• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


QURULTAY HAQQINDA ÜMUMİ MƏLUMAT


Azərbaycan müstəqillik qazandıqdan ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə  zəmin yaratmışdır.

Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilmiş dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən  həyata keçirilməsi, vətəndaşların  təhlükəsizliyinin və rifahının təmin olunması sahələrində əldə olunan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur.Bu gün Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutmaqdır.

Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan  dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza doğma atalıq duyğuları bəsləyir, öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir.

Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli liderimiz Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin birliyi və təşkilatlanması məsələsini bütün fəaliyyəti dövründə diqqət mərkəzində saxlamış, xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Məhz dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyətləri və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurətini nəzərə alaraq, ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu, xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edərək, diaspor hərəkatının inkişafında yeni mərhələnin təməlini qoymuşdur.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan və bu tarixi ənənələri inkişaf etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev 2006-cı il fevralın 8-də xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsində mövcud vəziyyəti təhlil etmək, ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı ilin mart ayının 16-da   Bakı şəhərində Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.

       Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri bu tarixi hadisənin iştirakçısı olmaq məqsədi ilə Bakı şəhərinə gəlmişlər.

      Dünya azərbaycanlılarının II qurultayında iştirak etmək üçün Türkiyə, Almaniya, İsveçrə, Litva, Latviya, Estoniya, Bolqarıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən gəlmiş iki yüzə yaxın nümayəndə martın 15-də Fəxri xiyabanda olmuşdur. Onlar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dünyamiqyaslı siyasi və dövlət xadiminin əziz xatirəsini ehtiramla anaraq, abidəsi önünə tər qərənfillər düzmüşlər.
Sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, məzarı üzərinə güliçək dəstələri düzmüşlər.

          Sonra nümayəndə və qonaqların böyük bir qrupu Heydər Əliyev Fondunda olmuşdur.Fondun icraçı direktoru Anar Ələkbərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,dahi şəxsiyyət Heydər Əliyevə məhəbbətini ifadə etmək üçün  müxtəlif ölkələrdən buraya gələn qonaqları Heydər Əliyev Fondunun və Azərbaycan  Mədəniyyətinin Dostları Fondunun prezidenti YUNESKO-nun xoşməramlı səfiri,Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlamışdır.

          Qonaqlar Fondun  zəngin ekspozisiyası ilə yaxından tanış olmuşlar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur. Keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırılmışdır.

          Qonaqlar ulu öndərin valideyinləri və sevimli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə, övladları ilə çəkdirdiyi fotoşəkillərə xüsusi maraqla tamaşa etmişlər. Qurultayın  nümayəndələrinə Fondun məqsədləri, yarandığı vaxtdan bəri gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında, beynəlxalq əlaqələri barədə də ətraflı məlumat verilmişdir. Onlar Fondun vəsaiti ilə buraxılmış kitab, albom, audio-video disklərə, məktəb ləvazimatlarına da baxmışlar. Sonra qonaqlar Fondun kinosalonunda ulu öndərə həsr edilmiş “Böyük ömrün anları” filminə tamaşa etmiş, xatirə şəkli çəkdirmişlər.

         Fondu ziyarət edən nümayəndənin hər birinə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə hazırlanmış  “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edilmişdir.

 


        Martın 16-da Heydər Əliyev adına sarayda Dünya azərbaycanlılarının II Qurultayı başladı.

        Qurultaydan əvvəl yüzdən çox nümayəndə sübh tezdən Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin əziz xatirəsini dərin ehtiramla anaraq, abidəsi önünə əklil qoymuşlar.

        Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çələng qoymuş və tər qərənfillər düzmüşlər.

         Daha sonra qurultay nümayəndələri Şəhidlər xiyabanında olmuş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

        Onlar şəhid məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə tər çiçəklərdən hörülmüş əklil qoymuşlar.

        Qurultay nümayəndələri XX əsrin əvvəllərində xalqımıza qardaşlıq köməyini əsirgəməyən şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət etmişlər.

        Sonra Qurultay nümayəndələri Heydər Əliyev adına Saraya yola düşmüşlər.

        Sarayın foyesində “Azərbaycan diasporuna dövlət qayğısı” mövzusunda  fotosərgisi təşkil edilmişdi.

        Stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərində çəkilmiş fotoşəkillər, Azərbaycan diasporunun təşəkkülü ilə bağlı imzalanmış Fərman, Sərəncam və Qanunların nüsxələri, diaspora ilə bağlı müxtəlif kitablar nümayiş etdirilmişdir.
        Foyedə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin fotoşəkillərindən, erməni faşistlərinin xalqımıza qarşı törətdikləri soyqırımı, işğalçılıq siyasətini əks etdirən, habelə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət Komissiyasının hazırladığı materiallardan ibarət fotosərgi də təşkil olunmuşdur.

        Burada respublikamızın sosial-iqtisadi inkişafından, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və curnallar, eləcə də Prezident İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı fotoşəkillər, milli adət-ənənələrimizi, mədəniyyətimizi təbliğ edən videokaset və disklər də nümayiş etdirilirdi.
      Tədbir iştirakçıların hər birinə qurultaya aid materiallar, Azərbaycan haqqında məlumatlar, iki hissədən ibarət “Azərbaycan diasporuna dövlət qayğısı” kitabı, AzərTAc-ın, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və “Azərbaycan” nəşriyyatının qurultay münasibətilə Azərbaycan və rus dillərində hazırladıqları 16 səhifəlik buraxılış paylandı.
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda iştirak etmək üçün saraya gəldi. Qurultay nümayəndələri və qonaqlar dövlətimizin başçısını hərarətlə, sürəkli alqışlarla qarşıladılar.
        Salonda ulu öndər Heydər Əliyevin “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, Prezident İlham Əliyevin “Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir” sözləri yazılmış transparantlar asılmışdı.
        Qurultayı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyətinin sədri akademik Mahmud Kərimov giriş sözü ilə açdı.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved