• 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib


ANA DİLİ VƏ AZƏRBAYCANŞÜNASLIQ KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİNİ DEPUTATI ANAR RZAYEVİN ÇIXIŞI


Hörmətli qurultay nümayəndələri!

Qonaqlar, xanımlar və cənablar!

Yeni əsrin, yeni minilliyin ilk ilində, noyabrın 9-u və 10-u artıq tarixə düşdü. Bizim qədim Bakımız bir daha sübut elədi ki, o, bütün dünya azərbaycanlılarının mənəviyyat mərkəzidir, Şərqin və türk dünyasının mədəni mərkəzlərindən biridir. Bakımızın bu sahədə ənənələri var. 1920-ci ildə Bakıda Şərq xalqlarının ilk qurultayı keçirilibdir. 1926-cı ildə Bakıda ilk Türkoloji qurultay keçirilibdir. Amma bizim bugünkü qurultay öz vüsəti, miqyası etibarilə onları hamısından üstündür. Əvvəla ona görə ki, bu qurultayda dünyanını beş qitəsini təmsil edən onlarca ölkəsindən minə yaxın və özümüzünkülər də, Azərbaycanda yaşayanlarla birlikdə minlərlə nümayəndə iştirak edir. İkinci ona görə ki, bu qurultay ilk dəfə müstəqil Azərbaycanda keçirilir. Bütünlüklə öz doğma dilimizdə keçirilir, öz bayrağımız altında keçirilir və öz müstəqil dövlət başçımızın iştirakı ilə keçirilir.

Dünən hörmətli Prezident, azərbaycançılığın bütün əsas məsələlərini əhatə edən, qarşımızdakı məsələləri nəzəri cəhətdən əsaslandıran geniş bir çıxışla, məruzə ilə, mən onu məruzə adlandırardım, bir məruzə ilə burada çıxış elədi.

Mənə Ana dili və azərbaycanşünaslıq komissiyasının sədri kimi şərəfli bir iş tapşırılmışdır və bizim komissiyanın işi də Prezidentimizin qarşıya qoyduğu məsələlər ruhunda getdi. Komissiyada bizim hörmətli professorlarımız, Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və Slavyan Universitetinin rektoru Kamal Abdullayev məruzələr etdi. Ondan sonra Türkiyədən, Moskvadan, Sankt-Peterburqdan, Almaniyadan, İngiltərədən, Ukraynadan, Gürcüstandan və bizim Bakıdan 18 nəfər öz fikirləri, mülahizələri, təklifləri ilə çıxış etdilər. Bu komissiyanın Ana dili və azərbaycanşünaslıq komissiyası adlandırılması, məncə, təsadüfi deyildir. Çünki azərbaycanşünaslığın, azərbaycançılığın birinci ünsürü dildir, ən vacib ünsürü dildir, hər şey dildən başlayır. Tarixin heç bir məqamında Azərbaycan dili dövlət səviyyəsində bugünkü vüsətini qazanmamışdır. Mətbuatımız, televiziyamız, radiomuz, bütün yığıncaqlarımız, bütün idarələrin kargüzarlıq işləri dövlət dilində - Azərbaycan dilində gedir. Amma bununla bərabər dilimizin qayğıları da var və bu qayğıları da biz unutmamalıyıq. Mən fikirləşirəm ki, Çar Rusiyası dövründə rus dilindən Azərbaycan dilinə cəmi bir neçə söz keçmişdir. Məsələn, sledstvie, “sledovatel” sözləri dilimizdə “silisçi, silis”, “samovar” sözü “simavər” kimi işlənirdi. 70 illik Sovet dövründə bəlkə on kəlmə rus dilindən keçib – kolxoz, sovxoz, komsomol və s. Hətta dünya “sputnik” deyəndə biz peyk deyirdik.

Amma müstəqillik illərimizdə təəssüf ki, bizim qəzetlərin, jurnalların adları, özəl televiziya və radio kanallarının adları yabançı sözlərdən ibarətdir. Buna nə ehtiyac olduğunu mən də başa düşmürəm və bizim komissiyada çıxış edənlər də başa düşmürlər. Xüsusilə özəl radio və televiziya kanallarından bəzən, mən onları yamanlamaq istəmirəm, maraqlı verilişləri də olur, söhbət ondan getmir, mən özüm də o kanallarda çıxış eləyirəm. Amma aydın deyil ki, o reklamların tərcüməsinə kim nəzarət eləyir. Mən dəfələrlə bu misalı çəkmişəm. Məsələn, reklamlardan biri, indi yadımda qalanlardan biri belədir ki, hansısa suyu reklam eləyirlər və deyirlər ki, “filan suyu iç, susuzluğuna güvən”. Mən buradakı bütün azərbaycanlıları yox, bütün dünyadakı azərbaycanlıları yığsam, heç kəs izah edə bilməz ki, bu, nə deməkdir: “Susuzluğuna güvən”.

Şübhəsiz ki, dilimizin bu problemləri ilə, dilimizin tətbiqi ilə, dilimizin inkişafı ilə əlaqədar tarixi bir sənədimiz var, o da hörmətli Prezidentimizin dil haqqındadakı fərmanınıdır və bu fərmandan çıxış edərək biz dilimizin inkişafı, qorunması, saflığının saxlanması üçün çox işlər görə bilərik və bu fərmanın ikinci bir vacib cəhəti də latın əlifbasına qəti keçid məsələsidir. On il əvvəl biz latın əlifbasına keçmək haqqında qərarı qəbul elədik. Bu zəruri bir qərar idi. Doğrudur, bizim tariximizdə, tarix belə gətirib ki, biz bu əsrdə bir neçə dəfə əlifbamızı dəyişməli olmuşuq və bu, həmişə mədəniyyətimizə vurulan boyük bir zərbə olub. Amma indi bu zəruridir ki, biz təzədən latın əlifbasını bərpa etməli və latın əlifbasına keçməli idik. Amma on il bundan qabaq qəbul olunan qərar yalnız üç ay bundan qabaq Prezidentin iradəsi və qəti sözü ilə tam həyata keçdi, yəni indi bütün mətbuatımız latın əlifbası ilə çap olunur. Bu da yenə də müəyyən problemlər yaradır və bu problemlərdən biri, mən bunu həmişə deyirəm və deməkdən də yorulmayacağam, çünki, məncə, bu, ən önəmli problemlərdən biridir, o da latın əlifbası ilə bizim bədii ədəbiyyatımızın demək olar ki, olmamasıdır. Tamam yox, amma çox az olmasıdır.

Bizim on il məktəblərdə latın əlifbası ilə təhsil alan şagirdlərimiz məktəbdən kənarda Nizamini, Nəsimini, Xətaini, Molla Pənah Vaqifi, Aşıq Ələsgəri, Mirzə Fətəli Axundovu, Cəlil Məmmədquluzadəni, Sabiri, Cavidi, Cəfər Cabbarlını, Səməd Vurğunu, Koroğlu dastanını, bayatılarımızı, nağıllarımızı, dastanlarımızı oxumaq istəsə əlinə kitab keçməyəcək, çünki latın əlifbası ilə bu kitablar yoxdur. Bu çox vacibdir. Çünki mən, əlbəttə, siyasi ədəbiyyatın da, elmi ədəbiyyatın da, iqtisadi ədəbiyyatın da önəmini başa düşürəm. Amma hər halda bədii ədəbiyyat insanı formalaşdırır, nəsilləri yetişdirir və bu ədəbiyyatın lazımınca olmaması ona gətirib çıxara bilər ki, biz ədəbiyyatsız boyümüş bir nəsili yetişdirə bilərik.

Mən hörmətli Prezidentimizdən bir daha xahiş eləyirəm ki, çünki ancaq onun iradəsi ilə bu, mümkün olan işdir. Biz indi Milli Məclisdə büdcəni müzakirə eləyirik. Yüz kitabdan ibarət Azərbaycan klassikləri, çağdaş yazıçılar, dünya klassikləri, uşaq ədəbiyyatı – hələlik yüz kitabı, hər il beş yüz milyon manat vəsait pul ayrılsa, üç il ərzində biz bu yüz kitabı buraxa bilərik. Məsələn, Yazıçılar İttifaqı və Tərcümə Mərkəzi bu işi boynuna götürə bilər və ən əsas kitabları, mən bayaq adlar çəkəndə, Füzulinin, Dədə Qorqudun adını çəkmədim. Çünki xoşbəxtlikdən Dədə Qorqudun yubileyində “Dədə Qorqud” dastanları latın əlifbası ilə çap olundu. Füzuli yubileyində füzulinin altı cildliyi çap olundu. Amma başqa klassiklərimiz, çağdaş ədəbiyyatımız latın əlifbası ilə yoxdur.

Mən burada bir şeyi də xatırlatmaq istəyirəm ki, Azərbaycanda bunu hamı bilir, mən də bunu dəfələrlə minnətdarlıq hissi ilə demişəm. Amma istəyirəm ki, bunu bütün dünya azərbaycanlıları da bilsin.

İndi bazar iqtisadiyyatı zamanı kitab çap etmək çox çətin bir məsələdir. Ancaq imkanı olan, yaxud sponsorlara yol tapa bilən adamlar kitablarını çap edirlər. Belə bir şəraitdə Azərbaycan ədəbiyyatını yaşatmaq üçün Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarını “Azərbaycan”, “Ulduz” jurnallarının və “Literaturnıy Azərbaycan”, “Qobustan”, “Ədəbiyyat” qəzetlərinin dövlət büdcəsinə qəbul olunması məhz Prezidentin göstərişi ilə, qayğısına və diqqətinə görə oldu.

Bu, Prezidentimizin bütün xidmətlərindən başqa Azərbaycan ədəbiyyatı qarşısında çox böyük xidmətidir. Çünki bilirsiniz, bəzən indi deyirlər ki, Yazıçılar Birliyi indi lazım deyil. Yaxşı, lazım deyil, indi özləri bilərlər, belə sözlər də deyirlər ki, jurnallar da lazım deyil və bunu deyən adamlar həmin jurnallarda əsərlərini çap eləyirlər. Sual olunur, bu jurnallar lazım deyildirsə, bunlar çıxmayacaqlarsa, əsərlərinizi harada çap edəcəksiniz? Pulunuz var, amma hamının pulu yoxdur, gedib öz kitabını buraxsın. Pulu olmayan, yaxud sponsorlara yol tapa biləməyən adamlar harada çap edəcəklər? Və nəhayət, qəzetlərimiz silsilə şerlər, hekayələr verir, ama iri romanlar, povestlər, poemalar, böyük tədqiqat əsərləri – bunlar ancaq jurnallarda çap oluna bilər və ona görə də bizim bu jurnalların yaşanması bizim ədəbiyyatımızın yaşanması deməkdir.

Bu gün orada çox təkliflər oldu. Mən o əsas təklifləri sizə çatdırmaq istəyirəm. Bu təkliflərdən birini demək istəyirəm. Dünyanın bir çox ölkələrində, Moskvada, Avropa ölkələrində “Bazar günü” məktəbi deyilən belə bir institut var. Belə günlərdə onlar orada Azərbaycan dilini öyrənirlər. Bu çox vacib bir işdir. Bu işi davam etdirmək lazımdır və bu işə bizim yardımımız belə olmalıdır ki, bu təkliflər orada səsləndi, biz azərbaycanşünaslıq üzrə mütəxəssislər yetişdirməliyik. Yəni, təkrar eləyirəm, birinci dildir, dili bilmək lazımdır. Amma azərbaycanşünaslıq tək dildən ibarət deyil. Azərbaycanın tarixini, coğrafiyasını, ədəbiyyatını, mədəniyyətini, siyasi həyatını. Bir sözlə, azərbaycanşünaslıq deyilən hər sahəni əhatə eləyən mütəxəssislər bizim universitetlərdə və xüsusən iki ali tıhsil ocağında – Slavyan Universitetində və Xarici Dillər İnstitunda var. Niyə? Çünki, xaricdə işləyəcəklərsə, şübhəsiz, bu dilləri də bilməlidirlər, şübhəsiz. Burada biz azərbaycanşünaslıq üzrə kadrlar yetişdirməliyik. Bu təklif irəli sürüldü.

Başqa çox mühüm bir təklif. Bizim qonşu ölkələrdə yaşayan Azərbaycan xalqı Şimalda, Dağıstanda, Gürcüstanda, İranda. Bizi, bilirsiniz, bəzən əlifba ayırır. Dağıstandakı azərbaycanlılar kiril əlifbasını oxuyurlar, İrandakılar ərəb əlifbası ilə oxuyurlar. Amma televiziya dalğalarına, radio dalğalarına əlifba yoxdur. Ona görə biz radio və televiziya vasitəsilə mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı, bugünkü həyatımızı bu ölkələrdə təbliğ eləyə bilsəydik, yəni bu peyklər vasitəsilə, ya yeni stansiyalar qurmaq vasitəsilə, bu ölkələrə Azərbaycanın bugünkü həyatını çatdıra bilsəydik, bu da çox önəmli, çox vacib və çox lazımlı bir iş olardı.

Mən deyəndə bir az həyəcanlandım. Onu da çatdırmaq istəyirəm ki, jurnallarımızı bizim büdcəyə qəbul olunmaqdan başqa hörmətli Prezidentimizin göstərişi ilə hər il 10 nəfər gənc yazıçı təqaüd alır və bu təqaüd müddətində, özü də yaxşı, əməlli-başlı təqaüd alır, əqaüd müddəti bitəndən sonra onların kitabları buraxılır.

Yazıçıların yubileyləri haqqında burada Polad müəllim dedi. Bu, bir daha göstərir ki, bizim Prezidentimiz ədəbiyyatımızın keçmişinə də, bu gününə də və gələcəyinə də böyük diqqət göstərir.

Bir təklif oldu ki, onu da Misir müəllim burada dedi, görünür ki, o komissiyada da bu təklif olub. Amma orada qəti deyilib ki, beş ildən bir qurultay keçirilsin. Bizim komissiyadakılar bir az səbirsiz olduğu üçün dedilər ki, hər il, yaxud heç olmasa iki ildən bir dünya azərbaycanlılarının qurultayı keçirilsin. Indi bu hansı təklifin qəbul olunması, əlbəttə, bizim nümayəndələrdən asılıdır. Amma mənim bir arzum var, çıxışımı qurtarmaq istəyirəm ki, gələcəkdə dünya azərbaycanlılarının qurultayında biz Azərbaycanın işğal olunmuş torpaqlarının azad olduğunu və qaçqınlarımızın yurd-yuvasına qayıtmağını görmüş olaq. O şəraitdə bu təzə qurultayı daha böyük sevinc, daha böyük fərəh hissi ilə keçirək. Sağ olun.

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved