• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


BÖYÜK BRİTANİYADAKI EDİNBURQ UNİVERSİTETİNİN PROFESSORU QULAM RZA TƏBRİZİNİN ÇIXIŞI


   Möhtərəm cənab Prezident Heydər Əliyev!

   Hörmətli qonaqlar, dostlar!

   Danimarkada, Norveçdə, İsveçdə və Böyük Britaniyada yaşayan soydaşlarımız mənə burada onları təmsil etmək tapşırığı  veriblər. Bu mənim üçün böyük fəxrdir. Böyük Britaniyadakı Azərbaycanlılar Cəmiyyəti 1990-cı ildə 20 Yanvar hadisələrini dünya televiziyalarının ekranlarına çıxarmışdı. “ BBC, Ay-Ti-Vi” və digər Televiziya şirkətləri bu dəhşətli faciəni işıqlandırdı. Sağ olsun dostlarımız , onlar mənə çox kömək etdilər.

   Onlar 1994-cü ildə Azərbaycanın səfirliyi açıldı. Səfir Mahmud Məmmədquliyevin , onun Namiq Kamranov kimi bacarıqlı işçilərinin köməyi ilə orada Azərbaycan- Britaniya Cəmiyyəti, mədəniyyət mərkəzi yarandı.

   Cənab Prezident 1994-cü ildə Londona təşrif gətirəndə “Hilton” otelində yaxşı görüşümüz oldu. Xatirimdədir ki, cənab Prezident söhbətində çox əsaslı məsələlərə toxundu. Onlardan  biri bu idi ki, biz özümüzdən  soruşmalıyıq: Mən Azərbaycana nə verə bilərəm, nə verməliyəm? Nəinki düşünməliyik ki,Azərbaycan mənə nə vermişdir? Bu , orada bizim fəaliyyətimizin mənasıdır, fəlsəfəsidir. Azərbaycana nə etməliyik, nə edək?

    Düşünürəm ki, bu, nəinki bizim, həm də Azərbaycanda yaşayanların , dövlət adamlarının, müəllimlərin, həkimlərin düşüncəsi olmalıdır ki, mən Azərbaycan üçün nə etmişəm və nə edə bilərəm? Sağ olsun bizim Prezidentimiz, hər sözündə, söhbətində bizə çox şey öyrədir. Mən müstəqillik bayramında iştirak etmək üçün Londondan buraya gəlmişdim. Bir saat yarıma qədər davam edən nitqində cənab Prezident keçmiş tariximizi şirin söhbət kimi bizə danışdı.

    Dostlarımdan biri mənə dedi ki, axı sən nə üçün fikirlərini yazmamış çıxış edirsən? Allah Heydər Əliyevə verdiyi o gözəl yaddaşdan bir zərrəsini də mənə veribdir.Ona görə də mən çıxışımı kağızdan oxumayacağam.

   1988-ci ildə Prezidentimiz Böyük Britaniyada olarkən bir söhbət etdi. Mən elm adamıyam, belə məsələlərə diqqət yetirirəm. Prezidentimiz  xəritəni divardan asaraq müəllim kimi, - orada baş nazir, nazirlər də oturmuşdular,- Dağlıq Qarabağın, Azərbaycanın harada olmasını onlara  öyrətdi. Bundan mən belə nəticəyə gəldim ki,  biz- diasporadakı soydaşlarımız hər şeyə belə əməl etməliyik.Çox göylə getməyək, real olaq. Gözəl müəllim olaq. Haranı seçiriksə, orada məskunlaşaq, kök salaq və Azərbaycanımızı təbliğ edə bilək.

   Mən 40 ildir ki, xaricdəyəm. Bu müddətdə elə bir gecə olmayıb ki, Azərbaycanı xatırlamayım. O evdə ki yaşamışam  anamla oturmuşam, çay içmişəm, təndirdə çörək yapdırmışam, yemişəm- bunları xatırlamayınca yuxuya gedə bilməmişəm.

   Cənab Prezident, bu qurultayın keçirilməsi böyük tarixi hadisədir. Təmsil etdiyim ölkələrdəki soydaşlarımız adından mən Sizi bu münasibətlə təbrik edirəm, dostlarım adından Sizə şəxsən təşəkkür edirəm.

    Qarşımızda yenə iki sual qoyuram. Onlardan biri budur ki, diaspor Azərbaycan üçün nə etməlidir? İkincisi isə, bundan ibarətdir ki, Azərbaycan diaspor üçün nə etməlidir? Cənab Prezidentin dediyi kimi, diasporun qarşısında çox böyük vəzifələr vardır. Diaspor nümayəndələri hər hansı ölkədə   bizim səfirlərimizdir. Onlar hər yerdə - konfranslarda, böyük icmalarda, beynəlxalq tədbirlərdə, elmi dairələrdə bizim nailiyyətlərimizi, müvəffəqiyyətlərimizi  və Dağlıq Qarabağda baş verən hadisələri izah etməlidirlər. Vətənini sevən, onu layiqincə təmsil edən diplomatlar da bizə lazımdır.

    O işləri ki, biz burada görə bilərik, fikirləşməliyik – bizim xaricdəki çox yüksək səviyyəli həkimlərimiz, pedaqoji kadrlarımız, mühəndislərimiz- onlar Azərbaycan üçün nə edə bilərlər? Biz ötən on il ərzində az iş görməmişik. Amma istəyirik ki, bundan da çox iş görək. Mən özüm beş ildir ki, təmənnasız olaraq buraya  gəlirəm, universitetlərdə mühazirələr oxuyuram. Düşünürəm ki, dostlarımız da gəlib xalqımıza xidmət etməlidir. Azərbaycan buna dəstək verməlidir. Orada bizə radio-televiziya verilişləri lazımdır. Uşaqlarımız gərək dilimizi, ədəbiyyatımızı öyrənələr, yaşadalar. Demək istəyirəm ki, gəlin qoşa uçaq, mənim qanadlarım yorulsa, sən mənim qanadlarımından tut, sənin qanadların yorulsa mən sənin qanadlarından tutaram. Bu, bizim qurultayın şüarı olmalıdır.

    Cənab Prezident, biz Sizin dəvətinizlə Vətənə gəlmişik və imana gəlmişik. Vətənə gəlməyin əsl mənasını insan o vaxt dərk edir ki, 10 il, 20 il, 40 il Vətəndən uzaqda yaşaya. Xaricdə yaşayan, bəzən görürsən ki, nahar, şam etmir, pulunu telefona sərf edir ki, 2-3 dəqiqə anasının səsini eşitsin, ürəyi yerinə gəlsin. Əgər istəyirsinizsə birini zindana salasınız, işgəncə verəsiniz, çox əziyyət çəkdirəsiniz, ehtiyac yoxdur, onun ana dilini əlindən alın. Ölkəmizdən gedəndən sonra , - o vaxt biz şah  dövründə yaşayırdıq, dilimizi demək olar ki, əlimizdən almışdılar, nə müəllim vardı, nə mədrəsə vardı, danışanda da məsxərəyə qoyurdular,- biz Vətəndən çıxdıq, amma Vətən qəlbimizdən çıxmadı.

      İkinci məsələ budur ki,mən xahiş edirəm ,biz də daxildəki dialoqlara, demokratik hərəkatlara müdaxilə edək, daxildə hansı söhbətlər getdiyini öyrənək. Bizə ögey baxmasınlar. Azərbaycana gələndə yaxşı olardı ki, Xarici İşlər Nazirliyində  bir otaq ayırsınlar, bizimlə görüşsünlər, söhbət etsinlər, bir stəkan çay versinlər.Bunlar yoxdur. Əlbəttə,mən demək istəmirəm ki, azərbaycanlılar qonaq sevən deyillər, inanın ki,dünyada ən qonaqsevər insanlar azərbaycanlılardır.
     Kəndə gedirsən, çətin şəraitdə yaşamasına baxmayaraq, göyərti, çay, çörək gətirir. Mən burada Londandakı evimdə olan şəraitindəkindən çox rahatlıq tapıram.
     Bizim gecə-gündüz ürək ağrısı çəkdiyimiz məsələ torpaqlarımızın işğal olunmasıdır və Dağlıq Qarabağ dərdidir. Keçən il mən Edinburqda , Malmödə, Londonda üç böyük konfransda iştirak etdim. Britaniyanın Xarici İşlər Naziri orada iştirak edirdi. Mən orada dedim ki, tələbələrim məndən soruşurlar, onlara nə cavab verim, istəyirəm siz buna kömək edəsiniz. Orada çoxlu iştirakçı vardı. Səfirlər, diplomatlar da iştirak edirdilər. Dedim ki, Bakıda tələbələrim məndən soruşurlar ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunubdur. Bir milyon qaçqınımız çox pis şəraitdə yaşayır. Orada mənə dedilər ki, bəli, biz bunu bilirik. Dedim ki, bunun müqabilində Qərb dövlətləri zülmkar dövlətə kömək edirlər, yardım göstərirlər. Lakin Azərbaycana heç bir kömək etmirlər. Torpaqlarımızın geri qaytarılması məsələsində  də bizimlə tərəfdaşlıq etmirlər. Məgər bu bizim müsəlman olduğumuza görədirmi? İnanın ki, mənim bu sözlərim onlara çox böyük təsir etdi. Orada ermənilərdən 20-30 nəfər iştirak edirdi. Onların heç birinin səsi çıxmadı.
    Sonra mənə dedilər ki, bizim üçün çox xoşdur ki, belə böyük bir tədbirdə bu məsələni qaldırdınız. Biz bunu gözləyirdik. Mən dostlarımdan xahiş edirəm ki, xaricdə olarkən iclaslarda iştirak edək və bu məsələləri qaldıraq. Bu bizim üçün çox mühüm məsələdir.
    Mən 1998-ci ildə cənab Prezidentə bunu demişəm və indi də təkrar edirəm. Dağlıq Qarabağ bizim ürəyimizdə yaradır. Torpaqlarımız azad olunmalıdır və olunacaqdır. Mən özüm də orada iştirak edəcəyəm.
    Cənab Prezident bilir ki, mən buraya həmişə təmənnasız gəlirəm. Onu da bir əziz dost və qardaş kimi sevmişəm və bundan sonra da sevəcəyəm. Amma bir söz deməliyəm.O, budur ki, Prezidentimiz bizim istiqlaliyyətimizdə  çox böyük rol oynayıbdır. Bunu mən ondan ötrü demirəm ki, mənə nazir vəzifəsi versin və sair. Mənim buna ehtiyacım yoxdur, mən artıq qocalmışam.
    Cənab Prezident, Siz tarix yaratmısınız. Bunu sizə Edinburq Universitetində 30 il dərs demiş bir şəxs deyir. Sizi sağ olasınız, yaşayasınız! Yaşasın Azərbaycan!
    Sizə həmişə uğurlar arzu edirəm! Təşəkkür edirəm ki, bizi bir yerə toplamısınız.
    Sizə bir müjdəm var. Sizin bu dəvətinizlə Böyük Britaniyanın burda iştirak edən soydaşlarımız bu qərara gəliblər ki, kiçik qrupları, dərnəkləri federasiya şəklində birləşdirsinlər. Biz oraya qayıdandan sonra o federasiya öz işinə başlayacaqdır. Siz zəhmət çəkib bizi buraya yığmısınız.Mən də bildirmək istəyirəm ki, biz öz aramızda anlaşma tapıb bu federasiyanı formalaşdıracağıq.
    Azərbaycanımız yaşasın, torpaqlarımız, Dağlıq Qarabağ azad olsun!
    Yaşasın Prezidentimiz!
    Yaşasın Azərbaycan!
    Sağ olun!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved