• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYININ BMT-NİN TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT MƏSƏLƏLƏRİ ÜZRƏ TƏŞKİLATINA (YUNESKO) MÜRACİƏTİ


       Dünya azərbaycanlılarının II Qurultayının nümayəndələri dərin ehtiram və ümid hissi ilə sizə müraciət edərək, diqqətinizə çatdırırlar ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiaları xalqımız üçün ağır humanitar faciələrə gətirib çıxarmışdır. Ermənistan ərazisində yığcam yaşayan 250 min azərbaycanlı 1988-ci ildən başlanmış etnik təmizləmələr və zorakılıq hərəkətləri nəticəsində deportasiya edilmiş, onların yaşadıqları bölgələrdə toponimlər süni şəkildə erməniləşdirilmiş, maddi mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini işğal etməsi həmin torpaqlarda yaşayan 700 minədək azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə, 20 mindən çox insanın həlak olmasına, 50 min nəfərin xəsarət almasına səbəb olmuşdur. Erməni əsirliyində saxlanılan 783 azərbaycanlının taleyi haqqında isə hələ də heç bir məlumat verilmir.

      Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldıraraq, xüsusi xidmət orqanları vasitəsilə hərbi əməliyyatların keçirilmədiyi Azərbaycan şəhərlərində də böyük insan tələfatı ilə nəticələnən terror aktları törətmişdir.

Təcavüzün Azərbaycan xalqına vurduğu ən ağır zərbələrdən biri də onun zəngin mədəni irsinə dəymişdir. Xalqımızın qədim tarixi izlərinin məhvinə yönəlmiş məqsədli vandalizm aksiyaları nəticəsində işğal olunmuş ərazilərdə bəşər sivilizasiyasının tərkib hissəsi olan memarlıq abidələri, o cümlədən Kəlbəcər, Şuşa və Ağdam rayonlarının tarix-diyarşünaslıq muzeyləri, Zəngilandakı daş abidələr muzeyi dağıdılmış, Şuşadakı XVIII əsrə aid ikiminarəli “Gövhər ağa” məscidi zədələnmiş, digər məscidlər isə yandırılaraq yerlə-yeksan edilmişdir. Xocalıda tunc dövrünə aid 100-dən çox abidə yer üzündən silinmiş, qiymətli kitablar və əlyazmalar oğurlanmışdır. Ümumilikdə, işğal altında olan rayonlarda dünya əhəmiyyətli 689 ədəd tarixi abidə (6 ədəd memarlıq abidəsi,7 ədəd arxeloji abidə; ölkə
əhəmiyyətli 117 ədəd memarlıq abidəsi,23 ədəd arxeloji abidə;21 ədəd bağ-park,monumental və xatirə abidələri;17 ədəd dekorativ tətbiqi sənət nümunələri ),22 muzey,927 kitabxana, 85 uşaq musiqi məktəbi, 4 teatr, 4 rəsm qalereyası, 2 konsert salonu, 1852 mədəniyyət və incəsənət mərkəzi və başqa mədəniyyət ocaqları dağıdılmışdır. Muzeylərdəki 40 minədək eksponatın bir hissəsi məhv edilmiş, digər hissəsi isə oğurlanaraq, qanunsuz yollarla xarici ölkələrə daşınmışdır. Nadir incəsənət nümunələri olan eksponatlar hazırda müxtəlif ölkələrin, o cümlədən Ermənistanın muzeylərində “erməni xalqına məxsus sənət inciləri” kimi nümayiş etdirilməkdədir.

         Ermənilərin Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq, özlərinin guya Qarabağın yerli əhalisi olduğunu əsaslandırmaq məqsədi ilə işğal etdikləri Şuşa şəhəri ətrafında qanunsuz arxeoloci qazıntılar aparmaq planları böyük narahatlıq doğurur.

         Biz işğal edilmiş ərazilərdə mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını və oğurlanmasını insanlığa yaraşmayan, bəşəriyyətin mənəvi sərvətlərinə qarşı törədilən cinayət aktı kimi qiymətləndirir, Ermənistanın hərəkətlərinin beynəlxalq hüquq normalarına, o cümlədən 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının müddəalarına zidd olduğunu sizin nəzərinizə çatdırırıq. Min illər boyu yaradılmış mədəni irsin yalnız konkret bir xalqa və ya ölkəyə deyil, bütün bəşəriyyətə məxsus olduğunu bir daha vurğulayaraq, YUNESKO-nu erməni millətçilərinin və separatçı dairələrinin törətdiyi vandalizm aktlarına son qoyulması üçün səy göstərməyə, işğal olunmuş Azərbaycan ərazilərindəki tarixi abidələrin məhvinə və ya saxtalaşdırılmasına yönəlmiş hərəkətlərə qəti və birmənalı münasibət bildirməyə çağırırıq.

Müraciət Dünya azərbaycanlılarının II  Qurultayında qəbul edilmişdir

                                                                                                       Bakı şəhəri, 16 mart 2006-cı il.

 

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved