz, yəni 2 dəfə artmışdır. 2007-ci ildə daha da çox artacaqdır. İndi bizim hərbi büdcəmiz 600 milyon dollara bərabərdir. Mən vəzifə qoymuşam ki, yaxın zamanlarda bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olsun. Ermənistan bizimlə heç vaxt rəqabət apara bilməyəcəkdir. Ermənistan rəhbərliyi bunu nə qədər tez başa düşsə, onlar üçün də bir qədər sərfəli olacaqdır. Çünki Azərbaycan inkişafdadır. Azərbaycanda siyasi proseslər sürətlə gedir və demokratikləşmə prosesləri gedir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız möhkəmlənir. Avratlantik strukturlarına inteqrasiya siyasətimiz uğurla gedir. Avropa İttifaqı ilə "Yeni qonşuluq siyasəti" çərçivəsində tədbirlər planı hazırlanır. NATO ilə "Fərdi tərəfdaşlığın fəaliyyət planı" hazırdır və yaxın vaxtlarda icra ediləcəkdir.

        Digər beynəlxalq təşkilatlarda Azərbaycan mövqelərini möhkəmləndirir. Avropa Şurası keçən ilin yanvarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çox mühüm qətnamə qəbul etmişdir və orada ilk dəfə qeyd olunmuşdur ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edibdir. Bu vaxta qədər müxtəlif təşkilatlarda deyilirdi ki, hansısa erməni qüvvələri və bu, çox mücərrəd bir termin idi. Avropa Şurasının qətnaməsində açıq göstərilmişdir ki, Avropa Şurasının üzvü olan bir ölkə, Avropa Şurasının üzvü olan digər ölkəyə qarşı təcavüz edib və bu təcavüz nəticəsində etnik təmizləmə halları olub, torpaqların 20 faizi işğal edilib və bir milyon qaçqın-köçkün yaranıbdır. Yəni, bu, çox mühüm bir qətnamədir.

         Azərbaycan İslam Konfransı Təşkilatında çox fəaldır və İslam dünyası ilə əlaqələrimiz daha da möhkəmlənir. Bu sahəyə böyük önəm veririk. Müsəlman ölkələrinə mənim səfərlərim və o ölkələrdən qonaqların Azərbaycana səfərləri bizim həmrəyliyimizi daha da möhkəmləndirir. Biz digər təşkilatlarda regional müstəvidə GUAM təşkilatında, MDB-də də fəalıq. Yəni siyasi proseslər, Azərbaycanın artan mövqeləri, artan önəmi və ölkədə gedən demokratikləşmə, xalqla iqtidar arasında olan birlik, vəhdət bizim mövqelərimizi möhkəmləndirir.

        Digər tərəfdən, iqtisadi potensial baxımından Ermənistanla Azərbaycan arasında olan uçurum ildən-ilə daha da dərinləşəcəkdir. Bizim proqramlarımızın əsas məqsədi ondan ibarətdir ki, çox qısa müddət ərzində iqtisadi potensialımızı gücləndirək ki, Qarabağ məsələsində mövqelərimiz daha da möhkəm olsun. Əgər bu olmasa, əgər iqtisadi artım olmasa, maliyyə intizamı möhkəmlənməsə, Azərbaycanda çox cəsarətli iqtisadi islahatlar aparılmasa, biz büdcəni haradan dolduracağıq, orduya bu qədər pulu haradan ayıra biləcəyik? İqtisadi potensial da bizim tərəfimizdədir və ildən-ilə bizim büdcəmiz artacaq və bütün hərbi xərclər də artacaqdır.

      Məsələnin ikinci tərəfi. Azərbaycanın dünyada artan mövqeləri. Xüsusilə enerci daşıyıcıları ilə bağlı bəzi bölgələrdəki ixtilaflar, ziddiyyətlər və problemlər artıq Azərbaycanı dünyada alternativ enerci daşıyıcıları nəql edən ölkə kimi təqdim edir. Biz bunu hiss edirik. Əgər iki il bundan əvvəl biz Avropa ölkələri ilə danışıqlarda, sadəcə olaraq, müəyyən istiqamətləri müəyyən edirdiksə və danışıqlar daha çox nəzəri xarakter daşıyırdısa, indi praktik xarakter daşıyır. İndi Azərbaycanın nefti və qazı Avropaya nəql ediləcək və hər iki tərəf bunda çox maraqlıdır. Yəni Azərbaycan dövlət kimi, əlbəttə ki, Ermənistanla heç cür müqayisə edilə bilməz. Ermənistan bütün regional layihələrdən təcrid olunmuş vəziyyətdədir. Ona görə ki, biz onları təcrid etmişik. Ermənistanın inkişaf potensialı çox məhduddur, faktiki olaraq yoxdur. İnvestisiya qoyulmur, əhali oradan gedir, yoxsulluq ölkəni bürüyür. Ermənistanın işğalçı siyasəti, əsassız iddiaları öz xalqına nə vaxta qədər mənfi təsir göstərəcəkdir?! Ona görə Dağlıq Qarabağ məsələsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası Ermənistan xalqına da xidmət göstərəcəkdir. Onlar da bu çətin vəziyyətdən çıxa, regionda gedən proseslərdə iştirak edə və ölkələrə normal qonşu ola bilərlər.

      İndi baxın, onların hansı qonşu ilə normal münasibətləri var? Heç biri ilə. Azərbaycanın isə bütün qonşuları ilə çox açıq, səmimi münasibətləri var. Çünki biz əməkdaşlığa açığıq. Altdan-altdan heç kimə qarşı heç bir təxribat törətmirik, separatizmlə məşğul olmuruq. Əksinə, Azərbaycan ölkədə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateci xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.

     Amma Ermənistana baxın - monodövlətdir, orada heç bir başqa millət yaşaya bilmir. Orada sovet vaxtında deyəsən 90 faiz idi, indi doxsan doqquz onda neçə faiz erməni yaşayır. Başqa insanlar, başqa millətə mənsub olanlar orada yaşaya bilmirlər. Onlar bu siyasətdən əl çəkməlidirlər. Bu siyasət onları uçuruma aparır.

      Biz öz tədbirlərimizi görməliyik, biz möhkəmlənməliyik. Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəliləyirik. Yenə də qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun.

      Məsələn, mən çox istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir.

     İqtisadi sahədə bizim mövqelərimiz çox möhkəmdir. Bu da çox önəmlidir və bizim imkanlarımızı daha da artırır. İndi gərək biz siyasi müstəvidə möhkəmlənək. Buna da gözəl zəmin var. Çünki iqtisadi baza olandan sonra siyasi proseslərdə iştirak etmək daha da asan olacaq və mən sizi bu işə də dəvət edirəm. Bizim diasporumuz həm siyasi, həm də iqtisadi proseslərdə fəal iştirak etməklə, Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək ki, gücümüz daha da artsın. Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin isə gücünüz Azərbaycan dövlətinin güclü olmasıdır. Azərbaycan dövləti nə qədər güclü olsa, sizin mövqeləriniz də bir o qədər güclü olacaqdır. Azərbaycanlıların yığcam yaşadıqları, yaxud da çox böyük sayda yaşadıqları ölkələrin dövlət, hökumət başçıları ilə mənim bu barədə çox geniş söhbətlərim olubdur. Elə bir görüş olmayıbdır ki, biz bu məsələyə toxunmayaq. Elə bir tədbir olmayıb ki, mən bu mövzunu dilə gətirməyim. Hər dəfə bunu edirəm və edəcəyəm. Çünki bu, bizim xalqımızın nüfuzunu möhkəmləndirir.

      Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək. Bu işdə hamımıza uğurlar diləyirəm.

Sağ olun.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved