• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ


Zati-aliləri!

       Dünya azərbaycanlılarının I Qurultayında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə qiymət vermək, gələcək fəaliyyətimizin yeni istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə növbəti ali məclisimizin keçirilməsinə yüksək səviyyədə dəstək verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

      Görülmüş işləri təhlil etdikdə bir daha əmin oluruq ki, qloballaşan dünyada ümumbəşəri dəyərlərə yiyələnməklə yanaşı, milli varlığımızı qoruyub saxlamaq, mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi gələcək nəsillərə ötürmək, azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, güclü diaspor hərəkatı formalaşdırmaq üçün başlıca şərt müstəqil dövlətimizin - Azərbaycan Respublikasının qorunması və daha da gücləndirilməsidir. Bu baxımdan Sizin rəhbərliyiniz altında Vətənimizin qazandığı uğurlar hər birimizin qəlbində böyük iftixar hissi doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi artırır.

      Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf yoluna çıxaraq, Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir. Ölkədə hökm sürən ictimai-siyasi sabitlik və demokratiyanın inkişafı sosial-iqtisadi və hüquqi islahatların dərinləşdirilməsinə əlverişli imkan yaratmışdır.

     Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan vəsaitlərin şəffaf şəkildə idarə olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkə infrastrukturlarının yenidən qurulması, vətəndaşların hüquq və azadlıqlarının ardıcıl təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qüdrətini artırmaqla yanaşı, beynəlxalq nüfuzunu da yüksəltmışdır. İndi Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuş, insan hüquq və azadlıqlarına dönmədən əməl edən, aydın inkişaf perspektivlərinə malik ölkə imicini qazanmışdır.

     Sosial-iqtisadi və ictimai-siyasi sahədə qazanılmış uğurlar ölkə daxilində milli birliyin möhkəmlənməsinə təkan vermiş, xaricdə fəaliyyət göstərən azərbaycanlı icmalarının potensialını milli maraqlarımızın müdafiəsinə cəlb etmək üçün əlverişli şərait yaratmışdır.

       Möhtərəm Prezident! Qurultay nümayəndələri xaricdə yaşayan azərbaycanlıların birliyinin təmin olunması, onların hüquq və mənafelərinin qorunması istiqamətində Sizin gördüyünüz işləri yüksək qiymətləndirir və müdafiə edirlər.

       Qurultay nümayəndələri Sizin səsləndirdiyiniz “Azərbaycanın qarşısında bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problem qalmamışdır” fikri ilə tam razıdırlar. Biz bu problemin həlli yönündə atdığınız addımları dəstəkləyir və bəyan edirik ki, heç vaxt torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması, bir milyona qədər soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşaması faktı ilə barışmayacaq, bundan dövlətimizə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına yol verməyəcəyik.

      Təqdirəlayiq haldır ki, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti sayəsində son illər dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar ölkəmizlə bağlı bəzi həqiqətləri anlamağa və etiraf etməyə başlamışlar. İslam Konfransı Təşkilatı və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını təsdiqləməsi Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyətlərdir.

      Biz münaqişəni sülh yolu ilə nizama salmaq üçün ATƏT-in Minsk qrupu və Praqa prosesi çərçivəsində aparılan danışıqlara böyük ümidlər bəsləyirdik. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe tutması ucbatından danışıqlar prosesinin indiyədək heç bir nəticə verməməsi hər birimizi dərindən narahat edir. Qurultay nümayəndələri yaranmış vəziyyətdə Sizin ən doğru qərar verəcəyinizə inanır və Zati-alilərinizi əmin edirlər ki, dünya azərbaycanlılarını bu qərarın dəstəklənməsinə səfərbər edəcəklər.

       Cənab Prezident!

 Sizin çıxışınızda səslənən fikir və tövsiyələr, II Qurultayın qəbul etdiyi qərarlar Azərbaycan diaspor hərəkatının gələcək inkişafına mühüm təsir göstərəcəkdir. Biz qurultayın irəli sürdüyü vəzifələrə uyğun olaraq, milli mənafelərimizin qorunması üçün bütün səylərimizi birləşdirəcəyik. Ümidvarıq ki, bu vəzifələrin gerçəkləşdirilməsi yolunda Siz, həmişə olduğu kimi, bundan sonra da Azərbaycan dövlətinin imkanlarından geniş istifadə edəcəksiniz.

     Möhtərəm Prezident! Dünya azərbaycanlılarının II Qurultayının bütün iştirakçıları müstəqil Azərbaycan Respublikasının nail olduğu uğurları yüksək qiymətləndirir, Azərbaycan diasporunun gücləndirilməsi üçün gördüyünüz işləri alqışlayır, azərbaycançılıq ideyalarının daim yaşaması və hər bir azərbaycanlının həyat normasına çevrilməsi naminə səylərini əsirgəməyəcəklərini bəyan edirlər.

Müraciət Dünya azərbaycanlılarının II Qurultayında qəbul olunmuşdur
                                                                                                       Bakı şəhəri, 16 mart 2006-cı il.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved