• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN DÜNYA AZƏRBAYCANLILARINA MÜRACİƏTİ


Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!


       Xalqımız bütün tarixi boyu milli birlik və həmrəylik arzuları ilə yaşamışdır. Lakin dünya azərbaycanlılarının təşkilatlanması, onların həmrəyliyinin güclənməsi müstəqil Azərbaycan Respublikası və ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün daim geniş fəaliyyət göstərmiş, özünün bütün bilik və bacarığını sərf etmişdir. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1991-ci il dekabrın 16-da ilk dəfə rəsmi olaraq, 31 dekabrı Dünya azərbaycanlılarının həmrəylik və milli birlik günü elan etmiş, sonrakı illərdə isə Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının milli bayramına çevrilməsi üçün xüsusi səy göstərmişdir.

       Bir toplum kimi dünya azərbaycanlıları qarşısında duran vəzifələr Heydər Əliyev tərəfindən aydın və dəqiq müəyyənləşdirilmişdir. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı və inkişaf etdirməlidirlər. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərtidir.

       Digər mühüm istiqamət dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, bu əlaqələrin hüquqi, siyasi, ictimai və mədəni əsaslarının gücləndirilməsidir. Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir. Eyni zamanda, Azərbaycan hökuməti də Vətənimizin getdikcə artan maddi və mənəvi gücündən, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların hüquqlarının qorunması üçün istifadə etməlidir.

      Azərbaycan diasporunun təşkilatlanması, Vətənlə əlaqələrinin möhkəmlənməsi üçün Heydər Əliyev sözün tam mənasında coşqun fəaliyyət göstərmişdir. Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli iş səviyyəsinə qaldırılmış, dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilmişdir. 2001-ci ilin noyabrında Dünya azərbaycanlılarının I Qurultayının yüksək səviyyədə keçirilməsi və Azərbaycan rəhbərliyinin sonrakı məqsədyönlü siyasəti müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır.

      I Qurultaydan ötən dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin məzmunca zənginləşdirilməsi, təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi üçün çox iş görülmüşdür. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, soydaşlarımızla bağlı dövlət siyasətini tənzimləyən ayrıca Qanun qəbul edilmişdir. Azərbaycanlıların təşkilatlanması işi daha da güclənmiş, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və dövlətinə bağlılıq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılmışdır.

     İndi xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələ yaşanmaqdadır. Bu, bir tərəfdən, Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, onun regionda lider dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər tərəfdən isə, xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətinin yüksəlməsi, qarşıya yeni vəzifələrin qoyulması ilə əlaqədardır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və qurumlar tədricən vahid mərkəzlərdə birləşir, soydaşlarımız artıq qitələr üzrə təşkilatlanmağa başlayırlar. Hazırda Azərbaycan dövləti öz qarşısına həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, yaşadıqları ölkələrdə təsirli qüvvəyə çevrilməsi, dünya azərbaycanlılarının taleyi üçün məsuliyyət daşıması kimi vəzifələr qoyur. Buna görə də azərbaycanlı icmalarının yaşadıqları ölkələrin müxtəlif hakimiyyət və ictimai strukturlarında layiqli təmsil olunması və aparıcı dövlətlərdə nüfuzlu Azərbaycan lobbisinin formalaşdırılması Azərbaycan Respublikasının və xaricdə yaşayan soydaşlarımızın qarşısında duran mühüm vəzifələrdəndir.

        Azərbaycanın milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi, mədəniyyət, hüquq müdafiə mərkəzlərinin yaradılması və onların səmərəli fəaliyyət göstərməsi üçün məqsədyönlü, müntəzəm tədbirlər həyata keçirilməlidir.

      Azərbaycanlı icmalarının yaşadıqları ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri gücləndirilməli, soydaşlarımız üçün müntəzəm surətdə kütləvi-mədəni tədbirlər təşkil olunmalıdır.

     Eyni zamanda, soydaşlarımızın Azərbaycanın iqtisadi və ictimai-mədəni həyatında real iştirakı təmin edilməli, məskunlaşdıqları ölkələrlə tarixi Vətən arasında əlaqə və münasibətlərin möhkəmləndirilməsində onların rolu artırılmalıdır.

     Azərbaycana dost münasibətdə olan icmalar, ayrı-ayrı dövlət, elm və mədəniyyət adamları, ictimai təşkilatların nümayəndələri ilə əlaqələr yeni səviyyəyə qaldırılmalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın maraqlarının ayrı-ayrı ölkələrdə və beynəlxalq qurumlarda müdafiəsi üçün bu əlaqələrdən bacarıqla istifadə edilməlidir.

     Xaricdə yaşayan azərbaycanlılar həmçinin məkrli erməni təbliğatının planlarını və fitnə-fəsadlarını vaxtında ifşa etməli, tariximizi və mədəni irsimizi saxtalaşdırmaq, dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını daha qətiyyətlə almalıdırlar. Onlar bu məsələdə fəal mövqe tutmalı, öz fəaliyyətlərini Azərbaycanın müvafiq təşkilatları ilə əlaqələndirməlidirlər.

      Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir, ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edilməlidir ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Asiyada, Amerikada çoxsaylı azərbaycanlı icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.

      İndi dünya azərbaycanlılarının həmrəylinin və mütəşəkkilliyinin güclənməsi, onların ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün daha əlverişli şərait yaranmışdır. Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində layiqli yer tutur, dünya birliyinə qəti şəkildə inteqrasiya olunur, həyatın bütün sahələrini qabaqcıl dünya meyarlarına uyğunlaşdırır. 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkiləri Azərbaycan cəmiyyətinin demokratik inkişaf yolu ilə inamla irəlilədiyini bir daha sübut etmişdir.

       2005-ci ildə Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf templərinə malik olmuşdur. Ümumi daxili məhsulun həcmi 26 faizdən çox artmış və bu göstəriciyə görə ölkəmiz dünyada birinci yeri tutmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli istiqamətində səylər gücləndirilmişdir, bu istiqamətdə yeni imkanlar axtarılır. Dövrümüzün nəhəng enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin 2006-cı ildə istismara verilməsi, Qars-Tbilisi-Bakı dəmir yolunun reallaşdırılmaqda olan çəkilişi bütün regionun simasını dəyişəcək və dünya azərbaycanlıları qarşısında yeni imkanlar açacaqdır. Qazanılan uğurlar həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə əlverişli şərait yaratmış, onların tarixi Vətənlə bağlılığına yeni stimul vermişdir.

Bütün bu nailiyyətlər göstərir ki, Azərbaycan düz yoldadır, onun daxili və xarici siyasəti davamlı və dayanıqlı inkişaf üçün başlıca şərtdir. Azərbaycanın sürətlə artan potensialı bütün problemlərimizin həllində, o cümlədən dünya azərbaycanlıları ilə bağlı vəzifələrin həyata keçirilməsində güclü amil olacaqdır.

Əziz azərbaycanlılar!
Hörmətli soydaşlar!

     Qurultay sizə müraciət edərək, qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün bütün imkanlarınızdan istifadə etməyə, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının həyata keçirilməsi üçün öz qüvvələrinizi birləşdirməyə çağırır, hər birinizə cansağlığı, firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi yolunda uğurlar arzulayır.



Müraciət Dünya Azərbaycanlılarının  II Qurultayında qəbul olunmuşdur.
                                                                                                  

                                                                                                   Bakı şəhəri, 16 mart 2006-cı il.

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved