• Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib
  • Azərbaycanlı uşaqlar Türkiyədə keçirilən 23 Nisan uşaq bayramında iştirak ediblərAzərbaycanlı uşaqlar Türkiyədə keçirilən 23 Nisan uşaq bayramında iştirak ediblər
  • Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilibFransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib


DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ ƏLAQƏDAR DÜNYA İCTİMA


Hörmətli xanımlar və cənablar!

      Biz - Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri böyük inam və ehtiram hissi ilə sizə müraciət edərək bildiririk ki, qonşu Ermənistanın Azərbaycana qarşı 18 il əvvəl başlanmış və bu günədək davam edən hərbi təcavüzü Qafqaz regionunda sülh və sabitlik üçün böyük təhlükəyə çevrilmiş, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuş, 1 milyona yaxın insan doğma torpaqlarından didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

     Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam edir, öz silahlı qüvvələrini işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaq istəmir. Təcavüzkarın aqressiv separatizmi dəstəkləməsi və davakar millətçilik siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yolunda başlıca maneədir.

      “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin yüz illərlə ölçülən tarixi vardır. XIX əsrin əvvəllərindən etibarən ermənilər bəzi xarici dövlətlər tərəfindən məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülmüş, soydaşlarımızın həmin ərazilərdən sıxışdırılıb çıxarılması prosesi başlanmışdır.

        Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti Sovet İttifaqının dağıldığı illərdə daha da güclənmişdir. 1988-ci ildən etibarən açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın hərbi təcavüzünün miqyası sürətlə genişlənmiş, Dağlıq Qarabağın inzibati hüdudlarından kənara çıxaraq, Azərbaycanın digər ərazilərinin işğalı ilə nəticələnmişdir.

          Ermənistanın Azərbaycana hərbi təcavüzü böyük insan tələfatı, ağır maddi və mənəvi itkilərə səbəb olmuşdur. 1992-ci ilin fevralında azərbaycanlıların ən qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən amansızlıqla dağıdılmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 600 nəfərdən çox insan işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özlərini dünya ictimaiyyətinə məzlum göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərini bir daha açıb göstərmişdir.

       Ümumiyyətlə, hərbi təcavüz zamanı 20 minədək azərbaycanlı həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuşdur. 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 tarixi yer,689 tarixi abidə və 22 muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km su kəməri, 2000 km qaz kəməri, 15 min km elektrik xətti, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi, 1200 km irriqasiya sistemi dağıdılaraq məhv edilmişdir. Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilər nəzarətsiz zonaya və transmilli cinayətkar qruplar üçün əlverişli dayaq nöqtəsinə çevrilmişdir.

       Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın və Ermənistanın müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatına üzv olması ilə Dağlıq Qarabağ problemi regional çərçivəni aşaraq, beynəlxalq müstəviyə çıxmışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Bu sənədlərdə silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.

      Son bir ildə bəzi nüfuzlu beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində müəyyən qərarlar qəbul etmişlər. Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞPA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı orada ermənilərin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırıldığı təsdiq olunmuş və bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır.

     Təəssüf ki, münaqişənin nizamlanması üçün xeyli səylər göstərilməsinə baxmayaraq, indiyədək bu sahədə əsaslı irəliləyişə nail olunmamışdır. Münaqişənin aradan qaldırılması üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən səmərə verməmiş, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində prinsipial məsələlər üzrə razılıq əldə etmək mümkün olmamışdır. Beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin siyasi iradə nümayiş etdirməməsi, qətiyyətsiz mövqe tutması, bəzən də ikili standartlardan çıxış edib işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri münaqişənin tezliklə və dinc yolla nizamlanmasını çətinləşdirmişdir.

      Bütün millətlərlə səmimi dostluq və mehribanlıq şəraitində yaşamaq, digər xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmətlə yanaşmaq Azərbaycan xalqına xas olan əsas keyfiyyətlərdəndir. Azərbaycan xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsində də böyük səbir və təmkin nümayiş etdirir, problemin aradan qaldırılması, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün davamlı səylər göstərir.

      Bu gün Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Lakin münaqişənin indiyədək həllini tapmaması, xalqımızın hələ də “nə müharibə, nə də sülh” şəraitində yaşaması, ərazilərin beşdə birinin işğal altında, əhalinin səkkizdə birinin qaçqın və məcburi köçkün vəziyyətində olması respublikamızın öz iqtisadi potensialından, maddi və mənəvi resurslarından daha səmərəli istifadə etməsinə böyük maneçilik törədir.

      Dünya azərbaycanlılarının II Qurultayının iştirakçıları beynəlxalq təşkilatların rəhbərlərinə, ayrı-ayrı ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, bütün tərəqqipərvər insanlara müraciət edərək, Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağırırlar.

Hörmətli xanımlar və cənablar!

Sizi regionda milli düşmənçilik və ədavət yaradan təcavüzkar erməni separatçılığının, erməni diasporu və lobbisi tərəfindən irəli sürülən əsassız iddiaların və tarixi saxtakarlıqların əsil mahiyyətinə bələd olmaq üçün problemlə daha yaxından tanış olmağa çağırırıq. İnanırıq ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına, xalqların mehriban dostluq və qonşuluq şəraitində yaşamasına böyük töhfələr vermiş beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər dünya azərbaycanlılarının çağırışlarını dəstəkləyəcək, münaqişənin beynəlxalq hüququn tələblərinə uyğun nizama salınması üçün qətiyyətli və prinsipial mövqe tutacaqlar.

Müraciət Dünya azərbaycanlılarının   II Qurultayında qəbul olunmuşdur

                                                                                              Bakı şəhəri, 16 mart 2006-cı il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved