• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


CEYHUN HACIBƏYLİ


    Ceyhun Hacıbəyli 1891-ci ilin fevral ayında Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində doğulmuşdur. İlk təhsilini bu şəhərdə alan C.Hacıbəyli sonralar Bakı milyonçusu Murtuza Muxtarovun vəsaiti ilə Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Sonradan Fransaya gedən həmyerlimiz Sarbonna Universitetində təhsilini başa vurmuşdur.

    1916-cı ildə Ceyhun bəy Bakıya qayıtmış və “Kaspi” qəzetində məqalələrlə çıxış etmişdir.1917-ci ildə “İttihad” və “Müsəlmanlıq” qəzetlərini redaktə etmişdir. 1918-ci ildə “Azərbaycan” qəzetinın redaktorlarından biri olmuşdur. Ceyhun bəy 1919-cu ilin dekabrında Versal Sülh konfransında iştirak etmək üçün Parisə getmişdir. Həmin il Parisdə onun fransız dilində “İlk müsəlman respublikası Azərbaycan” kitabı çapdan çıxmışdır.

    Ceyhun Hacıbəylinin “Azəbaycan” qəzetində redaktorluq fəaliyyəti xüsusilə qeyd olunmalıdır. O, bütün çətinliklərə baxmayaraq hələ Gəncədə “Azərbaycan”ın ilk nömrələrini çıxarmış, sonra Bakıda onun davamı üçün əlindən gələni əsirgəməmişdir. “Azərbaycan”ın 1919-cu ilin 16 yanvarına qədər nəşr edilən 88 nömrəsi özünün də etiraf etdiyi kimi, C.Hacıbəylinin həyat salnaməsində unudulmaz bir xatirəyə çevrilmişdi.C.Hacıbəyli Versal Sülh konfransından birneçə gün qabaq oxucularla belə vidalaşmışdır: “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəni qəzetimizın müdiri sifətilə ifaya məşğul ikən, vətən övladlarının xahişi və əmrinə müti olaraq cahan Sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb, əziz vətənimizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımı zakəmali-sidq və səmimiyyət ilə xüdahafiz deməyi özümə borc bildim”.

    Ceyhun bəy xatirələrində bu səfərin nəticələriniisə belə nəql edir: “Bundan 32 il əvvəl idarə etdiyim milli “Azərbaycan” qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək Azərbaycan dövlətinin başqa mədəni millətlər və Sülh konqresinə toplanmış dövlətlərin ali məclisi tərəfındən rəsmən tanınmasına nail olduq. Missiyamızın üç ay müddətinə sona yetəcəyini düşünürdük.Həm bizim özümüzə, həm də vətəndə qalanlarımıza üç ayın başa çatması çox uzun görünürdü. Bilmirdik ki, bir çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik”.

    “Kaspi” qəzetinin fəal əməkdaşlarından olan C.Hacıbəyli burada çoxlu məqalələr dərc etdirmişdir. O, məqalələrinin əksəriyyətini “Dağıstani” imzası ilə yazırdı. Onun bu qəzetdə çap olunmuş qiymətli məqalələrindən biri “Azərbaycanın rəngləri” adlanır. 1911-ci ildə işıq üzü görmüş bu məqalədə yeddi nəfər Azərbaycan şairəsi haqqında qiymətli məlumat verilir.

    C.Hacıbəylinin ən böyük əsəri isə “Hacı Kərim” povestidir. Müəllif bu əsəri 1909-1910-cu illərdə rus dilində yazmışdır. Əsər “Kaspi” qəzetinin on nömrəsində verilmişdir.O, 1911-ci ildə kitab şəklində buraxılmış və tezliklə fransız dilinə tərcümə olunmuşdur.Povest 1917-ci ildə Azərbaycan dilində çap edilmişdir.

    C.Hacıbəyli həm də məşhur tərcüməçi kimi tanınmışdır. O, Azərbaycan ədəbiyyatının ən məşhur ədiblərinin əsərlərini rus və fransız dillərinə çevirmişdir. Məhz onun tərcüməsində Ü.Hacıbəyovun “Arşın mal alan”əsəri 1921-ci ildə fransız dilində səhnəyə qoyulmuşdur.

    Ceyhun bəy Fransada M.F.Axundov, M.Ə.Sabir, Həsənbəy Zərdabi, Hüseyn Cavid,Ü.Hacıbəyov, C.Cabbarlı və başqa görkəmli Azərbaycan ədibləri haqqında yazmışdır.

    Yüzlərlə məqaləsi, onlarca bədii əsəri, xeyli tərcüməsi olan, mətbuat və ədəbiyyat tariximizdə misilsiz xidmətləri ilə yadda qalan Ceyhun Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved