• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


ORBELİANİ ADINA TBİLİSİ DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN KAFEDRA MÜDİRİ, PROFESSOR VALEH HACIYEVİN ÇIXIŞI


  -Möhtərəm cənab Prezidet!

  -Dəyərli qurultay iştirakçıları!

   Əziz soydaşlar!

   Gürcüstanın  yarım milyonluq azərbaycanlı əhalisi adından Dünya Azərbaycanlılarının I Qurultayını salamlayır, qurultay iştirakçılarına qarşıda duran məqsəd və vəzifələrin reallaşdırılmasında uğurlar diləyirəm! Bütün dünya azərbaycanlılarının bir araya gətirəcək, Azərbaycanımızın bu günü və gələcəyi naminə onların sarsılmaz birliyinə səbəb olacaq Dünya Azərbaycanlılarının Qurulatyının Bakı şəhərində keçirilməsi, hər şeydən öncə, Azərbaycan Prezidenti cənab Heydər Əliyevin yorulmadan və qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasətin bəhrəsi və bariz təcəssümü kimi dəyərləndirilməlidir.

   Müstəqil Azərbaycanın çoxsaylı azərbaycanlı diasporu ilə sıx və olduqca  vacib əlaqələrin yaranması tarixi zərurətdən meydana gələn taleyüklü məsələlərdən biridir.Azərbaycanın problemləri hər bir azərbaycanlının problemləri olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi uğur və imkanlar da hər bir azərbaycanlının  əldə etdiyi uğur və imkanlar olmalıdır.Odur ki, Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın gələcəkdə mütəşəkkil bir qüvvəyə çevrilməsi işində başlanğıc mərhələ kimi böyük əhəmiyyət daşıyır.
   Gürcüstan azərbaycanlılarının toplu halda yaşadıqları Borçalı, Qarayazı, Başkeçid, Qaraçöp və digər bölgələr Azərbaycanın mövcud sərhədlərindən kənarda olsa da, Azərbaycan etnik-mədəni sisteminin önəmli bir tərkib hissəsi kimi, özünün dil-ləhcə özəllikləri , zəngin xalq ədəbiyyatı, təkrarsız aşıq sənəti və anadilli təhsil ocaqları ilə milli-mənəvi dəyər və sərvətlərimizi ləyaqətlə qoruyub yaşadan və inkşaf etdirən bölgələrdir.

    Biz həmişə Gürcüstanın dövlət maraqlarını və mənafelərini müdafiə etməklə, öz vətəndaşlıq borcumuzu ödəməklə yanaşı, varlığımızda, ruhumuzda yaşayan mənəvi Vətənimizi, Azərbaycanımızı heç zaman unutmamış, özümüzü ondan ayrı təsəvvür etməmişik. Yaxın keçmişdə millətçi qüvvələr tərəfindən süni şəkildə yaradılan təzyiq və çətinliklərə baxmayaraq, Gürcüstan azərbaycanlıları  o ağır illərin sınağından şərəflə çıxa bildilər. Uzun illər yaddaşımıza rahatlıq verməyən bu gərginliyə 5 il öncə son qoyuldu.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı ildə Gürcüstana tarixi rəsmi səfəri Gürcüstan azərbaycanlılarının həyatında əsaslı bir dönüş yaratdı. Yaxşı yadımdadır, cənab Prezident Tbilisi şəhərində soydaşları ilə görüşdə belə bir ifadə işlətmişdi: “Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlılar öz vətənlərində yaşayırlar.

    Mənim dostum Şevardnadze  bu gün çıxış edərkən dedi ki, Gürcüstanda yaşayan azərbaycanlılara o, diaspor demək istəmir.Tamamilə düzgün deyir, heç, diapor demək olmaz. Çünki bu kənardan gələn azərbaycanlılar deyil ki, onlara diaspor  deyək.Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır”.

     Heydər Əlirza oğlunun bu müdrik kəlamları ağır illərdə xeyli köç vermiş yurddaşlarımı doğma torpağa daha möhkəm bağladı, Azərbaycanın müxtəlif nümayəndə heyətinin Gürcüstana səfərləri, ölkələrimizin prezidentlərinin sərəncamları ilə Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin məsələləri üzrə Azərbaycan-Gürcüstan dövlətlərarası birgə komissiyasının yaradılması və bundan sonra ardıcıl işlər öz müsbət nəticəsini verdi. Məhz bu səbəbdən Gürcüstanda 170-ə qədər Azərbaycan məktəbi, Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsi, “Gürcüstan” qəzeti ,Azərbaycan dilində radio verilişləri redaksiyası və bir çox ictimai mədəni təşkilatlar öz mövcudluğunu və anadilli fəaliyətlərini qoruyub saxlaya bildi.Söz gəlişi onu da deyim ki, hər il olduğu kimi bu yaxınlar da Borçalı balaları Azərbaycan Prezidentinin hədiyyə etdiyi dərslikləri aldı və bu dəyərli töfhənizə görə, möhtərəm Prezident , Sizə dərin minnətdarlığımızı bildiririk.

   Gürcüstanda milli münasibətlər əvvəllərə nisbətən müqayisə olunmaz dərəcədə dəyişmişdir. Milli təzyiqlərə, qabarıq şəkil almaqda olan qeyri-bərabərliyə son qoyulmuşdur.Lakin bütün bunlarla yanaşı, milli proseslər zəminində, təbii ki, problemlərin tam həll olunduğunu söyləmək olmaz. Biz dərk edirik ki, çoxmillətli bir ölkədə millətlərarası münasibətlərin əsasını  qarşılıqlı anlaşma və səmimi münasibətlər təşkil etməlidir. Şükürlər olsun ki, bugünkü Gürcüstanda xalqımıza məxsus milli dəyanət, özünəməxsusluq və mənəvi sərvətlər qorunub saxlanır və inkşaf etdirilir.

   Şübhəsiz ki, bütün dünya azərbaycanlıları Azərbaycanın dövlət başçısının soydaşlarımıza tövsiyələrini, qurultayın qərarlarını əldə rəhbər tutaraq birləşəcək və Azərbaycanımızın ərazi bütövlüyünün bərpası və xalqımızın xoşbəxt gələcəyi naminə öz məqsədlərinə nail olacaqdır.

   Ulu Tanrı yolumuzu işıqlı-sayalı, alnımızı açıq, işlərimizi avand eləsin!

   Diqqətinizə görə çox sağ olun!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved