• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


İdman


  "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güç, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir.

H. Əliyev

 Qədim insan təbii təkamül prosesi keçərək inkişaf etmişdir. Şübəhsiz belə bir prosesdə insanın fiziki gücü, cəldliyi, reaksiya qabiliyyəti, sağlamlığı olduqca böyük əhəmiyyət kəsb etmişdir. Yalnız bu keyfiyyətlərə malik insanlar təbii seçmənin süzgəcindən keçə bilmişlər. İnsan yaşamaq naminə vəhşi heyvanlarla vuruşmuş, sürətli qaçışı, eləcə də fiziki qüvvəsi hesabına təhlükədən xilas ola bilmişdir. Belə bir cəhət hər bir insanın özünün fiziki kamilliyinin qayğısına qalması tələbini ortaya atmışdır. Zaman ötdükcə insanlar öz aralarında fiziki və əqli qabiliyyətlərini sınamaq məcburiyyətində də qalmışlar. Məhz fiziki sınaqlardan keçən adamlar tayfa və qəbiləyə rəhbərlik etmək hüququ qazanmışlar. Beləcə insanlar arasında öz fiziki keyfiyyətlərini mübarizədə sınamaq tələbi də meydana çıxmışdır. Cəmiyyət inkişaf etdikcə bu sınağın, mübarizənin forma və üsulları dəyişmiş, müxtəlif növləri meydana çıxmışdır. Bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan idmanın yaranmasının əsasında belə mübarizə formaları durur. İdman müxtəlif hərəkət kompleksləri üzrə yarışlar və hazırlıq məşqləri keçirilməsi sistemi kimi böyük təkamül prosesini yaşamışdır. İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini, məsələn, güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və sairəni ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. B.e.ə. VIII əsrə aid edilən "Gilqamış" dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şümer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir. Güləş Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tariximizin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur. Nağıl və dastanlarda igidlər aslan, buğa, dəvə ilə güclərini sınayır, bir-biri ilə qurşaq tutub güləşirlər. Zaman keçdikcə güləş inkişaf etmiş, ona münasibət, onun keçirilmə qaydaları dəyişmiş, belə qarşılaşmalar xüsusi yerlərdə keçirilmişdir. Azərbaycanda qədim tarixə malik idman növü olan güləş yarışları da sonralar xüsusi yerlərdə - zorxanalarda keçirilmişdir.

 Oğuz elinin igidləri, o cümlədən qızları da at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda mahir olmuşlar. Bu diyarda oğlanlara döyüşdə, təkbətək mübarizədə qalib gəlməyincə, igidlik göstərməyincə ad verməzmişlər. "Kitabi-Dədə Qorqud" dastanlarının əsas qəhrəmanlarından biri Bamsı Beyrəklə Banıçiçək at çapmaq, ox atmaq və qurşaq tutub güləşməkdə güclərini sınadıqdan sonra bir-birlərinə könül verirlər.

"Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən idman yarışlarına başqa mənbələrdə rast gəlmək olur. XI əsr Azərbaycan şairi Xaqani Şirvaninin əsərlərində də çövkən, at çapmaq, şahmat, qılıncoynatma və s. oyunlardan danışılır.

Qədim türkdilli xalqlar ömürlərinin böyük hissəsini at belində keçirmişlər. Oğuzlar atın tərkində ova çıxır, özlərinə azuqə toplalayır, ticarət edir, yürüşlərə gedirdilər.

Onlar atın tərkində anadan olur, döyüşür, yeyib-içir, ölürdülər. Bu xalq atın tərkində tarix yaradır, mədəniyyət qurur, əylənir, müxtəlif yarışlar keçirirdi. Tarixçilər hunlar arasında bir çox idman yarışlarının at üstündə keçirilməsindən çox yazmışlar. Cıdır yarışları, at üstündə güləşmə, qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı. Mənbələrdə göstərilir ki, sonralar çinlilər çox sevdikləri at yarışlarını türklərdən və monqollardan görüb-götürmüşdülər.

Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azəbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin Xosrov və Şirin əsərindən və "Kitabi-Dədə Qorqud" boylarından isə məlum olur ki, Azərbaycanda çovqanın tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır.

Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində inglislərin rolu böyük olmuşdur. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır.

Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir.

Orta əsrlərdə Azərbaycan dünyada öz qüdrəti və əzəməti ilə seçilən islam aləmində mədəni inkişafı, elmi potensialı baxımından ən qabaqcıl dövlətlərdən biri idi. Ölkədə fəlsəfə, təbabət, astronomiya, riyaziyyat kimi elmlər, musiqi, ədəbiyyat, təsviri incəsənətlə yanaşı, idmanın intellektual növü olan şahmat da geniş yayılmışdı. Azərbaycan şahlarının saraylarında şahmat sevimli məşğuliyyətə çevrilmişdi. Azərbaycanda şahmat oynayanların cərgəsində qadınlar da az deyildi.

XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi həm də yaxşı şahmat oynamışdır. Onun müasirlərinin əsərlərində bu fakt, yəni Məhsəti xanımın mahir şahmatçı olması haqqında məlumatlar vardır. Məhsəti Gəncəvinin şahmat partiyalarının yazıları bizim dövrə qədər gəlib çatmışdır. Azərbaycanda qadınların şahmat oynaması bir ənənə kimi davam etmişdir. XIX əsrdə Fransa yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Qarabağ xanının qızı, məşhur Azərbaycan şairi Xurşudbanu Natəvanla şahmat oynamış, Natəvanın gözəl oyunundan heyran olmuşdur.

Azərbaycan idmanının tarixi ilə bağlı fikirləri ümumiləşdirib belə bir nəticəyə gəlmək olur ki, ölkədə idman çox qədim bir tarixə malik olmuşdur. Arxeoloci qazıntılar zamanı tapılmış maddi mədəniyyət, və qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, Çovqan, Sürpapaq, Baharbənd, daşqaldırma, miloynatma, şahmat və sair idman oyunları geniş yayılmışdır. Ölkədə tarixən mövcud olan bu idman ənənəsi müxtəlif növlərdə qorunub saxlanmış, müasir dövrədək gəlib çatmışdır.

 İyirminci əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun adı bütün dünyada məşhur olmuşdur. Onlar dünyanın ən böyük şəhərlərində -Vaşinqton, Paris, Çikaqo, London, Roma kimi şəhərlərdə keçirilən güləş yarışlarında böyük məharət göstərmişlər. Sali Süleyman dünya pəhləvanlarının ən təhlükəli rəqibi sayılırdı. Onu "Dağıstan şiri", "Şərqin sevimlisi" adlandırırdılar. Bu pəhləvanın nə öz Vətənində, nə də xarici ölkələrdə bir dəfə belə kürəyini yerə vuran olmamışdır. Sali Süleyman dəmir zəncirləri asanlıqla qırır, dəmir çubuqdan düyün bağlaya bilirdi. Onun haqqında söylənilən əfsanələr bu gün də dildən-dilə gəzir. Rəşid Yusifov da güləşdə göstərdiyi uğurları ilə həmvətənlisindən geri qalmamışdır.

Ötən əsrin əvvələrində Bakı neft şəhəri kimi sürətlə inkişaf edərək dünyanın ən iri sənaye mərkəzlərindən birinə çevrilmişdi. Bununla əlaqədar müxtəlif ölkələrdən neft mütəxəssisləri və fəhlələr Bakıya axışıb gəlirdilər. Xaricdən gələnlər asudə vaxtlarını yaxşı keçirmək məqsədilə öz ölkələrində populyar olan idman növlərinin Azərbaycanda yayılmasına çalışırdılar. Nəticədə həmin illərdə Bakıda üzgüçülük, yüngül atletika, ağır atletika, gimnastika, futbol və bir çox başqa idman növləri populyarlaşmağa başlayır.

XX əsrin əvvəllərində Bakıda futbol daha geniş şöhrət qazanır. Qısa müddətdə şəhərdə çoxlu futbol komandaları yaranır. "Balaxanı futbolçular dərnəyi", "Stela" və "İdmanın dostları", "İdmançı" və "Konqres", "Unitas", "Belaya", "Senturion", "Tərəqqi" və sair belə komandalardan idi. İlk dövrdə şəhər birinciliyi, kubok yarışlarını, rəsmi oyunları təşkil edəcək birlik, qurum olmadığından yarışlar kortəbii şəkildə, kapitanlar arasındakı razılığa görə keçirilirdi. Şəhərdə isə futbol komandalarının sayı sürətlə artmaqda davam edirdi. Futbol ölkələrarası miqyasa keçməyə başladı. 1912-1913-cü illərdə əvvəlcə Tiflisdə, sonra Bakıda Azərbaycanın və Gürcüstanın futbol komandaları arasında görüşlər təşkil olundu. Nəhayət, 1914-cü ildə Azərbaycanda futbol ittifaqı yaradıldı. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili keçirilməsini öz üzərinə götürdü. Elə bu dövrdən başlayaraq ölkədə müxtəlif idman növləri üzrə təşkilatların, cəmiyyətlərin yaranması ənənə şəklini alır. Azərbaycan Rusiyanın tərkibində olduğuna görə burada əsrin əvvəllərində idmanın dövlət səviyyəsində inkişafı ilə bağlı işlər görülmürdü. Ona görə də Azərbaycanda bədən tərbiyəsi və idmanın dövlət səviyyəsində inkişafı ötən əsrin iyirminci illərindən başlamışdır. Həmin vaxtdan təkcə Bakıda deyil, respublikanın digər rayon və şəhərlərində müxtəlif idman növləri üzrə bölmə və klubların yaradılması, əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün maddi-texniki bazanın qurulması istiqamətində işlər görülmüşdür. 1920-ci ildə respublika ümumhərbi təlim orqanları yanında Bədən Tərbiyəsi Şurası təşkil olundu. Şura ölkədə idmanın inkişaf və yayılmasına rəhbərlik etməyə başladı. Bədən tərbiyəsi Şurasının təşəbbüsü ilə ümumtəhsil məktəblərində, mədəni-maarif ocaqlarında, uşaq evlərində və fəhlə klublarında fiziki tərbiyə işləri qaydaya salındı və ilk idman dərnəkləri təşkil edildi. İdman dərnək və bölmələrinə cəlb edilənlərə gimnastika, futbol, yüngül atletika, basketbol, qılıncoynatma, ağır atletika və başqa idman növləri öyrədilirdi. Bu illərdə Azərbaycanda "Avtomotor", "Vodnik", "Reçnik", bir qədər sonra isə "Dinamo" idman cəmiyyətləri yaradıldı. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi.

 1922-ci ilin axırına yaxın bədən tərbiyəsi və idman işlərinə Azərbaycan Həmkarlar İttifaqları qoşuldu. Bu təşkilat öz xətti ilə idman cəmiyyətləri yaradır, respublikada idmanın maddi-texniki bazasının qurulmasına xüsusi yardım göstərirdi. 1923-cü ildə Azərbaycanda ilk idman qəzeti - "Qırmızı idmançı" çapdan çıxmağa başladı. Elə həmin ildə Bakıda bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı. Məktəbdə idmanın müxtəlif növlərini öyrədəcək müəllim və mütəxəssislər hazırlanırdı. Bu, respublika üçün idmanın ənənəvi olan növləri ilə yanaşı digər növlərin də inkişafına təkan verdi. Məsələn, əgər 1920-ci ildə Azərbaycanda iki basketbol cəmiyyəti vardısa 1924-cü ildə artıq 52 basketbol kollektivi təşkil edilmişdi, iki ildən sonra bu kollektivlərin sayı 300-ə çatdırılmışdı. Elə bu illərdə Azərbaycan Neft Kimya İnstitutunda və Mərkəzi Bədən Tərbiyəsi Evində boks dərnəkləri yaradılmışdı. Ölkədə tez-tez üzgüçülük, su polosu və suya tullanma növləri üzrə idman yarışları, bayramları keçirilirdi. Güləş və ağır atletika klublarında xeyli idman həvəskarı məşq edirdi. 1924-cü ildə Rza Baxşəliyev "Kustrud" adlanan güləş klubu yaratdı və burada fransız güləşi - müasir sərbəst güləş qrupu təşkil etdi. "Kustrud"un yetişdirmələri o zaman ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan pəhləvanlarla - Sali Süleyman, Rəşid Yusifov, Fyodor Margentanger, Andrey Lodz, Eldar Göyçaylı və başqaları ilə güləşirdilər. "Kustrud"dan başqa, "Dinamo", "Temp", "Lokomotiv" və Mərkəzi Bədən Tərbiyəsi Evi kimi idman cəmiyyətləri də fəaliyyət göstərirdi.

Ayrı-ayrı idman növləri üzrə yarışlardan başqa respublikada kompleks idman turnirləri də təşkil olunurdu. Məsələn, çox maraqlı faktdır ki, 1925-ci ildə Bakıda "Olimpiya Oyunları" adı altında yarışlar təşkil olundu. Bu olimpiadanın proqramına əsasən yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilmişdi. Bu Azərbaycanda Olimpiya Oyunlarına nə qədər böyük maraq olduğunu, ümumdünya oyunlarına qoşulmaq imkanı olmayan bir şəraitdə gənclər arasında olimpiya ideallarının təbliğ olunmasının əyani göstəricisidir.

 Azərbaycanın idman tarixini xronoloji ardıcıllıqla izləmək, Sovet İttifaqı miqyasında qazanılmış qələbələrini araşdırmaq özü elmi-tədqiqat mövzusudur. Qeyd etmək lazımdır ki, Azərbaycan alimləri idmanımızın bu nailiyyətləri haqqında müəyyən tədqiqatlar aparmışlar. Azərbaycan idmanının inkişaf tarixindən daha əhəmiyyətli olan məsələlərini, ayrı-ayrı idman növləri üzrə əsas göstəriciləri və nailiyyətləri qısa şərhlə ümumiləşdirmək məqsədəuyğundur. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, əllinci illərdən başlayaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafında böyük bir canlanma getmişdir. Bu proses altımışıncı illərin ikinci yarısında və yetmişinci illərdə daha da genişlənmişdir.

Azərbaycan güləşi daim özünün tarixi ənənəsini qoruyub saxlamışdır. Ölkə pəhləvanları güləşmənin bütün növlərində ölkə, Avropa, dünya birinciliklərində, Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda çıxış etmiş, öz ustalıqları ilə idman həvəskarlarının rəğbətini qazanmışlar. 50-ci illərdən başlayaraq Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, Rəşid Məmmədbəyov, Aydın İbrahimov, Rafiq Hacıyev, Telman Paşayev, Viktor Avdışev, Arif Niftullayev, Məhəddin Allahverdiyev, Xəzər İsayev, kimi məşhur pəhləvanlarımız Avropa, Asiya və Amerikanın bir çox ölkələrində iri beynəlxalq yarışlarda SSRİ-nin seçmə kollektivləri heyətində ölkəmizin idman şərəfini layiqincə qorumuşlar.

 Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Natiq Eyvazov, Nazim Əlicanov, Elman Rüstəmov, Arif Abdullayev, Azad Əliyev, İlham Abbasov, Davud Məhəmmədov, müstəqillik illərində Avropa çempionatlarında uğurla çıxış etmişlər. Namiq Abdullayev 1995-ci ildə, Məhəmməd İbrahimov 1995 və 1996-cı illərdə, Nazim Əlicanov 2002-ci ildə sərbəst güləş üzrə yarışlarda, Natiq Eyvazov isə 1993-cü ildə yunan-Roma güləşində Avropa çempionu adını qazanmışdır. Güləşçilərimiz bundan başqa dünya və Avropa çempionatlarının gümüş və bürünc medallarına, müxtəlif beynəlxalq turnirlərin birinci mükafatına sahib olmuşlar. Dünyanın ən mötəbər idman yarışı olan Olimpiya Oyunlarına Azərbaycandan ən çox lisenziyanı güləşçilər qazanmışlar. Atlantada 8, Sidneydə isə 9 Azərbaycan güləşçisi Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. İki olimpiadada əldə olunmuş dörd medaldan ikisini - bir qızıl və bir gümüş medalı güləşçi Namiq Abdullayev qazanmışdır.

Əllinci illərdə Sovet İttifaqı miqyasında Azərbaycan yüngül atletika məktəbi uğurları ilə seçilmişdir. Ölkədə yüngül atletikanın müxtəlif məsafələrə qaçış növlərində, hündürlüyə tullanma, beşnövçülük, çəkic tullama, üç təkanla uzununa tullanma yarışlarında ittifaq və dünya miqyasında böyük idman nailiyyətləri əldə etmişlər. Yüngül atletlərimiz Sovet İttifaqı, Avropa və dünya rekordları vurmuşlar. Azərbaycanda yüngül atletikanın inkişafında məşqçi Əfqan Səfərovun böyük xidmətləri olmuşdur. Yüngül atletika məktəbimizin tanınmış idmançıları sırasında Xandadaş Mədətov, Yuri Konvalov, Aleksandr Kornelyük, Qalina Qaneker, Ziba Ələsgərova, Nina Brıntseva kimi atletlərin adlarını çəkmək olar.

Azərbaycanda qılıncoynatma idmanı da populyar olmuşdur. Qılıncoynadalarımız Sovet İttifaqı miqyasında keçirilən yarışlarda uğurlar qazanmışlar. Azərbaycan qılıncoynadanları Sovet İttifaqının yığma komandasının tərkibində dünya və Avropa çempionatlarında iştirak etmişlər. Qılıncoynadan Samir İbrahimov, İlqar Məmmədov və Boris Koretski dünya və Avropa çempionu olmuşlar. 1988-ci ildə Seul olimpiadasında SSRİ yığma komandasının tərkibində iki Azərbaycan qılıncoynadanı da çıxış etmişdir. İlqar Məmmədov və Boris Koretski Seulda olimpiya çempionu adını qazanmışlar. Sonralar İlqar Məmmədov ikinci dəfə olimpiya çempionu adını almışdır. Hazırda Azərbaycan qılıncoynatma məktəbinin nümayəndəsi Yelena Jemayeva 1999-cu ildən başladığı uğurlu çıxışlarını davam etdirməkdədir. O, dəfələrlə dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq yarışların qalibi olmuşdur.

Ölkədə tennis idmanı da özünəməxsus inkişaf yolu keçmişdir. Azərbaycan tennisçiləri Sergey Lixaçev, Yelena Biryukova, Ramiz Əhmərov SSRİ birinciliklərində, Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda ayrı-ayrı illərdə tək və qarışıq qoşa yarışlarda mükafatçılar sırasında olmuşlar.

Su idmanı növlərində də idmançılarımızın nailiyyətləri olmuşdur. Azərbaycan suyatullanma idmanı ilə məşğul olanları Avropa və dünya çempionatlarında, müxtəlif Olimpiya Oyunlarında respublikamızı təmsil etmişlər.

 Azərbaycan atıcılıq məktəbi də yetirmələri ilə şöhrət qazanmışdır. Azərbaycan atıcısı Albert Udaçin SSRİ yığma komandasının heyətində dünya çempionu olmuş, SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarında Ukraynanın təmsilçisi kimi çıxış etmişdir. Azərbaycan atıcılıq idmanını Olimpiya Oyunlarında sonralar Sergey Timoxin, İradə Haşımova və Zemfira Meftahəddinova təmsil etmişlər. Zemfira Sidney Oyunlarında olimpiya çempionu adını qazanmışdır.

Bakı şəhərinin dəniz kənarında yerləşməsi respublikada avarçəkmənin və yelkən idmanının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Avarçəkənlərimiz SSRİ birinciliklərində və ümumittifaq spartakiadalarda müvəffəqiyyətlə çıxış edirdilər. 70-ci illərdə Azərbaycanın Mingəçevir şəhərində beynəlxalq akademik avarçəkmə bazasının tikilməsi idmanın bu növünün respublikamızda sürətli inkişafına yeni təkan verdi. Artıq 1980-ci ildə Olimpiya Oyunlarında SSRİ yığma komandasının tərkibində Azərbaycan avarçəkənləri də çıxış etdilər. 1988-ci il Seul Oyunlarında iştirak etmiş Azərbaycan idmançılarından 11-i akademik avarçəkmə idmanı nümayəndələri idi. Onlar Olimpiya Oyunlarının gümüş və bürünc medallarını qazanmışlar. Müstəqillik illərində ölkədə akademik avarçəkmə idmanı geriləmişdir. Hazırda bu idman növünün inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür.

 

Azərbaycanda idmanın komanda növlərində böyük uğurlar əldə olmuşdur. Qeyd edildiyi kimi Azərbaycanda futbol XX əsrin əvvəllərində təşəkkül tapmışdır. 2001-ci ildə Azərbaycan futbolunun 90 yaşı qeyd olunmuşdur.

 Azərbaycan futbolunun tarixinə 1966-cı il qızıl hərflərlə yazılmışdır. Bakının "Neftçi" komandası həmin il SSRİ çempionatında 3-cü yeri tutaraq bürünc medalları qazanmışdır. 1966-cı ildə Bakı komandasının 2 oyunçusu SSRİ yığmasının heyətində İngiltərədə keçirilən dünya çempionatında iştirak etmişdir. Onlardan biri - unudulmaz Anatoli Banişevski həmin mötəbər turnirdə qol vurmuşdur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, sovet komandası birinci dəfə həmin dünya çempionatının bürünc medallarını (4-cü yer) qazanmışdır. Azərbaycanlı hakim, məşhur Tofiq Bəhramov 1966-cı ildəki dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final matçına hakimlik etmişdir. Bu oyunda mübahisəli sayılan qol vəziyyətini düzgün qiymətləndirib mərkəz hakiminin səhv buraxmağa mane olan hakim də məhz o, olmuşdur.

1966 və bundan sonrakı illərdə Azərbaycanın futbol komandası SSRİ-nin və dünyanın güclü futbol klubları sayılan "Dinamo" Kiyev, "Spartak" Moskva, "Dinamo" Tbilisi komandaları üzərində qələbələr qazanmış, onlarla bir səviyyədə oynaya bilmişdir.

1968-ci ildə Azərbaycanın iki komandası SSRİ-nin yüksək liqasında yarışmışdır.

SSRİ-nin birinci yığmasında "Neftçi"nin 8 oyunçusu çıxış etmişdir. Onlar bu komandanın tərkibində üst-üstə 76 matç keçirib və 26 qol vurublar.

Azərbaycan futbolçusu Valeri Pançik SSRİ-nin Olimpiya komandasına kapitanlıq edib. İqor Ponomaryov 1988-ci ildə Seul Olimpiadasının qızıl medalını qazanıb.

Ötən 90 ildə Azərbaycanda Ələkbər Məmmədov, Anatoli Banişevski, Yuri Kuznetsov, Kazbek Tuayev, Sergey Kramarenko kimi məşhur futbolçular, Əhməd Ələsgərov kimi məşqçi, Tofiq Bəhramov və Eldar Əzimzadə kimi tanınmış hakimlər yetişmişdir.

 Ələkbər Məmmədov dörd dəfə SSRİ çempionluğunu qazanan, SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi adını alan yeganə Azərbaycan futbolçusudur. Onun ən böyük şücaəti 1955-ci ildə İtaliyada bir matçda yerli çempion "Milan"ın qapısına 4 qol vurması olmuşdur.

Anatoli Banişevski SSRİ çempionatlarında 136 qolun müəllifi olmuşdur. SSRİ yığmasının 1966-cı il dünya çempionatının bürünc mükafatçısı və 1972-ci ildə Avropanın gümüş mükafatçısı olmasında Banişevskinin əməyi xüsusilə böyükdür.

Azərbaycandan olan Eldar Əzimzadə 1980-ci il Olimpiya Oyunlarında futbol turnirinin final oyununu idarə edib.

Əsrin son on ili Azərbaycan milli komandasının yaradılması, klublarımızın Avropa kuboklarında debütü ilə əlamətdar olmuşdur. Doğrudur futbolumuz müstəqillik illərində böyük uğurlar qazanmamışdır. Hazırda Azərbaycan futbolu durğunluq dövrünü yaşayır.

Futbolla müqayisədə Azərbaycan voleybolunun uğurları böyükdür və bu ənənənin qorunması bu gün də davam etdirilir.

 Voleybolun vətəni uzaq Amerika sayılsa da, bu populyar oyun 60 ildən çoxdur ki, ölkəmizdə kök salıb və ildən-ilə özünə daha çox tərəfdar toplamaqdadır. Otuzuncu illərdə voleybolumuz keçmiş ittifaq miqyasında tanınırdı. O vaxt idmanımızın şərəfini qoruyanlar arasında voleybolçular Böyükkişi Muradov və İvan Dyaçkov da vardı. İvan Dyaçkov 1946-1947-ci illərdə Azərbaycan voleybolunun inkişafında böyük rol oynamışdı. Məhz onun məşqçiliyi ilə kişilərdən ibarət Azərbaycan yığması əllinci illərdə qələbələr qazanmışdır. Əllinci illərdə ölkədə voleybola maraq son dərəcə artmış, Azərbaycanda çox güclü voleybolçular yetişmişdi. Onlar Sovet İttifaqının yığma komandasının tərkibinə cəlb edilir, Avropa və dünya birinciliklərində iştirak edirdilər. 1956-cı ildə voleybol üzrə Parisdə keçirilən dünya birinciliyində üçüncü yeri tutmuş SSRİ-nin yığma komandasının heyətində Azərbaycan idmançısı da çıxış etmişdir. Bundan iki il sonra voleybolçumuz Oktay Ağayev Avropa birinciliyinin də bürünc mükafatçısı olmuşdur.

1957-ci ildə SSRİ kuboku yarışında 16 müttəfiq respublikanın (on altıncı Koreliya idi), habelə Moskva və Leninqradın (Sankt-Peterburq) yığma komandaları mübarizə aparıblar. Finalda Azərbaycan və tərkibinə SSRİ yığmasının yeddi oyunçusu daxil olan Moskva voleybolçuları qarşılaşıblar. Oyunçularımız gərgin keçən görüşdə moskvalıları 3:2 hesabı ilə məğlub edib kuboka sahib olmuşlar. Azərbaycan yığma komandasının məşqçisi İvan Dyaçkov uzun müddət Kubada məşqçilik edib. Kubada voleybolun inkişaf etməsində onun əməyi böyükdür.

Azərbaycanda qadınlar arasında voleybolun inkişafında məşqçi Şamil Şamxalovun böyük əməyi olmuşdur. 1956-cı ildə Şamxalovun altı nəfər yetirməsi gənclər arasında SSRİ çempionu olub. Üç il sonra Şamil müəllim oğlan və qızlardan ibarət voleybol komandalarını Moskvaya, məktəblilərin ümumittifaq spartakiadasına aparıb. Hər iki komandamız Vətənə çempion kimi dönüb. 1962-ci ildə həmyerlimiz 18 yaşlı İnna Rıskal SSRİ yığma komandasının tərkibində dünya çempionatında oynayıb. Qızlar yalnız yapon voleybolçularına uduzaraq ikinci yeri tutublar. SSRİ yığmasının aparıcı oyunçusuna çevrilən İnna dörd dəfə Olimpiya Oyunlarında iştirak edib, iki dəfə qızıl, iki dəfə isə gümüş medala layiq görülüb. Başqa bir Azərbaycan voleybolçusu Vera Lantratova isə Olimpiya çempionu titulunu 1972-ci ildə qazanıb. Vera Lantratova və İnna Rıskal SSRİ yığma komandasının tərkibində dünya və Avropa birinciliklərində dəfələrlə iştirak etmiş, bu yarışların mükafatçıları olmuşlar. İnna Rıskal əsrin ən güclü üç qadın voleybolçusu sırasına daxil edilmişdir.

60-cı illərin əvvəllərində qadınlar arasında SSRİ birinciliyində Azərbaycanın iki komandası - "Neftçi" və "Məhsul" iştirak edib. Azərbaycan idmanının yüksəliş ilində - 1966-cı ildə voleybolçu qızlarımız SSRİ çempionatında futbolçularımızla eyni nəticə göstərərək bürünc medal qazanıblar.

1986-cı ildə Faiq Qarayev baş məşqçi olandan sonra Azərbaycan qadın voleybolu yenidən yüksəliş yoluna qədəm qoyub. Bu komanda bir ildən sonra yüksək liqada oynamaq hüququ qazanıb. 1989-cu ildə yüksək liqada 9-cu, 90-cı ildə fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata layiq görülüb. Bakılı qızlar 1991-ci ildə sonuncu SSRİ kubokunun sahibi olublar.

 1992-1993-cü ildə artıq qadınlardan ibarət komanda müstəqil milli komanda kimi Avropanın Top-komanda kuboku yarışlarına qatılıb və ikinci yerə çıxıb. Azərbaycan komandası 1993-cü ildə Bolqarıstanda dünya çempionatının seçmə oyunlarında birinci olub, 1994-cü ildə Rumıniyada "Bahar" Kubokuna yiyələnib və elə həmin il dünya çempionatında 9-cu yeri tutaraq planetin 10 ən güclü qadın komandası sırasına düşüb.

Azərbaycan voleybolu tarixindən danışarkən bir nəfərin də adını mütləq çəkmək lazımdır. Beynəlxalq dərəcəli Azərbaycanlı hakim Ramiz Səmədov voleybol üzrə dünya çempionatında və Olimpiya Oyunlarının voleybol yarışlarında hakimlik etmişdir.

Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycanda qadın voleybolunun yenidən inkişaf etdirilməsi istiqamətində son illərdə əsaslı addımlar atılmağa başlandı.

 

Respublikada qadınlar və kişilər arasında həndbol idmanı ilə məşğul olanların sayı durmadan artmışdır. Bu növdə Azərbaycanın qadın həndbolçuları böyük uğurlar qazanmışlar. Altımışıncı illərin ikinci yarısında daha çox inkişaf edən həndbol 70-ci illərdə öz çiçəklənmə dövrünü yaşamışdır. Bu illərdə bakılılar SSRİ çempionatında yeddi dəfə gümüş, bir dəfə bürünc medal qazanmışlar.

 Azərbaycanın "Avtomobilçi" komandası 1977-ci ildə Avropa kuboku uğrunda yarışlarda uğurla çıxış edərək finala çıxa bilmişdir. Respublika həndbolçuları SSRİ yığma komandasının tərkibində hələ altımışıncı illərdən başlayaraq cəlb olunur, dünya və Avropa çempionatlarında iştirak edirdilər. Azərbaycan həndbolçularından üçü Rəfiqə Şabanova, Lüdmila Şubina və Yelena Quseva SSRİ-nin yığma Olimpiya komandasının tərkibində çıxış edərək Olimpiya çempionu adını qazanmışlar. Son illər Azərbaycan həndbolunun yeni dirçəliş dövrü başlanmışdır.

Komanda idman növlərindən vaterpol, basketbol, otüstü xokkey növləri də respublikamızda populyar olmuş, Sovet İttifaqı miqyasında bu növləri təmsil edən komandalarımız mükafata layiq yerləri tutmuşlar. Azərbaycan vaterpolçuları və otüstü xokkeyçiləri SSRİ yığma komandasının tərkibində Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak edərək meddallar qazanmışlar.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir. Bu ənənələrin minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün ən uca zirvələrinin fəthinə doğru gedir. Sidney Olimpiya Oyunları bir daha sübut etdi ki, Azərbaycan idmançıları ən yüksək zirvələrə çıxmağa qadirdirlər.

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved